Xaç qayınatası

Rahat Əliyev

Nursultan Nazarbayevin kürəkəni, Qazaxıstanın hazırda 1 nömrəli düşməni

 37-ci yazı

 İlk dəfə Qazaxıstanda Oleq Orlovdan uğur üz döndərdi. Sadiq partnyorları elə ilk fürsətdəcə onu sataraq əmlakını, yəni silah biznesini müsadirə etdilər (əvvəllərə nəzər salanda görürəm ki, az-çox inkişaf etmiş ölkələrin heç birində mümkün olmayan, “aktivlərin başqa ada yazılması” kimi absurd hüquqi aktın tərtibatı ilk dəfə mənə qarşı yox, məhz elə rus silah baronuna qarşı həyata keçirilmişdir).

Bütün bunlar bir qədər sonra olacaqdı. Hələlik isə, doxsanıncı illərin ortalarında Oleq Orlov -o məşhur diplomat çantasında, nazarbayevçi rejimin silah alveri sahəsində həyata keçirəcəyi ən böyük beynəlxalq fırıldağın başlanğıcı olan iki müqavilə gətirirdi. Birinci fırıldaqları böyük biabırçılıqla, ikincisi isə qanla nəticələndi…

 

1. MİQ təyyarələri

 

1999-cu il avqustun 7-si şənbə günü idi. Mənim maliyyə polisi rəisi kabinetimə dövlət əlaqə xətti ilə zəng gəlir. O zamanlar prezidentin beynəlxalq işlər üzrə köməkçisi olan Bulat Utemuradov zəng etmişdi. Səsi hər zamankından fərqli olaraq, həyəcandan titrəyirdi. Vacib məsələ barəsində danışıb məsləhətləşmək üçün təcili olaraq xarici işlər nazirliyinə gəlməyimi xahiş edirdi.

Həmin vaxt xarici işlər naziri Qasım-jomərd Tokayev (əvvəllər adı “Qasımjomərt” kimi bitişik, indi Qasım–Jomərd kimi ayrı-ayrı yazılır) idi.

Maşınla beş dəqiqəlik yoldur. Tez maşına oturub yola çıxdım.

Nazirin kabinetində çox narahat vəziyyətdə Qasım-jomərd Kemeloviç və prezidentin köməkçisi Bulat Utemuradov məni gözləyirdilər. Əvvəllər də xüsusi cəsarəti ilə seçilməyən Tokayevi bu dərəcədə qorxmuş, sarsılmış, mütəəssir görməmişdim. Utemuradov da dəhşətli dərəcədə qorxmuşdu. Hansısa böyük bir beynəlxalq qalmaqal yetişirdi. Bir sutka sonra ABŞ-ın vitse-prezidenti Albert Qor Nazarbayevlə telefonda danışmaq istəyirdi. O zamana kimi mütləq bir şeylər etmək lazım idi.

Birinci Tokayev dilləndi:

–         Nurtay yenə də şefi pis vəziyyətdə qoydu. Böyük qalmaqal olacaq! Təcili nə isə etmək lazımdır.

Burada söhbətin kimdən getdiyini açıqlamaq lazımdır. Nurtay-Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin o zamankı sədri Nurtay Abıkayevdir. Respublikanın müdafiə naziri general Altınbayev qeydsiz-şərtsiz Nurtaya tabe idi. Şef isə başa düşüldüyü kimi Nursultan Nazarbayevdir. Məmurların öz aralarında dedikləri frazanı olduğu kimi yazsaq belə alınar: “MTK sədri ilə müdafiə naziri prezidenti yenə zibilə saldılar. Özü də böyük bir zibilə”. Bununla yanaşı, hər üçümüz bilirdik ki, Nazarbayevin hər şeydən xəbəri var idi və onun xeyir-duası ilə, təbii ki, nəyinsə qarşılığında bu əməliyyat həyata keçirilmişdi. Ancaq yenə buna inanmaq istəməzdik. Əlbəttə ki, biz Nazarbayevi beynəlxalq rüsvayçılıqdan xilas etmək istəyirdik. Ən azından, Nazarbayevin diktator Kim Çen İrlə tay tutulmaması üçün belə lazım idi.

Bu sözlərlə, daha doğrusu, sadalanan adlarla hər şey aydın idi. Deməli, köhnə MİQ təyyarələrinin Şimali Koreya rejiminə, müəyyən beynəlxalq qaydalardan yan keçmək qarşılığında satılması ilə başlayan fırıldaq amerikalılara məlum oldu. Açığı, onlar xəbər tutmasaydılar, təəccüblənərdim.

