Xaç Qayınatası – XII

Rahat Əliyev

Təbii olaraq bu mübahisələr mənə xeyir vermirdi – xüsusən də bu saray xadimlərinin “Günəş Allahı”nın qarşısında olan yaltaqlıq yarışı fonunda. Onda mən başa düşdüm ki, heç də onlar kimi prezidentin özümə qarşı yaxşı münasibətini nəyin bahasına olursa olsun qazanmaq istəmirəm. Bunun əvəzinə, bu siyasi sistemin daha çox çatışmazlığını və eybəcərliyini gördüm. Qayınatamın hakimiyyətinin birinci illərində başını dumanlandıran o hakimiyyət dumanı artıq dağılmşdı.
Əgər onun hakimiyyəti qanunsuzdursa, deməli, onun verdiyi bütün əmrlər də qeyri-qanunidir.

Əslində, prezident seçkilərinin yekunlarının oğurlanması, saxtalaşdırılması bu aysberqin ancaq görünən tərəfidir. Prezident bizi nəinki özünü seçmək hüququndan məhrum edib, o, bizi ümumən seçim hüququndan məhrum edib və bununla vətəndaşın öz dövlətini idarə etməsinə təsiretmə imkanlarını da ortadan qaldırıb.

Bu da əsas indikatordu ki, ölkədə azad seçim var (onun ixtiyari formasında) və yaxud o, qəti yoxdur. Əgər biz öz şəhər və vilayət hakimlərimizi seçə biliriksə, deməli, biz azad və demokratik dövlətdə yaşayırıq, əgər seçə bilmiriksə, demək, azadlıqdan və demokratiyadan söhbət belə gedə bilməz. Ki, bu, elə bizim ölkədəki situasiya ilə eynidir.

Seçki hüququ Qazaxıstanda heç bir səviyyədə işləmir.

Şəhərlərdən başlayaq: Hakim-merləri prezident birbaşa özü təyin edir, bu zaman şəhər sakinlərinin fikri nəzərə alınmır. Çox zaman bu vəzifələr mükafat kimi lazımi adamlara və klanlara paylanır ki, onlar lazım gələndə hökumətdən olan araçılar vasitəsilə rüşvət verə bilsinlər. Lakin bu məsələ əvvəl-axır şəxsi sədaqət müstəvisində həll olunur. Namizədlər vilayət hakim-qubernatoru ilə prezident administrasiyasının kadrlar şöbəsi arasında razılaşdırılır. Namizədlərin professionallığı nəzərə alınmır. Buna görə də şəhərlərin çoxunda infrastrukturlar bərbad gündədir.

Vilayətlərin hakimləri də eyni vəziyyətdədirlər. Onların təyinatı da şəxsən prezidentin səlahiyyətindədir (onların sayı 14-dür). Ona görə də burada qazanc daha böyükdür. Vilayət torpaqlarını qubernatorlar xalqdan yox, imperator cənablarının şəxsi əlindən aldığı üçün, onlar tez bir zamanda feodal-mülkədarlara çevrilirlər və hərəsinə muəyyən qədər kəndli-qullar verilir. Onlar da bu əsasda öz mülklərini idarə edirlər. Əsas – nə qədər ki “xozeyin” bu torpaq sahəsini başqa bir favoritə verməyib, ondan bacardıqca çox pul çıxarmaqdır.

Uzunmüddətli proqramlar həyata keçirmək, sərmayə yatırımı ilə məşğul olmaq, öz vətəndaşlarının rəğbətini qazanmaq lazım deyil. Hətta deyərdim ki, həddindən ziyadə populyarlıq prezidenti qorxuda bilər – onda vəzifə və kreslo da əldən çıxar.

