Xaç qayınatası – XXII Yazı

Rahat Əliyev

İnformasiya Agentliyinin məlumatı,  11 sentyabr 2007-ci il , Astana:

“Agentliyin müxbiri bildirir ki, Nursultan Nazarbayevin tapşırığı ilə Alma-Atanın abadlaşdırılması məsələləri ilə məşğul olması  üçün dövlət səviyyəsində işçi qrupu yaradılıb.

“Mənim birbaşa göstərişlərimə baxmayaraq, “Medeo”  hündür yaşayış binalarının abadlaşdırılması davam edirdi, Buta-kovkada hər yer çəpərlənmşdi və insanların çaya gedən yolları bağlanmışdı.

Kiçik Almatinkanın bütün dərələri “Medeo”ya qədər abadlaşdırlmışdı.

Baş nazirin müavini Kərim Məsimovun çərşənbə axşamı hökümət iclasında səsləndirdiyi ölkə başçısının məktubunda belə deyilir:

– Alma-Atalıların narazıçılığının həddi-hüdudu yoxdur. Böyük Almatinkada ekoloji normalara uyğun olmayan, qanuna zidd yüzlərlə tikililər baş alıb gedir.

Prezident hökumət yetkililərinə Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə komissiya təşkil etməyi və “bu hədsiz həyasızlığın qarşısını almağı” tapşırdı.

Bu tapşırığa uyğun olaraq prezident, baş nazir Kərim Məsimovun rəhbərliyi ilə işçi qrupunun yaradılması barədə sərəncam imzaladı.

Qrupun tərkibinə Baş prokurorun müavini, Ticarət və Sənaye naziri, Ədliyyə naziri, FH naziri, Ətraf Mühitin Mühafizəsi naziri, habelə Torpaq Ehtiyatları Komitəsinin sədri daxil idi.

İşçi qrupuna sentyabrın 20-nə qədər prezidentin qaldırdığı məsələləri ciddi araşdırmaq və bu barədə təkliflər irəli sürmək tapşırılmışdı. Bundan əlavə, K.Məsimovun məlumatına görə bu məsələ Təhlükəsizlik Şürasına da çıxarılacaq.”

Əgər adi bir vətəndaş hökümətin qəzəbinə tuş gəlsəydi, onun  heç izi-tozu da qalmazdı – mütləq dövlətçilik elə bu cür mövcuddur. Lakin əksər hallarda yüngül bir təlimat da kifayət edirdi. Burada isə artıq prezidentin təşvişli səs tonu seçilirdi və o, “bu hədsiz həyasızlığın” qarşısını ala bilmədiyinə görə öz acizliyini açıq-aşkar etiraf edirdi: “Mənim əmrlərimə məhəl qoymadan tikinti-abadlıq işləri davam edir”.

Nəzərinizə çatdırım ki, bu tikinti-abadlıq işlərinə birbaşa prezidentin razılığı və iştirakı ilə başlanılmışdı. Bundan əlavə, dövlət başçısının  “təmizlənilməsi” üçün əmr verdiyi ərazidəki tikililərin sahibi elə özüdür. Hamı gözəl bilirdi ki, məsələ nə ekoloji normalarda, nə də camaatın çaya rahat gedib-gəlmələri qayğısında deyil.

Əsas məsələ Tasmaqambetovda idi…

O, Alma-Ataya rəhbərlik etmək üçün gələndə artıq özünə görə imkanları və Nazarbayevin köməkçisi olduğu dövrlərdən onun barəsində ətraflı bilgiləri var idi. Atıraunun zəngin neft yataqlarına və nərə balığı kürüsünə səbəb o, xalq sənəti nümunələrindən kolleksiyası toplaya və yazıçılar üçün mənzillər ala bilirdi. Bu cür hədiyyələr təbii ki, yerli büdcənin hesabına, hədiyyələr üçün hörmətli insanların minnətdarlığı isə personal xarakterli olurdu. Beləliklə də İmangəli hörmət qazanaraq ətrafında sadiq insanlar ordusu yaradırdı.

Öz fəaliiyəti ilə xeyriyyəçilikdən uzaq və incəsənət qədri bilməyən prezidentdən fərqli olaraq, şairlər və bəstəkarlar həmişə onu özününkü hesab edirdilər. Onunla xalq yaradıcılığı barədə söhbətlər aparmaq, gitarasının həzin musiqisi sədaları ilə “böyük incəsənətə” daha da yaxınlaşmaq olurdu.

