Xaç qayınatası – XXIV

Rahat Əliyev

Serik Burkitbayev bununla da kifayətlənmədi. Nazarbayevdən cəsarət alaraq, “Falcon” və “Çellencer”i İsveçrənin törəmə şirkətinin adına qeydiyyata saldırdı, icarədən gələn gəlir isə (nə az, nə çox, 45 milyon dollar!) yeni “Global Express” təyyarəsinin alınmasına sərf olundu. Bu təyyarəni də Nazarbayevin “Lixtenşteyn-trast” fonduna sənədləşdirdilər.

Bu minvalla da prezident yeni əsrin başlanğıcında yaxşıca təyyarə kolleksiyası topladı: fransız “Falcon”, kanadalı “Çellencer” və “Global Express”. Bunların hamısı dövlət büdcəsi hesabına alınmaqlarına baxmayaraq, müxtəlif maliyyə fırıldaqları və əməliyyatları nəticəsində Lixtenşteyndə qeydiyyatda olan özəl şirkətin mülkiyyətinə keçirildi. Çox güman ki, bu şirkətin əsl sahibinin hələ sovet vaxtlarından da deyildiyi kimi, təvazökar və sadəlövh həyat tərzi sürən prezidentimiz Nursultan Abışeviç Nazarbayev olduğuna heç kəsin şübhəsi yoxdur.

Yeni əsrdə təyyarə kolleksiyası zənginləşməyə başladı.

Əsas məsələ təyyarələrdir: gözlənilməz ardıcıllıq…

Hadisənin əsas qəhrəmanlarından biri Serik Burkitbayev bir müddət Nazarbayevin etibarlı adamı oldu. 2000-2008-ci illər ərzində o, həmişə dövlət işi ilə şəxsi biznesinin arasında seçim etmək məcburiyyətində qalırdı. Yüksək səviyyəli top-menecer və şübhəsiz, ölkənin telekommunikasiya şəbəkəsinin ən yaxşı mütəxəssisi idi. Məhz onun hazırladığı sxemlərə əsasən, “Katelko”, “Nursat” telekommunikasiya şirkətləri, “Samqau” holdinqi, Elmi-Tədqiqat Neft Qaz İnstitutu yaradılmışdı.

Təyyarələrlə bağlı hadisələrdən sonra prezident, əsasən tabeçiliyində olanların Xaç Qayınatamı, dövlət malını yeməkdə, aldadıb aldatmadıqlarını yoxlamaq üçün bütün qıcıq məsələləri Burkitbayevə tapşırırdı. Bu kimi xidmətlərinə görə, prezident köməkçisi vəzifəsinədək yüksələn Burkitbayev Qazaxıstanın ən böyük neftçıxarma şirkətinə rəhbər təyin edildi: 2008-ci ilin may ayında o, heç kəsin gözləmədiyi halda, “Qazmunayqaz”ın prezidenti oldu.

Bu təyinat ölkədə və prezident düşərgəsində böyük səs-küyə səbəb oldu: Burkitbayev Nazarbayevin ətrafındakı, öz sözünü deyə bilən və ideyalarını cəsarətlə müdafiə edə bilən çox az sayda insanlardan biri idi. Çoxdan Nazarbayevin dibsiz yem yerinə çevrilən “Qazmunayqaz”da deyəsən, dəyişikliklər gözlənilirdi.

Qorxmağa dəyməzmiş. Bu təyinat bacarıqlı menecer Serik Burkitbayev üçün nəhs gəldi. Üç aydan sonra əvvəlcə səhmdar cəmiyyətin vitse-prezidenti təyin edildi, daha sonra işdən çıxarıldı və nəhayətində (sentyabr ayında) həbs edildi. Bu sətirləri yazdığım – 2008-ci ilin sentyabrında onun sonrakı taleyi barədə heç bir məlumat yox idi.

