Xaç Qayınatası – 35-ci yazı…

rahat əliyevRahat Əliyev

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni

XXXV yazı

Ssenari dəyişməz qalırdı. Qayınatam zəng vurur: “Parlamentdə oynanılacaq tamaşalar üçün bizə Jirinovski tipində bir adam da lazımdır.” O vaxr artıq öyrəncəli idim. Bu cür tapşırıqların mənə baş ağrısı olacağını bildiyim üçün qaçınılmaz bir namizəd təklif etməyə qərar verdim. Səhiyyə Nazirliyində işlədiyim zamanlardan tanıdığım bir xalq təbibi – həkim yadıma düşdü. Açığı, bu personajı deputat rolunda təsəvvür edəndə belə gülüşümü gizlədə bilmədim.

Əvvəlki sxem üzrə, təlxəkliyə namizədlə prezidentin görüşünü təşkil etdim. Görüşdən dərhal sonra Nazarbayev mənə zəng vuraraq təəccübünü gizlədə bilmədi: “Bu ki təmiz dəlidir!” Mübahisə olunmayacaq dərəcədə haqlı bir müşahidə idi. Təbibin “Muxtar” ləqəbi ilə Maliyyə polisində və MTK-də  xəbərçilik sahəsində az əməkləri olmayıb.

Təəccüblənmək sırası indi də məndə idi: dəli “Muxtar” Nazarbayevin xoşuna gəlmişdi. O, hesab edirdi ki, onun parlamentinə lazım olan cəhət məhz elə budur. Nəticədə Petruşka-Muxtar Abılqasımov artıq doqquzuncu ildir ki, möhtərəm tamaşaçıları əyləndirir. Hətta Xaç Qayınatamın o qədər xoşuna gəlib ki, o, seçki bülletenlərində Nazarbayevlə adının yan-yana olması şərəfinə layiq görülüb.

İkisi arasında seçim etməli olsaydım, mən belə səsimi birinci prezidentə verərdim.

Təbii ki, Astananın komediya janrı səhnəsindəkilər təkcə Qasımov və Abılqasımov deyildilər. Burada çox qızğın bir rəqabət gedir və tarım çəkilmiş tula ipi MTK-nın əlində olan bu qəhrəmanlar da hal-hazırda liderlik edirlər.

Əvvəlcə Alma-Ata sirkinin direktoru olaraq böyüyən nəsillə və ziyalı təbəqə ilə uğurlu “klirinq” (tərbiyəvi) işləri aparan Kanat Saudabayev hazırda dövlət müşaviri kimi nəyə desən dəyər…

Birinci yerə “QazPravda” qəzetinin də dediyi kimi hal-hazırda “görkəmli müxalifətçi” olan keçmiş baş prokuror nail oldu.

–        Jarmaxan Tuyakbay… Heç təsəvvürünüzə gətirirsinizmi, nazarbayevçi dövlət qəzeti real müxalifətçini “görkəmli” adlandıraraq ona etibarlı məlumat mənbəyi kimi istinad etsin?..

İkinci yeri isə “Ak Orda” prezident iqamətgahının olduğu kimi, antidövlət tədbirlərinin tez-tez qonağı -quruldayan müxalifətin əməkdar xadimi, söz-söhbətdən qorxan Bulat Əbilov, əziyyətlə də olsa, əlində saxlayırdı.

Reytinq cədvəlinin 3-cü pilləsində isə keçmiş inzibati rəhbər, hal-hazırda təbii ki, müxalifətdə olan Əlixan Baymenov dururdu. “Ak Jol” müxalifət partiyasını real təsisçilərindən – Altınbek Sarsenbayev, Muxtar Ablyazov, Qalımjan Jakiyanov və Oraz Candosovdan oğurlaması onun şəxsi işinə daxil olan, köhnə də olsa, məşhur qoçaqlığıdır.

