Xaç qayınatası – XVIII yazı

Rahat Əliyev

  1. 2. Şəxsiyyətlərarası ünsiyyətin yekun təsviri: zəiflik, qarşılıqlı münasibətin təlqinedici və yönləndirici tərəfləri

“…Ünsiyyət zamanı dəqiq məsafə saxlayır və əsas səs üstünlüyü qazanmağa çalışır. Konkret bir məsələ ilə bağlı müzakirələri xoşlayır. Çünki hər hansı mücərrəd mövzunun müzakirəsi zamanı məntiqli mühakimə yürütmək yolunda tutduğu kələfin ucunu itirə bilər. Belə hallarda isə onun bu fikirlərini bölüşməyənlər düşmən düşərgəsinə keçərək “yadlaşır”, ən ağır şəkildə təzyiqə və cəzaya məruz qalırlar. Onun liderliyinə pərəstiş edən emosional aktiv yaxınları ilə davranışlarında daha sərbəstdir.

İş: rəis-tabe olan, tabe olan-rəis, sərbəst həmkarlar sistemində münasibətlər. Rəhbər olaraq, tabeçiliyində olanlarla çox ciddidir, hər xırda detalına kimi hər şeyə çox tələbkardır, yalanı, saxtakarlığı və üzlülüyü sevmir.

Əsas tələb olunan şey, baş verən hadisənin gedişatı barədə əvvəlcədən bilmək və olacaqların hansı ssenari üzrə inkişaf edəcəyini dərk etməkdir. Bu cür suallarla o, gah hər cür proqnozların müzakirəsinə açıq olur, gah da öz proqnozlarının doğruluğuna əmin olmadığına görə təsir altına düşür. Özü vaxt ehtiyatını düzgün tənzimləyə və ona nəzarət edə bilmədiyi üçün, bu sahədə bacarıqlı olanlara paxıllıq hissi duyur.”

Astanaya necə gəlib çatdıq?

“Şəhərlərin salınmasında mənim tabeçiliyimdə olanların qanı, canı, göz yaşı ilə yuyulan dövlət xəzinəsinin dağıdılmasının şahidi olmuşam. Möhtəşəm binaların ucaldılmasında boş israfa incəsənət anlayışından uzaq olan məqamlar da əlavə olunur.”

Aleksandr Radişev, rus yazıçısı

Mən də bu şəhərdə yaşayırdım. Mən də “çəkdiyimiz bu iztirablar niyə” sualına cavab tapmağa çalışaraq bu cansıxıcı küçələrdə dolaşmışam. Asfaltın üzərini də, göyü də bürüyən çəyirtkə dəstəsini mən də görmüşəm. Yayın 40 dərəcəlik qızmarını, qışın 40 dərəcəlik çovğunlu şaxtasını mən də yaşamışam. Şəhərin yeddi yüz minlik əhalisi kimi mən də amansız çöl küləklərinin təsirinə məruz qalmışam.

Mən bu prospektlərə, göydələnlərə baxaraq, şəhərimizin gələcək möhtəşəmliyini təsəvvür etməyə çalışırdım. Onun əvəzində isə xalqdan oğurlanan milyardların dövlət büdcəsindən xeyirsiz torpaqlara gömüldüyünü gördüm.

Bu şəhər ancaq bir nəfərə lazım idi. Bu, onun piramidası idi. Birinci Nursultanın piramidası idi. Tam hərfi mənada. Misir fironları kimi özünə əl işi bir heykəl yaratmaq qərarına gəlib. Onun adını daşıyacaq və artıq onun üçün piramidanın qoyulduğu ilğım-şəhər…

Biz onun bu şıltaqlığının qarşılığını vergilər və neçə-neçə insan taleləri ilə artıq ödəmişik. Biz büdcəni tamam zəiflətdik. Biz zəngin və inkişaf edən bir millət ola biləcəyimiz halda, bütün gücümüzü yalnız bir insanın özünü Əsas Memar İcraçı kimi hiss etməsinə sərf etdik.

Amma bunun bir sonu gələcək. İnsanlar piramidada yaşamırlar, onlar ora kimlərinsə hökmranlıq hərisliyinin “möhtəşəmliyini” seyr etmək üçün turistləri aparırlar. Amma hələ ki, bu ağılsızlıq davam edir və biz əsas suala cavab tapmalıyıq:

Astanaya necə gəlib çatdıq?..

