Xaç qayınatası – IV yazı

Rahat Əliyev
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin kürəkəni, yazdığı bu kitaba görə Qazaxıstanın hazırda 1 nömrəli düşməni

IV bölüm

Kürəkən ovu: Hadisələr necə cərəyan etdi?

Prezidentlə münasibətlərin tamamən pozulması 2007-ci ilin may ayının 16-da baş verdi. Buna qədər də münaqişələr kəskinləşir, mənə qarşı cinayət işi qaldırılmasına hazırlıq gedirdi. Bütün bunlara baxmayaraq, bizi bağlayan “körpülər” hələ tam yandırılmamışdı. Nazarbayev mənim peşimançılıq içində, başıaşağı ölkəyə qayıtmağımı gözləyirdi. Vyanadan ona zəng vuraraq cinayət işinin qaldırılması barədə aparılan bu çirkin oyunun səbəbini soruşdum. Cavabında isə qayınatam öz təklifini dedi: “Qayıt evə… Qayıtsan işi bağlayarıq və hər şeyi də atarıq sənin mühafizəçilərinin üzərinə”.

Mühafizəçilərin boynuna nəyi atacaqlarını soruşanda isə (axı hazırladığı cinayəti bilirdi) cavab verdi ki, iş artıq dövrəyə buraxılıb və belə hallarda da “xırda qurbanlıq həşəratlardan” istifadə etmək daha rahatdır:

– Burada sakit oturub bütün aktiv fəaliyyət göstərən media vasitələrini mənə verəcəksən. Sonra sənin barəndə nə tədbir görəcəyimiz haqda fikirləşərik. Hər bir halda bir vəzifə, mövqe tutacaqsan. Anladın?..

Yox, anlamadım. Və cavabında dedim ki, mən öz adamlarımı zərbə altında qoymaram. Mənə aid olan KİV-i də mən ondan hədiyyə olaraq deyil, pul ilə satın almışam. Zəbt etmək istəyirlərsə etsinlər, amma mənim əlimlə mətbuatı əzmələrinə imkan vermərəm. Əlavə olaraq həmsöhbətimə onun barəsində düşündüklərimi də dedim.

Əlbəttə, o, şokda idi. Mənsə daxili bir yüngüllük hiss etdim. Nəhayət ki, illər ərzində içimdə yığılanları deyib rahatladım. Rubikon (Yuli Sezarın alman qəbilələrinə hücumu zamanı böyük strateji əhəmiyyət daşıyan çay adıdır) keçildisə, geriyə yol yoxdur artıq.

Bundan sonrakı hadisələr isə ucuz döyüş filmlərindəki kimi cərəyan edir…

Mən “Qazaxıstan/udey” informasiya agentliyinə prezidentliyə namizədliyimi verməyə hazır olduğum barədə bəyanat verirəm.

Məni səfir vəzifəsindən azad edərək toxunulmazlığımı ləğv edirlər. Prezident Nazarbayevin təlimatı ilə Qazax İnterpolu mənim beynəlxalq axtarışda olduğum barədə elan verir. Prezident ailəsindəki münaqişəni, Nazarbayevin kürəkəninə qurulmuş polis təqiblərini dünya informasiya agentlikləri də qabarıq şəkildə manşetə qoyurlar.

Vyananın Şvexat aeroportuna Qazaxstanın Milli Təhlükəsizlik Komitəsinin (gizli polis) iki çarter təyyarəsi enir. Uçuş vaxtı qeyri-məhduddur (təyyarələrin aeoroport dayanacağında uzun müddət qalması üçün sərf olunan külli miqdarda maliyyə vəsaiti heç kəsi narahat etmir). Qazaxstanın paytaxtı Astananı isə ancaq bir şey qayğılandırırdı: Əliyevin mümkün qədər tez tutulub qəzəbli prezidentə təhvil verilməsi. Qazax polisinin və xüsusi xidmətinin əlində mənim ölü və ya diri ölkəyə təslim olunmağım barədə rəsmi icazə sənədi – lisenziya vardı.

Avstriyanın xarici işlər nazirinin müavini Martin Saydik zəng vurub soruşur ki, “Sizin könüllü olaraq ölkəmizi tərk edib Qazaxıstana uçacağınız doğrudurmu?” Yox , doğru deyil. Cavabında bu informasiyanı haradan aldıqları barədə soruşdum. Saydik bildirdi ki, bu məlumatı ölkəyə təcili göndərilmiş səfir vəzifəsini icra edən Kayrat Abdurrahmanov təsdiqləyir və Vyana aeroportundakı iki təyyarənin də ləngiməsini bununla əlaqələndirir.

