Xaç qayınatası – XIX yazı

Rahat Əliyev

Etiraf etmək lazımdır ki, Xaç Qayınatam öz fikirlərini həyata keçirmək üçün ideal yer seçib. Tezliklə hər ikinci sakini (ya da onun qohumu) dövlət məmuruna çevriləcək gözdən iraq, balaca Akmolinsk şəhərinin əhalisi inqilab əhvalından adətən uzaq oldu. Əgər küçədə toplaşıb nə isə bir etiraz aksiyasına qalxan olsa da, körpünü bağlamaq kifayətdir – etiraz edənlər sol tərəfə ancaq üzərək keçə bilərlər.

Çay buz bağlayanda isə General Şaxta güvənli mühafizəyə təminat verir: bayırda mənfi 30 dərəcə şaxtada, güclü küləyi də nəzərə alsaq, dona-dona bayırda mitinq etməkdənsə, hərə öz mətbəxində oturub, etirazını araqla dindirməyə üstünlük verir.

Astanada ölkə əhalisinin maksimum 4 faizi yaşayır. Tam komfortla da olmasa, vəziyyətləri yaxşıdır. Qalan 96 faizinə isə fikir vermək lazım deyil. Onsuz da onlar Astanaya gəlib çıxa bilməyəcəklər. Çünki Astanaya yol Karaqanda magistralından keçir ki, onu polisin bağlaması körpünü bağlamaqdan da asandır.

Əlbəttə, siz qanuni yola da baş vuraraq prezident iqamətgahı qarşısında ümummilli etiraz aksiyası keçirmək üçün yazılı müraciət edə bilərsiniz. Onda da sizi dəlixanaya – etiraf edək ki, əsassız da deyil – atacaqlar. Çünki ağlı başında olan heç bir kəs belə etməzdi.

Axı Prezidentin xalq çıxışlarından ehtiyat etmək üçün səbəbləri çox idi. Çünki 1986-cı ilin dekabr ayında vəziyyətin necə hakimiyyətin  nəzarətindən çıxdığını, etirazların necə alovlandığını görmüşdü. Hakimiyyətə doğru irəlilədiyi həmin vaxtda hadisələr onun lehinə işləyirdi. Amma etiraz edən kütlə qorxusunun kabusu indiyə kimi qalır. Ertəsi gün baş verə biləcək nümayiş artıq onun, yəni müstəqil Qazaxıstanın dövlət başçısının əleyhinə ola bilərdi. 1991-ci ildən bu yana nə Moskvanın, nə də hər şeyə qadir güclü MTK-nın köməyinə arxalanmaq olmazdı.

Sonra isə Yeni Uzen şəhəri gəlirdi. Burada hökumət DİN-in daxili qoşunlarının əli ilə silah gücünə xalq hərəkatı alovunu söndürdü. Şəhəri hər tərəfdən blokadaya alaraq faciəni susdurdular.

Daha sonra eyni ssenari Özbəkistanın Əndican şəhərində baş verdi ki, bu hadisə barədə bütün dünya hələ çox danışacaq. Yeni Uzen isə elə bil ki, yerli-dibli yox imiş. Qalan isə, MTK və DİN (arxiv Prezidentin əmri ilə məhv edildi) tərəfindən qəti surətdə məxfi saxlanılan ərazidəki adsız məzarlardan başqa bir şey deyildi. Daxili İşlər naziri Süleymenov öz xalqı ilə çəkişmədə istismara hələ uzun müddət davam etdi. Guya ki, o özü, Nazarbayevin təlimatı olmadan nümayişçilərlə mübarizəyə qərar verib. Maraqlıdır, Nazarbayev hələ də Süleymenovu yanında saxlayır. Axı o, ölkənin qərb bölgələrindən olan qazax nümayişçilərinin qanında hələ də boğulur.

Buna baxmayaraq, hökumət çox qorxmuşdu. Vətəndaşlardan fərqli olaraq, hökumət həmin hadisələrin qorxunc, faciəli məqamlarını yaxşı bilirdi və elə ona görə də xalqdan təcrid olunmaq arzusu daha şiddətlənirdi.

Əsl qorxu bir az gec, yəni yeni paytaxtımız İşim çayının sol sahilində istehkamlarını qurandan sonra başladı. Əvvəlcə Gürcüstanda və Ukraynada rəngli inqilablar tüğyan elədi. Dərhal bunun ardınca Əsgər Akayev üsyan edən Bişkekdə öz Prezident kabinetini tərk etdi. Astanada çaxnaşma başladı. Yuxarı instansiyalara qalxdıqca, bizim Qazaxıstanı da növbəti rəngli inqilabın bürüyəcəyi ehtimalı güclənirdi. Elə ona görə də həmin vaxtlar öz yaxın ətrafındakılara paytaxtı təhlükəsiz yerə köçürməklə nə qədər haqlı olduğunu dəfələrlə deməkdən yorulmurdu.

