Xaç qayınatası – VIII

Nursultan olsaydım, 3 arvadım olardı
(Keçmiş qayınatamın ailə dəyərləri)

Növbəti dəfə Moskva politoloqları ağıllı görkəm alaraq Qazaxıstanda hər şeyin prezident ailəsinin əlində olduğunu deyəndə, prezidentin yaxın ətrafından olan məlumatlı şəxslər həmişə soruşurdu: “Hansı ailəsi”? Daha dəqiq desək, sual belə verilməlidir “üçündən hansı”?

“Qazaxıstan SSR-in təzə baş naziri Nursultan Nazarbayev xanımı Sara, qızı Aliyə və dostları ilə
Alma-Ata dağları, 1984-cü il”

Prezidentin birinci ailəsini hamı tanıyır. Bu ailə həmişə politoloqların yaratdığı əfsanələrin mərkəzində olub. Bir müddət mən də bu ailə ocağının üzvü olmuşam və ona görə də əslində, hər şeyin necə olduğunu çox gözəl bilirəm.

Bizim “Baş kahinə” və bu yolla dövlət siyasətinə olan təsirimiz yumşaq desək, çox şişirdilmişdir. Hətta “Baş kahinə” çox yaxın olduğumuz vaxtlarda belə… Düzdür, biz hər bazar ümumi masa arxasında yığışardıq. Lakin bu, isti ailə ocağının başına yığışan, valideyn qayğısı ilə əhatə olunan və ailə məhəbbətinin hökm sürdüyü bir ailə deyildi.

Bu yığıncaqlar başqa məqsəd daşıyardı – ailə başçısı şahlıq taxtından hər şeyə diqqətlə baxırdı, görsün ki, uşaqlardan hansı o qədər böyüyüb ki, onun sərhədsiz hakimiyyətinə təhlükə yaratsın? Hamı onu həqiqətənmi sevir, ya ondan qorxur? Kiminsə ağlında “yakobin ideyaları” doğmayıb ki? İndi siz deyin, bu yığıncaqlarda hansı ailə rahatlığı və ailə məhəbbətindən söhbət gedə bilərdi?

Hər kəs bu yığıncağa niyə gəldiyini çox qəşəng bilirdi. Bu yığıncaqlarda qayınatanın kefinin kök vaxtında hər kəs öz problemlərini həll edər və ya da xeyirli bir biznez təklifi ilə çıxış edə bilərdi. Şüphə doğurmamaq üçün fikirli olmaq və ya çox aktivlik etmək olmazdı. Həddindən artıq istəmək olmaz, istəməmək ondan da pis. “Xozeyin” elə fikirləşər ki, qohum artıq özbaşına olub. Hərə öz rolunu müvəffəqiyyətlə yerinə yetirirdi, zarafatlara gülür, yaxşı iştaha nümayiş etdirir, məclis dağılanda rahatlıqla nəfəs alıb qonşu evlərə dağılırdıq. Axı hamımız ciddi mühafizə edilən vahid yaşayış sahəsində yaşayırdıq.

Əslində, prezidentin xanımı Sara Alpısovnanın xeyirxahlığı və diqqəti sayəsində bu ailə yığıncaqlarını bir qədər şənləndirmək mümkün olurdu.

Formal olaraq biz prezidentə ən yaxın adamlar idik və bu, bizi çox təhlükəli vəziyyətə salırdı. Çünki bizim millətin liderinin bir fobiyası vardı – saray çevrilişləri onun ən qorxulu röyası idi. Xalqın qəzəbi və müxalifətin hərəkətləri onu çoxdan qorxutmurdu. Çünki onun fikrincə saraydan qıraqda olan böyuk insan kütləsi bir qoyun sürüsüdür və onların başında MTK, polis, prokurorluqdan olan diqqətli çobanlar var. Kim istəyir qoy etiraz etsin, ancaq bu zaman prezidentin əski opponentləri olan Zamanbek Nurkadilov və Altınbek Sarsınbəyovun başına gələnləri yaddan cıxarmasın.

Ancaq daxili düşmənlə necə mübarizə aparmalı, xüsusilə də əgər o, saraydadırsa? Bəlkə onun xəbəri olmadan sinəsində ilan bəsləyib? Bəlkə kimsə onun həyata keçirdiyi fəndi təkrar etmək istəyir? Axı o, bu fəndlə öz hamisi – qazax kommunistlərinin lideri Kunayevi yıxmışdı?!