1990-cı illərin axırlarında, hələ cəmiyyətdə diskussiyalara icazə verilirdi. Müstəqil mətbuatda hakim-merlərin vətəndaşların özləri tərəfində seçilməsi ilə bağlı diskussiyalar aparılırdı. Axı bütün sivil dövlətlərdə bu post seçki yolu ilə tutulur…

Ancaq Nazarbayev rəsmi dövlət təbliğatı vasitəsilə tez-tələsik xalqı başa saldı ki, hələ Qazaxıstan xalqı o dərəcədə yetişməyib, onu öz başına qoysan, gedib hansısa pulu çox olan bir quldura səs verib onu seçər, ona görə də heç bir seçki olmayacaq. Beləliklə, bizi balaca uşaq kimi, böyüklərin təhlükə dolu özgür həyatından qorudular.

Müəyyən zamanlarda az-çox nəzarətdən qıraq, ona görə də özgür sayıla biləcək seçkilər parlament seçkiləri sayıla bilərdi. Ölkə böyük, dairələr çox. Hökumət bütün namizədlərə nəzarət etməyi çatdıra bilmirdi. Ona görə də bəziləri sözə qulaq asmırdı, bəziləri isə tam özgür idilər. Hətta bəziləri müxalif partiya və hərəkatların nümayəndələri belə olurdular.
Hərdən nazirlər bu parlamentin verdiyi sorğuları cavablayar, hətta prezidentin spikerliyə irəli sürdüyü namizəd avtomatik seçilməyə bilərdi. Parlamentin divarları arasında böyük müzakirələr və mübahisələr olur, çox önəmli qərarlar qəbul olunurdu.

Əgər bu parlament məclisləri qızışıb prezidentin nəzarətindən çıxmaq həddinə çatırdısa, Xaç Qayınatası dövrəyə girir, məclisi buraxırdı ki, bu da çox riskli bir işdir, bu, onu çox narahatlıqlara məruz qoyur. Hər dəfə bir bəhanə axtarmaq, nəhəng mexanizmləri işə salmaq, provokator-deputatları razı salmaq, ayrı-ayrı qrupları üz-üzə qoymaq və şəxsən onları boks rinqinin ayrı-ayrı künclərinə aparmaq lazım gəlirdi.

Ancaq bütün bu oyunlar 2007-ci ilin mayında sona çatdı. Nazarbayev özünün Konstitusiya dəyişikliklərini həyata keçirdi. Bundan sonra qazax parlamenti ancaq partiya siyahıları əsasında formalaşmalıdır. Daha dəqiq desək, partiya siyahısı ilə… Çünki mükəmməl formada hazırlanmış səslərin sayılmasındakı saxtakarlıq maşını imkan verirdi ki, qalib partiyanı birbaşa “Ağ Orda” sarayından müəyyən etsinlər.

Tezbazar keçirilmiş 18 avqust 2007-ci il seçkiləri bunu aydın şəkildə göstərdi. Sözsüz ki, qələbə Nazarbayevin partiyası olan “Nur-Otan” partiyasına verildi. Astanada heç olmasa “xala-xətrin qalmasın” deyə 1 yer belə müxalifətə vermədilər. Artıq bütün gözdən pərdə asmalar ləğv edilmişdi.

Stalin modeli olan tək adamın sərhədsiz hakimiyyəti artıq bərqərar olmuşdu. “Qorxu cəmiyyətində idarə olunan seçki” adlanan ilgək xalqın boğazında çəkilmişdi.

Təbii olaraq (siyasi dildə “prezident partiyasının seçki siyahısı” ) deputat təyin etmək də çox gəlirli bir işdir. Əvvəllər parlamentə, məclisə düşmək üçün seçicilərlə görüşmək lazım idi. Platforma yazmalı, seçki kampaniyasına pul xərcləməliydin. İndi artıq bütün bunlar lazım deyil. Hər şey daha sadə və buna görə də daha bahadır.

Siyahıda yer almaq – 100.000 dollardır – amma buna dəyər.

