Xaç qayınatası – VI yazı

Rahat Əliyev

Bu dəfə Nazarbayev hiss etdi ki, Quzenbauer tam ciddidir və bir qədər geri çəkilməyə qərar verdi. Söhbəti dəyişərək Avstriya-qazax münasibətlərindən, bizim neftimizin və qazımızın necə Avropaya ötürüldüyündən, Avropadan bunun müqabilində nələr ala biləcəyindən danışmağa başladı. Bu əsnada “Əliyevi təhvil versəniz, hər şey sizin üçün daha da yaxşı olacaq” eyhamları da təbii ki, öz yerində. Kansler çox qıcıqlandığını gizlətməyə çalışaraq, məcburən danışıqların sonunu gözlədi və bitdikdən sonra dərhal oranı tərk etdi.

Qazaxıstanın dövlət televiziya kanalı “Xəbər” BMT-də keçirilən bu görüş barədə kiçik bir süjetlə kifayətləndi. Halbuki prezidentin xarici turneləri burada detallarına kimi göstərilirdi. Avstriya KİV-ində isə bu görüş barədə ümumiyyətlə, heç bir məlumat verilmədi.

Alfred Quzenbauer Nazarbayev höküməti tərəfindən psixoloji hücuma məruz qalan Avstriya hakimiyyət piramidasının yeganə nümayəndəsi deyildi. Başlanan kampaniyanın iş mexanizmi belə idi ki, hər dövlət nümayəndəsi öz avropalı həmkarına “azmış oğulun” ekstradisiya olunmasını tələb etmək üçün təsir göstərmək məcburiyyətində idi.

Avstriyanın maliyyə nazirinin – Qazaxıstanın maliyyə nazirinin ona ünvanladığı “sizin vasitəçiliyiniz və köməyinizlə Rahat Əliyevin bizə təhvil verilməsi qazax bazarına Avstriya məhsullarının yolunu açar” məzmunlu məktubunu oxuduqdan sonra necə təəccübləndiyini təsəvvür edin.

Baş nazirdən tutmuş kənd təsərrüfatı nazirinə kimi hər kəs məktub yazmalı və zənglər etməli idilər. Bu sahədə ən aktivləri isə güc strukturlarının rəhbərləri idi: həlli uzanan bu problemi təcili çözmək üçün onlar öz avstriyalı həmkarlarına inadla hər cür təsir göstərməyə çalışırdılar.

Hadisələrin belə axışı mənim hüquqşünaslarım üçün maksimum uğurlu oldu.

Əks halda həqiqətən hakim rejimlə uzlaşmayan siyasi baxışlarıma görə həbsimin istənildiyini və əslində, qazax hakimlərinə lazım olan heç bir cinayət əməlimin olmadığını sübut etmək böyük səylər tələb edərdi.

Əgər Nazarbayev insan haqları haqqında konvensiyanı imzalayıb Avropa Şurasına daxil olsaydı, əgər Qazaxıstan İnterpolunun sorğusundan sonra sükut olsaydı, əgər bizim mətbuatda mənim şəxsim barədə iftiralar yazılmasaydı, Vyanadakı Şvexat hava limanında içərisində kəşfiyyatçılar olan çarter təyyarələri olmasaydı, yəqin ki, Avstriya hakimi hesab edərdi ki, bizim “azad” məhkəmə sisteminin mənə qarşı münasibəti tam əsaslıdır və məni öz doğma ölkəmdə ədalətli məhkəmə qərarından başqa heç nə gözləmir.

Mənim vəkillərim professor Brandştetter və doktor Rifat, mənim müdafiəm üçün başladıqları əməliyyatda əsas köməyin elə nazarbayevçilərin ittihamlarından gəldiyinə əvvəlcə inanmırdılar. Sonradan buna alışdılar və mənə qarşı quraşdırılan siyasi oyunun iç üzünü aşkara çıxaran yeni sübutları diqqət və səbirlə toplayaraq hakimə təqdim edirlər. Kənd təsərrüfatı nazirinin məktubları da Nazarbayevin zəngləri kimi mənə qarşı tərtib olunan çirkin oyunları bir daha təsdiqlədi. Artıq bütün Avstriya mənə qarşı başlanan “padhaş ovunun” fərqində idi.

