Xətai rayonu – tərəddüdlər məkanı!

II yazı

 Ötən sayımızda paytaxtın Xətai rayonunda baş verən qanundan kənar, hətta təhlükəli hesab olunacaq ərazilərdə tikinti işlərinin aparılmasına icazələrin verilməsini qeyd etmişdik. Onu da diqqətə çatdırmağı özümüzə borc bilirik ki, həmin tikililər “yüksək təzyiqli qaz xətti” yazılıb basdırılmış xəbərdarlıq nişanının demək olar ki, düz üstündədir. Və onu da qeyd etmişdik ki, həmin dükan sahibləri qanunla tikinti üçün qəti qadağan olunmuş bu ərazilərdə istədikləri vaxt ərazilərinin daha da genişləndirilməsini təmin edirlər. Bu proses zamanı isə aidiyyatı qurumlardan bir nəfərinin əraziyə gəlməməsi isə verilən, “maraqlar təmin olunub” informasiyasının səhihliyini bir az da artırır. Hər şey bu ərazidə göz qabağındadır. Müxtəlif istiqamətlərdə tikinti bu gün də davam edir.

 Keçmiş ADP–çi necə müavin oldu?

 Xətai rayonunda son on ildə baş verən bu tip olaylarda daha çox ayrı–ayrı dövrlərdə çalışan müavinlərin adı hallanıb. Xətai rayonunun keçmiş, Yasamal rayonunun indiki icra başçısı hörmətli İbrahim müəlimin müavini Əşrəf Baloğlanov üçün demək olar ki, qanunla müəyyən olunmuş heç bir meyar olmayıb. Adam tərəddüd etmədən istənilən qərarı yerindəcə qəbul edib, “get tik” deyə razılıq verirmiş. Təbii ki, bu comərdlik bir “spasibo” ilə yekunlaşmırmış. Ötən sayımızda cənab Baloğlanovun sovet dönəmində tikilmiş ümumi ayaqyolunu mənzil kimi vətəndaşa “verməsi” haqqında məlumatı qeyd etmişdik. Mənbə onu da bildirir ki, Əşrəf müəllimin rayon ərazisində kifayət qədər obyektləri olub. Nobel prospektinin genişləndirilməsində həmin yolqırağı obyektlərin bir qismi, o cümlədən “Şirvanşahlar” restoranı da söküldü. Lakin mənbə bu gün də Ə.Baloğlanovun obyektlərinin bir neçəsini icarəyə verilməsini diqqətimizə çatdırdı.

Lakin cənab Baloğlanovdan kütləvi narazılıqlar olması, onun rayon ərazisində tikinti–bərpa işlərində yol verdiyi nöqsanlar işdən kənarlaşdırılması ilə nəticələndi. Nitqi o qədər də rəvan olmayan Baloğlanovu isə, onun əksinə, nitqi çox rəvan, inandırmaq qabiliyyəti yüksək olan Xeyrulla müəllim əvəzlədi. Burada qəribə heç nə yoxdur. Vəzifə kolxoz atı kimi bir şeydir. Amma diqqət çəkən məqam odur ki, hörmətli Xeyrulla müəllim sabiq ADP–çidir. Həm də ən radikallarından. Bəs sərt ADP–çi hakimiyyətə necə yol tapdı? ADP yetkililərindən birinin söylədiyinə görə, hörmətli Xeyrulla müəllim məhz ADP sədri Sərdar Cəlaloğlunun həbsindən sonra görəvləndirilib. Niyə? ADP–çi dostumuz səbəbini desə də, biz yazmırıq. Onu da qeyd etməyi özümüzə borc bilirik ki, yazıda adları çəkilən hər kəsin cavab haqqı var. Və onu da qeyd etməyi özümüzə bir daha borc bilirik ki, cənab Xeyrulla müəllim həmin hadisədən sonra görəvləndirilən tək ADP–çi deyil. Bu haqda sonra…

Bu məlumatı yazmaqda əsas məqsədimiz o idi ki, hörmətli Əşrəf müəllimin fəaliyyətini bu gün sələfi hörmətli Xeyrulla müəllim davam etdirir. Onu da qeyd edək ki, hal–hazırda sabiq ADP–çi Xətai rayon icra hakimiyyətinin başçısı cənab Razim Məmmədovun ən sevimli adamıdır. Belə ki, problemli yerlər – Xeyrulla müəllim, tolkuçkalar – Xeyrulla müəllim və s.