Prezident təzə ayılmışdı və ciddi-cəhdlə buraxdığı boşluğu doldurmağa çalışırdı. O, indi var gücü ilə Alma-Atalıları inandırmağa çalışırdı ki, köhnə paytaxtın inkişafı Leonid İliçin, daha doğrusu, Nursultan Abışeviçin xidmətləri sayəsində olub. Məhz özü şəxsən gecəsini gündüzünə qatıb bu şəhərin əhalisinin rifahı üçün çalışıb.

Astana, şəninə tikilmiş misir piramidaları ilə birlikdə, onun sevimli oyuncağına çevrilmişdi, Alma-Atanı isə ciddiyə almadığının necə təhlükəli olduğunu artıq başa düşmüşdü.

Müxtəlif informasiya agentliklərinin xəbərlər buraxılışında bu səpgili məlumatlar gedirdi:

 

Bu gün hökümət başçısı Nursultan Nazarbayev Alma-Atada saldırdığı,  Seyfullin prospekti ilə Sat-payeva küçəsini və Əl-Fərabi prospektlərini birləşdirən yeni yol ayrıcının açılşında iştirak etdi.

“Mən şəxsən Alma-Ataya xüsusi diqqət ayırıram, büdcədən bu şəhər üçün normal vəsait ayrılması proseslərini yaxından təqib edirəm. Ötən il büdcədən bu şəhər üçün 67 milyard tenqe vəsait ayrılmışdır ki, bu da ümumi məsrəfin 25%-ni təşkil edirdi. Növbəti ildə isə ayrılan vəsaitin məbləği 80 milyard tenqe, yəni ümumi məsrəfin 30%-ni təşkil edir. Şəhər özü də öz işləri ilə müəyyən məbləğ qazanır ki, bu da 6-sı mərkəzi dövlət büdcəsindən olmaqla, 10 yol ayrıcı tikintisinə sərf olunub.”

(N.Nazarbayev , 3 avqust 2007-ci il, Alma-Ata)

 

Lakin dövlət başçısı bu dəfə gecikdiyinin fərqində idi. Adamını neytrallaşdırmaq üçün edə biləcəyi ən yaxşı hərəkət isə diktatorlara xas olan – öz qucağında boğmaq – üsuludur. Çox tez böyüyəni lap yaxında gözünü üzərindən ayırmamaqla və qucağında bərk sıxaraq saxlamaq lazımdır.

İmangəli Tasmaqambetov artıq Alma-Atanın meri deyil. Xaç Qaynatasının ən qiymətlisi – Astananın idarəsi ona verilmişdir.

Prezidentin köməkçisi qəzanın qarşısını alır

 

İmangəli Tasmaqambetov mənə maraqlı bir epizod danışdı. Doxsanıncı illərin ortası idi. Həmin vaxtlar onunla dost idik. Təsəvvür belə etmək olmazdı ki, ömürlük olaraq “Nazarbayevin məhsulu” damğası qazanan insan birdən-birə necə dəyişə bilər. O zamanlar o, prezident köməkçisi olaraq, prezident “qvardiyasının” boz fonunda uğurla seçilirdi. Atam – akademik, professor, cərrah Muxtar Əliyev İmangəlinin atasını və digər qohumlarını əməliyyat etmişdi ki, buna görə də o, atama minnətdar idi.

Xarici səfər zamanı baş verə biləcək bir qəzanın xofu belə İmangəlinin karyerasına yağlı bir xətt çəkməyə kifayət edirdi. Sözün əsl mənasında görünməmiş bir hadisə olmuşdu.

1994-cü il. Türkiyəyə rəsmi səfərin sonuncu günü idi. Rəsmi səfərin protokol qaydalarına əsasən, nümayəndə heyəti hava limanına yola düşdü. Təyyarənin pilləkəni ilə prezident həmişə sonuncu qalxırdı. Nümayəndələri yola salanlara, foto müxbirlərə sonuncu əl sallama ilə  səfər başa çatırdı. Komanda üzvlərinin hər biri öz öhdəsinə düşəni və yerini yaxşı bildiyi üçün bu prosedur zamanı həmişə hər şey yolunda gedirdi. Yadına saldıqca İmangəlini hələ də soyuq tərə batıran o hadisədə hazırlanmış ssenari az qala böyük bir fəlakətə çevriləcəkdi. Qayınatamın sərt xasiyyətini bilərək, deyərdim ki, köməkçisinin başı ilə iş bitməyəcəkdi.

