Xaç Qayınatası – XX yazı

Rahat Əliyev

Astana ilə nə edək?

Əlbəttə, paytaxtı geri qaytarmaq lazımdır. Ölkə düzənlikdə ala-yarımçıq tikilmiş “dəbdəbəli” qalalardan yox, özünün ziyalı mərkəzindən idarə olunmalıdır. Milli ehtiyatları dağıdan və xərac yığan hakimiyyət kimi baxsaq, Astana istehkamları da yarayar. Rəhbərlik – sadəcə sözəbaxan kütləyə əmr və təlimatlat verməkdirsə, bunu kasıb Buxarestin ortasında özünə saray tikən Çauşesku tərzində də etmək olardı (bənzətmə uğurlu olmasa da , nə etmək olar?).

Hakimiyyət – vətəndaşlar tərəfindən seçimiş rəhbərin ölkəni idarə etmə məsuliyyəti deməkdir ki, onda da qorunmaq üçün qalaya ehtiyac qalmır. Əgər hakimiyyətin məqsədi şəxşi mənafeyə deyil, xalqın, millətin mənafeyinə qulluq edirsə, ölkənin iqtisadiyyatının, sosial müdafiə sisteminin inkişafı, infrastrukturun qorunması və inkişaf etdirilməsi və s.-dirsə, idarəetmə mərkəzi də əsl paytaxtda yerləşməlidir.

Almaniyada ölkənin bütün bölgələrinin infrastrukturu eyni – yəni bütün ərazidə geniş internet imkanları, yollar, dayanmadan işləyən nəqliyyat vasitələri olduğu üçün Hauptstadı istənilən kəndə, ucqara köçürmək mümkündür. Köçmə məmur üçün o biri planetə getmək deyil ki…

Bizdə belə quruluş olmadığı üçün, məsafəyə üstünlük verilib. Nəticədə hakimiyyət dəhlizləri uşaq bağçasını, ya da inkubatoru xatırlatmağa başlayır – yəni işçilərin yaşı orta hesabla 25-ə düşür. Çünki 40 yaşlı təcrübəli işçidənsə, əşyalarını yır-yığış edib getməyə razılaşan cavan institut məzunu daha sərfəlidir. Məzun əvvəl neçə-neçə özəl şirkətlərdə (yüzlərlə xarici şirkətlər də daxil) boş yerlər axtardıqdan sonra dövlət işinə gedə bilər.

Dövlət idarəçiliyi üçün isə gənc olmaq əsas amil deyil. Hələ ki, hakimiyyət məcmusundan kənarda olsa da, müəyyən sahələrdə illər ərzində toplanan təcrübə də qiymətləndirilir.

Alma-Atada hökümət üçün yer qalıbmı? Hara gedə bilər ki? Axı iyirmi il əvvəl kommunist partiyası Qazaxıstanı məhz elə bu şəhərdən idarə edib. Burada Mərkəzi Komitəyə də, bütün nazirliklərə, Ali Sovetə, Ərazi Komitəsinə də yer çatırdı. Hələ üstəlik komsomol təşkilatı da burada idi.

Kommunistləri nədə desən ittiham etmək olardı, bir tək ölkəni idarə etməkdən başqa… Hər şey onların nəzarətində və planlaşdırdıqları kimi idi. Əgər indiki hakimiyyət köhnə ərazilərə yerləşə bilmirsə, deməli, çox şişirdilib.

Misir piramidalarından fərqli olaraq, bizim yeni tikililər dünya turistlərini cəlb etmək üçün yaramır. Bu tikintilər üçün daha uyğun, mənfəət güdən bir uyğunlaşdıma üsulu tapmaq lazımdır.

Astananı müasir universitet şəhərinə çevirə bilərik.

Gələcəkdə bir dövlət və xalq kimi inkişaf etməyimiz üçün elmi və təhsili dağıntıların arasından qaldırmaq lazımdır. Qazaxıstanda  Elmlər Akademiyası yoxdur. Alma-Atanın mərkəzindəki binalar kompleksi isə Nazarbayevin ortancıl qızı Dinarə Qulibayevanın rəhbərliyi altında olan və gurultulu adı seçilən Qazax-Britaniya Texniki Universitetinə verildi. Akademiyanın məhv edilməsi üçün bu daşınmaz əmlakın çox ləzzətli pay olmasından başqa daha bir səbəb də alimlərə olan münasibət idi.

Bizim prezidentimiz sadəcə olaraq, özünü ziyalı ortamda rahat hiss etmir. Onlarla söhbəti tutmadığına görə yox, hər birində siyasi bir yakobin ab-havası hiss etdiyi üçün onlardan uzaq olmağa üstünlük verirdi. İnstitutlar və elmi mərkəzlər həmişə təbii bir azadlıq zəminində olduqları üçün elmli və təhsilli insanı boyunduruğa salmaq daha çətindir.