Bütün bu xəyanətlərdən qurtulmaq üçün gərək olan şey maniakal ehtiyatlılıqdır. Bax, ailə başçısı da bizdən ehtiyatlanırdı. Bütün danışıqlarımızı dinləyir, məktublarımızı oxuyur, hara gedib-gəldiyimizi izləyirdi. Əgər bütün bu şeylərə sərf olunan zəhmətlə vaxt dövlətin idarəçiliyinə sərf olunsaydı, bəlkə də bizim dövlətin işləri daha yaxşı gedərdi və vətəndaşların yaşam səviyyəsi yuxarı qalxardı. Lakin hakimiyyəti tək idarə edən hər bir dovlət başçısının qorxduğu şey, öz taxtını itirmək qorxusudur və bu, onların agıl, məntiq və düşüncəsini pozur.

Hakimiyyətinin birinci illərində belə hökmdar öz rəhbər vəzifəsini yada salır, öz vətəndaşlarının qayğısına qalır, xalqın sevgisini qazanmaq və saxlamaq istəyir. 1990-ci illərin əvvəllərində Nursultan Nazarbayev də belə idi. O zaman o, bu həyatın reallıqlarından ayrılmamışdı, soydaşları ilə onların başa düşdüyü dildə danışır, öz vətəndaşlarını vanna otağında sönməyən işıq üstündə danlamır, televizorların ekranlarından çoxvektorlu xarici və çoxmillətli daxili siyasətdən danışmırdı.

Ancaq Olimpin zirvəsində olan hər bir hökmdar oksigen çatışmazlığı ilə qarşılaşır. İxtiyari bir demokratik dövlətdə yuxarıda adını çəkdiyim fobiyalar baş verməsin və demokratiyanın, azadlığın axırına tez çıxılmasın deyə hakimiyyətdə olmaq müddətinə sərhədlər qoyulur.

İlk baxışda onillik hakimiyyət təcrübəsi, təcrübəsizlikdən daha sərfəlidir. Çünki hakimiyyətə təzə gələn təcrübəsiz bir adamın hələ hakimiyyət qanunlarından xəbəri yoxdur. Ancaq real həyatda hər şey tərsinədir. Namizəd onunla cəlb edicidir ki, o, hələ hakimiyyət kreslosunun dadını öyrənib yapışmayıb. Çünki hakimiyyətin ən yuxarı nöqtəsində staj normal işçilərdə olduğu kimi xeyrə işləmir, əksinə, ziyana işləyir. İnsan özünün Tanrı tərəfindən seçildiyinə inanır, korrupsionerləşir, prezident təyyarəsi olan “Bort №1” də öyrəşir, beluqanın qara kürüsünü boşqablarla vergi ödəyicilərinin hesabına yeməyə öyrənir. Heç bir qərar, hətta bu, rayon səviyyəsindədirsə belə, “birinci”nin razılığı olmadan alınmır. Bir adamın hakimiyyəti uzandıqca, ölkədə korrupsiyanın da dərəcəsi eyni mütənasibliklə artır.

Nədənsə amerikalılar Corc Buşun yaxşı prezident olması haqda, buna görə Konstitusiyanı dəyişib onu 3-cü müddətə prezident seçmək tələbi ilə dolu olan kollektiv məktublar yazmırlar. Fransızlar da Jak Şiraka yalvarmırdılar ki, onları atmasın. Hətta güclü Vladimir Putin belə Konstitusiyanı dəyişmədi, baxmayaraq ki, Nazarbayev onu çox dilə tutmuşdu – telefon vasitəsilə – bəlkə kolleqası ömürlük prezidenliklə “ləkələnsin”…

Hakimiyyət dəyişikliyi lazımlıdır. Növbəti Sezar bu zaman kəsiyində nə qədər dəyişilməz görsənsə də, bu dəyişikliklərin tez-tez baş verməsi cəmiyyət üçün çox önəmlidir. Hakimiyyət müddəti mərhələlərlə dəyişməlidir ki, rəqabət olsun və hakimiyyətə yeni ideyalarla yeni adamlar gəlsinlər..