 Goreşənlər

 Bu adın lap qədimlərdən, az adamın gördüyünü iddia etməsindən başqa kimsənin görmədiyi heyvan – canlı ilə heç bir əlaqəsi yoxdur. Rayonun şərti olaraq “qaçqın bazarı” adlanan ticarət “obyektinin” arxasındakı qarışıq qəbiristanlığın ərazisi getdikcə kiçilməyə başlayanda, ərazidə yaşayan insanlar yarızarafat, yarıciddi bu adı icra hakimiyyətinin nümayəndələrinə qoyubmuşlar. Mənbə söyləyir ki, hələ cənab Baloğlanovun zamanında ərazi hamarlanır və kütləvi şəkildə insanlar məskunlaşırdılar. Ərazidə apardığımız çəkiliş zamanı bu sahənin doğrudan da ürək ağrıdıcı mənzərəsi oldğunu gördük. Qapılar birbaşa demək olar ki, qəbirlərin üstünə açılır. Ola bilsin ki, ömrünü kirayələrdə çürüdən biçarə balasını altına yığmaq üçün bir daxmaya, “nə olur, olsun təki kirayədən qurtulum” arzusu ilə hər cür şərtə razıdır. Amma yerli icra orqanlarının bu kimi əməllərinə isə nə ilə haqq qazandırmaq olar? Adamlar demək olar ki, qəbiristanlıqda yaşayırlar. Bu, nə əxlaqımıza, nə də dinimizə uyğun deyil. Məsələnin ən təhlükəli tərəfi isə odur ki, qəbiristanlıq az da olsa tikilmiş evlərdən hündürdədir. Yağış və qrunt sularının necə gəldi tikilmiş, zirzəmisiz evlərin altına, pərakəndə salınmş həyətlərə axması ciddi təhlükəyə səbəb ola bilər. Bu, genefonda vurulmuş ən böyük zərbə, nəticəsi aradan qaldırıla bilməyən faciəyə ola bilər. Və belə davam edərsə, olması da qaçılmazdır.          

 “Sevgililərin” vüsal yeri

 Zığ yolunun kənarında, dənizə gözəl mənzərəsi olan, bünövrəsi hələ sovetlər zamanında qoyulmuş “Gənclik” adlı park bu gün sözün əsl mənasında səfil qocaya bənzəyir. Əslində, bu ərazidə yaşayanlar parkın adının “Gənclik” olmasını bilmirlər. Biz sadəcə araşdırmalarımızdan sonra parkın adını öyrənə bildik. Yerli əhali buranı “zeytunluq” adlandırır. Parkın ərazisi illər öncə əkilmiş küknar və zeytun meşəsi olub. Lakin sonradan baxımsızlıq və kommersiya məqsədilə satılan ərazilər bu qiymətli ağac növlərindən sözün əsl mənasında təmizlənib. Parkın ən uca hissəsində iki yay klubunun, qaya parçalarından tikilmiş yeraltı restoranın, uşaqların əyləncəsi üçün quraşdırılmış attraksionların yalnız dağıntıları qalıb. Parkın təpənin üzərində yerləşməsi onu daha da cəlbedici edir. Ən uca nöqtəsindən şəhərə baxanda hər tərəf ovuc içi kimi aydın və gözəldir. Amma nə yazıq ki, bu gözəllik baxımsızlıqdan məhv olub getdiyi halda, parkın kənarında müxtəlif sexlərin, kafe–restoranların sahibləri daha çox ərazi ələ keçirmək uğrunda mübarizə aparırlar. Bu möhtəşəm park məhv olduğu bir zamanda rayon icra hakimiyyəti “Gənclik”in cəmi 5 m-də yerləşən “Zərifə Əliyeva adına park”dakı ticarət və kommersiya obyektlərini darmadağın edib dövlət vəsaiti hesabına abadlaşdırdı. Hələ açılışına prezidenti də dəvət etdi. Əslində, bu, təadirəlayiq haldır. Amma məsələ adla deyil, məhz insana xidmət, gözəllik baxmından həll olunurdusa, “Gənclik”in buna daha çox haqqı var idi. Lakin “Gənclik” parkı hələ ki, əsl gəlir mənbəyidir. Amma bu parkın da Montin qəsəbəsindəki möhtəşəm parkın aqibətini yaşayacağı şübhə doğurmur. Xətai İHB–nin keçmiş müavini cənab Baloğlanovun da burada ikimərtəbəli yarımçıq tikilisi qalıb. Deyilənə görə, bu tikinti ərazidə yaşayan şəhid atasının adına sənədləşdirilsə də, əsl sahibi cənab Baloğlanovdur. Lakin bu əraziyə ölkənin birinci xanımı əl qoyandan sonra nəinki Baloğlanovun, ümumiyyətlə, bütün tikinti bumu dayandırıldı. Cənab Baloğlanovun yarımçıq qalmış tkilisi isə hələ ki, axşamlar “sevgililərin” vüsal yeridir.          

 Növbəti sayımızda:

 * Fazil Məmmədovun qayınatasının “qəsəbəsi”

* Ölkənin birinci xanımı parkı kimə hədiyyə etmək istyirdi?!

* 60 000 min şoku

* İsgəndərovlar qovğası Razim Məmmədovdan yan keçəcəkmi?

 

Bizi izləməkdə davam edin. Çox maraqlı olacaq.

 

“X” Analitik Qrupu

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button