Düzdür, parlamentdən bu gün heç nə asılı deyil, amma bu, heç də deputat kreslosunun xeyirvermə dərəcəsini azaltmayıb. Bu kreslo parlament immunitetini verir. Öz kommersiya problemlərini həll etmək imkanı, şəxsi fikirlərin maraqlarının lobbiçiliyi və hökumətlə bağlı qıcıqlandırıcı problemlərin həlli və bütün bunlar üçün pul xərcləməyə dəyər. Bax ona görə də əgər tələbat varsa, demək təklif də olmalıdır.

Partiya siyahısını – hansı ki sonra “deputat siyahısı” adlanacaq -, bir neçə adam formalaşdırır. Onların bir hissəsini Nazarbayev özü deyəcək, qalanlarını öz komandası ilə formalaşdıracaq. Bütün siyasi təyinatlılar (lazımlılar və xüsusi fərqlənmiş adamlar) yazılandan sonra kresloların yarısı qalacaq və onları bazara çıxarmaq olar. Bax, müasir Qazaxıstanın parlamenti belə formalaşdırılır.

Ancaq hər şeydən əvvəl bu siyahının rejimə loyallığı yoxlanılır və MTK-nın məlumat bazasında olan ifşaedici sənədlərə baxılır. Əgər Komitənin icazəsi olmasa, bir namizəd belə keçə bilməz.

Mən bir dəfə 2005-ci il prezident seçkiləri ərəfəsində bir fikrimi qayınatamla bölüşdüm, əgər mən ona rəqib olan finans-sənaye qrupundan olsaydım və ona seçkidə mane olmaq istəsəydim, deputatların hər birinin səsini 100.000 ABŞ dollarına alardım! (Aşağı palatada 77 deputat var idi). Deməli, mənə 7.7 milyon dollar lazım idi ki, mən prezidentə “impichment” elan edim və onu devirim. Onda onun ancaq bir əlacı qalırdı – ancaq parlamenti dağıtmalı və buraxmalı! Bu da “postnarıncı” inqilab demək idi. Ki, 2005-ci ildə çox təhlükəli idi. O, mənim bu fikrimə çox əsəbi reaksiya verdi. Mən fikirləşirəm ki, o, bu ssenarini də yaddaşına yazdı və tədbir gördü, axı başqasına qarşı nə istəsən etmək olar, ancaq ona qarşı olsa, bu cinayətdir və o, bu cinayəti cəzalandırmalıdır. Söhbət hakimiyyəti saxlamaqdan gedəndə qayınatamın nə yadından bir şey çıxar, nə də gözündən bir şey qaçar…

Saxta bülleten çapı – Xaç Qayınatamın seçki saxtakarlığında əsas alət olsa da, bu sehrbazın şlyapasında hələ çox maraqlı oyunları var.

Məsələn, tutalım, seçki günü müəyyən edilib. Bəlkə də fikir vermisiniz, seçkilər heç bir zaman qanunla müəyyən edilmiş vaxtda keçirilmir. İxtiyari bir bəhanə ilə onlar bir neçə ay (ya da il) əvvələ atılır. Bu 1994-1999-2005-2007-ci illərdə belə olmuşdu. Bunun bir mənası var – guya bizim müxalif fikirlilərə və bütün nəzarətdənkənar olanlara hazırlaşmağa vaxt vermirlər.

Özü də seçkilər gözlənilmədən həmişə məzuniyyət vaxtına düşür. Məzuniyyət vaxtı olduğu üçün seçicilərin aktivliyi azalır və siyasətlə o qədər də maraqlanmırlar. Xarici müşahidəçilər də İspaniyada məzuniyyətlərini ləğv edib günəşli Qazaxıstana vəzifə borclarını yerinə yetirmək üçün can atmırlar.

