Xaç Qayınatası – X yazı

Rahat Əliyev

Ancaq Nursultan Nazarbayevə iki ailə az görsəndi və o, rekorda sahib olmaq qərarına gəldi. Bəlkə də o, yeni tarixdə yeganə dövlət başçısıdır ki, eyni vaxtda 3 arvadla 3 ailədə yaşayır.

Ya Gülnarə Rakişeva ilə prezident arzuladığı rahatlığı tapa bilmədi, ya da qadın onun temperamenti üçün o qədər də cavan deyildi və yaxud cavan qadınının sevgilisinə oğul hədiyyəsi verə bilməməsi ucbatından “Xaç Qayınatası” axtarışda idi. Axır ki, onun axtarışları öz barını verdi. O, cavan model Asel İmanbayevaya rast gələndə, Asel təzəcə həddi-büluğa çatmışdı. Cavan Asel Nursultanın arzularını həyata keçirdi. O, 2 aprel 2005-ci ildə türk klinikasında balaca Sultançiki həyata gətirdi. Düzdür, bu möcüzənin əmələ gəlməsi üçün yüksək texnologiyalardan istifadə etmək lazım gəldi. Genetiklər probikalarda embrionları böyütdülər. Lap Brodski deyən kimi, “Bir hibridi həyata gətirmək üçün, elliklə çalışmaq lazım gəldi”. Amma atanın sevincinin həddi-hüdudu yox idi, axı artıq onun əsl vərəsəsi var idi.
Bu çox mühüm əməliyyatın həyata keçirilməsinə cavabdeh prezidentin sabiq işlər müdiri Temirxan Dosmuxambekov idi. O, Nursultanın üçüncü həyat yoldaşı olan Aselin valideynlərinin yanında müsəlman nigahı zamanı oğlan tərəfi təmsil edirdi. İndi o, artıq idman naziri postunu tutub, ən əsası isə diz protezinə sahib olan xoşbəxtlərdən biridir. Prezidentlə at gəzintilərinə çıxdığı zaman atdan yıxılmış və dizini zədələmişdi (bundan sonra Nazarbayev qorxusundan at minmirdi). Qayınatam əslində yenidən qızının olacağından qorxduğu üçün, ən yeni texnologiyalardan istifadə etməyi özü tələb etmişdi.

Yeganə oğulun doğuşundan sonra prezidentin ətrafında çox kiçik bir qrup şahzadə-varisin doğum sirrini bilirdi. Bu sirri bilənlər birləşib bir “Politbüro” yaratdılar ki, onlara “pərdəarxası hakimiyyət” də demək olar. Əslində, Qazaxıstanın əsl pərdəarxasi hakimləri onlardır. Onların şəkilləri heç bir kabinetlərdən asılmayıb, lakin onların əllərində cəmlədiyi hakimiyyətə kommunist rejiminin rəhbərləri belə həsəd apara bilərdilər.

Kremldə oturan aqillər pis-yaxşı dövləti idarə edirdilər, bunlar isə ancaq öz ciblərini doldururdular. Kommunist rəhbərlərinin var-dövlətinin ölçüsü xüsusi yemək “payok”ları, 2-3 dəri pencəklər və çinar mağazalarına alış-veriş üçün girişlə ölçülürdü. Onların dincəldikləri bağ evləri özlərinə məxsus deyildi. Onların Dubay və Sinqapur banklarında yüzmilyonluq hesabları yox idi. Bəli, Nazarbayevin quldur dəstəsinin yanında əski sovet Politbürosunun üzvləri acından ölən dilənçilərə oxşayırdılar.