Bunları oxuyaraq, Oxucuda bizim ölkədəki işlərin vəziyyəti barədə səhv fikir yarana bilər. “Həbs edildi” ifadəsinin yerinə, “oğurlandı” sözü daha uyğun olardı. Həbs prokurorun sanksiyası əsasında həyata keçirilir. Keçmiş qayınatamın əmin etdiyi kimi, insan haqlarının müdafiəsinə dair xüsusi sxemlə işləyən sivil dövlətlər birliyinə daxil olmağa can atan ölkəmizdə həbs barədə sanksiyanı bu ilin avqustundan etibarən ancaq məhkəmə verə bilər.

Burkitbayevin həbsi barədə heç bir qazax məhkəməsi sanksiya verməyib. Bu yaxınlara kimi prezidentin ən etibarlı adamı olan birisi, Diktatorun gizli polisinin əməkdaşları tərəfindən oğurlanır. Etibarlı mənbənin verdiyi məlumata görə, Burkitbayev xüsusi xidmət orqanlarının Astanadakı məxfi mənzillərindən birində saxlanılırdı. Bu isə istənilən sivil dövlətdə qanunsuz azadlıqdan məhrum etmə, banditlik adlanır, təşkilatçıların və sifarişçilərin cəzası da çox ağır olur.

Müasir Qazaxıstanda bu qanunsuzluğa, yumşaq dildə desək, ad da qoydular: ev həbsi. Həbs idi? – Bəli. Məhkum ev dustağıdır? – Bəli (təbii ki, hüquqi termin “ev dustağı”-na uyğun olaraq öz evində deyil, rahatca başına hər oyun aça biləcəkləri gizli bir mənzildə). Deməli, belə – ev dustağı… Bəs məhkəmənin sanksiyası olmadan – milli təhlükəsizliyin özü təhlükədədirsə, nə məhkəmə, nə ədalət?!

Neft nəhənginin prezidenti postunda olan Serik Burkitbayevin həbsindəki canfəşanlığı ilə milli təhlükəsizliyimiz doğrudan da təhlükə qarşısında idi. Milli Təhlükəsizlik Komitəsinin başçısı general Şabdarbayevin ailə biznesinin təhlükədə olduğunu da diqqətə alsaq…

Məsələ bundadır ki, Burkitbayev  “Qazaxoil”-un başına keçdiyi ilk gündən prezidenti təkidlə inandırmağa çalışırdı ki, ŞNOS – “Şımkəndnefteorqsintez”-in, Şımkənd əyalətindəki neft emalı zavodunun  baş direktorunu və onun bütün komandasını işdən azad etsin.

Hələ sovet vaxtından bu idarə ətrafında gizli hiyləli kriminal sxemlər ölçülüb-biçilirdi. Amma nəzarət edən bütün instansiyaların – prokurorluqdan tutmuş əvvəllər Dövlət Təhlükəsizlik Komitəsi, sonralar isə Milli Təhlükəsizlik Komitəsinin ayıqlığı sayəsində heç bir cinayətkar açıq-aşkar “iş” görə bilmirdi. Bu, keçmişdə qaldı. Müəyyən müddətdən sonra prokurorluq, vergi və maliyyə nəzarəti orqanları, başlarını cəncələ salmamaq üçün ŞNOS-dan uzaq gəzirdilər. Milli Təhlükəsizlik Komitəsi isə idarənin qanunsuz istismarına, oğurluğa, məhsulların qiymətləndirilməsi zamanı aparılan qəribə oyunlara göz yumurdu.

Tərslikdən bütün bu dəyişiklik Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Şardarbeyevin oğlu Arlanın “Şımkəndnefteorqsintez”-in baş direktor vəzifəsi kürsüsünə əyləşdiyi zaman baş verdi…

Əgər 2000-ci illərin əvvələrində prezidentin adamı ilə gizli polis rəisinin qohumunun çəkişməsi gözlənilməz sonluqla nəticələnsəydi, 2008-ci ildə nəticə aydın olacaqdı.

“Şımkəndnefteorqsintez” də sıravilikdən gizli polis rəisinə qədər yüksələn Aman Şardaybayevin kiçik ailə biznesinin bir hissəsi olaraq qaldı.

Serik Burkitbayev də Şardarbayevin cəlladları tərəfindən oğurlanaraq gizli mənzildə saxlanılırdı. İndiyədək də onun taleyi barədə heç bir məlumat yoxdur.