Alma-Atadan onu təkcə qorxu qovmadı. Onu get-gedə artan diskomfort sıxırdı. Qonşu küçələrlə işinə-gücünə tələsən sadə vətəndaşların qorxusundan da çox, yerli kübar təbəqənin verdiyi narahatçılıq onu sıxırdı. Ağsaqqallarla, ziyalılarla saatlarla vaxt itirib söhbətlər aparmaq, onlara bəzi vədlər vermək, hətta onların bir qismini yerinə yetirmək lazım gəlirdi.

Bu şərtlərdə – elə quru adı var  “avtoritar”, əslində isə bilinmir kim kimdən asılıdır. Hörmətli ağsaqqalla görüşə etiraz etməklə xətrinə dəymək olmaz. Yazılmamış qazax qanunlarına əsasən, yaşlılara ehtiram göstərmək, yazıçılarla ünsiyyətdə olmaq, doğma və yerliləri isə dinləmək lazımdır. Onunla üz-üzə ünsiyyətdə olanlar onun hakimiyyət şirnisindən kiçik hissələr qopararaq özlərinin daha da önəmli olduqları qənaətinə gəlirdilər.

Buna bir son vermək lazım idi. Amma Alma-Atanı dəyişdirə bilməzdi ki… Burada o, artıq qəbilə üslubu ilə düzənlənən bir sistemin girovuna çevrilirdi. Yeganə çıxış yolu qaçmaq idi – “kəndə, xalasının yanına, ucqar bir yerə, Saratova”… Paytaxtı da özü ilə bərabər bu ucqara götürüb aparmaq… Bütün ağsaqqallar, ziyalılar və hörmətli insanlar da qaldıqları yerdə nə qədər istəyirlər toplaşsınlar, bir-biri ilə dərdləşsinlər.

Sonra nələr baş verdiyini hamımız bilirik. Bəxti gətirənlər olanları kənardan izlədilər. Bizə, yəni dövlət məmurlarına isə olanların ağırlığını yaşayaraq,  üstümüzdə hiss etmək qismət oldu. Siz də 40 dərəcəli şaxtada evinizin qapısını qasırğalı küləyin şiddətindən aça bilmirdiniz? Siz də nəticəsində “Hair Transplant” klinikasının pasiyenti olduğunuz duş səfasından həzz alırdınız ? Siz də buradakı restoranların servis xidmətinə məəttəl qalırdınız? Deməli, bu tarixi yazan sizinlə bizik – hər şey də bir nəfərin özünü rahatlıqda, güvəndə hiss etməsi üçündür…

O, özünü  elə də hiss edirdi. İndi hörmətli adamın Astanaya getməsi, ali kabinetə keçə bilməsi arzuların çin olması deməkdir. Bu qədər – min kilometrlərlə yol qət etdikdən sonra, o, heç bir öyüd-nəsihət verməyəcək və əvvəllər olduğu kimi, “xoşbəxt keçən uşaqlıq illərimiz üçün minnətdarlıq” edəcək. Bəlkə nitqinin sonunda yeni bir mənzil, ya da ki, qızı üçün “Bolaşak” təqaüdü xahiş edə… O da ki çətin deyil, ağsaqqalın tərifləmə fərasətindən asılı olaraq köməkçilərə tapşırıq verməklə həll olunur. Axı son vaxtlar ucdantutma işlədilən “Böyük Xan”, “Millət Atası”, “Ağa”  titullarının yerinə yenilərini eşitmək get-gedə çətinləşirdi.

Prezidentin sarayına maşınla yaxınlaşmaq olmaz. Əgər bizim Tac-Mahala düşmək istəyirsinizsə, zəhmət çəkib maşından enib yarım kilometr yolu piyada getməlisiniz. Yağış oldu, külək oldu fərq etməz – dözməlisiniz. Bununla da sizə izah olunur ki, hakimiyyət müqəddəs bir zümrədir, o sizdən qat-qat yüksəkdədir və ora nə taksidə, nə də şəxsi limuzində gedə bilməzsiniz.

Bax indi bu ölkəni idarə etmək kefdir. Astana yetərincə istehkamlarla qorunur, büdcə neftin pulu ilə dolub-daşır… İndi nə Qərbə, nə də öz vətəndaşlarına göz gəzdirməyə ehtiyac yoxdur. Deputatlar da daha mübahisə etmirlər. Daha da yaxşısı, indi onlar hökmdarın növbəti arzusunu daha dəqiq və qabaqcadan sezmək üçün yarışırlar.

