Xaç Qayınatası-XIV

Rahat Əliyev

2007-ci il avqustun 29-da Xaç Qayınatası ABŞ konqresmenləri Eni Faleomavaeqa və Kris Kenomla (Chris Cannon) söhbət edirdi. Sonralar kütləvi informasiya agentliklərinin yazdıqlarına görə, “Eni Faleomavaeqa iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirdiyinə görə”, 1-ci dərəcəli “Dostluq” ordeni ilə təltif olunur. Gözümün qabağına gəlir o konqresmen necə baş ucalığı və qürurla o ordeni gəzdirir.

2008-i ilin may ayının axırlarında Nazarbayev ABŞ Konqresinin növbəti nümayəndə heyətini qarşılayırdı. Bu dəfə nümayəndə heyətinin başında ABŞ Konqresinin Nümayəndələr Palatasının Təbii Sərvətlər Komitəsinin başçısı Nik Reyxell (Nick Rahall) idi. Sonra prezident nəzarətində olan mətbuata bildirdi ki, ABŞ Konqresində qeyri-formal olaraq “Qazaxıstanın dostları” qrupu yaranıb. Bu qrupa Astanaya gələn nümayəndələr palatasının üzvü Derrell Ayssa, Çarli Melanson, Rey Laxud (Ray LaHood), Con Linder (Cohn Linder) və Cek Kinqston (Jack Kingston) daxil idi.

Az vaxt keçəndən sonra, yəni 2008-ci ilin iyununda Ayssa və Melanson öz dostları Nazarbayevi Nobel sülh mükafatına namizəd kimi irəli sürdülər.

“Ağ-Orda”nın əziz qonaqlarından Böyük Britaniyanın sabiq baş naziri Toni Bleer (Tony Blair) və onun qeyri-rəsmi elçisi Lord Levinin adlarını çəkmək olar. Lord Levi öz vətənində beş milyonluq mülkü və “Bentli” maşını və bunun müqabilində illik 5.000 funt vergi verməsi ilə yaddaşlarda qalıb. Məndə olan məlumata görə, Toni Bleerin qeyri-rəsmi xəzinədarı olan Lord Levi Xaç Qayınatasına onun və özünün xeyri gözlənilmək şərti ilə “Qazaxqeyt” qalmaqalını yatırmağa kömək təklif etmişdi. Həmçinin qeyd etmək istəyirəm ki, bu cənab öz vətənində polis tərəfindən “Per” titulunu əldə etmək istəyənlərdən böyük miqdarda leyborist partiyasının xeyrinə rüşvət almaq ittihamı ilə istintaqa cəlb edilmişdi.

Əlbəttə, Qərbin Nazarbayevlə görüşüb ona yüksək qiymət verən, Qazaxıstanda demokratiya olduğunu söyləyən hər bir nümayəndəsi korrupsioner deyil. Onların bəziləri “Ağ Orda”nın sahibinin sərhədsiz hakimiyyətinin və milyardlarının xarizmatik təsirinə düşürdü. Çirkli pulların çox dəhşətli gücə malik olduğunu Xaç Qayınatası çox gözəl bilirdi. Onun əmri ilə Qazaxıstanın ABŞ-dakı səfiri Kanat Saudabəyov ABŞ-a 3 milyon dollar nəğd pul gətirmişdi. Diplomatik postun toxunulmazlığı buna imkan verirdi. Konqresmen Ayssanı “qonaqpərvər” ev sahibi Saudabəyov evində də qəbul edirdi.

Düzdür, səfirliklərə gələn pulla dolu çemodanların taleyinin proqnozlaşdırılması mənim işim deyil. Çünki onları sağa-sola bizim səfirlər paylayırlar. Ancaq məncə bu dollarlarla Nazarbayevin Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi bir-biri ilə bərk-bərk bağlıdır.

Nazarbayev birinci milyonu necə qazandı?

Özünün birinci 1 milyon ABŞ dollarını (bir dəfəyə 1 milyon dollar mənasında – Red.) mənim qayınatam 1992-ci ildə, Qazaxıstanın müstəqilliyinin birinci ilində qazandı.