Sovet sənayesinin böyük müəssisələrini, tutaq ki Karaqanda metallurq kombinatını hansısa Politbüro üzvü qırağa bağışlaya və ya sata bilərdimi? O zamanlar belə şeylər haqda heç düşünmək belə olmazdı. Ancaq Nursultan Nazarbayevə olar, o, indus Mittala bizim “Karmet”i asanlıqla verdi – əvvəlcədən payların bölünməsi haqda razılığa gələrək. Kağız üstündə Mittal müəssisəni tam almışdı, ancaq masanın altından aksiyaların yarısını Nursultan Abişeviçin ofşor kampaniyasına ötürdü. Hələ 50 milyonluq rüşvətdən danışmıram – bu, Qazaxıstana giriş biletinin qiyməti idi – “Qazaxıstana xoş gəlmisiniz”…

Bax beləcə, bir sistem əsasında prezident və onun şərikləri “vərəsənin sirrini bilənlər lojası”nda birləşərək, bütün Qazaxıstanın sənayesini son qətrəsinə qədər paylaşdırdılar. İxtiyari xeyir gətirən müəssisə gəlirin bir hissəsini prezidentin yaxın ətrafı ilə bölüşür, ən böyükləri isə birbaşa prezidentin özü ilə hesab çəkirdi. Allah eləməsin ki, aylıq verilən gəlirin arası kəsilsin, o dəqiqə müəssisə öz sahibini dəyişərdi. Bizdə “idarə olunan özəlləşdirmə” adlandırılan bu sistem bütün dünyada “reketçilik” adlanırdı.

Bax, bu sirr saxlayanlar artıq Nursultan Nazarbayevin “AİLƏ”sini təşkil edirdi. Bu ailə sözünün mənası vardı. Lucky Luciano və Al Capone cinəyatkar təşkilatlarını qurarkən ailə sözünün arxasına nə məna qoyurdularsa, burada da AİLƏ eyni mənanı daşıyırdı. Ancaq o xırda oğruların ağıllarına gəlməzdi ki, onlar böyük bir ölkəni ələ keçirə bilərlər. Özü də balaca və kasıb ölkəni deyil, böyük və nəhəng təbii sərvətlərə malik bir ölkəni.

Onlar heç yuxuda da görə bilməzdilər ki, polisin, xüsusi xidmət orqanlarının, prokurorların rəhbərlərini istədikləri vaxt işə təyin edib, işdən azad edə bilərdilər. Amerika mafiyasının yaradıcıları məhkəmədən və təmiz polislərdən qorxurdular, ancaq bizimkilər heç kimdən qorxmurlar. Görünən odur ki, ancaq Tanrı onların əməllərinə qiymət verən hakimdir.

2004-cü ildən Gülnarə Rakişeva prezidentin 2 qızı ilə İspaniyanın Marbelldəki villasında yaşayır, hansı ki bu villalar şəxsən öz uşaqlarının atasına aiddir. Gülnarə şirkət səhmləri şəklində yaxşı kompensasiya və “Air Astana”nın bir hissəsini ələ keçirə bildi.

Xaç Qayınatama oğul bağışlayan cavan model Asel İmanbayeva isə Astana şəhərinin Çubarı rayonunda öz sevgilisinin yanında yaşayır. 2007-ci ilin əvvəllərində Nursultan Nazarbayev paytaxtda yerləşən rəsmi rezidensiyasında rəsmi surətdə Asel İmanbayevanı Rusiyanın prezidenti Vladimir Putinə təqdim etdi. O, bu xanımı ona çoxdan gözlədiyi vərəsəsini bağışlayan sevgilisi kimi təqdim etdi və Vladimir Vladimiroviç bunu ona bəslənilən ciddi etimad kimi qiymətləndirdi.

Seçkini oğurlayan adam

Xaç Qayınatam bizim hamımıza ağıl verməyi sevirdi. O, öz uca mənəviyyatının zirvəsindən yuxarıdan aşağıya baxaraq bizə ağıl verir, vanna otağından çıxanda işığı söndürməyi, qanunlara hörmət etməyi, müstəqilliyimizi qiymətləndirməyi və s. söyləyib dururdu. Onun gözlərində özü ağlın, şərəfin, vicdanın etalonu, biz isə hər şeyi bərbad edən və bununla onu əziyyət çəkməyə məcbur edən rəiyyətlər idik.

Əslində isə Nazarbayev heç bir zaman tutduğu yerə layiq olmayıb, çünki bu yerə o, oğurluqla sahib olub. Necə ki, seçkilər zamanı o, bizim səslərimizi oğurlamışdı. Onun hakimiyyətinin legitimliyi 1995-ci ildə sona çatmışdı, hansı ki, o, öz hakimiyyətinin 2000-ci ilə qədər uzadılması ilə bağlı referendumda fırıldaq yolu ilə qələbə çaldı.