Mən Martin Saydiki öz ağlıma görə hərəkət etdiyimə və heç yerə getmək fikrində olmadığıma inandırdım. “Belə çıxır ki, yeni səfir yalan deyir?” Belə çıxır ki, hə…

Məni səfir vəzifəsindən cümə günü azad etdilər. Bazar ertəsi isə Vyananın 19-cu rayonunda yerləşən Qazaxıstan Səfirliyinin binasında artıq yeni qazax səfiri Kayrat Abdurrahmanov oturmuşdu. Diplomatik praktikada inanılmaz bir sürət idi bu. O, bura konkret tapşırıqla gəlmişdi – mənim yaxalanmağımı təşkil etmək və buna diplomatik don geyindirmək. Niyə məhz Abdurrahmanov? Çünki o, hələ 1986-cı ildən gizli olaraq “Danko” ləqəbi altında fəaliyyət göstərən zəngin təcrübəli DTK məlumatçı-cəsusu idi.

Mənim cavabım Saydik üçün ürəkaçan olmadı. Ona görə yox ki, mənim ölkəmə getməyimi belə çox istəyirdi. Ona görə ki, həmin an Avstriya hökümətinə Qazaxıstanın onun ölkəsi ərazisində xüsusi terror əməliyyatı hazladığı aydın oldu.

Hər şey bir-bir sıraya düzülürdü. Avropanın hər yerindən DTK-nın xarici kəşfiyyat qurumu “Barlau”nun rezidentləri – Vitaliy Vitkalov Londondan, Gemirlan Şohitbayev və mayor Stanislav Vasilenko (Avropa Parlamenti və Avropa Şurası ilə əlaqələr üzrə cavabdehlik daşıyan diplomat adı altında) isə öz şəxsi avtomobilləri ilə Frankfurtdan və Strasburqdan özlərini çatdırdılar. Hamısı Vyanada bizim səfirlikdə məskunlaşdılar. Bir mənə görə “Barlau” bütün xarici rezidentlərini açığa çıxartdı ki, bu da beynəlxalq xüsusi xidmət praktikasında indiyə kimi görünməyən bir şey idi.

Astanadan birbaşa reyslə xüsusi xidmətin məxfi əməkdaşları – Aydar N.Tokmurzayev, Jasulan A.Raşidov, Maqsad R.Baybusınov, Yuriy A.Bendyuk, Marat S.Osipov, Murad İ.Cəlilov – uçub gəlmişdilər. Əvvəlcə onlar Xarici İşlər Nazirliyinin diplomat əməkdaşları maskası altında fəaliyyət göstərsələr də, indi onların əsl statusu bəlli oldu. Ancaq həmin vaxt bu, heç kəsi narahat etmirdi, hər kəs nəyin baş verdiyinin fərqində idi.

Prezident əsib-coşur, hər gün mənim tutulmağım barədə güc strukturlarının qolu zorluları ilə məşvərətlər keçirirdi. Ona təqdim olunan hesabatları dinləyir, əsəbiləşir, hamıya qışqırır və bu prosesin tezləşdirilməsini əmr edirdi.

Elə həmin vaxtlar da Vyana polisi yeni peyda olan alman və polyak nömrəli şübhəli maşınları (içərisindəki dələduz fizionomiyaları ilə birlikdə) qeydə alırdı.

Avstriyanın Daxili İşlər Nazirliyindən zəng vurub mənə qarşı ola biləcək sui-qəsd barədə xəbərdarlıq edirlər. Və xahiş edirlər ki, Vyanadakı bütün dost-tanışlarıma ehtiyatlı olmaq, mümkün qədər evdən bayıra çıxmamaq, uşaqları məktəbə göndərməmək, hətta qapını belə heç kəsə açmamaq haqqında xəbərdarlıq edim.

Mənim xahişimlə Avstriyanın Xarici İşlər Nazirliyi xüsusi mühafizə xidməti təşkil edir.