Çox ağır, həyəcanlı və kasıb vaxtlar idi. Müstəqilliyimizin birinci ili. Çox yaxın keçmişdə Sovetlər Birliyi dağılmış, əski iqtisadi bağlar qırılmışdı. Həmişə nə isə çatmırdı. Təkcə yeni müstəqil olmuş ölkənin vətəndaşları sadə həyat tərzi sürmürdü, prezident sarayında belə idi. Hansı ki, heç də saray deyildi, Qazaxıstanın kompartiyası – Mərkəzi Komitəsinin əski binasıydı. Əski sovet asketizm dəbində olan respublikanın köhnə rəhbəri və politbüronun üzvü Dinmuxammed Kunayevin kabinetində isə indi Nazarbayev işləyirdi. Orada da çox sadə idi hər şey. Heç prezidentə də yaraşmırdı.

Yay qabağı artıq şəkər qıtlığı hiss olunmağa başlamışdı, düzdür, prezidentin şəkər qabısında hər şey əvvəlki kimi idi, qıtlıq ancaq bazar və mağazalarda idi. Ehtiyatlar qurtarmaq üzrə idi, şəkər zavodları isə – hansılar ki, sonradan mənim şirkətim ayağa qaldırdı -, müstəqilliyimizin əvvəlində böyrü üstə yıxılmışdı.

Bazarın əlverişli konyuktura küləyini nə qədər təəccüblü olsa da, prezidentin mətbuat üzrə köməkçisi Vladimir Krupenev hiss etdi. Əvvəllər bu yoldaşın ticarətə heç bir dəxli yox idi, lakin o illər bununla çox az adam öyünə bilərdi, ona görə də bu əskiklik heç kimi nə karıxdırır, nə də dayandırırdı. Nazarbayevin mirzəsi şəkər şahı olmaq istəyirdi. Ölkədə şəkərə olan ehtiyacı ödəməyə cavabdehlik sovetlərdən qalma idarə olan “Qazaxbakaleytorq”un üzərində idi. Əvvəllər onu növbə əsasında Moskvadan alırdı. Bu idarənin direktoru Kim soyadlı bir koreya əsillisi idi. Şəkərin gəlişi Moskvadan kəsildikdən sonra, Kim alternativ təchizatçıları axtarmağa başladı. Çox boyük və titanik axtarışlar axır ki, öz bəhrəsini verdi. Yüz faizlik əvvəldən pulunu ödəmək şərti ilə uzaq Braziliyadan bir erməni əsilli Amerikan firma rəhbəri şəkərlə bizi təmin etməyə  raziliq verdi. Prezidentin köməkçisi bu firmanı çox etibarlı bir firma kimi təqdim etmişdi. Heç nədən şübhələnməyən dostlar bankdan 5 milyon dollar kredit götürdülər və yerindəcə Amerikaya göndərdilər. Firmanın nümayəndələri Kimə məbləği əvvəldən ödədikdən sonra 20 faiz mükafat söz vermişdilər. Bilmirəm, onların xəyallarında varlanmağın hansı şəkilləri peyda olurdu, ancaq gercəklikdə iş həqiqətən acı idi. Pullar əldən getmiş, şəkər isə yox idi.

Bir neçə aydan sonra vəziyyətin çıxılmaz olduğunu görən “Qazaxbakaleytorq”un direktoru həyəcan təbili çalmağa başladı. İşi icraata prokurorluk götürdü. Prezidentin köməkçisi Krupenevi təcili işdən azad etdilər. Milyonları qaytarmaq haqqında fikirləşdilər. O zamankı MTK-dan xüsusi prokuror Alnur Musayev FTB-yə qədər çıxdı. FTB-nin agentlərinin əldə etdiyi məlumatdan aydın oldu ki, belə bir şəkər treyderi – firma olmayıb. Erməni, amerikan fırıldaqçısı – hansını ki, Krupenevi böyük biznesmen kimi qəbul edib prezidentə təqdim etmişdi – 5 milyondan 4 milyonunu artıq xərcləyib. Onu oradaca həbs etdilər. Qalan 1 milyonu Amerikan məhkəməsinin qərarı ilə Qazaxıstana qaytardılar. FTB-nin agentləri çeki “Bank of Amerika”ya  gətirib həmkarları olan Musayevə təhvil verdilər.