Xaç Qayınatasının təlimatları ilə, öz dostlarının etibarından, güvənindən sui-istifadə edən Əlixan Baymenov partiyanın möhürünü, qərargahını zəbt edərək, bölgələrdə toplantılar keçirdi (təbii ki, hökümətin və MTK-nın aktiv dəstəyi ilə) və partiyanın əsl təsisçilərini isə rəhbərlikdən çıxardı. Həmçinin o, prezidentliyə namizədlərin elektoral yarışında iştirak etmək şərəfinə də layiq görülmüşdü. Hərə bacardığı sahədə iş qurub qabağa gedir. Olan isə “Qazaxıstan” absurd teatrının sadə  seyrcilərinə olurdu…

Matryoşkada heroin və yaxud İnterpol diktatorun xidmətində

Özünə hörmət edən tiran, hətta İnterpolu belə ona xidmət etdirə bilər. Qazax hökumətinin işarəsi ilə bu çox hörmətli beynəlxalq təşkilatın həbs etdiyi fərqli düşüncəli şəxs ilk mən deyildim.

2006-cı ilin sentyabrında qırğız müxalifətçisi, Qırğızıstanın keçmiş parlament sədri Omurbek Tekebayev Varşava hava limanında “cinayət başında” yaxalandı. Onun yol çantasında – adi rus suveniri matryoşkanın içərisində qablaşdırılmış yarım kiloqramdan çox heroin aşkar edildi. Qısa müddətli məhkəmə araşdırmalarından sonra Bişkekdəki qırğız xüsusi xidmətinin heroini Tekebayevi yükünə atdıqlarına qərar verən polşalılar onu azad etdilər.

Amma məsələ burasındadır ki, Varşava polisinə işarə qazax İnterpolundan gəlmişdi. Tekebayev Polşaya birbaşa Bişkekden uçdu. Sərnişinin yükündə heroin olması qurma xəbərini isə İnterpolun qazax bürosundan vermişdilər. Çox güman ki, – heroin barədə siz haradan bilirsiniz? – qəribə zəngi polşa tərəfinin Qırğızıstan eks-spikerinin azad etməsinə vəsilə oldu.

Belə çıxır ki, İnterpolun qazax bürosunun əməkdaşları hakimiyyətdən kənar xarici ölkələrin siyasi yaşamına müdaxilə edərək, qanunsuz yollarla müxalifətlə mübarizə aparır, ümumiyyətlə cinayətlə məşğul olurlar. Bu hadisə böyük qalmaqala, istintaqa, hətta Qazaxıstanın İnterpoldan xaric edilməsinə gətirib çıxarmalı idi. Amma həm bizim hökumət, həm də İnterpol bu işi səssizcə əritdilər.

Zənnimcə, İnterpol Mərkəzi Asiya diktator rejiminin bu beynəlxalq təşkilatın xidmətindən cinayətkarlıqla (məhz özləri bu sahəni pis inkişaf etdimirlər) mübarizə üçün deyil, Qazaxıstanda və hüdudlarından kənarda fərqli düşüncəli insanlarla müharibə üçün istifadə etdiklərinin fərqində deyil.

Qırğız prezidenti Bakiyevin doğma qardaşı – qırğız təhlükəsizlik xidmətinin rəis müavininin şəxsən, qazax xüsusi xidmət generalı Şardarbayevdən qardaş qırğız rejiminə kiçik bir “xidmət” göstərməsi xahişini təsəvvür etmək yəqin ki, onlar üçün çətin olardı…

Rədd ol, Nursultan!

Milli Təhlükəsizlik Komitəsinin sədri Amangəldi Şardarbayev (bütün Ak-Ordada  “Həşərat” ləqəbi qazanan bu şəxs prezidenti hamıdan yaxşı tanıyır). Nə ilk həyat yoldaşı Sara Alpısovna, nə Dəriğə, nə ailəsinin digər üzvləri, nə də prezidentin ən yaxın ətrafındakılar onun zəif damarını bu cür ustalıqla tutub, şöhrətpərəstliyi, gizli qorxuları ilə oynayaraq qayınatama təsir edə bilmirdilər. Nazarbayev heç kəsə və heç bir halda bağışlamayacağı qəbahətini öz sadiq mühafizəçisinə bağışlayır. Hətta insanların yanında etdiyi təhqirləri də…

İnanmasanız da, prezidentin mühafizə xidmətində, Şardarbayevin onlarla mühafizə xidməti əməkdaşlarının yanında Qazaxıstan Pespublikasının prezidenti Nazarbayevi xalq arasında işlədilən biədəb bir yerə ünvanladığı uzun müddət danışılırdı…

Bu hadisədən sonra “Həşərat”ın karyerasında yaxşı yöndə dəyişikliklər baş verdi. O, vəzifəyə təyin edildi.