Əgər dövlət sistemi bir adamın limitsiz hökmdarlıq etməsinə icazə verirsə, əgər dövlət sistemi bir elita qrupuna limitsiz hökmranlığa icazə verirsə, əvvəl-axır bu hökmran qrup bütün gücünü hakimiyyətdə qalmağa sərf edəcək və bu hakimiyyətin onlara verdiyi gücün hesabına daha çox imkanlar qazanacaq və maksimum dərəcədə daha cox pul qazanacaqlar. Hansı gicbəsər əsas mükafatı əlindən buraxar, əgər onu əldə daha uzun müddətə saxlamaq imkanı varsa. Ölkəni idarə etməyə, milli gəliri artırmağa, vətəndaşların rifahını qaldırmağa sadəcə olaraq əl gəlmir. Axı hamının dalınca baxmaq, hamını izləmək, hamını güdmək lazımdır! Başqa cür ola bilməz ki?!

“Kantorda” (MTK) işləyəndə qayınatamla söhbət zamanı o, mənə deyirdi ki, onun üçün əsas təhlükə onun yaxın əhatəsidir. Qaldı bu əldəqayırma müxalifət və onun liderlərinə, o, onlar tərəfə tüpürmək belə istəmir.

Düzdür, ədalət naminə qeyd etmək lazımdır ki, təkbaşına hakimiyyətdə oturanlar da iki növə bölünürlər. Bəziləri öz şahlığını tarixi perspektivdə axtarırlar. Onlara nəinki hakimiyyəti əlində saxlamaq lazımdır, hətta özlərindən sonra bu hakimiyyəti inanılmış əllərə tapşırmaq mütləqdir. Onların hakimiyyət ambisiyaları öz yaşadıqları zaman kəsiyi ilə ölçülmür, onlar ölkəni, dövləti, hökuməti perspektivdə də görürlər. Heydər Əliyev belə rəhbərlərin klassik nümunəsidir. O, mümkün olmayan kimi görünən bir hədəfə çatdı. Nəinki bu qədər etimadsızlıqdan sonra hakimiyyətə gəldi, hətta bu hakimiyyəti vərəsəliklə oğluna ötürdü. O, Azərbaycan elitasını inandıra bilmişdi ki, hakimiyyəti vərəsəliklə ötürmək və Böyük Heydərin qurduğunu fundamental olaraq saxlamaq onlara daha sərfəlidir. O, inandıra bildi ki, əlində olan yağlı tikəni nəğdi saxlamaq onlara hansısa riskli işə girib hər şeyi itirməkdən daha yaxşıdır…

İkinci qrup hökmdarların hökmranlıq fəlsəfəsini 18-ci əsrdə yaşamış XV Lyudovikin sevgilisi Markiza de Pampedurun məşhur aforizmi “Bizdən sonra dünya dağılır dağılsın”la ifadə etmək olar. Belə yanaşmanın tərəfdarlarından olan bizim prezident, vərəsələri haqqında fikirləşmir, hakimiyyəti heç kimə ötürmək istəmir. Prezidentin yaxın ətrafı, fərqlənmək şərəfinə nail olmuş hər kəs onun “məni bu kabinetdən ayaqlarım qabağa çıxara bilərlər” cümləsini xatırlayırlar. Ondan sonra istəyir dünyanı su bassın, tayfaların müharibəsi olsun, ölkə dağılsın – bu, onun vecinə belə deyil.

Amma uşaqlarının bütün hərəkətləri onu maraqlandırır. Əgər onlar öz varlanmaqları üçün, biznes, kommersiya layihələrini həyata keçirmək üçün soyadlarından istifadə edirlərsə, demək hər şey qaydasındadır. Əgər ki səhiyyədən danışarlarsa (hansı ki dağıdılıb), dövlət televiziyasından söhbət açarlarsa (hansı ki əl uşağına çevrilib), neft pullarından bəhs edərlərsə (hansı ki büdcədən yan keçir), o dəqiqə qırmızı həyəcan lampası yanır. Ailədən deyəsən kimsə siyasətləmi məşğul olur, yoxsa onun yerinə kimsə gözmü dikir?
Biz Dəriğə ilə deyəsən, lazımınca ehtiyatlı olmamışıq. Prezidentdən neftlə bol olan torpaqlar, Alma-Atada tikinti üçün yer istəməkdənsə, onu şahlıq etdiyi ölkəsinin vəziyyəti ilə tanış edirdik.Vergi sistemindəki boşluqlardan istifadə edib daha çox varlanmaqdansa, bu boşluqları necə doldurmağın yolları haqda ona yazılı məlumat verirdim.