Əgər Qazaxıstan hökuməti ölkəsindəki məhkəmə sisteminin qərəzsiz və ədalətli olduğunu sübut edə bilsəydi, bəlkə də heç nə alınmazdı. Vyana hakimi ölkəmizin ən ucqar ərazilərində belə bütün hakimlərin şəxsən Nazarbayev tərəfindən təyin olunduğunu eşidəndə əvvəlcə inanmadı. Hətta bundan əmin olmaq üçün Astanaya ezam etdiyi Avstriya DİN-in yüksək çinli əməkdaşı da təsdiq etdi ki, ölkədə hələ də totalitar sovet qanunları hökm sürür və bu da insan haqları üzrə Avropa Konvensiyasına ziddir.

Bütün bunlar tam olaraq sübutsuz və dəlilsiz bir iddia üzərində qurulmuşdu. Qazax tərəfindən təqdim edilən sənədlərin hamısı Stalin dövrünün prokuroru Vışinski üsulu ilə toplanmışdı. Bunlar dəmir barmaqlıqlar arxasında olan şəxslərin “sidq-ürəklə” etdikləri etirafları idi. Nə bir əşyayi-dəlil, nə də bir sübut. İşləyə biləcək yeganə qanun isə stalinsayağı “sübutun ən başında duranı etirafdır” qanunudur.

Tam bir ay sonra, 2007-ci il iyulun 11-də Vyananın ərazi hakimi xanım Kristina Zalsxorn “ləkəli pullarin yuyulması”na dair apardığı məhkəmə işimi N 221 Ur 95/076 saylı qətnamə ilə bağladı. Mənim dondurulmuş bank hesablarım açıldı. Bu da o demək idi ki, hələ ilk olaraq 2002-ci ildən şirkətim üçün açdığım bütün hesablar tam leqal və qanun çərçivəsindədir.

2007-ci il avqustun 7-də digər ərazi hakiminin sədrliyi ilə aparılan məhkəmə iclasında mənim Qazaxıstana təhvil verilməyəcəyim barədə qərar çıxarıldı. Prokurorun da imzaladığı bu qərarda bildirilirdi ki, ittihamçı tərəf heç bir halda şikayət edə bilməz. Həmin gün Astanada sanki matəm idi. Bu “bəd” xəbəri prezidentə məruzə etməyə belə qorxurdular.

Mən isə elə həmin gün Londona, Nazarbayev repressiyasından qurtulmaq üçün gizlənməyə məcbur qalan doğma bacım Gülşad və onun həyat yoldaşı İssamın yanına uçdum.

Məni yaxalamaq üçün az da olsa şansları qalırdı.

Başlanan “ovun” ilk günlərindəki çaxnaşmada qazax hakim dairələri, mənim məcburən hava limanında kirayələnən təyyarəyə minməkdən canımı qurtarmağıma kömək edə biləcək, əsas və önəmli bir bir səhv buraxdılar. Nazarbayev mənim diplomatik toxunulmazlığımı ləğv etdi. Çox güman ki, Astanadakı ağsaqqallar fikirləşiblər ki, ilk növbədə mənim toxunulmazlığımı əlimdən almaq lazımdır. Onların ağlına belə gəlməzdi ki, Quzenbaurə edilən zənglər bir işə yaramasın.

Halbuki hər şey daha asan ola bilərdi. Hər bir diplomatik nümayəndə öz ölkəsinin bir növ şəxsi mülkiyyəti hesab olunur. Yəni məni rəsmi olaraq məşvərət keçirmək bəhanəsi ilə və yaxud da elə MTK-nın “gücü” ilə məcburən təyyarəyə mindirib vətənə apara bilərdilər. Avstriya polisinin bu halda hadisələrə müdaxilə etməyə səlahiyyəti təbii ki, çatmazdı. Toxunulmazlıq o deməkdir ki, başqa ölkənin səfirinə polis nə həbs etmə, nə də onu müdafiə etmə məqsədilə yaxınlaşa bilməz. Yəni bir ölkə ərazisində fəaliyyət göstərən digər ölkənin “diplomatik” işlərinə heç bir halda müdaxilə edilə bilməz.
Xoşbəxtlikdən bu ssenari Astana güclülərinin ağlına gəlməyib. Təəccüblü də deyil, çünki “Böyük Rəhbərin” ətrafında ağıllı-başlı, professoinal bir insan demək olar ki, qalmayıb.

