Xətai rayonu hərraca çıxarılıb?!

I yazı

 Rayonda xırda köşklər üçün 2-3 min, dükan tikmək üçünsə 10-15 min manat alınır…

 Vəzifələr bazar üçün istehsal olunmuş məhsul kimi alınıb satılmağa başlayandan alıcı (məmur) əldə etdiyi vasitədən (vəzifədən) istədiyi kimi, arzu etdiyi qaydada istifadə edir. Əslində, Azərbaycan məmuru üçün heç bir qayda mövcud deyil. Adam məhz satın aldığı vəzifədə eyni zamanda ən azından beş il oturacağı ilə bağlı təminat da alır. Altı ay kimsəyə  nəsə verilmir. Altı aydan sonra rüblük və illik “vergilər” başlayır. Təsadüfü deyil ki, icra və hüquq mühafizə orqanlarında dəyişikliklər olanda icra başçısı, rəis, prokuror, hətta ən kiçik müəssisənin rəhbəri belə fəaliyyətə qış günü kəndə soxulmuş canavar kimi başlayır. Bu, ona ayrılan zamanda verdiyini, nə qədər imkan varsa, çıxarma cəhdidir. Çünki cəmi yüz səksən gündən sonra “sayğac” qurulur və…

Bu günlərdə bələdiyyələrlə bağlı respublika səviyyəli tədbirdə rayon və kənd bələdiyyələri artıq fondlarında olan torpaq sahələrinin qurtardığını söyləyib fondlarına yeni ərazilərin verilməsi ilə bağlı tələblər səsləndirdilər. Hökumət bir dəfə belə maraqlanmadı ki, tabeçiliyinizdə olan torpaq sahələri kimə və nə məqsədlə verilib? Əgər həmin ərazilər ehtiyacı olan insanlara verilibsə (əslində, paytaxt və ətraf ərazilərdəki sahələrin böyük əksəriyyəti imkanlı şəxslərə qaçqın, əlil və ya şəhid ailəsi adı ilə satılıb), adam ən qısa zamanda necə varlandı və üç, dörd hətta beş mərtəbəli villa tikmək imkanına sahib oldu? Kimsədən hesab sorulmadı. Çünki bələdiyyələr yerli icra hakimiyyətlərinin sadəcə bir şöbəsi kimi formalaşdırıldığı üçün başçının izni olmadan1 mmbelə torpaq sata bilməzlər. Yuxarıda qeyd olunduğu kimi isə yerli icra başçıları “vergilərini” verməlidirlər. Vergi üçün ödənilən məbləği kimsə evindən gətirmir. Axı, qanunların işləmədiyi bir məmləkətdə “dövlətin malı dəniz”dir. Kimsə “ona, Allahın sevmədiyi heyvana dönmək istəməz”, hər halda…

Paytaxtın Xətai rayonu da nə problemlərdən, nə də həmin problemləri yaradan vəzifəli şəxslərdən xali deyil. Bir neçə il öncə bu rayona təyin olunan icra başçısı Razim Məmmədov haqqında elə ilk günlərdən rəvayətlər dolaşmağa başladı. Deyilənə görə, cənab Məmmədov hər kəsə elə ilk gündən öz yaxın ətrafı vasitəsilə tapşırıq verib ki, o binaya daxil olanda kimsə onu görməməlidir. Düzdür, kənar gözlərdən qorunmaq məqsədilə rübənd zamanı lap çoxdan keçdiyi üçün bu tapşırıq ən gözəl vasitə hesab oluna bilər. Hətta mənbəmiz onu da söyləyir ki, icra başçısının xidməti avtomobili binanın həyətinə daxil olan kimi koridorlarda yalnız bu səs eşidilir: “Başçı gəldi”. Ayaqyolunda olan belə oranı cənab Razim Məmmədov xidməti otağına girməyənə qədər tərk etmir. Onu da söyləyirlər ki, Xocalı faciəsi ilə əlaqədar ucaldılmış abidənin bərpası, ətrafının abadlaşdırılması ilə bağlı işlər gedən zaman əraziyə gələn icra başçısını görən müavin və şöbə müdirləri qaçmağa başlayıblar. Lakin şöbə müdirlərindən biri qaça bilmədiyinə görə başçının onu görməməsi üçün heykəlin arxasında gizlənir. Faciədir…