Sovet liderleri bu problemlə daha müdrik başa gələ bilirdilər. Onlar elm-təhsil sistemində marksizmin çoxcildli kitabları və Sovet İttifaqı Kommunist Partiyasının tarixi ilə hər bir tələbənin beynini doldururdular. Bununla belə, əsas fənlərin sıxışdırılmasına və unuversitetləri ciddi rejimdə saxlamağa ehtiyac qalmırdı. Ona görə də nəticədə sovet təhsili nəinki geri qalmır, hətta bir çox hallarda əksər Avropa ölkələrinin təhsilini ötüb keçirdi.

Azad Qazaxıstanda azad fikirlilik problemini daha asan – yəni mənbəni məhv etməklə həll edirdilər. Səbəb nə olursa olsun, nəticə göz qabağındadır: hazırkı təhsil sistemi ölkəni yüksək ixtisaslı kadrlarla təmin etmək qabiliyyətində deyil, iqtisadiyyat ancaq neft gəlirləri ilə inkişaf edir, biz yenə də həmişəki kimi yüksək texnologiyalı rəqabət sahəsində geridəyik…

Əgər biz hər hansı bir səbəbdən (məsələn, bazar qiyməti neftin dəyərindən aşağı düşsə) neftdən məhrum olsaq, bütün ölkə qaranlığa bürünər. Əslində, biz iqtisadi böhranın öhdəsindən gəlmədik, sadəcə olaraq, xammalımızın qalxan qiymətlərinin dalğası üzərindən atladıq. Millətin var-dövlətini satıb gələcək nəsillərin hesabına yaşayacağıq. 2030-cu ilə hələ çox var, ondan sonra isə nə olur-olsun. Bu, ayrı-ayrı bölümlərin mövzusudur, indi isə bizim doğma Astanamıza qayıtmaq vaxtıdır…

Hakimiyyət dairələrinin yenidən Alma-Ataya qayıtmalarından sonra keçmiş paytaxtın boşalmış geniş meydanları bundan sonra millətin xeyrinə işləməlidir. Onlar ölkəmizdə elm və təhsilin inkubatoru ola bilərlər.

Müasir Elm Universitetlərdə inkişaf edir. Yadınızdadırsa, Akademiya məhv edildiyi vaxt rəsmi təbliğat bunu əsas gətirmişdi. Kələk ondan ibarət idi ki, bunun üçün bizə indikindən daha fərqli üslubda universitetlər lazımdır.

Pedaqoji İnstitutun adını əda ilə dəyişib Universitet qoyanda təhsilin keyfiyyəti artmır ki – o, elə institut olaraq qalır. Beləliklə də kağızdan olan “ali təhsil ocaqlarının” bu adları heç kəsi aldada bilmir.

Müasir unuversitet – elm-təhsil strukturlu bir konqlomerat kimidir. Bura laboratoriyalar, kitabxanalar, auditoriyalar, elmi-tədqiqat mərkəzləri və s. aiddir ki, bu da praktiki cəhətdən heç bir mənası olmayan elmi layihələrə  on milyonlarla dollar vəsaitin xərclənməsi deməkdir.

Belə konqlomeratlara təkcə maddi vəsait deyil, həm də geniş məkanlar, binalar, tədqiqat meydanları tələb olunur. Məhz bu imkanları da ağır bir yükdən azad olan Astana verə bilər.

Bura bizim yaratmalı olduğumuz Böyük Qazax Universitetinin əsl yeridir. Bu, beynəlxalq əhəmiyyətli elm-təhsil mərkəzi olacaq. Burada tibbdən kosmik elmlərə, tarixdən iqtisadiyyata qədər bütün elmlər bir arada toplanmalıdır. Nəinki bütün Qazaxıstandan, hətta onun hüdudlarından kənar –Sibir, Mərkəzi Asiya və Çindən də tələbələr burada təhsil ala biləcəklər.

 

Bu layihə bizə lazımdırmı?

Bu, bizim təkəbbürümüzdən asılıdır. Bizim sərvətlərimizin satışından gələn maliyyənin qəpik-quruşu ilə kifayətlənərək, sivilizasiya qatarının sonuncu vaqonlarında yer tutmağa qəti surətdə razıyıqsa, “Lev Qumilyov adına Universitet” təsəllisi ilə də yaşaya bilərik. Dünya ölkələri ilə müqayisədə yoxsul dövlət büdcəmiz bizə bəs edirsə, hər şeyi – elm sahəsi də daxil olmaqla – olduğu kimi saxlamaq olar. Əgər hər birimizi, övladlarımızın əksəriyyətinin gələcəkdə dünya standarlarına uyğun təhsili Qazaxıstanda ala bilməyəcəkləri perspektivi qane edirsə, bundan sonra da susa bilərik…

Bəlkə bizim başqa planlarımız da olacaq. Ola bilsin ki, biz təhsilin uşaqlarımız üçün dəbdəbə yox, məcburiyyət kimi olmasını istəyəcəyik. Bəlkə hava atmaq rolundan bezib, öz sənayemizlə məşğul olmağa başlayacağıq.

Onda  Böyük Qazaxıstan Universiteti bizə çox lazım olacaq.

Bu layihənin altından qalxa bilərikmi?