Axı o, heç kimdən xahiş etməmişdi ki, Konstitusuyada ölkənin dəyişməz prezidentindən başqa istənilən vəzifələrin seçim müddəti iki dəfəyə artırılsın. O, hətta bu düzəlişə etiraz etmişdi. Amma ağıllı “müstəqil deputatlar” özləri belə bir qərar qəbul ediblər. Sonra da gülləni başlarına dayayıb özləri istefaya getdilər. Qayda belədir.

Astana lahiyəsinin fəaliyyətdə olması da elə budur. Məhz elə bunun üçün də xalqımızın milyardlarla vəsaiti torpağa gömüldü.

Taxtda uzun müddət oturan və bütün idarəetmə səlahiyyətlərini əlində cəmləyən hər bir hökmdar inanmaq istəyir ki, doğrudan da Tanrı tərəfindən seçilmiş bir dahidir.

O, inanmaq istəyir ki, xalq onu iqtidar mətbuatında yazılan kimi, saray yaltaqlarının oxuduğu kimi həqiqətən də çox sevir. O, tarixə zalım hökmdar kimi yox, maarifpərvər bir dövlət başçısı kimi düşmək istəyir. Bu sahədə də davamçılarına arxayın olmayaraq, sağlığında özünə heykəllər ucaltmağa başlayıb.

Hökmdarımız qərara gəlib ki, Astana onun piramidası olacaq. O, bu şəhəri özünə qalın daş hasarlı güvənli bir qala kimi tikdirsə də, hamını çox səmimi şəkildə inandırmağa çalışır ki, Qazaxıstanın Peteqburqunu tikdirib. Gələcəkdə qədirbilən nəsillər hər dəfə qazax Palmirinin adı çəkiləndə onu Birinci Pyotrla müqayisə edərək ona rəhmət oxuyacaqlar.

Yəqin ki, hələ sağlığında paytaxta öz adını verəcək. Daha doğrusu, o, ömürlük prezident qərarına qarşı çıxdığı kimi, buna qarşı da çıxacaq. Və bu dəfə də xalq kütləsinin istəyini dayandıra bilməyəcək. Əvvəlcə əməkdarlardan kimsə çıxış edəcək. Sonra isə “Qazax Pravda”sına prezident malından dilənçi payı uman xalq yazıçılarının məktub axını başlayacaq. Daha sonra isə ipə-sapa yatmayan parlament toplaşıb öz prinsipiallığını nümayiş etdirəcək.

Beləliklə də xəritədə, misal üçün – “Nursultan Ata” adlı bir şəhər peyda olacaq. Sual ortaya çıxır ki, xəritədə bu şəhər nə qədər qala biləcək? Aydındır ki, çox da uzun çəkməyəcək.

Bu bölüm Sat Tokpakbayevin çıxışına qədər yazılmışdı. Gördüyünüz kimi ssenari artıq həyata keçirilməyə başlayıb.

Hər bir diktatorun taleyi belə gətirib: öz ərazisində hər şeyə, hər kəsə nəzarət etsə də, zamana hökmünü keçirə bilmir. O, ancaq hakimiyyətdə olduğu müddətdə özünə heykəllər ucaldıb adını tarix kitablarına yazdıra bilər. Və gələcək nəsilləri, indi öz müasirlərinə qarşı etdiyi kimi, nə qorxuda, nə satın ala bilməz.

Gələcək nəsillər hər şeyi düzgün mühakimə edəcəklər. Tarix kitablarını da həqiqətə uyğun, zalım hökmdarı öz adı ilə, azadlıq uğrunda mübarizə aparan millət fədailərini də haqları çatan layiqli şəkildə yazacaqlar.

Əgər Qazaxıstanda hakimiyyətə “ikinci Prezident” gəlsə, Nazarbayevin piramidalarının aqibətinin necə olacağı sualı ortaya çıxır. Bu gün buna inanmaq çətin olsa da, həmin gün gələcək. O günə də indidən hazırlaşmaq lazımdır. Axı heç bir diktator bioloji saat amilini aldatmaq qabiliyyətində deyil.

Normalda heç bir kef əvəzsiz deyil. Amma anormal olanı budur ki, bir nəfərin kef çəkməyinin hesabını bütün bir xalq ödəyir.