Prezident Nazarbayev dünənə kimi köməkçisi olan Burkitbayevin itkin düşməsi xəbərini alandan dərhal sonra növbəti “qısa müddətli məzuniyyətinə” çıxdı. Ak-Ordudakı gizli həyatı müşahidə edən hər kəs bilirdi ki, prezident ancaq ölkədə gözlənilməz bir hadisə baş verən zaman qısa müddətli məzuniyyətə çıxır.

Əvvəllər sentyabrın ortalarında prezident Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən növbəti iclasın açılışında iştirak etməyi xoşlayırdı. Bu qaldı keçmişdə. 2008-ci ilin sentyabrında prezidentimiz Nyu-Yorka getmək istəmədi: orada onu amerikalı jurnalistlərin Qazaxgeyt, Birləşmiş Ştatların ərazisində qanunsuz lobbi işlərinin aparılması, rüşvətxorluq, Qafqaz müharibəsinə münasibət barədə sıxıcı suallar gözləyirdi. Elə ona görə də prezidentimiz Türkiyəyə getməyə qərar verdi. Aralıq dənizi sahilində, yovşanlı meşənin əhatəsində yerləşən cah-cəlallı şəxsi imarət. Yaxınlığında da məşhur kulinarların, aşbazların çalışdığı və altı ulduzlu mehmanxana xidməti ilə əla otel yerləşir. Təbii ki, bu da şəxsi mülkiyyətə daxildir. Ətrafdakı torpaqlar da… Düzdür, əvvəlcə bu ərazilər səfirlik iqamətgahı üçün sənədləşdirilərək, sonradan fiziki şəxsin adına – vətəndaş Nazarbayevin adına qeydiyyata salındı. Necə deyərlər, kimin fərasəti nəyə çatırsa onu da ələ keçirir.

Çox-çox uzaqlarda isə təhrikedici sualları ilə bezdirici jurnalistlər, bir tikə çörək üçün bitib-tükənməyən didişmənin içində olan acgöz yaxınları…

Nursultan Abışeviçin kiçik şakəri…

Onun yaşındakı bir çox kişilərdə olduğu kimi, bizim prezidentimizin də kiçik bir xobbisi var. O, kolleksiyaçıdır.

Bizim prezidentimizin kolleksiyası İsveçrə istehsallı saatlar idi.

Prezidentin saat kolleksiyası çox sürətli bir tempdə artırdı. Keçmiş qayınatamın bu şakərini yaxın ətrafında hər kəs bilirdi. Çoxsaylı bayramlarda (Nursultan Abışeviç yaş keçdikcə bayramları daha çox sevməyə başlamışdı) hər iki paytaxtda prezidentin qəbuluna yüzlərlə qutu və qutucuqlar axın edirdi ki, bunların da hər ikincisində mütləq saat olurdu. Hədiyyə verənlər bilirdilər ki, səbəbkar hədiyyələrin çeşidlənməsi və seçilməsi məsələlərində çox vasvası olduğu üçün hər hansı bir “Longines” və ya “Raymond Weil”-lə canlarını qurtara bilməyəcəklər. Ona görə də hədiyyə seçimində çox böyük həssaslıqla davranırdılar. Əgər Nursultan Abışeviçin xoşuna gələrsə, hədiyyə verənin hədiyyə üçün xərclədiyi vəsaitin kompensasiyası üçün şansı artırdı. Əks halda o, diqqət çəkmədən ehtimal olunan xoş sürprizlərdən məhrum olurdu.

Kolleksiyanın belə artmasının təbii ki, özünə görə müsbət cəhətləri var idi. Əsas cəhəti də odur ki, kolleksiyaçı öz kolleksiyası üçün heç bir vəsait xərcləmirdi. Düşünürəm ki, prezident elə o vaxtlardan yüksək vəzifəlilərinə hədiyyə vermək xasiyyətindən əl çəkib (bu da sonuncu rəisi Dinmuhamed Kunayevdən qurtulduğu vaxta düşür) və heç vaxt özünə saat almayıb. Xüsusilə də əlcək kimi saat dəyişdirən prezidentin əmək haqqının rəsmi olaraq 10.000 ABŞ dolları təşkil etdiyini nəzərə alsaq: qızıl korpuslu “Brequet” almaq üçün prezident 5 ay, turbiyonlu (işləməli, çox qəliz mexanizmli) “Patek Phillipe” üçün 9 ay, məhdud sayda istehsal olunan “Richard Mille” və ya “Frank Muller” kimi şah əsərlər üçünsə il yarım , iki il işləməli idi.