Lakin əsl faciə bu deyil. Rayonun Cavanşir küçəsi boyunca yolun kənarı ilə iri borulardan ibarət kommunikasiya xətləri keçir. Sovet dönəmində çəkilən həmin xətlər ildə bir neçə dəfə sıradan çıxıb ətraf üçün təhlükəli vəziyyət yaratsa da, yamaq vurmaqla problem öz həllini “tapır”. Amma iş yalnız bununla bitmir. Məsələnin ən acınacaqlı tərəfi odur ki, həmin boruların üstü müxtəlif təyinatlı iaşə müəssisələri tikmək üçün ayrı-ayrı fiziki şəxslərə satılır. Son dövrlər bu alqı-satqı prosesi o qədər sürətlənib ki, bir dükan və ya kafe tikilib qurtarmamış o birinin tikintisinə başlanılır. Prosesi diqqətlə izləyəndə bu qənaət yaranır ki, ya cənab Məmmədovun fəaliyyət müddəti bitir, ya da ki, ölkə başçısının “bütün qeydiyyatsız evlər qeydiyyata alınacaq” fikri əsas götürülərək dövlət əmlakı ilə əsl bazar kimi davranılır.

Çıxışa diqqətlə qulaq asdığımız üçün deyə bilərik ki, cənab İlham Əiyev ev dedi, kafe və ya dükan yox. Bəs, elə isə cənab Məmmədov nə deyib ərazini kimə gəldi satır? Ona görə “satır” deyirik ki, kimsə hesabını vermədən bir kvadratmetrdə hətta uzana bilməz, nəinki tikinti aparar.

Bundan başqa, sahə müvəkilləri vətəndaşlarla yalnız ayaqyoluna daxil olmurlar, yerdə qalan bütün hallarda ərazidə karuselə dönürlər. Axı qarpız satan maşınlardan, səyyar alverçilərdən alınan hesab ümumi büdcəyə getmir. Gözdən yayınan hər maşın və ya alverçi cibdən düşən pul kimidir. Onu da qeyd edək ki, əldə etdiyimiz məlumata görə, həmin tikililərə heç bir sərəncam və ya digər hüquqi sənəd verilmir. Yalnız hər şey qarşılıqlı “anlaşma” şəraitində baş verir. Mənbə söyləyir ki, xırda köşklər üçün 2-3 min, dükan tikmək üçünsə 10-15 min manat alınır. Ən qəribəsi isə odur ki, pul məhz polis vasitəsilə verilir. Deməli, sahə müvəkkillərinin tikinti ərazilərindən gözlərini yumub keçmələri səbəbsiz deyilmiş. Bir neçə il öncə Nobel prospektinin genişləndirilməsi zamanı Xətai rayonunun keçmiş, Yasamal rayonunun isə indki icra başçısı İbrahim müəllim tərəfindən tikintisinə icazə verilmiş dükan və kafelər sahibkarlara kompensasiyalar ödənilmədən dağıdıldı. Hətta 80 min manat kredit götürüb dükan yeri “alıb” tikdirən bir nəfər hələ istifadəyə vermədiyi hazır dükanı üçün piştaxtanı alb gətirərkən dükanının dağıdıldığını görüb infarkt keçirdi və iki gündən sonra dünyasını dəyişdi. Lakin bu işdən kimsə sorumlu olmadı. Cavab lakonik oldu: torpaq qanunsuz zəbt olunmuşdu və dövlət nəfinə də geri alındı. Bəs elə isə adamdan nə üçün pul alınmışdı? Necə rəhbərsiniz ki, ərazinizdə torpaq zəbt olunur? Əgər torpaq zəbt olunmayıb satılmışdısa və dövlətin idisə bəs o zaman hansı hüquqla satılmışdı? Görəsən, o bədbəxtə torpaq satanların arasında kimin dədəsinin adı Dövlətdir?