Hər şey, bu sövdələşmənin iştirakçılarının zənn etdiyi kimi, “çox gözəl” başlayırdı. Oleq Orlovun o sehrli çantasında çoxlu sayda fantastik kağızlar arasında Şimali Koreyanın (o zamanlar nüvə məhdudiyyətinə dair rejimə zidd, Beynəlxalq birliyin qəti qadağalarına məhəl qoymadan, ATEBA-dan yan keçərək gizli hərbi nüvə proqramı hazırlayan bir ölkə) böyük partiya (tam 133 ədəd) MİQ-21 köhnə sovet hərbi təyyarələrini əldə etməsi barədə müqavilə də var idi. Koreyalıların raketləri geniş radiusda daşımaq imkanları olmadığından, onlara atom bombaları ilə təchiz olunmuş birdəflik istifadəyə yararlı  təyyarələr lazım idi. Təyyarəni pilot-kamikadze havaya qaldırıb Yaponiyaya qədər uçmalı və orada amerikalıların hərbi bazası kimi hər hansı bir böyük obyekti hədəfə götürməli idi. Şəraitsiz anqarlarda yatıb qalan, uçuş qabiliyyətini itirmiş köhnə konstruksiyalı bu təyyarələr onsuz da başqa heç nəyə yaramırdı.

Oleq Orlovu isə bu xırdalıqlar təbii ki, narahat etmirdi. Müştərinin mala ehtiyacı var və onu da əldə edəcək. Müştəri əldə etdiyi ilə sonra nə iş görəcək, o, artıq malsatanı narahat etməməlidir. Necə deyərlər, şəxsi heç nə yoxdur, ancaq biznes…

Orlovun Qazaxıstandakı ən yaxın iş partnyoru, şübhəli sövdələşmələrlə işləyən, kübar salon sahibi, şəxsi pravoslav kilsəsinin inşaatçısı Aleksandr Petrenko adlı şübhəli bir tip idi. Bu əcaib tip özünü hər yerdə Nazarbayevin qüdrətli silahdaşı, tərəfdaşı, çox vaxt prezidentin “boz kardinalı” adlandırdığı  Nurtay Abıkayevin müşaviri kimi (yəqin ki, əslində də elə olub) təqdim edirdi.

“Abıkayevin müşaviri” öz kanalları vasitəsilə tez bir zamanda aydınlaşdırdı ki, Qazaxıstan Şimali Koreya kamikadzelərini 133 təyyarə ilə təmin edə bilər. Bu işdə hərbçilərsiz ötüşmək təbii ki, alınmadı. Nə o zaman, nə də indi Milli Təhlükəsizlik Komitəsinin hava donanması yoxdur. Əgər nazarbayevçi rejimin inkişafı indiki istiqamətdə gedərsə, beynəlxalq terrorizmlə mübarizə bəhanəsi ilə çox güman ki, yaxın gələcəkdə o da olacaq.

Beləliklə də, mövcud olduqları tarix boyu Müdafiə Nazirliyi ilə Milli Təhlükəsizlik Komitəsinin “şan-şöhrətli” birgə əməliyyatlarından biri başladı.

Sonrakı hadisələr siyasi triller qanununa tam uyğun şəkildə davam etdi.

Maraqlı tərəflər mövcud bazarlığın, bu tip müqavilələrdə olduğu kimi, nəğd ödənilməsi barədə tez razılaşdılar. Yeni pullar çantada çox etibarlı, həm sadə, həm də müasir üsulla. Heç bir bank köçürməsi və heç bir riskə yol vermədən.

Təyyarələr Sarıözək (Alma-Ata vilayəti) hərbi aerodromuna yerləşdirildi. Əməliyyatın bu hissəsinə müdafiə naziri cavabdeh idi. Abıkayev bu sövdələşmənin siyasi cəhətdən ört-basdır edilməsini, yəni təyyarələrin Şimali Koreyaya satılmasına Nazarbayevin razılığının alınmasını təmin edirdi.

Koreyalıların nəğd olaraq gətirdikləri pulu, Orlov və Petrenko Abıkayevin tapşırığı ilə qəbul etdilər. Bir müddət hər şey yağ kimi gedirdi.

