Xaç Qayınatası – XXXIII yazı

Rahat Əliyev

Əlahəzrətin müxalifəti

2007-ci ilin oktyabrında Qazaxıstanda siyasi böhran son həddə çatmışdı. Elitanın süqutu, enerji ehtiyatları uğrunda müəyyən dairələrdə baş verən çəkişmələr, güclü mövqelər və təsirlər, əmlakın bölünməsi və dəyişdirilməsi artıq kənar gözlərdən gizlədilə bilinməyəcək dərəcədə idi. Və bütün bunlar da Qazaxıstanda, nəğd pul çatışmazlığı səbəbilə gündən-günə artan bank böhranı fonunda cərəyan edirdi.

Bu şəraitdə də əhali mətbuatda və internetdə yayımlanan nüfuzdan, etibardan salan materialların şahidi oldu. Yəni Nazarbayevin ətrafında, güc strukturlarında və hətta xırda özəl mühafizə qurumlarında hər kəs hər şeyi bilir və dinləyir – bu da heç kəsdən gizli deyil. “Etibardan salan materiallar müharibəsinin” kəskinləşməsi barədə bir jurnalistin də yazdığı kimi –“yanğın söndürən də yazır, milis də”… Əksər iri həcmli özəl banklarda xüsusi təhlükəsizlik xidməti fəaliyyət göstərir ki, onun da tərkibinə rəqiblərini izləmə və dinləmə qurğuları ilə hədəfdə tutan məxfi ticari cəsuslar qrupu daxildir.

MTK-nin və Baş Prokurorluğun, Kütləvi İnformasiya Vasitələrində qanunsuz dinləmələrin təşkilində təqsirləndirdiyi ilk dövlət məmuru – daxili işlər naziri Baurjan Muhammedcanov oldu. Onda o, başqa kürsüdə – Ədliyyə naziri kreslosunda idi. Heç kəsin bir-birinə heç bir halda etibar etmədiyi bir ölkədə ədliyyə nazirliyi də istisna deyildi: Muhammedcanov tabeçiliyindəkiləri, MTK da bütün diqqəti ilə onu izləyirdi.

Elə onun mütəxəssisləri nazir köməkçisi kabinetindən başlayaraq demək olar ki, bütün otaqları gəzən kabel sistemini aşkar etdilər. Cinayət işi qaldırıldı və həmin vaxtlar yazıq Baurjan çox bərk əsəbləşməli oldu (elə o xoşagəlməz zamanlardan “Qulaqlı” ləqəbi ondan əl çəkmədi). Bir müddət onun taleyi tükdən asılı idi. Birinci ona görə ki, bu cür “qul” əqidəsizcəsinə qeyri-rəsmi Astana iyerarxiyasına (rütbəcə aşağıdakıların yuxarıdakılara tabe olma qaydası) uyğun olaraq tələb olunan anda istənilən əxlaq prinsiplərini pozmağa hazırdır ki, o, bu qabiliyyətilə hətta nazarbayevçilər dəstəsinin parlaq nümayəndələrindən seçilirdi. Elə ona görə də Ağaya o, lazım idi. İkincisi isə Astana arşınına görə onun günahı elə də böyük deyildi. Məsələ onun nə iş qarışdırdığında yox, buna görə ilişməsində idi. Böyük iş olub – tabeçiliyndəkiləri dinləyib… Kimin başına gəlmir ki!

Əlbəttə ki, istənilən qurumun qanunsuz olaraq texniki vasitələrlə dinlənilməsi MTK-nin bütün çekistlərində qısqanc bir gərginlik yaratmışdı. Axı hələ sovet dönəmindən bütün əlaqə vasitələrinə nəzarət ancaq  DTK-nin xüsusi gizli xidmətinin müqəddəs vəzifəsi idi.

Bu dəfə Baurjan Muhammedcanov yüngül bir diksinmə ilə canını qurtadı. Düzdür, bunun üçün o, Nazarbayevin qarşısında təxminən yarım saat diz çöküb və özünü “torpaq qurdu” adlandıraraq (prezidentin xüsusi mühafizəsindən olan insanların mənə danışdıqlarına əsasən) bağışlanılması üçün yalvarıb. Super Ağa onu əhv etdi. Beləliklə də iş bağlandı. Hər hansı başqa bir ölkədə Muhammedcanov kimilərinin bu əməllərinə görə mütləq istintaq araşdırması aparılaraq, ən azı vəzifəsindən azad edilərdi. Qazax “Əyri güzgülər şahlığından” başqa…

Cəzalandırılan isə nazirin istirahət otağından işçilərinin kabinetlərinə məftil çəkən yazıq texnik oldu. Ancaq xırda bir problem qalırdı. Cinayət işi qaldırıldığına görə onu bir adla bağlamaq lazım idi. Bu problemin həlli üçün Astananın rəsmi yaşamını müşahidə edənlərin diqqətindən yayınan maraqlı bir vəziyyət yarandı.

Bir tərəfdən, Nazarbayevin kadr siyasəti müntəzəm olaraq yaxın ətrafından ona rəqib ola biləcək hər kəsi sıxışdırıb çıxarmaqdan ibarət idi. Bu siyasətin əks təsiri də müntəzəm qaydada prezidentin yaxın ətrafının intellektual səviyyəsinin günü-gündən aşağı düşməsidir. Əgər Nazarbayevin qəbiləsinin kollektiv rəsmini çəksək, sovet jurnalı “Krokodil”dəki geridə qalmış “kolxoz” karikaturasına bənzəyərdi.