Yəni səhər yeməyinə “Brequet”-lə çıxıb, naharda onu “Patek Phillipe” və ya “Vacheron Constantin”-ə dəyişib, axşam isə şam yeməyində limitli turbiyonlu və bələdçili “Richard Mille” ilə ədabazlığı prezidentimizə haradasa bir konstitusiya müddətinin yarısına başa gələrdi.

Belə zəngin kolleksiyanın çatışmayan cəhəti də o idi ki, onların arasında eyni nümunələr çoxluq təşkil edirdi. Bu problem bir qədər həll edilmişdi: Nazarbayevdə olan saatların bəziləri kimlərəsə hədiyyə edilirdi, qalanları isə iki yerə ayrılmışdı. Yarısı Astanadakı, yarısı da Alma-Atadakı prezident iqamətgahlarında saxlanılırdı. Bunlara baxmayaraq, prezident kolleksiyasında eyni əşyalar külli miqdarda idi. Bu da sadə zövqlü bəxşiş verənlər arasında “Patek Phillipe” və “Brequet”-nin yüksək qiymətləndirilməsi ilə izah olunurdu. “Ulysse Nardin” barədə isə heç çoxunun xəbəri yox idi.

Prezidentin bu marağı hədər yerə deyildi. Təvazökar dövlət məmurlarını müşahidə etsək görərik ki, onlar öz bahalı İsveç saatları ilə bir-biri ilə necə yarışırlar. Onlar təbii ki, bunları ya gördükləri işin qarşılığında mənimsədikləri xırda “komisyon” məbləğə alırdılar, ya da rüşvət əvəzinə saat hədiyyə qəbul edirdilər. Əgər nazirin haradasa 100.000 dollarlıq dəbdəbəli, bahalı saatı yoxdursa, deməli, bu həyatda bəxti gətirməyib.

Prezidentin əntiq əşyalar kolleksiyasından olan İsveç xronometri ilk olaraq ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Corc Tennetə, ölkəmizə yeganə səfəri zamanı hədiyyə olundu. Tennet 2000-ci ilin mart ayında Tbilisidən tranzit yolla Astanaya, oradan da Alma-Ataya uçdu. Danışıqlar barədə isə mətbuata heç bir məlumat verilmədi. Təbii ki, Nursultan Nazarbayevin hörmətli qonağa sarı qızıldan məhdud sayda istehsal olunan (deyəsən, məşhur “Patek Phillipe” markası idi) saat bağışlaması barədə də heç nə deyilmədi. Amerikanın baş kəşfiyyatçısının uzun müddət etiraz etməsinə baxmayaraq, Nursultan Nazarbayev onu şərq və Asiya ədət-ənənəsinə, qonaqpərvərliyinə uyğun olaraq hədiyyəni götürməsi üçün məcbur etdi və əks halda ev sahibinin inciyəcəyini bildirdi. Nəticədə qonaq saatların dəyişdirilməsini təklif etməklə vəziyyətdən çıxa bildi. Tennet Nazarbayevə təxminən 20 dollarlıq qara plastik elektron saatını, Nazarbayev də Tennetə özünün 80.000 dollarlıq “Patek Phillipe” saatını bağışladı. Rüşvət deyil, sadəcə kübar insanların hədiyyə mübadiləsi…

Nazarbayev Sovet İttifaqının əfsanəvi Dövlət Təhlükəsizlik Komitəsinin əsas düşməninin rəğbətini qazanmaqla fəxr edirdi. Axı bilmək olmazdı ki, “Qazaxgeyt”-in korrupsiya qalmaqalı Nyu-York məhkəməsində nə ilə nəticələnəcək…

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button