“Xədicə, mən səninlə fəxr edirəm!”

əvəzƏvəz Zeynallı

Xədicənin də məhkəməsini qapalı keçirirlər. Biabırçılıqdır. Əvvəlcə “10 dəqiqəyə buraxacağıq” dedilər, sonra sözlərindən imtina etdilər. Kənardan 5 manata gətirdikləri adamları və hökumətin mediaholdinqlərinin siyahılaşdırılmış jurnalistlərini başqa qapıdan buraxdılar, vəssalam. Qalan qaldı bayırda. Təklif verdim ki, yığaq hərəmiz 10 manatdan sizə verək, bizi də buraxın, razı olmadılar. Yoxsa, mən bilirəm, Ağır Cinayətlər Məhkəməsində 2 manat üçün hakimlərini satarlar.)))

Xədicə xanımın özü və vəkilləri prosesi bu şəkildə davam etdirməyə imkan verməməlidirlər. Vəkillər və Xədicə aramsız vəsatətlər verməli, çıxışdan və prosesdən imtina etməli, zalı boşaltmağı tələb etməli və buna nail olmalıdırlar. Bu heyət – Ramellagil və bu prokuror – Ramazan Hadıyev bundan başqa dil tanımırlar.
Gülər Əhmədova məhkəməyə gələndə də – 02.07.2012-ci ildə – mənim məhkəməmdə belə etmişdilər. O zaman “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və Vüqar Səfərli də gəlməli idilər. Zala gəldim ki, zal doludur. Adamların harada olduğunu soruşdum, dedilər, heç kim gəlməyib. Zalda “Səs” qəzetinin kollektivi, “anspress”-in əməkdaşları və “Azərbaycan” nəşriyyatının işçiləri bütün yerləri tutmuşdular.
Dərhal dəmir qəfəsi təpikləməyə başladım. Bütün Ağır Cinayətlər Məhkəməsinin işçiləri ora töküldü. Dərhal zalın boşaldılmasını, öncə mənim adamlarımın və jurnalistlərin zala daxil olmasını, yer qalarsa, hökumətin reketlərinin sonra buraxılmasını tələb etdim. Hay-küyə bina qarışdı. Bayırda səsimi eşitdilər və etiraza başladılar. Ara qarışdı. Gərginləşmə oldu. Bu arada Gülər də məhkəmə sədri Mahmud Nəbiyevin qəbulunda idi və ona təzyiq göstərmək məqsədi ilə görüşmək istəyirdi. Bir gündə 3 iri dövlət məmuru və hökumətin olan-qalan gücü məni sıradan çıxarmağa gəlmişdi. Mən o zaman onlara imkan vermədim. Bayırda gələnlər, içəridə də mən zalın boşaldılmasına və məhkəmə prosesi başlamamış, fasilə verilməsinə nail olduq. Zal boşaldıldı. Əvvəlcə mənim adamlarım, normal və tərəqqipərvər jurnalistikanın nümayəndələri zala daxil oldular. Bu aradakı zaman kəsiyində “anspress”, “Səs” və “Azərbaycan” nəşriyyatının özünə hörmət edən jurnalistləri prosesi tərk etdilər. Qalanlar da gəlib quzu-quzu oturdular. Onlar bu xınanın o xınadan olmadığını bilmişdilər artıq.
Bu arada Gülər Əhmədovanı Mahmud Nəbiyev qəbul etmədi və zamanın güclü deputatı əsəblər içində qəbul otağını tərk etdi. Mahmud Nəbiyev yaxşı bilirdi ki, təqsirləndirilən şəxs kimdir və başqa qərarlar verilsə, zalda nələr baş verə bilər.
Sonra yenə çaşanlar oldu. Əhməd Şahidov adlı bir adam vardı. Gülərin oğlu, qardaşı İlqar Mikayıloğlu vardı. Üstümüzə hücum etdilər və 3 dəqiqə içərisində hamısı hakimlərin və prokurorun girdikləri arxa otaqdan çıxıb qaçdılar. O qaçan Əhməd Şahidovu və İlqar Mikayılğolunu bir də görmədim…
Demək istədiyim nədir? Təqsirləndirilən şəxs döyüşməlidir. Cinayət Prosessual Məcəlləsi təqsirləndirilən şəxsə o qədər səlahiyyətlər verir ki. Proses ondan asılıdır. Xədicənin itirdiyi nə var ki? İtirdiyini itirib. Bundan o tərəfə yol da yoxdur. Həm də bu vəziyyətdə olmaq insana döyüş üçün müdhiş imkanlar açır. Daha nə edəsidirlər ki? Prosesdən kənarlaşdıracaqlar – olsun. Məni Ramazan Hadıyev hər zaman elə təhdid edirdi və onun hədə-qorxularının mənim üçün milçək vızıltısı qədər dəyəri yox idi. Mən bilirdim ki, mənimlə bağlı qərarları hansısa nakam prokuror vermir, verən də bundan artığını verib nə edəsidir ki?
Deməli, döyüşdürsə, döyüşməlidir və mən inanıram ki, cəmi bir prosesə Xədicə onun məhkəməsinə gələnləri zala buraxdıra bilər.
Bu hakimlər və bu prokuror çox amansız, qəddar, ədalətsizdirlər. Amma onlara tapşırılıb ki, prosesi normal və səs-küysüz yola versinlər. Deməli, səs-küy etmək lazımdır və bunu Xədicədən başqa kimsə edə bilməz. Məhkəmənin qapalı keçirilməsinə Xədicə icazə verməməlidir. Onun səlahiyyəti var ki, zaldan tanımadıqları adamları çıxartdırsın, hətta qovsun. Hakim heç nə deyə bilməz. Vəssalam. Bunu etməlidir Xədicə. Vəkilləri ona kömək etməli, bayırda onu gözləyən dostlarının olduğunu deməli, onun zalı boşaltma səlahiyyətinin olduğunu, prosesi kilidləmə vasitələrinin əslində, məhz onun əlində olduğunu ona izah etməlidirlər. Əslində, vəkillər də onunla bir yerdə döyüşməlidirlər.
Mənim cəmi bir məhkəməmdə iştirak edib Xədicə. Çıxanda “Əvəz, mən səninlə fəxr edirəm!” deyib. Onun bu dəstəyi bizi duyğulandırdı və həvəsləndirdi o zaman. Bəli, bir səmimi söz adama böyük mübarizə əzmi verir. Gözün qapılarda və ağızlarda qalır. O zaman Anam kövrələrək, “Sağ ol, Xədicə qızım, sənin örpəyin özünə mənəm-mənəm deyən kişilərin başına olsun!” demişdi. Anam çox əsəbiləşirdi özünə müstəqil mətbuat deyən adamların mənim məhkəməmi sabotaj etmələrinə, məni belə satmalarına…
İndi mən ha çalışıram ki, Xədicənin məhkəməsində iştirak edim, alınmır. Bu, həm də ictimai-şəxsi borcdur. Mən hamının borcundan çıxmağı xoşlayıram. Xədicəyə Ramellanın sədrlik etdiyi heyətin və prokuror Ramazan Hadıyevin gözlərinin qarşısındaca belə demək istəyirəm:
“Xədicə, mən səninlə fəxr edirəm!”
Anam da öz fikrində qalır:
“Örpəyin mənəm-mənəm deyən kişilərin başına olsun!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button