Əlbəttə, məlumatı olan az sayda adamların arasında bu sövdələşməyə qarşı çıxanlar da var idi. Əgər beynəlxalq ictimaiyyət bundan xəbər tutsaydı, nazarbayevçi rejimi çox böyük xoşagəlməz hadisələr gözləyərdi. Şimali koreyalılarla sazişə ən aktiv etiraz edən Abıkayevin müavini general Alnur Musayev idi. Orlov Qazaxıstana gəlmədən əvvəl, onun koreyalılarla müqaviləsindən amerikalıların xəbəri olduğunu general öz gizli kanalları vasitəsilə öyrənmişdi. Amerika kəşfiyyatı mümkün olan bütün kanallar vasitəsilə Pxenyana gətirilən təyyarələrə nəzarət edirdi.

Musayev Orlov haqqında məlumat toplamağa başladı. Tezliklə məlum oldu ki, o, bir neçə kəşfiyyat xidmətinin qarmağındadır və Mərkəzi Kəşfiyyat İdarəsindən olan adamlara silah baronunun sehirli çantasındakı müqavilələr, protokollar barədə çox şey məlumdur.

Buradan hamıya aydın olmalı idi ki, bu sazişin baş tutması mümkün deyil: iştirakçılar tez zamanda açığa çıxacaqdı, MİQ-lərin beynəlxalq sanksiyalardan yan keçərək satılmasından amerikalılar və avropalılar mütləq xəbər tutacaqdılar. Böyük qalmaqal olacaqdı. O zaman üçün ad-sanımız onsuz da parlaq deyildi, üstündən keçilməsi mümkün olmayan bu xəcalət hadisə də bir yandan… Nazarbayevçi iş adamları dəstəsini isə bu, o qədər də narahat etmirdi.

1999-cu ilin iyununda Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayevin kabinetində hərbi əks-kəşfiyyatın və “pravoslav biznesmen” Petrenkonun iştirakı ilə məşvərət keçirildi. Müzakirələrin əsas və yeganə mətni isə belə idi: satmaq lazımdır!

Musayev bir daha bu sazişdən amerikalıların xəbəri olduğunu, 133 ədəd təyyarənin texniki cəhətdən heç kəsə yaxalanmadan Şimali Koreyaya çatdırılmasının mümkün olmadığını dedi. Əks-kəşfiyyatın generalı Bojko isə bu məsələyə daha nikbin əhval-ruhiyyədə yanaşırdı. Sonra Aleksandr Petrenko söz aldı. O dedi ki, heç bir risk yoxdur, hər şey tam şəkildə məxfidir və sövdələşmənin bütün ödəmələri nəğd yolla olacaq. Eyni zamanda iki müqavilə hazırlanacaqdı. Onlardan birincisi, məlum əməliyyatı ört-basdır etmək məqsədilə, mövcud malların təkrar metal emalı üçün guya ki, “Aqroplast” çex firmasına veriləcəyi barədə idi. İkincisi  isə əsl müqavilə idi. Hissələrə ayrılmış MİQ hissələri isə, amerika peyk cəsuslarından yayınmaq üçün işıq aldatmacası təmin etmək məqsədilə ancaq gecə vaxtı yüklənəcəkdi.

Təntənəli nitqinin sonunda Petrenko içərisində səkkiz milyon ABŞ dolları olan çantanı nümayiş etdirdi – bu hələ ilkin ödəniş idi.

Məşvərəti Nurtay Abıkayev yekunlaşdırdı: “Satacağıq!” Və bu sözləri deyərkən çoxmənalı bir hərəkətlə, kürsüsünün baş ucunda divardan asılmış ömürlük möhtərəm prezidentin şəklinə yönəldi – yəni xeyir-dua da alınıb…

Qeyd edim ki, bu biznes-kələyin qazax iştirakçılarının başında bir ideya qəti surətdə təsdiqini tapdı. Lap nə vaxtsa Ostap Benderin Kisa Vorobyaninovla bərbad, xəstəlik dolu bir dalanda söhbəti zamanı ağlına gələn ideya kimi: “Ancaq tək mənim sizin işinizin öhdəsindən gələ biləcəyimi ehtimal etməyim üçün bütün əsaslarım var”. Satıcı məlum, mallar yola salınmağa hazır, ilkin ödəniş də olunub. Vasitəçidən azad olmağın tam vaxtıdır.

