Xaç qayınatası

Rahat Əliyev

Rahat Əliyev

 38-ci yazı

 Fikirləşməyə vaxt yox idi.Tokayev xəbər verdi ki, sabah ABŞ-ın vitse-prezidenti Albert Qor Nazarbayevə zəng vuracaq və o vaxta kimi biz mövqeyimizi qətiləşdirməli idik. Zəng barədə Tokayevi amerikalı səfir Cons xəbərdar etmişdi. Nazirin səfirlə telefon danışığı çox gərgin və əsəbi keçdi. Hiss olunurdu ki, amerikalılar ciddi sanksiya rejimindən tutmuş, 1998-ci ilin Asiyadakı iqtisadi böhran şəraitində Qazaxıstanın iqtisadiyyatına güclü mənfi təsir edəcək amansız tədbirlər görməyə qədər hər şeyə hazırdırlar.

Qor Nazarbayevə bazar günü səhər təxminən səkkiz-doqquz arası, təyyarənin göyərtəsindən zəng vuracaqdı. Bu, o deməkdir ki, uzun müddətli uçuşda olmağına baxmayaraq, Qazaxıstan prezidenti ilə telefon görüşməsi təxirəsalınmaz vacib işlər siyahısındadır. Anladığım qədərilə, məhz bizim qrup üzvləri Nazarbayevə telefon danışığının ssenarisini və onun mövqeyini təkilf etməli idilər.

Onsuz da cəmi iki variant var idi. Birinci, prezident öz köhnə dostlarını ələ vermir və ölkə bir sürü güclü problemlərlə qarşılaşır (ölkə ilə birlikdə Nazarbayev də həmçinin – onun da belarusiyalı həmkarı Aleksandr Lukaşenko kimi Qərb ölkələrinə girişi məhdudlaşdırıla bilərdi). Ya da ki, prezident bundan çox hiddətləndiyini bildirərək amerikalıların qarşısına bir günah keçisi tapıb çıxarır və hər şeyi onun boynuna yıxaraq, Şimali Koreyaya təyyarə satışından və ümumiyyətlə bu barədə heç nədən xəbəri olmadığını bildirir, eyni zamanda araşdırma aparılacağını və onun arxasından pis işlər görən günahkarların isə ciddi şəkildə cəzalandırılacağını deyir. Bu variant onun ən yaxın adamları – silahdaşları, arxadaşları Abıkayevin və Altınbayevin öz vəzifələrindən istefa etmək məcburiyyətində qalacaqları, bəzi “yol göstərən” günahkarların isə daha ciddi şəkildə cəzalanacaqları demək idi. Bu variantı seçmək, dövlətin zəif olduğunu, ya da ki silah alveri ilə məşğul olan güc struktularına qətiyyən nəzarət etmədiyini etiraf etmək demək idi. Bu, ölümcül olmasa da xoşagəlməz bir hal idi. Həmin vaxt əsas olan yapon dövlətlərini sakitləşdirmək idi. Öz ölkəmizdə ictimai rəy və digər bu  kimi əlavə problemlərin həlli ilə sonra da məşğul olmaq olardı.

Əlbəttə, mən ikinci variantı təklif etdim. Bu iki xadim aranı necə qarışdırıblarsa, elə də hər şeyi yoluna qoymalıdırlar. Onsuz da, anladığım qədərilə, amerikalılara iki şey lazım idi: birincisi, beynəlxalq sanksiyalardan yan keçərək nə isə satmaq, iştahalarından uzun müddət əl çəkmələri üçün qazax rəhbərliyini qorxutmaq, ikincisi isə, tam simvolik olaraq təntənəli surətdə kimlərinsə qurban edilməsinə nail olmaq. Çətin ki, onlar Qazaxıstan prezidentinin burnunun dibində nələr baş verdiyindən xəbəri olmaması versiyasına inanacaq qədər sadəlöhv olsunlar.

Bütün arqumentləri təfsilatı ilə həmsöhbətlərə açıqladım. Qüdrətli Abıkayevlə mübahisə etmək istəməyən Tokayevin mənim təklifimə alternativ bir təklifi yox idi və məhz o, bizim qərarımızın qısaca xülasəsini hazırlamalı idi.