Xaç Qayınatam mənim diplomatik toxunulmazlığımı əlimdən almaqla kifayətlənməyərək ailəmi də yavaş-yavaş dağıltmağa başladı.

2007-ci il 10 iyunda qiyabi boşanmam haqqında məhkəmə qərarının surətini aldım. Həmin gün evimin aynabəndində vəkillərimlə və başqa yoldaşlarla oturub işimdə müdafiə strategiyaları barədə danışırdıq. Elə bu zaman mühafizəçim yaxınlaşaraq məlumat verdi ki, bizim səfirliyin konsulu bir bağlama gətirib.

Yazıdan oxuyuram ki, artıq dörd gündür, özü də öz razılığımla boşanmışam. Sən demə, hələ iyunun 4-də məhkəmənin keçiriləcəyi tarixə dair bildirişi öz əlimlə imzalamışam. 6 iyunda isə, mənim iştirakım olmadan Alma-Ata şəhərinin Medey rayon məhkəməsi, hakimə təqdim olunan guya ki, mənim də imzaladığım və Qazaxıstan Respublikasının konsulunun təsdiq etdiyi sənədlərə əsasən, boşanma haqqında qərar çıxarıb.

Bunun əsasında hakim B.Nuraşeva həyat yoldaşım Dəriğə Nazarbayevanın boşanmaq barədə xahişini təmin edib. 1983-cü il oktyabrın 7-dən qurduğum ailə həyatım beləcə bitdi.

Qazax İnterpolunun mənim barəmdə sorğusu məni belə şoka salmamışdı.

Aydındır ki, Nazarbayev məni mənəvi cəhətdən sındırmağa çalışaraq, sübut etmək istəyirdi ki, onun mərhəmətinə sığınmasam, hətta ən yaxın ailə üzvlərimə belə arxayın ola bilməyəcəyəm. Bir əsrin dörddə birini ömür sürdüyüm həyat yoldaşımdan başqa mənə kim yaxın ola bilərdi ki?!..

Amma o, tam əksinə nail oldu. Məhz elə onda başa düşdüm ki, Konstitusiyada dəyişiklik edilməsi barədə etdiyim tənqidi çıxışımda haqlı idim, bundan sonra da öz adım, ölkəmin azad yaşaması, vətəndaş azadlığı və həmvətənlərimin hüquqları uğrunda mübarizəyə davam edəcəyəm.

Saxta sənədlərin surəti ilə həyata keçirilən qiyabi boşanma ölkədə hökm sürən qanunsuzluğa ən böyük və tutarlı sübutdur. Bir ölkədə ki, insan haqları və hüquqları hətta qızına və nəvələrinə acımayan “mütləq hökmdarın” siyasət maşını ilə əzilir, buna bir son qoyulmalıdır.

Təbii ki, hər şey qurma idi və mən heç bir bildiriş sənədi imzalamamışdım. Ən azından ona görə ki, iyunun ilk günləri ümumi stresin təsirindən yerindən oynayan qan təzyiqimlə və ürək-damar çatışmazlığı ilə “Rudolfunerhaus” xəstəxanasında fiziki mücadilədə idim. Həmin günlər imzalamam üçün heç bir sənəd gətirilməyib. Və mən də təbii ki, hər bir ağıllı-başlı ailə başçısı kimi heç bir halda boşanmaya razılıq verməmişəm.

Məhkəmə ağla gələ bilməyəcək dərəcədə qanun pozuntusuna yol verərək keçirildi. Boşanma işi üzrə hər bir məhkəmə hakimi qanuna əsasən ailəni bir arada tutmaq üçün hər bir variantdan istifadə edərək tərəfləri öz fikirlərindən döndərməyə çalışmalıdır. Biz axı Dəriğə ilə 25 ildir ki, ailəliyik və ikisi hələ də həddi buluğa çatmamış 3 övladımız var.
Əgər mən razılıq versəydim belə, təkcə uşaqların qəyyumluğu barədə məhkəmə prosesi aylarla uzanmalı idi. Bu halda məni ən az narahat edən isə boşanma zamanı ailə əmlakının bölünməsi idi ki, o da boşanma prosesinə uyğun olaraq qanunauyğun şəkildə olmalı idi.