Bizim köhnə paytaxtımız bir nəfərdən başqa hamını qane edirdi. Hər şeyi dəyişdirə bilmək isə məhz elə o bir nəfərin ixtiyarında idi. Bizim çiçəklənən gözəl şəhəri qoyub, qışı 40 dərəcəli şaxta, yayı 40 dərəcəli isti ilə keçən, yazı, payızı bəlli olmayan düzənliyə getməyimiz üçün onun bir şıltaqlığı bəs elədi. Necə oldu?

Rəsmi təbliğat dairələri, hər cür şəraiti olan vadini tərk edib, milyardlar tökərək, normal həyat şəraitinə uyğunlaşdırıla biləcək bir şəhər tikməyin onsuz da mümkün olmadığı bir düzənliyə niyə getdiyimiz barədə məntiqli bir açıqlama verə bilmədi. Çünki insanlar həmişə daldalanacaq yer kimi küləkdən və s. xoşagəlməz hallardan qorunmaq üçün topoqrafik əlverişli şəraiti olan yerləri: çay döngəsi kənarı, dağın ətəyini seçirlər.

Hələ min illərdən bəri bəşər tarixindən də məlumdur ki, möhtəşəm böyük şəhərlər əlverişli təbii şəraiti olan qədim dayanacaq yerlərində salınıb. Sonra isə öz həmvətənlərinin rahatlığı barədə narahat olmayan kommunistlər gəldilər. Onlar da xam torpaqları oyatmaq üçün neçə-neçə insanları çölün düzünə göndərdilər və həmin insanlar da hər cür əziyyətə qatlaşaraq “xam torpaqlıların şəhərini” saldılar. Beləliklə də heç kəsin köçüb yerləşməyə can atmadığı “Selinoqrad” şəhəri yarandı.

Hələ əvvəllərdən, Stalin vaxtlarından həyat üçün yararsız yerləri, qüssəsi ilə məşhur olan “ALJİR (akmolinskiy laqerğ dlə jen izmennikov rodinı) – yəni vətən xainlərinin həyat yoldaşıları (xanımları) üçün Akmola düşərgəsini” salmaq üçün “QULAQ” memarları seçmişdilər. Sonralar aparılan təbliğatla qazax dilini təhrif edərək bizi inandırmağa çalışdılar ki, prezidentin seçdiyi paytaxt üçün yerin adı “müqəddəs yer”, “ziyarətgah” kimi tərcümə olunur. Haradandır axı bu yerlərin müqəddəsliyi? Vaxtilə çoxlu məzarlardan başqa nə olub ki…

Beləliklə də Qazaxıstanın mərkəzində: mədənlərin, daş-qum karxanalarının, kimyəvi kombinatların və düşərgələrin əhatəsində heç bir rahatlığı olmayan cansıxıcı məskunlaşma başladı. Əgər dövlətin pulu çoxalıbsa, deməli, onu insanların könüllü olaraq köçmək istəmədikləri yerlərə aparılmasına sərf etmək lazımdır.

Ölkəmizin mərkəzi yaşayış üçün əlverişli deyil. Kommunist partiyası  vaxtlarından süni şəkildə salınan bu şəhərlərdə, qəsəbələrdə yaşayışı saxlamaq üçün dövlət büdcəsi hər il milyonlarla dollar vəsait itirirdi. Bu isə xəlbirlə su daşımaq kimi bir şeydi: heç bir maliyyə vəsaiti ərazinin landşaftını və iqlimini dəyişmək gücündə deyil çünki… Bura gərgin ərazi olaraq qalır, iş yox, gənclər isə birtəhər imkan tapıb ölkənin cənubuna və yaxud şərqinə üz tuturlar.

Əslində, yeni şəhərləri ya münbit torpaqları olan şərqdə, ya da iqlimi, yaşayış üçün əlverişli şəraiti olan cənubda salıb əhalini də yararsız, gərginlik gətirən mərkəzdən buralara köçürmək lazım idi.

Bunun əvəzində isə bir nəfərin əmri ilə yamyaşıl Alma-Atanı qoyub, Akmolanın xam və yararsız çölü-biyabanına yollandıq.

Niyə?

Rəsmi təbliğat mənasız açıqlamasını camaata sırımağa çalışırdı.