Nəticədə, o, səriştəsiz dantistə gedən xəstə sifətilə, stol arxasında əyləşib prezidentə, sonra bizim korreksiya etdiyimiz bir məktub yazdı. Məktubda bu neqativ hadisənin zərərlərini minimuma endirmək üçün prezidentin qətiyyətlə ondan uzaq tutulmalı olduğu, onun, bədxahlarının bu özbaşınalığından çox hiddətləndiyi, onları və onlara bu işdə havadarlıq edənləri ciddi şəkildə cəzalandıracağı və s… və ilaxır deyilirdi.

Bizim dəstəyimizlə və hazır məktubla Tokayev dərhal xüsusi reyslə Astanaya uçdu. Yadımdadır ki, hələ o vaxt fikirləşirdim ki, cənab Petrenko salon “xeyriyyəçiliynidən” əl çəkməli olacaq. Çünki fırıldaqda iştirak edən dəstə üzvləri arasında, məxfi iyerarxiyanın (aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydaları) statusuna və vəziyyətinə uyğun olaraq, məhz onu həbs edəcəkdilər. Milli Təhlükəsizlik Komitəsinin şefi və müdafiə naziri bu variantdan etibarlı şəkildə müdafiə olunurdular. Nəticədə də elə fikirləşdiyim kimi oldu.

Prezident bizim variantımızı dərhal qəbul etmədi. Bir müddət kişiləndi, qışqır-bağır saldı ki, o, azad ölkənin rəhbəri və öz-özünün ağasıdır. Və yol verməyəcək ki, moskvalı Sovet İttifaqı Kommunist Partiyasının MK-sı yerinə indi də amerikalı kapitalistlər (keçmiş sovet işçisi olaraq, prezident Nazarbayev amerikalı kapitalistləri sinfi düşmən bilərək, indiyə kimi onları sevmir) nəzarətçi funksiyanı yerinə yetirsinlər. Nazarbayev, öz sadiq dostlarını satmayacağını və buna oxşar bir neçə cümlə də dedi… Sonra bütün bunlar haqqında Tokayev mənə danışdı.

Onun üçün doğrudan da çox çətin idi. Özünün qurduğu tam vertikal şəkildə idarəetmə sistemi ancaq bir prinsiplə fəaliyyət göstərə bilərdi: nə problem olur-olsun, özününküləri darda qoymamaq. Bu gün sən sadiq silahdaşını satırsansa, haqlı olaraq, sabah da o səni satacaq. Belə mafiya təşkilatlarınnın ən ümdə atributlarından biri də əhatəli zəmanətdir (dairəvi) ki, bu da sabah içəridəkilərin bir-birinə və hər kəsə qarşı müharibə elan etməmələrinin zəmanətidir. Onsuz da onun silahdaşlarının hərəkətləri öz qorxularına, risklərinə əsaslanmırdı. Hər şey danışılıb razılaşdırılmışdır, hələ ölməyən ayının dərisini də əvvəlcədən bölüşdürmüşdülər… İndi isə o, öz silahdaşlarını günahkar çıxararaq, istefaya göndərməli və yaxın ətrafından bir müddətliyinə uzaqlaşdırmalı idi. Nazarbayev bu addımı atmaqda çox çətinlik çəkirdi.

Başqa yolu yox idi. Bəlkə də Birləşmiş Ştatlara və Avropa ölkələrinə gediş qadağasına bir təhər dözərdi. Ancaq Amerika hüquq-mühafizə orqanlarının İsveçrə, Lixtenşteyn banklarındakı bir neçə hesab nömrələrinə marağı bizim liderimizin planlarına qəti surətdə daxil deyildi. Amerikalılarla ziddiyət isə bu marağın daha da artmasına səbəb olacaqdı.

Əslində, elə buna görə də onun mənim variantımı seçəcəyinə əmin idim.