Əlbəttə, bu referendum özü demokratik normalara görə çox şübhəli bir iş idi, lakin buna fikir verməmək də olar. Necə ki, bütün bunlara nə bizim ölkənin daxilində, nə də xaricində fikir vermədilər. Əvvəl-axır hər bir fikirlə bağlı referendum keçirmək olar, axı millətin əsl fikrini öyrənməyin çox xeyri var. Ancaq iş ondadır ki, biz millətin əsl fikrini heç 1999-cu ildə vaxtından əvvəl keçirilən prezident seçkilərində də öyrənə bilmədik. “Xaç Qayınatası” və onun komandasının mükəmməlləşdirdiyi saxtalaşdırma mexanizmi 1999-cu il seçkiləri zamanı onun xeyrinə seçkiləri həll etdi. Onu da qeyd etmək istəyirəm ki, Nazarbayev gizlicə bu “yeni ixtirasını” bütün mərkəzi Asiya dövlətlərinə ixrac etdi və bu ölkələrin diktatorları öz xalqının səslərini oğurlamaq üçün bu trafaret ssenaridən istifadə etdilər. Nazarbayev onlara deyirdi: baxın bizdə Qərb bütün bunları yedi, deməli, sizdə də yeyəcək.

Bu ssenarinin hərəkət mexanizmi belədir: “Dauir” nəşriyyatı – hansı ki, sahibi Nazarbayevin qardaşı oğlu Kayratdır – seçki bülletenlərini iki nüsxədə çap edir. Bu bülletenlər Mərkəzi Seçki Komissiyasının sifarişi ilə çap edilir və çap xərclərini də MSK çəkir. Bülletenlərin birinci nüsxəsi seçki komissiyalarına göndərilir ki, sonradan onlar iki dəfə yeşiyə atılsın. Nəyə görə iki dəfə deyirəm: birinci dəfə seçicilər tərəfindən seçki yeşiyinə, ikinçi dəfə isə seçici yeşiyindən çıxarılıb zibil yeşiyinə atılır.

Seçki bülletenində siz heç bir sıra nömrəsi və yaxud ştamp izi tapmazsınız. Ona görə də tipoqrafiyanın nə qədər bülleten çap edtiyini və tipoqrafiyanın divarlarını nə qədər bülleten tərk etdiyini, ancaq məşhur ingilis detektivi Şerlok Holms öz dedektiv metodu ilə üzə çıxara bilər. Heç bir beynəlxalq müşahidəçi bu fırıldaqları üzə çırxara bilməz.

Bizim bir seçici kimi öz hüquqlarımızdan istifadə edib işarə etdiyimiz bülletenlər Nazarbayevlə onun əl uşağı olan MSK-nı heç maraqlandırmır. Onlara lazım olan bülletenləri necə lazımdırsa əllə yazıb doldurur, prezidentin mühafizə idarəsi və Milli Təhlükəsizlik Komitəsinin dəqiq yoxlamasından sonra bütün vilayət və rayonlara paylayırlar. Sonra həmin bülletenlər rəsmi surətdə Mərkəzi Seçki Komissiyasına göndərilir.

Astanada bir deyim var, “əsas necə səs vermək deyil, əsas bu səslərin necə sayılmasıdır”.

Yerli seçki komissiyalarında bülletenlərin sayılma protokolları seçkidən iki həftə əvvəl yazılıb hazır edilir və imzalanır. Bütün bunları həyata keçirmək çox asandır. Seçki komissiyalarında işləyənlərin hamısı büdcə təşkilatlarının işçiləridir, hansı ki, hamısı birbaşa hakim-merlərdən asılıdırlar, bu işçilər merlərdən maaş alır, təzə vəzifələrə qoyulurlar. Yəni yerli seçki komissiyalarının işçilərinin bütün yaşam və iş müvəffəqiyyətləri merlə bağlıdır. Bu merləri isə işə birbaşa Nazarbayev təyin edir.