 

Əlbəttə, bacararıq. Bunun üçün bir az əzmli təkəbbür, pul və savadlı idarəetmə sistemi tələb olunur. Tutaq ki, təhsilli ölkələr arasına qatılmaq əzmi bizdə yarandı. Pulu haradan alacağıq? Təbii ki, büdcədən!

Rəsmi təbliğatın bizi israrla inandırmağa cəhd etdiyi kimi zəngin ölkə deyilik. Müasir standarlara görə biz yoxsul ölkəyik: bizim ölkədə adam başına düşən orta illik gəlir geridə qalmış Afrika ölkələrindəki kimi, büdcəmiz də ABŞ-ın İllinoys ştatınınkı qədərdir. Bütün bunlar da özümüzü firavan yaşayış tərzi olan və müasir dildə desək, rəqabət apara biləcək ölkələr sırasına qatmağa imkan vermir.

Digər ölkələrin iqtisadiyyatını qaldırmaq imkanımız yoxdur. Bəs bizim dövlət şirkətləri və bankları nə ilə məşğuldurlar? Onlar Rumıniya, Rusiya, Qırğızıstan və yaxud da Gürcüstanın iqtisadiyyatına milyardlarla sərmayə qoyurlar. Bunun yerinə bu gün təbii sərvətlərimizin satışından əldə etdiyimiz  gəliri səhiyyə, təhsil, sosial-müdafiə kimi vacib sahələrə sərf etmək lazımdır.

Bu, xeyriyyəçilik, insanpərvərlik məsələsi yox, birbaşa dövlətin marağında olan vacib bir məsələdir: xəstə və savadsız cəmiyyət heç bir iqtisadiyyat qura bilməz. Belə cəmiyyətin gələcəyi yoxdur. Ona görə də, Avstriyada olduğu kimi  gənclərə şərait yaratmaq, onlara mənzil almaq üçün kreditlər, ailələrə isə hər uşağa ilk 1 il boyunca ayda 500 Avro olmaqla müavinətlər vermək lazımdır.

 

Bu bizə nə verəcək?

Gəlin təsəvvür edək ki, bütün bu nəhəng tikililər məmurların, dövlət şirkətləri menecerlərinin yerinə tələbələr, tədqiqatçılar və pedaqoqlarla məskulaşıb. Əlbəttə, biz burada qazax elminin bütün əhlini toplamalı olsaq da, xarici ölkə alimlərinin və müəllimlərinin köməyinə də ehtiyac var.

Bizim ərazimizdə elmi biliklərin belə sıxlığı təbii ki, öz bəhrəsini verəcək. Məsələn, bütün dünyada ixtisasından asılı olmayaraq, istedadlı universitet məzunlarını işə cəlb edirlər.Orada belə hesab edirlər ki, əsas olan ağıllı insanları bir yerə toplamaqdır, onlardan istifadə olunma yeri və sahəsi həmişə tapılar. Bunun nəticəsində Amerikanın Google şirkəti planetin ən bahalı şirkətinə çevrildi. Deməli, bu strategiya işə yaradı.

Biz də beynəlxalq səviyyəli universitet yaradaraq, konkret nəticələr əldə edə bilərik. İlk növbədə təhsil sistemini hamı üçün mümkün olacaq səviyyədə qurmalıyıq. Bu gün rəqabət apara biləcək qabiliyyətdə təhsil almaq ən yaxın yer olan Pekində, ya da artıq adiləşən Moskvada mümkündür. Nüfuzlu universitet axtarışında olan gənc hər bir halda və təbii ki, imkanı buna çatırsa, ölkəni tərk etməlidir. Əks halda uğurlu karyera şansı kəskin azalır. Amma hər şey Böyük Qazax Universiteti Astanada fəaliyyətə başlayan kimi dəyişəcək.

İkincisi isə, hakimiyyətin külli miqdarda pul töküb zərrə qədər də yaxınlaşa bilmədiyi nailiyyəti əldə edərək, Qazaxıstanı onun hüdudlarından kənarda da tanıdaraq məqsədimizə çatacağıq. Səhərdən axşama kimi CNN kanalında “Qazaxıstana gəlin” adlı reklam çarxını izləməklə heç kəs bizə gəlməyəcək. Niyə gəlsinlər ki… Əgər təhsil, burada keçiriləcək elmi simpoziumlar, konfranslar, təcrübə və elmi biliklərin mübadiləsi üçün ölkəmizə xaricdən gəlsələr, bu başqa məsələ…

Üçüncüsü, ölkə üçün yüksək ixtisaslı kadrlar yetişəcək ki, onlar da elm, təhsil, iqtisadiyyat, idarəetmə orqanlarında işləyəcəklər.

Dördüncüsü, müasir təhsil – böyük biznes olduğu üçün ölkəyə çoxlu maliyyə vəsaiti cəlb edəcəyik.

Əlbəttə, istərdik ki, belə universitet daha uyğun və cəlbedici iqlimli bir yerdə olsun – amma təəssüf ki, indiki paytaxtın yerini biz seçməmişik…

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button