Bizim Dəriğə ilə boşanmamız cəmi bircə günlük məhkəmə prosesi ilə, özü də mənim vəkilimin iştirakı olmadan gerçəkləşdi. Yeri gəlmişkən, artıq 2007-ci ilin may ayından etibarən ölkədə mənim hüquqlarımı heç bir hüquqşünas müdafiə etmək istəmirdi. Bu azmış kimi, adi vətəndaş hüquqlarımın qorunmasına aid bəzi işlərlə məşğul olan vəkilim Lyubov Balmaqambetova da MTK-nın əməkdaşları tərəfindən 2008-ci il avqust tarixindən ev dustağı edildi. Nazarbayevin özünübilməzliyi artıq əndazədən çıxmışdı. Hamı bilirdi ki, bu, həmin hüquqşünasların işləmək üçün xüsusi razılıq-lisenziyasının ləğvi və beləliklə, hüquqşünaslıq praktikasının sonu demək idi. Elə buna görə də bizim səfirlik Nyu-Yorkdan mənim amerikalı vəkilimə viza da vermədi.

Boşanma haqqında qərarın mətni cəmi bir səhifə idi.

Ertəsi gün, iyunun 11-də Dəriğəyə zəng vurdum: “Mənə göndərilən bu kağızlar nədir?” O, cavab verdi ki, atası onu bütün əmlakımızın müsadirə olunacağı ilə hədələyərək buna məcbur edib. Əlbəttə ki, bizim telefon danışığımızın tam mətni artıq Xaç Qayınatama təqdim olunmuşdu. Bundan sonra o, qızına mənimlə telefon əlaqəsi yaratmağa qadağa qoydu, övladlarımı məndən təcrid edərək böyük oğlum, 16 yaşlı Aysultanı öz familiyasına keçirdi, qızım Veneraya isə mənim uzunmüddətli və çox uzaq xarici ölkəyə getdiyimi dedi. O vaxtdan mən öz uşaqlarımı görə bilmirəm.

2007-ci il iyunun əvvəlində Milli Təhlükəsizlik Komitəsinin sədri, general Şardarbayevlə telefon görüşməm oldu. Həmsöhbətimin dedikləri ilə hərfi-hərfinə siz də tanış olun: “Əgər ağzını yummasan, sənin bütün qohum-əqrəbanı alfalt maşınının altına salıb yerlə bir edəcəyik!” Çox keçmədi ki, keçmiş qayınatamın döyüşçüləri sözdən əmələ başladılar. Dövlət idarələrində işləyən qohumlarımı – hətta uzaqları belə, ən çox da Qazaxıstanın cənub bölgəsində və Alma-Atada – bir-bir işdən çıxardılar. Şımkəndin keçmiş meri, əmim oğlu Umırzak Əliyev barəsində dövlət işindən artıq 3 ildir ayrıldığına baxmayaraq, dövlət malından “sui-istifadə” etmə ittihamı ilə cinayət işi açıldı. Ən çətini isə mənim yaşlı valideynlərimə düşdü. Atam, məşhur cərrah, tibb elmləri professoru Muxtar Əliyev az qala caniyə çevrilmişdi. Özü də məhz elə prezidentin bizim konfliktlərdən əvvəl atama bağışladığı ov tüfənginin və onun patronlarının qanunsuz saxlanıldığına görə ona cinayət işi açıldı. Valideynlərimin evində axtarışlar keçirilirdi. Xüsusi xidmət orqanının əməkdaşları anamın pasportunu aldılar, mənim əleyhimə yeni dəlil quraşdırmaq məqsədi ilə polislər anamdan məcburən qan analizi götürməyə cəhd etdilər. Beləliklə, ailə üzvlərimin bir hissəsi “cani” adlandırıldı. Ən böyük zərbə bacımın ərəb qohumlarına dəydi. Bacımın həyat yoldaşı İssamı ölkədən qovaraq bütün özəl firmalarına və əmlakına həbs qoyuldu, qardaşı ABŞ vətəndaşı Devinçi Horani ilə birlikdə islam ekstremisti elan edildi. O da neft biznesinə qoyduğu bütün sərmayələrini itirərək Qazaxıstanı tərk etməyə məcbur oldu. Yeganə günahları isə Nazarbayevə qarşı çıxan eks kürəkəninin qohumu olmaqları idi.

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button