Bu hadisənin başlanğıcı dünyanın o biri başından – Amerikadan gəlirdi. Amerika mətbuatının bir-iki sətirlə qeyd etdiyi, qazax rəsmi mətbuatının isə bəzəyib-düzədiyi kimi, iki dost dövlət başçısının səmimi söhbəti zəminində keçən növbəti tarixi rəsmi səfər başa çatdı.

Səfərin protokoluna əsasən, növbəti səfər sonunda prezidenti müşaiyət edən bütün nümayəndə heyəti “Boeing”ə yüklənərək, onu gözləməyə başladılar. Nəhayət, qısa bir vida mərasimindən sonra Nazarbayev təyyarəyə təşrif buyurdu.

Vaxtilə mən də prezidenti rəsmi, qeyri-rəsmi çox səfərlərdə müşayiət etdiyim üçün, fürsətdən istifadə edib geniş kütləyə məlum olmayan bəzi detalları paylaşmaq istəyirəm. Bütün bu səfərlərə sərf olunan vəsait dövlət büdcəsindən, prezident təyyarələrinin saxlanılmasına sərf olunan vəsait isə vergi ödəyicilərinin pulları ilə ödənildiyi üçün vətəndaşların da təyyarənin göyərtəsində nə olub bitdiyini bilməyə haqları çatır.

Vida mərasimi qüsursuz başa çatdı. Prezidentin corabları bu dəfə yerində idi. Müşaiyətçilər də təyyarənin quyruq hissəsində öz yerlərini almışdılar. Nursultan Abışeviç səfərdən çox razı bir tərzdə xalının üzəri ilə addımlayırdı. Narazıçılığa səbəb ola biləcək heç nə yox idi.

Şəxsən prezident Nursultan Abışeviçin tərtib etdiyi və özünün də ciddi şəkildə əməl etdiyi protokola əsasən, biznes-salona keçdi, müşayiət edən heyətlə, köməkçiləri ilə, dövlət mətbuatının və televiziya kanallarının jurnalistləri ilə ünsiyyətdə oldu. Özünün hesab etdiyi kimi, uğurlu səfərdən sonra əhval-ruhiyyəsi yaxşı idi. Təbii ki, prezidentin əhvalı bütün salondakılara təsir etmişdi – quyruqdakı jurnalistlər uçuş zamanı prezidentin uğurlu səfərindən ağız dolusu yazacaqları məqalələri, hazırlayacaqları reportajları, kimlərsə yaxşı yatacaqlarını, kimlərsə də yaxşıca yeyib-içəcəklərini fikirləşirdilər.

Nazirlərilə də söhbətləşdikdən sonra prezident “Boing”in kəllə tərəfindəki şahlara layiq lyuks salonuna keçdi. Bu hissədə dəbdəbəli ikinəfərlik çarpayı və duş-kabinə ilə təchiz olunmuş yataq otağı, sonra iş otağı, daha sonra isə danışıqlar və şah qonaqlığı üçün nəzərdə tutulan dəyirmi masalı geniş zal quraşdırılmışdı. Xaç Qayınatama qədər Bruney Sultanına məxsus olan bu təyyarə lüks ikinci əl üsulu ilə Qazaxıstana satılmışdı.

Uçuşa hazırlıq başladı.

On dəqiqə keçdi. Təyyarə, pilotların dediyi kimi, mühərriki, sükanı işə salınmadan yerində qalmışdı. Qəribə idi: adətən prezident təyyarəsi üçün əvvəlcədən – uçuşa icazə, hava dəhlizinin təmizlənməsi kimi hazırlıq tədbirləri görülürdü.

On dəqəqi də keçdi. Mühərriklər yenə də işə salınmamışdı. Standartdan kənar bu vəziyyəti prezidenti səfərlərində müşayiət edən nümayəndə heyəti də hiss etmişdi. On dəqiqə daha keçdikdən sonra çağırış düyməsinin işarəsilə stüardessa prezident salonuna tərəf qaçdı. Nazarbayev təyyarənin niyə havaya qalxmadığının səbəbini soruşdu. Stüardessa tez-tələsik gecikmənin səbəbi barədə nə isə dedi və uçuş üçün icazənin də dərhal veriləcəyini bildirdi. Müəyyən müddətə də olsa, bir nömrəli sərnişin sakitləşdi, amma ətrafdakı göyərtə personalı çaxnaşmaya düşmüşdü.