İbrahim müəllim nəinki sorğuya çəkilmədi, hətta görəvi ərazi baxımından bir az da yaxşılaşdırıldı. Eyni proses bu gün də davam edir. Özünü əsl hökmdar kimi aparan Xətai rayon icra hakimiyyətinin başçısı bir neçə il öncə Nobel prospektinin genişləndirilməsi zamanı insanları aldadıb zəhmət haqlarını mənimsəyib aradan çıxan şəxsin ittihamını belə rəsmi şəkildə cavablandırmaqda zorluq çəkdi. Adamın MTN-də “başçı mənə çatacaq 16 min manatı mənimsəyib, ona görə də zəhmət haqlarınızı verə bilmirəm” ittihamı sadəcə havadan asılmış şəkildə qaldı. Şikayətçilərə hətta rayon polis şöbəsi belə yazılı cavab vermədi. Əslində, belə tapşırıqlar polisə tabe olduğu strukturlardan gəlir. Çünki məsələ böyüdükcə, 16 min manat da hər an gündəmə gəlirdi.

Keçmiş icra başçısının müavinlərindən biri o həddə özünü arxayın və səlahiyyətli şəxs kimi aparırdı ki, hətta rayonun 8-ci Qaraşəhər küçəsindəki Sovetlər dönəmində tikilmiş ümumi ayaqyolunu belə mənzil adı ilə satdı. Bundan başqa, Cavanşir küçəsində “Qaçqın bazarı” deyilən ərazinin arxasındakı qəbiristanlığın ərazisində salınan əsl qəsəbənin də müəllifi məhz həmin müavindir. Bu proses o qədər dəhşətli və insanlığa zidd şəkildə baş verirdi ki, xatırlanması belə zordur. Biz zaman–zaman bu məsələyə məhz təfərrüatlarla və konkret adlarla qayıdacağıq. Çox da uzaq olmayan tarix bu gün də davam edir. Xüsusi “icazə” ilə tikilən dükanlar öncə ya göy rəngli brezent çadırla, ya da paslanmayan dam örtüyü ilə hasara alınır, tam hazır olan kimi isə məhz gecələr sökülür. Tikilən dükan və ya digər təyinatlı obyekt insanlara guya göydən düşmüş kimi sırınır. Bu günlərdə sənədsiz dükanın cəmi yarım metrliyindən keçən kommunikasiya xətti yenidən partladığı üçün həftələrdir təmir edilə bilmir. Çünki əraziyə cəlb olunan texnikanın işləməsi üçün sadəcə şərait yoxdur. Sentyabrın 11-i saat 16 radələrində isə Cavanşir küçəsindəki bazarla üzbəüz tikilmiş kafe və dükanın altındakı iri həcmli boru partladığı üçün ətraf sanki su dəryaçasına dönmüşdü. Kimsə etiraz edə bilmirdi. Çünki etiraz edəcək şəxsin özünün pul qazandığı ərazi qanunsuz idi. Adam pulunu verib hüquqlarını məhdudlaşdırıb. Kimsə də bundan qətiyyən narahat deyil. Şəhərin içərisində, insanların sıx yaşadığı ərazidə ağır texnikanın səs-küyü, ətrafa səpələnən iri diametrli köhnə boruların yaratdığı təhlükə, üfunət iyi verən çırkab su dolu çalaları bir səlahiyyətlinin belə narahat etmir. Çünki alan da məmnun, satan da məmnun.

 Növbəti saylarımızda:

 * ADP sədrinin əleyhinə ifadə verərək görəvləndirilən Xətai rayon icra hakimiyyəti başçısınin müavini kimdir?

* “Rus qəbirstanlığı” deyilən ərazidəki yiyəsiz qəbirlər gecə hansı məqsədlə dağıdılırdı?

* Bakı şəhər icra hakimiyyətinin balansında olduğu iddia edilən “Gənclik” parkı kimlərə hansı məqsədlə satılır?

* Bu parkın ərazisində inşa edilən hündür mərtəbəli binaların kimə məxsus olduğu söylənilir?

* Parkın ərazisindəki tikinti bumu nə üçün qəfil dayandırıldı?

* Ölkənin birinci xanımının “Gənclik” parkını kimə hədiyyə etmək istədiyi söylənilir?

* Çox gözəl mənzərəli, lakin baxımsızlıqdan bilərəkdən bərbad vəziyyətə salınan park nə üçün illər öncə hasarlandı?

* Həmin parkda bir mərtəbəli ev tikmək üçün verilən sərəncamın qiyməti doğrudanmı 60.000 dolllardır?

 Bizi oxuyun. Çox maraqlı olacaq.

 “X” Araşdırma Qrupu

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

 

 

 

 

 

 

 

 

 

 

 

         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button