Bu çeklə Musayev birbaşa prezidentin yanına getdi. Ürəyində ya orden, ya da ki medal alacağına və yaxud vəzifəsinin artırılacağına ümid edən Musayevin ümidləri puça çıxdı.

Prezident çeki əlində fırladıb işiqda o üz-bu üzünə baxdı və “afərin”  deyib çeki pencəyinin ağ cibinə qoydu.

Bu birinci 1 milyon Amerika dolları mənim qayınatamın cibinə büdcədən cox uzun, əziyyətli və macəra dolu yol keçəndən sonra girmişdi. Yadıma düşmüşkən, FTB-nin bu çeki də Cenevrədə yerləşən “Credit Agricole” bankı vasitəsilə onun əski məsləhətçisi, amerikalı biznesmen Ceyms Tiffan tərəfindən prezidentin ofşor şirkətinə keçirilmişdi.

Hər şey necə başladı?

(Prezidentin ilk rüşvətləri…)

Müstəqilliyimizin ilk illərində, Moskvadan ayrılandan sonra Nursultan Nazarbayev əsas işi kimi dövlət idarə etməsi ilə birbaşa özü məşğul olurdu. O zaman hələ hər şeyin məhv olma qorxusu var idi və o, təcili dövlət idarəetməsi qaydalarını öyrənirdi. Kremldən göstərişlər almadıqda o özünü itirir, nə edəcəyini bilmirdi. Biz ailə süfrəsinin başında onun çarəsiz, çaşqın baxışlarının çox şahidi olmuşuq. Ancaq onu da vurğulamaq istəyirəm ki, prezident o vaxtlar TV ekranlarından çıxışları ilə insanları sakitləşdirə bilir, onlara hər seyin onun iradəsi daxilində və planlı şəkildə getdiyini təlqin edə bilirdi. O, həqiqətən də o zamanlar çox populyar idi və bu populyarlıq ona güc verirdi.

İş yerində o, özünün əski himayədarı olan kommunist lider  Kunayevi təqlid etməyə çalışırdı. Hər iş günü nahar zamanı öz ofisində hökumət başçısını, onun müavinlərini, parlament sədrini süfrə başına yığır, onlarla iclas keçirirdi. Bu, kollektiv idarəetmənin bir növü idi. Hamı bir-biri ilə informasiya mübadiləsi edir, birgə problemləri araşdırır və ümumi qərarlar çıxarılırdı. Necə deyərlər, həm ziyarət, həm ticarət idi ki, qalan iş vaxtı məhsuldar olsun.

Bir neçə ildən sonra Qazaxıstanın birinci prezidenti rahat nəfəs alıb öz gələcək qazancları haqda fikirləşməyə başladı. 1994-cü ildə hələ iqtisadiyyat dərin böhran içində idi, lakin hamının qorxu ilə gözlədiyi kollaps hissi artıq arxada qalmışdı. Kriminal reket hələ küçələrdə hökmranlıq edirdi. Buna baxmayaraq, özəl biznes yavaş-yavaş öz addımlarını atmağa başlamışdı. Millı pul öz yerini tutmuş, dövlət institutları yavaş-yavaş letarajik yuxudan oyanırdı.