Bizə anlatmağa çalışırdılar ki, paytaxtı Çin sərhəddindən uzağa, daha təhlükəsiz yerə köçürürük. Əlbəttə ki, bu “çinli təhlükəsi” məsələsinə hökumət səviyyəsində heç kim ciddi şəkildə baxmırdı. Bizə sübut etmək istəyirdilər ki, dünyanın bütün ölkələrində paytaxtı ölkənin daha mərkəz bölgələrinə, yəni düşmən sərhədlərindən uzağa köçürməyə çalışırlar. Real dünya əksini desə də, təbliğatı bu nə vaxt narahat edib ki… Hər bir halda bizim ucsuz-bucaqsız ərazilərimizlə bu praktika özünü doğrultmur: Amsterdamla alman sərhəddi arasındakı məsafə bizim sərhəddəki “Dostluq” qəsəbəsi ilə qonşu Çin sərhəddi arasındakı məsafə qədərdir…

Bir versiya da – zəlzələ ehtimalıdır.

Daha bir versiya – rusdilli şimal bölgəsini möhkəmlətmək lazımdır ki, bizdən qopub Rusiyaya yapışmasın.

Danışmağa əsaslı bir şey olmayanda çox boş sözlər deyilir. Rəsmi açıqlamalar elə haradasa onlarla bənddən ibarət səhifələrdədir. Köçmək haqqında Nazarbayev əmr verdi. Və beləliklə də minnətdar ziyalılar, deputatlar, jurnalistlər, müxtəlif sahələrin mütəxəssisləri paytaxtın köçürülməsinin məqsədəuyğun olduğunu əsaslandırmağa başladılar. Təbii ki, bu açıqlamalar nə ölkədə, nə də xaricdə heç kəsi inandırmadı. Xarici həmkarlarımla, dostlarımla, tanışlarımla görüşdüyüm zaman mənə bu barədə o qədər suallar veriblər ki: əslində, nə baş verib? Axı paytaxtın uyğun olmayan bir yerə köçürülməsi üçün əsaslı səbəb olmalı idi?

Səbəb əlbəttə ki, var və mən də onu bilirəm…

Amma öncə bizim Astanaya niyə getdiyimizdən bəhs edək. Bizi ora getməyə qorxu vadar elədi…

Biz hamımız, gündən-günə hakimiyyət gücü artan insana tabe olmaqdan qorxurduq. 1994-cü ildə prezident köçmək barədə bu əcaib ideyanı irəli sürəndə aydın idi ki, artıq yol almağa başlayan qatarın qarşısını kəsmək baha başa gələcək. Ancaq o vaxt bizim demokratik rejimin gələcək opponentlərinin nə gözlədiyini təxmin etmək çətin idi. Onda hələ ki, müzakirələr aparmaq, mübahisə etmək mümkün idi. İndi inanılması çətin də olsa, nə zamansa parlamenti fikrindən döndərmək üçün Nazarbayev günlər və həftələr sərf etmişdi.

Prezident özü bunu belə xatırlayır:

“1994-cü il iyulun 6-da Alma-Atada Qazaxıstan Respublikasının Ali Soveti paytaxtın Akmolaya köçürülməsi barədə qərar qəbul etdi. Paytaxtın yerinin dəyişdirilməsi barədə çox yazıldı. Bu məsələ ilə bağlı parlament iştirakçılarını razı salmaq mənim üçün o qədər də asan olmadı. Sizin də yadınızda olduğu kimi, o zamanlar hər şey çox çətin idi, təqaüdlər, əmək haqları vaxtında ödənilmirdi. Uzun danışıqlardan və görüşlərdən sonra məhz elə 6 iyulda mən yenə də bu məsələni Parlamentin deputatları qarşısında qaldırdım.

Müzakirə tam bir gün çəkdi və günün axırında deputatlardan biri dedi:

“Gəlin Prezidentin əhvalını öz ad günündə pozmayaq və bu gün bu qərarı qəbul edək. Yəqin ki, bu köçmə məsələsi yaxın zamanlarda yox, ən azı 50 il sonra həyata keçirilə bilər.””

(Prezidentin paytaxt günü ilə bağlı mətbuat konfransı, 2007-ci il.

Mənbə: prezidentin rəsmi saytı htt://www.akorda.kz.).

Bəli, bizdə tarixi qərarlar belə qəbul olunur: prezidentin ad günündə onun xətrinə dəyməməklə… Bax beləcə, on milyardlarla dolların taleyi həll olundu.