Həyat yoldaşımla telefonla danışıram. Xahiş edirəm ki, hal-hazırda olduğu Alma-Atadan uşaqları da götürüb gəlsin. Səhərisi gün yoldaşım zəng vuraraq deyir ki: “Atam Veneranı buraxmır” – bizim yeddi yaşlı qızımızı. Onlar isə bütün səfərlərində bir yerdə olurdular, qızım hər yerə anası ilə bərabər gedirdi. Prezident də bunu gözəl bildiyi və Dəriğənin bir daha geri qayıtmayacağından qorxduğu üçün tələb edirdi ki, nəvəsini girov kimi Qazaxıstanda saxlasın. Mən də ona bütün beynəlxalq Kütləvi İnformasiya Vasitələrinə prezidentin qızımı oğurladığı barədə məlumat yayacağımı çatdırmağını xahiş etdim. Və bu, işimizə yaradı, Dəriğə qızımız Venera ilə birlikdə Qazaxıstan prezidentinin xüsusi çarter təyyarəsində Vyanaya uçub gəldi.

Onlara da əlavə yük olaraq danışıqlar aparması üçün iki vasitəçi – prezidentin təsərrüfat işləri üzrə köməkçisi və bəzi işlərdə ortağı, milyarder iş adamı Bulat Utemuradov və yeni təyin olunmuş dövlət müşaviri Kanat Saudabayev göndərilmişdilər. Onlar Xaç Qayınatamın, qazax aviasiyasının xidmətlərindən mənim könüllü olaraq istifadə etməyim barədə təklifini gətirmişdilər. Əgər mən “cinayətkaramsa” bu təklif nədir? Xüsusilə də ölkənin birinci şəxsindən… Bu sual da bəlağətlidir əslində, ovda iştirak edənlər hamısı bilirdilər ki, mənim əsas “cinayət əməlim” Zevsi əsəbiləşdirmək olub.

Yüksək çinli parlamentarilərin ölkəyə gəlişi Vyana polisini daha çox gərginləşdirdi. Hələ bütün Avropa polonium radioaktiv maddəsi ilə zəhərlənərək öldürülən Litvinenkonun qətlindən sonra yaranan qorxu içində idi. Kim zəmanət verə bilər ki, “qonaqlarımın” gətirdiyi ancaq şifahi təklifdir? Mənə onlarla görüşməməyi məsləhət görsələr də, ümumi təlaş əhval-ruhiyyəsinə yenilmək istəmədim. Nəhayətində bütün ömrü boyu bu qorxu və təlaş içində yaşamaq mənə görə deyil.

Ancaq ehtiyatlı olmaq da əlbəttə ki, lazımdır. Mühafizə xidmətinin məsləhəti ilə onlarla görüşü əvvəl bir oteldə təyin edib, son anda dəyişdirməli idi. Elə də etdik: əvvəlcə “Hotel de France”da görüş təyin etdik, görüşə yarım saat qalmış “qonaqlara” onları Vyana polisinin yanındakı köhnə “Hilton”-da gözləyəcəyimizi bildirdik.

Görüşün məhz bu balaca otelde keçirilməsi hər cəhətdən uyğun idi. Burada bütün giriş-çıxışlara rahat nəzarət oluna bilirdi. Bu işi isə polis öz üzərinə götürür. Dinc mehmanxana əhlinin burada gizli polis əməliyyatının həyata keçirildiyindən xəbəri yoxdur.

Nə isə, artıq 3 saatdır ki, görüş hələ ki, sülh şəraitində davam edir. Utemuratov və Saudabayev özləri ilə maraqlı heç nə gətirməyiblər. Birbaşa prezidentin özündən eşitdiklərimi indi də onlardan dinləyirdim: sakit oturmaq, yalandan quraşdırılmış “cinayət” əməllərini yükləyəcək bir günah keçisi tapıb güdaza vermək və bütün “Mediaholdinq”i (telekanal, radio, qəzetlər) prezidentə təhvil vermək və sonra isə onun qarşısında diz çökərək mərhəmətini gözləmək. Ya barmaqlıqlar arxasında, ən yaxşı halda isə ev şəraitində məhbəs həyatı…

Qonaqlar əliboş qayıtdılar. Həyat yoldaşım da qızımla bərabər elə həmin təyyarə ilə getdilər – Dəriğə atasına söz vermişdi ki, Vyanada bir gün də olsa ləngiməyəcək.