1994-cü il 21 iyulda tarixi bir hadisə baş verdi. Çox adamın bu hadisədən xəbəri yoxdur. Ancaq bu hadisə ölkənin ğələcəyinə böyük təsir göstərdi və bugünkü ağlamalı vəziyyətin başlanğıcı  oldu. O gün ədliyyə nazirliyində “Qazaxıstanın iqtisadi və sosial islahatlar fondu”(qeyd nömrəsi 0442) qeydiyyatdan keçdi. Dövlət resursları bu fond vasitəsilə Nursultan Nazarbayevin və onun əlaltılarının cibinə axmağa başladı…

Fondun birinci təsisçiləri Nurtay Abıkayev, Sızdık Abişev, Akejan Kajeqeldın və mənim əski bacanağım Timur Kulibayev idilər. Timur təbii ki, bu siyahıda özünü yox, Nursultan Abişeviçi təmsil edirdi.

Bu işin əvvəli qəpik-quruşla başladı (indiki məbləğlərə baxanda). Qazax bazarına  girmək istəyən hər bir böyük şirkət 250.000 dollar fondun hesabına keçirməli idi.  İndi “Nur-Otan” fonduna aşağısı 5.000.000 dollar keçirirlər, onda isə iştahaları bir az balaca idi. Xarici şirkət etiraz edib heç nə verməyə bilər, lakin onda Qazax bazarı onların üzünə həmişəlik bağlı olacaqdı.

Sərmayədarın əl-qolunu xoş məramlı bəhanələrlə bağlayırlar – “Dövlət ağır vəziyyətdədir” (doğrudan da belədir), “camaat kasıbdır”, “dövlətin sosial layihələrə pulu yoxdur”, təbii ki, “kömək etmək lazımdır”… Böyük şirkətlər bu vəziyyəti başa düşür və pul verirdilər. Sonra bu pul ölkədən çıxarılır və büdcədənkənar fondun təsisçiləri arasında bölünürdü. Əlbəttə, əsas böyük hissə Xaç təsisçiyə, ac ölkənin prezidentinə çatırdı.

İş başladı. Sərmayədarları daha yaxşı sağmaq üçün Lixtenşteyndə daha bir sağıcı aparat – “Qazaxıstanın beynəlxalq inkişaf fondu” qeydiyyatdan keçirildi. Qazaxıstanda o zamanlar “özəlləşdirmə” böyük addımlarla addımlayırdı. Özəlləşdirilən bütün müəssisələrdən alınan ”otkat”lar və ya “komisyon” haqları bu fondun Cenevrə hesablarına yatırılırdı.

Böyük məbləğlər yığılırdı. Əvvəl milyonlar, sonra isə hesab on və yüz milyonlardan getməyə başladı. Dövlət başçısı gördü ki, bu büdcədənkənar fondlar çox rahat alətdir. Bu, ona həm ciblərini doldurmağa, həm də lazım olan siyasi kampaniyaları yola verməyə imkan yaradırdı.

İlk belə kampaniya – hansı ki, fondun pulu ilə yola verildi – 1995- ci ildə oldu. Bu, Nursultan Abişeviçin prezident postunda qalma vaxtının uzadılması üçün keçirilən referendum idi. Yadınızdadırsa, bu əməliyyat çox uğurlu alındı. Rəsmi məlumatlara görə, səsverən əhalinin 91 faizi səsvermə məntəqələrinə gəlmiş, onların 95 faizi Nazarbayevin 2000-ci ilin 1 dekabrına qədər heç nəyin fikrini çəkməməsi üçün onun lehinə səs vermişdilər.

Bütün sonrakı seçkilər bu sxem əsasında həyata keçirilməyə başlandı (parlament, prezident).

Yoxlanılmış sxem əsasında, heç kim tərəfindən nəzarət edilməyən, fonddan maliyyələşdirilən seçkilər təbii ki, Xaç Qayınatasının xeyrinə başa çatırdı. Xaç Qaynatası görəndə ki, bu vəzifədə onun sözü şox qiymətlidir, onun, kimlərinsə xeyrinə verdiyi qərarlara görə böyük pullar ödənir, bu vəzifə onun çox xoşuna gəldi. Hakimiyyət öz-özlüyündə çox şirin şeydir, lakin onun verdiyi imkanlardan istifadə etmək daha şirin, daha ləzzətlidir.

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button