Mən artıq neçə illərdir prezidenti yaxşı tanıdığım üçün onun hərəkətlərinə, vərdişlərinə, davranışlarına bələd idim. Qaydalara qarşı (burada isə onu məhz belə oyun gözləyirdi – özünün müəyyən etdiyi qaydalara qarşı) oyuna başlamazdan əvvəl mütləq özünə bəraət qazandırmaq üçün bir şeylər tapmalı idi. Başqaları üçün inandırıcı olmasa da, özü buna inanmalı idi. Uğursuz qaçaqmal əməliyyatından sonra özünə bəraət üçün səbəb də çox axtarılmadı. Nəticədə o, razılıq vermişdi, əməliyyatın iflasa uğramaması üçün iş icraçıları çalışmalı idilər. Onlar işi batırdılar, cəzasını da çəkməlidirlər. Qanun qarşısında yox, Ağanın qarşısında…

Avqustun 8-i səhər saatlarında prezident təxminən yarım saata qədər Qorla telefonda danışdı. Danışıq zamanı Nazarbayev baş vermiş xoşagəlməz hadisədən xəbərsiz olduğunu, təşkilatçıları və icraçıları bizim ciddi və eyni zamanda ədalətli qanunlarımıza əsasən cəzalandırılacaqlarını, Qazaxıstanın Amerika ilə güclü tərəfdaş və partnyor olduğunu, liderinin isə haqq-ədalət uğrunda çalışdığını, neqativ hər şeyə qarşı barışmaz mövqeyini bildirdi. Qor deyəsən, eşitdiklərindən məmnun qalmışdı. Yeri gəlmişkən, Qor 1993-cü ildə Nazarbayevin evində ailə şam yeməyinə qonaq olduğu zaman onun qonaqpərvərliyinə, musiqi qabiliyyətinə məəttəl qalmışdı.

Ertəsi gün prezident uğursuz silah alverçilərini yanına dəvət edib bildirdi ki, amerikalılar üçün bir şou oynamaq lazımdır. Onlar öz vəzifələrindən “əsl general” kimi istefaya getməlidirlər. “Generallar” özlərini təhqir olunmuş kimi göstərsələr də, başqa çıxış yolu yox idi. Dərhal Təhlükəsizlik Şurasının iclasında hər ikisi işdən azad edilmələri barədə ərizə təqdim etdilər. Ərizələri də dərhal təmin edildi.

Bütün bu prosedurlara cəmi bir neçə dəqiqə vaxt sərf olundu. Amerikalılar üçün hazırlanmış tamaşa “əla” oynanıldı.

İclasdan dərhal sonra prezident Alnur Musayevi yanına çığırdı və onu yenidən Milli Təhlükəsizlik Komitəsinə sədr təyin etdiyini bildirdi. Bunu deyərkən o, çox qayğılı görünürdü. İki səbəb var idi: birincisi açıq-aydın idi – Nazarbayev, nə ad qoyulur qoyulsun, yaxın adamlarını, dostlarını satmışdı. Özü də kimə? Amerikalılara! Artıq neçənci dəfə idi ki, o, Sovet İttifaqının dağılmasından sonra da hakimiyyətin tam olaraq onun əlində olmaması və başı üstündə ona nəzarət edən bir qurumun mövcudluğu faktı ilə hesablaşmaq məcburiyyətində qalırdı. Ona xüsusi nəzakət qaydalarına belə riayət etmədən nüvə dövlətinin lideri olmağa imkan vermədilər. İndi isə heç kəsə lazım olmayan tullantı yığınağı ilə alver edib nəğd olaraq 40 milyon dollar qazanmaq kimi bəsit bir iş də alınmadı. Və bu da çox ağır gəlirdi.

İkinci səbəb də var idi və bu haqda heç kəsin ağlına belə gəlmirdi. Uğursuz tacirlər öz iflaslarının səbəbini aydınlaşdırarkən belə bir düşüncəli nəticəyə gəldilər: onları kimsə satıb. Doğrudan da, göydən baxanda kim nə bilər ki, yerdə kim nə ilə məşğuldur? Bütün bu cəsus-peyklər barədə fantastik nağıllar ancaq axmaqlar üçündür. Reallıqda isə möcüzələr təbii ki, olmur. Casuslar isə olur… Əməliyyatlarının uğursuzluğunun səbəbini müdafiə naziri ilə MTK-nin şefi belə izah etdilər.

Casusların kim olduqlarını tapmaq isə prezidentə qalırdı. Yaxın ətrafdakı insanlar arasında isə bu rola ən yaxşı iki namizəd yarayırdı: mən və Musayev. İkimiz də Abıkayevə qarşı, yumşaq desək rəğbət bəsləmirdik və ikimiz də bu çirkaba batmış kölgəni prezidentdən uzaqlaşdırmaq istəyirdik. Elə bu məntiqlə ikimiz də şübhəlilər siyahısına düşdük. Prezident əhatəsinin adətlərini bilməyənlərə bütün bunlar təəccüblü gələr, amma reallıqda orada bundan betərlərinə də inanmağa hazırdırlar.