Ancaq Vyanada qazax yüksək çinlilərinin “yürüşü” səngimək bilmirdi. Öz ovçu macəraları ilə tanınan baş prokurorun müavini Ashad Daulbayev burada daim növbə tutur. Yadınızdadırmı, hələ 90-cı illərin sonunda bir neçə dövlət məmurunun ova çıxdığı Müdafiə Nazirliyinin Mi-8 helikopterinin qəzaya uğraması? Helikopterdə ədliyyə nazirinin müavini olan həmin Daulbayev və əvvəllər Milli bankın, daha sonra isə “Naurızbank”ın rəhbəri Orazalı Yerjanov da var idi. Daulbayevlə Yerjanov ciddi xəsarət alsalar da, həm qəzadan, həm də qəzadan sonrakı qalmaqaldan da asan canlarını qurtardılar. Həmin vaxtlar mətbuat məmurların dövlət helikopterində xüsusi ova getdikləri barədə yaza bilərdi. Təəssüf ki, Nazarbayev onları işdən çıxarıb cəzalandırmaq yerinə, daha da yüksək vəzifələrə təyin etdi.

Qazaxıstanın daxili işlər naziri Baurjan Muhamədcanov İnterpolun Lionda yerləşən qərargahına da xüsusi təlimatlar göndərir. İndi Qazaxıstanın rəsmi nümayəndələri ilə birlikdə İnterpolun Asiya bölgəsi üzrə rəisi Talqat Toleubayev də Avstriyanın paytaxtından kənara çıxmırdılar. Bu bacarıqlı cavan oğlan əvvəlcə mənim yanımda maliyyə polisi köməkçisi işlədi, sonra isə mənim və general Sergey Kuzmenkonun tövsiyəsi ilə İnterpolun qazax şöbəsinə təyin edildi. Oradan isə beynəlxalq polis təşkilatının mərkəzi ofisinə çağırıldı. İndi isə onun vəzifəsi Avstriya hüquq-mühafizə orqanlarını mənim heç bir siyasi təqibə məruz qalmadığıma və ancaq cinayət işi ilə əlaqədar izləndiyimə inandırmaqdır.
Toleubayevlə Daulbayevə kömək üçün Frankfurtdan öz şəxsi F94115 nömrəli “Audi” markalı avtomobili ilə baş konsul Anarbek Qaraşov (Milli Təhlükəsizlik Komitəsinin və Dövlət Təhlükəsizlik Komitəsinin daha bir gizli casusu) da yeni tərcüməçi heyəti ilə təcili olaraq özünü çatdırdı. Vyanada keçmişdə mənim tabeçiliyimdə olan diplomatlara isə qəti surətdə etibar etmək olmazdı.

Bütün komanda Avstriya polisi ilə müntəzəm görüşlər keçirərək mənim tez bir zamanda onlara təhvil verilməyimi tələb edirdilər. Onların bu tələbi tam əks effekt verdi. Avstriyalılar bizim səfirlik yerləşən 19-cu rayon ərazisindəki Feliks-Motl-Ştrasse-də keçid məntəqəsi yerləşdirərək binadan çıxan Milli Təhlükəsizlik Komitəsinin bütün gizli xüsusi xidmət əməkdaşlarını qeydiyyata götürdülər və Daxili İşlər Nazirliyi vasitəsilə onlardan 24 saat ərzində ölkəni tərk etmələri tələb olundu.

Vyananı bezdirən yüksək vəzifəli qazax danışıq aparanlarına isə nəzakətlə başa saldılar ki, bütün bu iddialara hakim və prokuror tərəfindən araşdırılaraq baxılır. Avstriyada ədliyyə sisteminə isə təzyiq etmək mümkün deyil və bu, cinayət əməli hesab olunur. Bizimkilərə isə hələ də elə gəlirdi ki, bütün hər şey ancaq Astanadan gələn yüksək təlimatlardan asılıdır. Bir balaca təzyiq göstərən kimi avstriyalılar təslim olaraq onların istədiklərini verəcəklər, Bundeskansler Quzenbauer dəftərxanasından Ədliyyə Nazirliyinə çoxdandır gözlənilən zəng olunacaq, oradan da prokurora və hakimə – nəhayətində doğru qərar veriləcək…

Talqat Toleubayev mənə danışdı ki, əvvəlcə Qazaxıstan DİN-dən Vyanaya bizim Avstriyaya saxta sənədlə gələn dələduz olduğumuz barədə telefaks göndərilib. Sonra isə vaxtında ayılaraq göndərdikləri faksı təkzib etdilər.

Etiraf edim ki, qərb cəbhələrində güclü təzyiqlə tədbiq edilən strategiya az da olsa təsirini göstərirdi. Mənim əleyhimə bütün cinayət məcəlləsini tətbiq etməyə çalışırdılar (adam oğurluğundan tutmuş maliyyə cinayətlərinədək).

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button