Beləliklə, bütün nümayəndə heyəti təyyarənin içərisində təkcə  Nazarbayevi gözləyirdi. O isə öz nömrəsində heç kəsə xəbər vermədən qalıb. Yəqin ki, vida mərasiminə hazırlaşırdı. Bütün yol əşyaları, çemodanlar hazırlanıb hava limanına göndərilmişdi. Prezidentin özü isə hələ də yox idi.

Qəfildən İmangəlinin nömrəsinə prezidentin lüks nömrəsindən zəng olunur. Soyuq bir tərzdə Nazarbayev köməkçisini yanına çağırır. Vəziyyətin gərgin olduğunu anlayan İmangəli özünü prezident nömrəsinə çatdıraraq orada belə bir mənzərə ilə qarşılaşır: prezident çox tutqun halda otaqda var-gəl edir. Ütülü kostyumu, nişastalı köynəyi əynində, amma ayaq yalın…

Corablarım hanı? – deyə qəzəblə soruşur.

Tasmaqambetov anladı ki, işlər xarabdır. Corablar da digər əşyalarla birlikdə prezidenti təyyarədə gözləyirdi. İndi ona çat görüm, necə çatırsan.

Xilasedici cavab anidən ağlına gəldi. Nursultan Abışeviç, məncə corablar mənim nömrəmdə olmalıdır, deyə İmangəli, qısa məsafəyə qaçış idmançılarının (sprinter) belə qibtə edəcəyi bir sürətlə öz otağına qaçdı. Düzdür, heç bir sprinterin ağlına da gəlməzdi ki, prezident ayaqqabıları corabsız geyinməli olsaydı, onun köməkçisini nə gözləyərdi. İmangəli çemodanını alt-üst edərək oradakı ən yaxşı corabları tapdı, ütülədi və ürəyi əsə-əsə geriyə götürüldü.

Onun söhbətindən ən yadımda qalan məqamı və bunu niyə sizinlə paylaşdığımı yadıma salıram. Prezidentin lüks nömrəsinə yaxınlaşdıqca, çemodanından çıxardığı bu corabların necə bir-birə prezident əhəmiyyətliliyi ilə qiymətə mindiyini hiss etdi. Səbirsiz Nazarbayevə corabların baş əyərək təqdim olunması lap dini mərasimlərdəki kimi müqəddəs bir status aldı. Rəsmi vida mərasiminin ardıcıllığı isə artıq pozulmuşdu.

Qəza təhlükəsi sovuşdu. Prezident qırmızı xalının üzəri ilə addımlayaraq rəsmi qaraulun raportunu qəbul etdi və onları yola salmağa gələnlərlə vidalaşdı. Pilləkənləri özünə xas, bəzək-düzəkli şan-şöhrətini bir daha vurğulayaraq əda ilə qalxıb prezident “Boeing”inə mindi.

İmangəli xilas oldu və bundan sonra demək olar ki, əksər dövlət vəzifələrində, Alma-Atanın meri vəzifəsində də işlədi. Şefin susqun razılığı ilə Qazaxıstanın əsas şəhərini tikinti, təsərrüfat və maliyyə fırıldaqlarının  poliqonuna çevirdi. Elə bu fərasətinə görə və daim əlinin altında saxlaya bilmək üçün Nazarbayev onu Astanaya hakim-mer təyin etdi. Bəlkə də özünə davamçı yetişdirirdi…

Bəlkə də prezidentin köməkçisinin çemodanında əlavə corab cütü olmasaydı, Qazaxıstanın tarixində hadisələr tamam başqa istiqamətdə cərəyan edərdi? Prezidentin ətrafında ola biləcək fərqli insanlarla və fərqli nəticələrlə?..

 

Əsas məsələ təyyarələrdədir…

“Siz özünüz özlüyünüzdə bu təyyarədən artıqsınız!” “Bəli, dövlətimiz özünə bunu rəva görə bilir”.

 

Qazaxıstan Respublikasının Prezidentinin hava donanmasına olan məhəbbəti iki hissədən ibarətdir: stüardessalara məhəbbət, bir də təyyarəyə məhəbbət. Onun bu iki ehtirası son iki onillik ərzində mütəmadi olaraq bir-birini üstələyirdi: gah birincisi ikincini sıxışdırırdı, gah da ikinci elə bir güclə üzə çıxırdı ki, birinci onun kölgəsində qalırdı. Prezidentin bir-biri ilə sıx əlaqəli olan bu iki şıltaqlığı – buna sərf olunan külli miqdarda maliyyə vəsaitinə görə, istənilən başqa bir ölkənin prezidentinin istefasına, hətta həbsinə səbəb ola bilərdi. Sizinlə razıyam – istənilən ölkə deyəndə düz çıxmadı. Bu ancaq qanun örtüyü altında vətəndaşlara hədə-qorxu gəlinmədiyi normal dövlətlərdə belədir.