Nə olursa-olsun müstəqilliyimizin ilk illəri nostalji hisslərlə xatırlanır: o zamanlar hakimiyyətin çoxşaxəliliyi az da olsa hiss olunurdu. Hər deputat öz seçildiyi ərazisini təmsil edirdi, biz öz nümayəndəmizin adını bilirdik, hər hansı bir qərar qəbul olunmamışdan əvvəl müzakirə olunurdu.

Parlamentə namizədliyi prezidentin və onun administrasiyasının müsbət rəyi olmadan “sızıb” keçə bilən müstəqil deputatlar da var idi.

Kim təxmin edərdi ki, on ildən sonra prezident administrasiyasının sıradan bir şöbəsinin funksiyasını yerinə yetirən təkpatriyalı parlamentimiz olacaq. İndi hər şey çox asan başa gəlirdi: prezident administrasiyasının rəhbəri parlament spikerinə zəng vurur və tapşırır ki, paytaxtın köçürülməsinə səs vermək lazımdır. Bütün deputatlar da (hər kəs “Nur Otan” üzvü kimi) beş dəqiqəyə hamı bir nəfər kimi səs verəcəkdilər.

İndi isə əsas məsələyə keçək. Söz vermişdim ki, Prezidenti Alma-Atanın Furmanov küçəsində yenicə tikilib başa çatmış prezident iqamətgahını (əvvəlcə bu bina V.İ.Lenin muzeyi üçün nəzərdə tutulmuşdu) qoyub İşim çayının sahillərinə getməyə vadar edən səbəbi açıqlayacağam.

O, sadəcə olaraq, xalq nümayişlərindən qorxurdu. Ona insanlardan uzaq, əlçatmaz bir qala lazım idi. Ona görə də tezliklə liberal və azadlıqlıqsevər Alma-Atadan getmək istəyirdi.

Hara köçmək – bu, ikinci və vacib olan sual idi. Millətin başçısı Qazaxıstan xalqından onu qoruya biləcək, öz qınına çəkildikdə saxlaya biləcək təbii bir qala axtarırdı. Qazaxıstanın mərkəzi ərazisində, İşimin sahilində, baxımsız və yaşam üçün heç bir şəraiti olmayan Akmola bu baxımdan ideal yer idi.

Bu seçim bizim üçün qəribə oldu. Əgər seçim zamanı əsas götürülən kriteriyaları nəzərə alsaq, bu yer məntiqə uyğundur. Prezident bizim normal məskunlaşmağımız üçün yararlı yer axtarmırdı. O, öz Prezident Sarayı üçün istehkam yaradırdı.

Maraqlıdır ki, onu bu çöllü-biyabana qovan QORXU elə bizi də onunla bərabər sürüklədi. Sadəcə olaraq biz ondan, o isə bizdən, yəni – öz xalqından qorxurdu. Hər bir diktatorun aqibəti belədir – mərhəmətli xalqının onu həqiqətən sevdiyinə özünü inandırır və hər ehtimala qarşı da ondan qorunmaq üçün yeni-yeni mühafizə tədbirləri görür.

Zair lideri Mobutu Sese Seko, ancaq Zair çayında üzən prezident rezidensiyası sayılan gəmidə rahat yata bilirdi: onu xalqdan çayın gur suları, dalğaları ayırırdı. Bizdə böyük çaylar olmasa da geniş çöllər, düzənlər var. Bizim liderimiz də elə bundan istifadə etməyə qərar verdi. Prezidentə yad, qəbul olunmaz və sözə baxmayan Alma-Atanın mərkəzindəki kabinetində, gediş-gəlişi sıx olan küçənin yüz metrliyində, həm də insan axınından qoruyan sısqa bir mühafizə təbəqəsinin müşayiətində oturmaq təhlükəlidir. İstənilən an on minlərlə narazı əhali tərəfindən ətrafı sarılsa, heç bir tank çatdırıb onu müdafiə edə bilməz bu yerdə.

Burada isə tamam başqa mənzərədir: təhlükəsiz bir yerdən əmr verirsən və səni həmvətənlərindən çay, ucsuz-bucaqsız düzənlik, DİN-in döyüşçüləri, MTK-nın “Arıstan” xüsusi təyinatlıları və əlbəttə ki, gündən-günə artan 10 minə yaxın şəxsi mühafizəçilər qoruyurlar. Bax buna deyərəm əsl mühafizə.

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button