Bu gediş bütün Mərkəzi Asiya diktatorlarına yaxşı tanışdır və ondan tək Nazarbayev istifadə etmir. Özbək diktatoru İslam Kərimovun sevimli günü 24 dekabrdır. İsanın doğum günündə heç bir Avropa və amerikalı müşahidəçi evini tərk edib hansısa ölkəyə – “…stan”a gəlməz. O günü evdə ailəsi ilə olmalı və bayram üçün hind quşu kəsməlidir.

Nazarbayev isə seçimi avqust ayına qoyurdu. Bu, “İsanın doğum günü” kimi effektli olmasa da, yaxşı işləyir. Günəşin bolluğundan yorulmuş bir neçə avropalı və amerikalı müşahidəçi hər halda gələcək, ancaq bu istidə o, təbii olaraq kondisionerlə təchiz olunmuş “Həyat” otelindən qırağa çıxmayacaq. Alma-Atada kondisionerli oteli qoyub 38 dərəcə istidə Qızıl-Ordaya getməyə heç kim heç kimi məcbur edə bilməz, xüsusən də orada otellərdə su yoxdursa.

Əslində, xarici müşahidəçilər Nazarbayevə problem yaratmırlar. Çünki onlar maksimum bir neçə seçki məntəqəsini müşahidə edə bilərlər. Amma bizdə bu məntəqələr bir neçə mindir və bu məntəqələr bizim ucsuz-bucaqsız səhralarda yerləşir.

Seçki prosesini işıqlandıranların saldığı cığırlar hamıya məlumdur və bu cığırlar böyük şəhərlərdən keçir. Semipalatinskidə yerləşən ucqar bir kəndə onlar çətin ki, gedib çıxsınlar. Bax əsasən, bu yerlərdə saxta bülletenlər dövrəyə buraxılır.

Prezident administrasiyası da, MTK də, MSK da xarici müşahidəçilərin harada olacağını çox gözəl bilirlər və təbii ki, bu yerlərdə saxta bülletenlər gözə görünə bilməz. Böyük şəhərdə olan bir neçə qutu ilə heç nə həll etmək olmaz və ümumi mənzərəyə bu bir təsir qüvvəsinə malik deyil.

Bütün bunlara baxmayaraq, hakimiyyət paytaxtda belə “Potyomkin kəndləri” sala bilmir, müşahidəçilər hər dəfə onlarla seçki pozuntuları haqda raportlar yazırlar, hansıların ki şahidi özləri olublar.

Bu günə qədər heç bir qazax seçkisi Qərb tərəfindən azad və ədalətli sayılmayıb.

Baxmayaraq ki, Milli Təhlükəsizlik Komtəsi (MTK) gecə-gündüz müşahidəçilərlə işləyir. Komitə sədrinin “xüsusi məxfi” qrifi ilə işarələnmiş sirkulyarlarında bu haqda xüsusi göstərişlər verilir. Bu göstərişlərdə müşahidəçilərlə işləyən işçilərə, onlara necə müxalifətə qarşı materialları ötürmək qaydaları, müşahidəçilərin müxalifət liderləri ilə görüşlərinə necə mane olmaları, xaricilərin hərəkətlərini necə nəzarətdə saxlamalı, xarici müşahidəçilərin boş vaxtlarını bahalı restoranlarda fahişələrlə birlikdə keçirmələrini təşkil etmələri tapşırılır. Sonunda bütün bu işlər haqqında sədr şəxsən Nursultan Abışeviçə yazılı məlumat verir.

O zaman MTK-nın sədri Nurtay Dutbayevin imzaladığı belə instruksiyaların biri qərb diplomatlarının əlinə keçmişdi. “Seçkini işıqlandıranları necə neytrallaşdırmalı” adlı sənəd axırıncı prezident seçkiləri zamanı – o6 iyul 2007-ci ildə ələ keçdi və siyasi qalmaqala yol açdı. Bu siyasi qalmaqal o qədər güclü idi ki, onu bir çox böyük dünya qəzetləri öz səhifələrində işıqlandırdılar.

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button