Açığı, düşünürəm ki, prezident öz iş ortaqlarının iflasa dair fantastik versiyanı ciddi qəbul etməmişdi. Əks halda, o, Musayevi təkrarən eyni vəzifəyə təyin etməzdi. Buna baxmayaraq, yenə də beynində bir şübhə qalmışdı.

Sonrakı hadisələr sürətlə cərəyan etdi. Elə həmin gün yeni təyin olunmuş MTK sədri Musayev, hələ də vəd edilən təyyarələri gözləyən 12 nəfərlik şimali koreyalı mütəxəssislər qrupunun həbs edilməsini və ölkələrinə təhvil verilməsini əmr etdi. Vəziyyətin düzəldilməsinə ciddi-cəhdlə çalışıldığını nümayiş etdirmək lazım idi.

Mən maliyyə polisinin bir qrup əməkdaşını Petrenkoya aid olan “Qolfstrim” firmasının Alma-Atada yerləşən ofisinə göndərdim. Ofisi möhürləyərək, bütün sənədləri götürüb prokurorluğa verdilər.

Tokayevin amerika səfiri ilə danışıqlarının tonu tədricən normallaşırdı.

Əməliyyatın nəticəsi belə oldu: Kim İr Sen rejiminin elçilərini yola saldılar.

Cənubi Koreya kəşfiyyatının şefi Çun Yonq Tayekin dediyinə görə, onlar elə həmin günlərdə şimal qonşularında Qazaxıstandan gəlmiş MİQ-21 təyyarələrini aşkar etdilər. Qazax texniklərini ölkəyə geri göndərdilər.

Şimali Koreya kamikadzelərinin bəxtindən, təyyarələr anqarda qalaraq, tam istifadəyə yararsız vəziyyətə düşdü.

İncik Abıkayev bir müddət Rəşid Sarsenovun yanında “Manqistaumunayqaz” şirkətində direktorlar şurasının üzvü kimi “neft biznesi” ilə məşğul oldu və sonra dövlət xidmətinə geri qaytarılaraq başçıya yenidən yaxınlaşdı.

Altınbayev nazir kürsüsündən Hərbi Hava Qüvvələri rəisi kürsüsünə yerləşdi, onu əvəz edən general SatTokpakbayev isə növbəti bir qalmaqala düşdü.

Bəxti gətirməyən silah alverçisi Petrenko hamının yerinə cavab verməli oldu: onu MTK-nin təcridxanasına apardılar. Amma nəticə onun üçün pis olmadı.

Bir neçə aydan sonra o, azadlığa buraxıldı. Məhkəmə onu qanunsuz razılaşmaların təşkilində təqsirli bildi (bəzən qazax ədalət məhkəməsi misli görünməmiş humanizm nümunəsi ola bilir) və ona şərti cəza kəsdi. Kübar dəstəsi yenə də əvvəl müsadirə olunmuş evlərdə toplaşmağa, yüksəklərdən, əbədiyyatdan danışmağa başladılar.

Oleq Orlov sonra bir neçə il daha silah alveri bazarında oynadı. Onsuz da yaxşı getməyən işləri Qraçevin istefasından sonra daha da pisləşdi. Bütün biznesini itirdikdən sonra Çexiyadan sığınacaq istəyən Orlov Ukraynaya təhvil verildi və sonda da Kiyev həbsxanasında boğularaq öldürüldü.

Petrenkodan müsadirə olunmuş nəğd səkkiz milyon dollar (koreyalı alıcıların ilkin ödənişi) Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi seyfində, Musayevdən sonra MTK-nin şefi general Dutbayev onu aşkar edənə qədər, dəlil olaraq saxlanılırdı. Yəqin ki, təhvil aldığı təsərrüfatın təftişi zamanı sevincli bir  təəccüb hissi keçirib…

Bu pullar barədə sonra başqa eşidən, görən olmadı.

Müxalifət lideri Altınbek Sarsenbayevin 2006-cı ilin fevralında qətlinə qədər Dutbayev tam beş il o kürsüdə əyləşdi…

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button