Binalar yerdən göbələk kimi bitmir. Və bütün bu “Alışqan”, “Vedrə”, “Bayterek” kimi binaların tikilib başa çatması üçün hər bir vətəndaşın cibinə girilib. Siz inanırsınız ki, Astananın tikintisini xarici fondlar maliyyələşdirib? İnanırsınız ki, ərəb şahzadələri bunun üçün vəsait göndərib?

Əvvəlcə pullar ölkədən çıxarılır, sonra isə bir hissəsi, prezidentimizin növbəti memarlıq ideyasının həyata keçirilməsinə sərf olunması məqsədilə geri qaytarılır. Fil sümüyündən olan qalasında uzun müddət yaşayan hər bir kəs yəqin ki, bütün ideyalarının mükəmməl və ideal olduğuna inanar. Sarayın yaltaqlardan ibarət xoru və palaz mətbuatın nümayəndələri də onun buna inanması üçün əllərindən gələni edirlər.

Türkmənistanın rəhmətlik lideri – Türkmənbaşı, səhralığın ortasında göl qazdırmağa hazırlaşırdı. Xaç Qayınatam da Astananı böyük şüşə örtüklə bağlamağı fikirləşirdi. Bu tip insanlar “yox” sözünü qəbul etmirlər və illər keçdikcə də ərköyün, kaprizli uşağa çevrilirlər.

Bizim prezidentimizin dahi memarlıq ideyaları nələrə başa gəlir (“nələrə başa gəlir” ifadəsini hərfi mənada işlətmək lazım gəlir)? Akmola torpaqlarında istənilən tikinti ikiqat bahasına başa gəlir. Çünki Şımkənddəki kimi təməl atmaq burada mümkün deyil. Burada torpağı dərin möhkəm təbəqələrə qədər bərkitmə işləri görülməlidir.

Binalar ucaltmaq hələ bədxərcliyin başlanğıcıdır. Sonra tikilənlərin normal saxlanması üçün xərcləmələr başlanır. Astanada evlərin qızdırılması Alma-Atadan iki dəfə baha başa gəlir. Və bu xərcləri də dövlət məmnuniyyətlə əhalinin boynuna yükləyir. Əhali bu mənasız şəhərdə normal yaşamağın əvəzini isə kommunal xərclərini ikiqat tariflə ödəməklə verir.

Bu fırıldağın əsl ödənişi isə gələcək nəsillərin payına düşür. Məsələn, 2008-ci ildə Astananın büdcəsinə respublikanın dövlət büdcəsindən 222 milyard tenqe daxil olub. Bunun əvəzini isə Qazaxıstanın bütün bölgələrində tikilib başa çatmayan xəstəxanalarda, məktəblərdə, uşaq bağçalarında, institutlarda, dağılmış kənd səhiyyəsində, yararsız vəziyyətə düşən şəhər infrastrukturlarında məhz o gələcək nəsil öz sağlamlığı və taleyi ilə ödəyəcək. Bu siyahı bitib tükənmir…

O zaman ki, insan özünü Böyük Qazax Fironu hiss etmək üçün piramida tikdirir, ölkənin qalan hissəsi tədricən viranəyə çevrilir. Tarix kitablarında əks olunan klassik ssenari də belədir.

Dərin maliyyə böhranı şəraitində Qazaxıstanda sosial gərdinliyin kəskinləşməsi nəticəsində gözlənilir ki, bu da xalqın varlı və kasıb təbəqələrə ayrılmasına gətirib çıxaracq. BMT-nin məlumatına görə, Qazaxıstan Respublikasının 16 milyonluq əhalisnin haradasa dörddə biri yoxsul yaşayır.

Argentinada iqtisadi böhran elan olunanda, ölkənin borcu 128 milyard ABŞ dolları idi ki, bu da Ümumi (xərci çıxarılmamış gəlirin hamısı) Daxili Məhsulun 256 milyard ABŞ dolları məbləğininin 50%-ni təşkil edirdi. Ukraynada isə borc 111 milyard ABŞ dolları, Ümumi (xərci çıxarılmamış gəlirin hamısı) Daxili Məhsulunun  333 milyard ABŞ dolları məbləğininin 33%-ni təşkil edirdi və ona da böhran elanı vermək gözlənilirdi. Bizim Qazaxıstanda isə xarici borclar 105,5 milyard ABŞ dolları, Ümumi (xərci çıxarılmamış gəlirin hamısı) Daxili Məhsulunun  135 milyard ABŞ dolları məbləğininin 80%-ni təşkil edir ki, bu da böhran haqqında elan verilmə ehtimalı gözlənilmədiyini bildirir. Əslində də belədirmi? Bunu zaman göstərəcək…

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button