Biz bacardığımız qədər ondan heç nə istəmirdik və heç nəyi havayı əldə etmirdik.

Mən şəriklərimlə “Şəkər mərkəzi” adlanan şirkətimi darmadağın olmuş köhnə sovet şəkər sənayesinin xarabalıqlarının yerində qurmuşdum. Bu 1990-ci illərin əvvəli, iqtisadi böhranın dərinləşdiyi vaxtlardı. Nəğd pullarla dağıdılmış zavodlar alır, itirilmiş texnologiyalari bərpa edir, latın Amerikasından şəkər qamışı gətirirdik. Çünki bizdə şəkər çuğundurunu yetişdirməyi yadırğamışdılar (dəqiq desək, əslində, heç fərli-başlı yetişdirə bilmirdilər də). Bütün bunlar bank kreditləri vasitəsilə həyata keçirilirdi. Şəxsi imkanlarımız və şəxsi riskimiz hesabına. Sonra da ticarət zəncirini qurmaq lazım idi. Nəticədə biz iki regionu ayağa qaldıra bilmişdik – Cambul və Alma-Ata regionlarını. Minlərlə artıq heç nəyə ümid bəsləməyən ailələri bu regionlarda işlə təmin etdik, onları yedirib-içirdik. Verdiyimiz vergilər hesabına xəzinəni doldurduq.

Gəlirləri yeni layihələrə yönəldirdik – 1995-ci ildə Atı-rauda bir müştərisizlikdən ölü vəziyyətə çatmış kiçik bankı alıb Alma-Ataya köçürdük. Bu, sizin üçün “Qazaxintorq” “Qazvneşmaş”ın qara pullarının yuyulmasının və başqa dövlət şirkətlərinin 1995-ci ilə qədər xaricə satdıqları xammalın hesabına qurulan “ATF-bank ” deyildi. Bu dövlət kompaniyalarının qazancları xəzinəyə getmədi , “ATF”-ni qurmağa sərf edildi. Hansının ki, sahibləri Nursultan Nazarbayev və onun kassirlərindən biri olan Bulat Utemuratov idi. 2007-ci ilin ortalarında onlar bu bankı Avstriyanın “Bank Austria Creditanstaft” vasitəsilə “UniCredit” italyan finans qrupasına satdılar.Yeri gəlmişkən, mənim bu bankın prezidenti doktor Erik Xampellə söhbətim olub. Onun Şottentordakı ofisində baş tutan bu söhbət zamanı o, əsl satıcılar haqda daha çox məlumat toplamaq və Qazaxıstanda investisiya ab-havası barədə daha çox öyrənmək istəyirdi.

Mən ölkədəki vəziyyət barədə onlara mükəmməl məlumat verdim və ofertanı həyata keçirməni bir az gecikdirməyi məsləhət gördüm. Axı onlar yeganə alıcılar idilər. Baxmayaraq ki, satıcılar və onların İsveçrədən olan məsləhətçiləri bunun əksini subut etməyə çalışlrdllar. Axırda mən deyən kimi alındı. “Uniqrupp”a əvvəlki satış məbləğinin 10% qədərini azalda bildi.

Mənim isə həyat fəlsəfəm “Az olsun, amma qanuni olsun” fəlsəfəsi idi. Düzdür, bizim ölkədə bu, heç də sakit yaşamağa imkan verən bir praktika deyil. Mən ölkəmin milli sərvətini bazarlara heç vaxt çıxarmamışam, baxmayaraq ki, bu, ən gəlirli sahədir və bu sahəni ələ keçirmək istəyən insanların sayı-hesabı yoxdur.

Prezidentdən heç bir hədiyyə almamışam – nə zavod, nə qəzet, nə gəmi kimi hədiyyələr. Onunla heç bir şərikli biznesim olmayıb. O, mənim adıma heç bir aktivləri keçirməyib. Beləliklə, prinsipcə mən ona maliyyə baxımından heç nə ilə borclu deyildim.

Bəlkə dövlət qulluğundakı karyeramla? Bəlkə kimsə səfir və yaxud nazir muavini postlarını öz karyerasının ən zirvəsi sayar? Ola bilər, ancaq mən yox. Həm də ki, axı mən doğrudan da dövlət işində İŞLƏYİRDİM.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button