Oleq Orlovun Qazaxıstandakı qısa qəhrəmanlıq salnaməsi beləcə bitdi. Abıkayevi təzyiqi ilə məhkəmədə ona qarşı bir neçə saxta iş açıldı, Alma-Atanın dağ ətəyi yerlərində iki ev, maşınlar və evə aid olan bütün əmlak, əşyalar Petrenkonun və onun həyat yoldaşı, jurnalist Yevgeniya Dotsukun adına yazıldı (nəticədə bu evlər alma-atalı kübar dəstəsinin yığışdığı sevimli yerlərə çevrilmişdi), çatışmayan bəzi sənədlər problemi isə daha tez həll edildi, yəni saxtalaşdırıldı. Yeri gəlmişkən, qeyd edim ki, bu evlər sonradan cütlüyün boşanma prosesi zamanı nifaqa səbəb olmuşdu.

Dostlar malı alıcıya yük təyyarələri ilə çatdırmağa qərar verdilər. Petrenko marketinq araşdırması apararaq, aydınlaşdırdı ki, Ukraynanın “Ruslan” yük təyyarəsinin göyərtəsinə altı, rusların “İl-76”təyyarəsinin göyərtəsinə isə ancaq iki MİQ-21 təyyarəsini yerləşdirmək mümkündür. “Ruslan”ı sifariş etdilər. Xarici kəşfiyyatı yanıltmaq üçün bizim dostlarımız belə bir marşrut fikirləşdilər: əvvəlcə Ukraynanın An-123 “Ruslan” nəqliyyatçısı “Sarıözək” hərbi hava limanından Bakıya uçaraq orada yanacaq doldurur, sonra Çinə gedir, təkrar yanacaq aldıqdan sonra oradan Pxenyana uçur. Yəqin ki, Abıkayevlə Petrenko bu sxemi çox məxfi və möhtəşəm zənn edirdilər.

Ya hərbiçilərin səhlənkarlığı, ya da ki, qaydasız və hər şeyin mümkün olduğu bir mühit səbəbindən amerikalı cəsus-peyki “Sarıözək” hərbi bazasından hərbi texnikanın nəqliyyat təyyarəsinə yükləndiyini aşkar etdi. “Ruslan”ın ikinci uçuşundan dərhal sonra (cəmi iki reys etmiş, ikincisində isə Bakı hava limanında yükə həbs qoyulmuşdu) ABŞ səfirliyi Qazaxıstanın Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərdi. Orada deyilirdi ki, Qazaxıstan bütün beynəlxalq sanksiyalardan yan keçərək, beynəlxalq terrorizmi silah-sursatla təchiz etməkdə, maliyyələşdirməkdə dünya ictimaiyyəti tərəfindən şübhəli bilinən Şimali Koreyaya hərbi texnika verməklə nüvə texnikasına nəzarət sahəsində beynəlxalq razılaşmalardan da boyun qaçırır.

Gizli sövdələşmənin iflasa uğradığı, Nazarbayevin “sağ əli” və boz kardinaldan başqa hər kəsə aydın oldu. Demək olar ki, hər gün ABŞ-ın səfiri XİN-ə zəng vururdu. Gizli silah ticarəti haqda artıq bir çox qərb, hətta yerli mətbuatda (inanılması çətin olsa da, səkkiz il əvvəl qazax mətbuatının heç də hamısı “təmişlənməmişdi”) məqalələr dərc olunsa da, bizim silah baronlarımız ağıllarını başlarına toplaya bilmirdilər. Və onlar ikinci dəfə təyyarələri yola saldılar. Qazax texniklər qrupu isə, oradan malı Pxenyana ötürmək üçün Çinə ezam olundular. Səs-küy qalxdıqda çinlilər texnikləri həbs etsələr də, uzun müddət onlarla nə edəcəklərini və kimə təhvil verəcəklərini anlaya bilmədilər. Bir müddət sonra isə onları Vətənə göndərdilər.

Bütün bunlar mənə artıq məlum idi. Peyk izləmə texnikasından və qərb kəşfiyyatının işindən xəbəri olan bir adam kimi, Şimali Koreya fırıldağının bu cür yekunlaşacağından şübhəm yox idi. Artıq həmin vaxtlarda Abıkayevlə mənim aramda bir gərginlik yaşanırdı. Ona görə də onun və bütün komandasının bu uğursuzluğuna üzüldüyümü desəm yalan olar. Doxsan doqquzuncu ildə mən hələ də özümü prezidentin sadiq əsgəri olaraq hiss edirdim. Utemuradovla Tokayevin söhbətləşməsi zamanı onların anlaqsız vəziyyətlərini izləyərək prezidenti zərbədən necə qurtara biləcəyimi fikirləşirdim. O zaman mən ancaq Qazaxıstanın etibarını, nüfuzunu düşünürdüm.

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button