Prezident Nazarbayevin ilk şəxsi təyyarəsi 1994-cü ildə peyda oldu. Bu yığcam Jumbo “Boeing-747”  təyyarəsi  Serqey Tereşenko idarəsi vaxtında, təbii ki, dövlət büdcəsi hesabına, Moskvanın “Transaero” aviaşirkəti vasitəsilə alınmışdı. Həmin vaxtlar büdcədə böyük bir dəlik açılmaqda idi. Neftin gəlirinin hələ xüsusi fondların, törəmə şirkətlərin hesablarına axmadığı bir vaxtda, təzə olmasa belə, xarici istehsallı təyyarənin alınması böyük bir hadisə idi. Birdən–birə düşdüyü azadlıq havasının ilk diksinməsi keçdikcə, qayınatam, o zamanlar heç kəslə paylaşmadığı hakimiyyətin, xüsusilə də parlaq atributların, açılan imkanların həzzini təzə-təzə hiss etməyə başlayırdı. Əvvəllər prezident yeni təyyarəsi ilə – ali hakimiyyətin əlamətlərindən biri ilə qürur duyurdu.

“Boeing-747”-nin ikinci mərtəbəsi – lüks yataq otağı və kabineti ilə birlikdə tamamilə prezidentə aid idi. Təyyarənin alınmasına və saxlanılmasına sərf olunan külli miqdarda pulların cüzi də olsa bir hissəsini qarşılamaq üçün təşkil edilən ticari uçuşlar zamanı ikinci mərtəbənin qapısı qıfıllanırdı.

Tezliklə aydın oldu ki, digər prezidentlərin təyyarələri daha dəbdəbəli, komfortlu və yenidir. Alındığı vaxtdan heç bir il keçmədi ki, “Boeing-747”  Nursultan Abışeviçi əvvəlki kimi sevindirmirdi. Xüsusilə də, təyyarə alınandan sonra məlum olur ki, Qazaxıstanın hava limanları bu tip təyyarələrin uçuşuna və qəbul edilməsinə hazır olması üçün lazımi avadanlıqla təchiz olunmayıb. Eniş zolaqları da çox qısadır. Ağır “Jumbo” ancaq Alma-Atanın, nadir hallarda isə Aktübinskin eniş zolağına enə bilirdi. İstifadəsi, saxlanması üçün məsrəflər həddindən çox artmışdı – Alma-Atanın hava limanında isə onu saxlayacaq böyüklükdə anqar olmadığı üçün təyyarə xarici ölkələrin hava limanlarında qalırdı. Təyyarəyə baxacaq adamlar lazımdır. İlk prezident “Boeing”-ində pilotlar əksər halda amerikalı olmaqla, xaricilər idi ki, onların da aylıq məvacibi 15 min dollar təşkil edirdi. Özü də bütün komanda heyətinin, yəni 10 pilotun aylıq məvacibini ödəmək lazım idi…

Aradan 15 il keçib və bu baş verənlər lap ilk gəlirinə “Lamborghini” alandan sonra bunun doğma kolxozunun reallılqları ilə uyğunlaşmadığını  nəhayət anlayan “yeni rus”ların lətifəsinə oxşadı. İlk kapitalın axdığı zamanlar təkcə lətifələrdə yox, real həyatda da belə olurdu – onları silkələyib ayıldan reallıqla üzləşəndə, adətən aldıqları bahalı oyuncaqlarını “əridib” yaşadıqları dəbdəbəli həyatın növbəti şıltaqlığına sərf edirdilər.

Amma bir lətifənin qəhrəmanı bir az fərqli davrandı. Görəndə ki, “Lamborghini” doğma çala-çuxurlarda batıb qalır, onun əvəzinə “Bugatti” və “Rolls-Royce” aldı.

1995-1996-cı illərdə prezidentimizin aviasiya parkına birdən-birə iki təyyarə gətirildi. Qazaxıstanın Dövlət Əmlak Komitəsi tərəfindən büdcə pulları hesabına fransız biznes-jeti  UN09002 nömrəli “Falcon-DA900”, Kanadanın “Bom-bardye” firmasının istehsalı olan “Çellencer-604” alındı. Hər iki təyyarəni maraqlı uçuş və ticarət taleyi gözləyirdi.

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button