Buyurun, bu, yerli seçki komissiyasının rəisi olan məktəb direktorudur. İndi fikirləşin, bu məktəb direktorunu… Əgər o, yuxarıda hazırlanmış və xususi xidmət orqanları tərəfindən saxtalaşdırılmış səsvermə protokollarını qəbul etməsə, onu nə gözləyir? Təbii olaraq o məktəb direktorluğundan uzaqlaşdırılacaq, əgər yenə sözə baxmasa, o zaman ona qarşı məktəbli qızları yoldan çıxarmaq, məktəbdə narkotik satdırmaqla bağlı MTK-da cinayət işi açılacaq. Onun oğlunda isə “Hizb ut-Təhrir”lə bağlı vərəqələr tapılacaq. Əgər əski məktəb direktoru bundan sonra da düzəlməzsə və onun sahəsində bülletenlərin necə saxtalaşdırılmasından danışsa, onu sadəcə dəlixanaya basacaqlar. Bu, ən sadə çıxış yoludur, çünki başqa həll yolları da var. Bu ipə-sapa yatmayanları avtomobil qəzasına salıb öldürə də bilərlər – bir dəfə əli qana batan bu hakimiyyət artıq heç nədən çəkinmir. Özgə fikirlərlə mübarizə üçün hər bir üsul yaxşıdır. Əsas odur ki, ölkədə sabitlik olsun – bunu bizim ömürlük Prezidentimiz deyir.

Bu hakimiyyət qatarını nə ötmək olar, nə də dayandırmaq. Deməli, bu qatarın altına düşməkdənsə, içində getmək daha təhlükəsizdir. Bugünkü Qazaxıstanda hamıya məlumdur ki, əgər dövlətin maşını sənə qarşı işə düşərsə, o dəqiqə sənin şəxsi rifahın, var-dövlətin yoxa çıxır, elə bil insanın üstündən asfalt çəkən maşın keçir. Keçmiş Sovetlər Birliyində “Pravda” qəzetinə, Sov.İKP MK-ya yazmaqla haradasa haqq-ədalətə çatmaq olurdu. Məktub yazılan ünvana çatır, hərdən yazılan faktlarla bağlı istintaq aparılırdı. Əlbəttə, bu, dissidentlərə şamil olunmurdu. Dissidentləri də sadəcə psixiatrik xəstəxanalara bağlayırdılar. Ancaq hər-halda tam totalitar olan sovet cəmiyyətində də xırda mexanizmlər var idi – hansı ki, sadə insanı hakimiyyətin özbaşınalığından, qanunsuz-hüquqsuz özbaşınalığından qoruyurdu.

Bugünkü Qazaxstanda bu mexanizmlər sadəcə yoxdur. İxtiyari bir insanı hakimiyyət məhv edə bilər.

Bir qədər əvvəl əgər sən elitaya mənsubsansa, bu, səni mühafizə edə bilərdi – sən lazımi telefonla lazımi qohuma zəng edə bilərdin. Lakin mənim təcrübəmdə Nazarbayev acıq şəkildə göstərdi ki, ona qarşı gedən hər bir kəsi – istəyir bu, onun qızı olsun, istəyirsə nəvələrinin atası – o, məhv edər.

Siz əgər məhkəmə sisteminə ümid edirsinizsə, çox səhv edirsiniz, bu sistem prezident administrasiyasının hər bir əmrini o dəqiqə yerinə yetirir. Unutmayın, axı bizim ölkəmizdə hakimləri də prezident təyin edir.

2007-ci ilin may ayından sonra azad mətbuatdan arxayın olmayın, çünki artıq bu ölkədə azad mətbuat da yoxdur. Bu gün ölkədə olan KİV-lərin hamısı ya birbaşa, ya da əlaltıları olan oliqarxlar vasitəsilə prezidentə məxsusdur. Mən “Karvan”da və KTK televiziya kanalında mənə məxsus olan paylarımı Nazarbayevə verməyəndən sonra, onun əmri əsasında məni məhv etmək üçün bütün vasitələrdən istifadə olundu, bütün itlər üzərimə buraxıldı. Əvvəl o, ələbaxan prokurorlar vasitəsilə mənə məxsus olan mediaholdinqi bağladı və sonra sadəcə onu özünə götürdü.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button