Bir on dəqiqə daha… Fasilə artıq ədəbsiz bir şəkil almağa başlayırdı. Nazarbayev ekipaj komandirini çağırdı. İkinci hissədə oturan hər kəsin, prezident salonu ətrafındakı qarışıqlığın fərqində olduqları üçün əsəbləri gərilmişdi: birincisi – aydın idi ki, prezidentin ovqatı korlanıb, bu da onun yaxın ətrafındakıları üçün yaxşı şeylər olmayacağından xəbər verirdi, ikincisi – hadisələr təyyarədə baş verirdi. Aerofobiyadan əziyyət çəkməyən heyət üzvləri də həyəcanlanmağa başlamışdılar.

Aydınlaşdı ki, təyyarədə hər şey qaydasındadır. Ekipaj komandiri sözü uzatmadan bir nömrəli sərnişinə gecikmənin səbəbini açıqladı: ekipaj prezidentin şəxsi mühafizə xidməti rəisindən uçmamaq əmri alıbmış. Sən demə, yüksək təbəqənin nümayəndə heyətinin təyyarədə keçirdiyi narahatçılığa, gərginliyə səbəb, general Şardaybayevin şəxsi baqajının diplomatik maşınla onun əməkdaşları tərəfindən vaxtında gətirilməməsi imiş.

Hadisələrin növbəti gedişatını təsəvvür etmək çətin deyildi. Nursultan Abışeviç şəxsi mühafizə xidmətinin rəisini yanına çağıraraq üstünə elə bağırdı ki, təyyarənin ən ucqar yerlərində belə səsi eşidildi. Elə həmin vaxt, artıq heç bir işə yaramasa da, Şardaybayevin baqajı gəlib çatdı. Prezident salonunun açıq qapısından birinci salondakı sərnişinlər prezidentin “Raport yaz!” əmrini eşitdilər.

Səfər tamam korlandı. Prezident demək olar ki, vaxtın çoxunu öz dairəsində oturdu. Bütün nümayəndə heyəti uçuşu yeməyə, yatmağa cəsarət etmədən gərgin halda keçirdi. Nazarbayev qəzəbinə tuş gələn digərlərindən fərqli olaraq, xəta Şardarbayevdən yan keçdi. O, təyyarənin quyruq tərəfinə çəkilərək, uçuş zamanı orada oturdu.

Təyyarə Astanada hava limanına endi. Prezident başda olmaqla bütün nümayəndə heyəti endikdən sonra təyyarə Alma-Atadakı baza aerodromuna uçdu. Göyərtədə qalan yeganə sərnişin Şardarbayevlə birgə. Artıq hamıya aydın idi ki, ölkənin birinci şəxsinin ətrafında onun keçirdiyi son günləridir.

Sonra isə ağılasığmaz şeylər oldu. Şardarbayev yazdığı raportu Alma-Atadan faksla yola saldı… Və itdi…

Bu, möhtəşəm bir gediş idi. Onun yerinə başqa bir şah qəzəbinə tuş gələn mühafizə rəisi olsaydı, yəqin ki, qəbul otağında saatlarla gözləyər, alçalaraq, ömürlük ona sadiq qalacağına and içərək üzr diləyərdi. Və bu da uğurlu nəticənin zəmanəti olacaqdı: prezident ayaqlarına düşən əlaltısının alçalma səhnəsindən həzz alaraq, onu hər hansı siyasi gedər-gəlməzə ünvanlayacaqdı… Çox həssas psixoloq Şardarbayev işlədiyi müddət ərzində topladığı təcrübələrə dayanaraq bunu hamıdan yaxşı bilirdi. Amma o, başqa yol seçdi.

Şardarbayev dibə çəkildi. İki həftə onu nə görən, nə eşidən olmadı.

İkinci həftənin tamamına yaxın şəxsi mühafizə xidməti rəisinin itməsi Nazarbayevi özündən çıxardı. Və o, nəyin bahasına olur-olsun qaçağın tapılıb Astanaya qaytarılmasını əmr etdi.

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button