Bir yandan da, Nazarbayevin yaxın ətrafında bəslənən əlbirlərin ictimai rəyə nifrəti və saymamazlığı o qədər artmışdı ki, (Nazarbayevin məşhur ifadəsində də dediyi kimi: “Müstəqil mətbuat, ondan heç nəyin asılı olmadığı üçün müstəqildir”) bu artıq özünü həyasız bir şəkildə biruzə verirdi. Çox vaxt adama elə gəlirdi ki, prezidentə yaxın adamlar ictimai rəyə, cəmiyyətə və mətbuata qarşı nifrətlərini nümayiş etdirməklə yarışırlar.

Muhammedcanovu zərbə altından qurtarmaq üçün nəticədə belə bir manevr fikirləşdilər: guya ki, istintaq zamanı nazirin istirahət otağında və köməkçisinin kabinetindəki danışıqları dinləyən şəxs müəyyən edilmədi. Mənzərə çətin ki, kimisə rahat buraxa – nə qədər ki, Baurjan öz kabinetində ciddi-cəhdlə ölkədəki qanunun keşiyində dayanıb, hansısa cani, nazir stolundan bir divar o yana, divanda sərilib nazirliyin sadiq bürokratlarının danışıqlarını dinləyir…

Nazir Muhammedcanovun məhkəməyə çata bilməyən işi elit təbəqəyə bir işarə idi. Birincisi, kimsə kimisə bu yolla dinləsə Ağa çox hirslənməyəcək. İkincisi, ictimai rəy yaratmaq üçün özünü “kapitalist reallığı” çərçivəsində sıxmadan, məşhur bir şoumenin dediyi kimi: – pipl (people – ing.) qapışdırıb udur, əgər bacarmasa deməli, piplın problemidir. Hadisələrin növbəti gedişatı göstərdi ki, elit təbəqə bu yüksək səviyyəli ismarıcı düzgün başa düşüb. Və utanıb-çəkinmədən hər kəs bir-birini dinləməyə başladı.

Bu gün də Qazaxıstan Respublikasının rəhbərliyindən olan şəxslərin danışıqlarının mətbuatda çap olunması ilə əlaqəm olub-olmadığını məndən soruşanlara həmişə cavab sualı ilə müraciət etmək istəyirəm: necə təsəvvür edirlər bunu görəsən? Vyanada yaşayaraq, Avropanı səyahət edərək hansı yolla Nazarbayevin nökərlərinin bir-biri ilə telefon danışıqlarını izləyib qeydə ala bilərdim ki? Aydındır ki, bu, heç texniki cəhətdən də mümkün deyil…

“Nazarbayevin əhatəsinin telefon danışıqlarını cəmiyyətdə kim yayır” sualına da mənim öz cavabım var.

Əminəm ki, Nazarbayevin avtoritar idarəetmə modelindəki böhran-dağılma, bölünmə, dövlət büdcəsinin və sərvətinin azğın şəkildə talan edilməsi bizim əksər həmvətənlərimizin ürəyini sızladır. Şübhəsiz, onların arasında əsl Vətən sevgisi ilə tərbiyə alıb böyüyən və əllərində müxtəlif cinayətlərə dair sübutlar olan əks-kəşfiyyatın və texniki kəşfiyyatın da əməkdaşları var. Bu insanların cəmiyyətə gözlənilən təhlükə barədə məlumat verməyə heç bir şəkildə ixtiyarları yoxdur. Onların qanunla etiraz etməyə də imkanları yoxdur. Onlar  hakimiyyəti seçkilərin saxtalaşdırılması yolu ilə qanunsuz olaraq əllərində saxlayan “Ak-Orda” sarayının cinayətkarlarının ört-basdır edilməsi kimi çox ağır bir seçim qarşısında qalırdılar. Ən gülünc olanı isə – MTK-nin rəhbərlərini… əmrlərin və idarədaxili təlimatların müddəalarının arxasına sığınaraq, öz vicdanları ilə sövdələşərək “Volodyaların” və “Vladimr Vasilyeviçlərin” ölkəni talan etmələrinə göz yumaraq gizlətməli, ya da bu quldur dəstəsini ifşa etməli idilər. Nəticədə söhbət xalqa və qanuna xidmətlərinə görə hesabat verməli olan tovlanmış məmurlardan və zabitlərdən gedirdi.

Onlar öz seçimlərini etdilər. Onları, cəmiyyəti məlumatlandırma üsullarına görə qınayanlar da ola bilər. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, bu patriotların açıq şəkildə cəmiyyətə gözlənilən təhlükə barədə heç bir xəbərdarlıq etməyə ixtiyarları yox idi. Onlar onsuz da böyük risqə gedirdilər.

Yeddi il əvvəl, 2001-ci ilin oktyabr ayında, dövlət büdcəsindən vəsaitin hansı cinayət sxemi üzrə Nazarbayevin özünün və onun seçilmiş adamlarının ciblərinə axdığını, prezidentin yaxın ətrafının adətlərini mən də bilirdim. Rəsmi yolla hərəkət etməyə cəhd göstərdim: parlamentdə məruzə etmək üçün yazılı şəkildə xahiş etdim. Məruzəm tam hazır idi. Əmin idim ki, parlamentdəkilər və xalq məruzəmi eşidə bilsəydilər, ölkəmiz düşdüyü vəziyyətdə olmazdı.

Çox saf davrandım. Nazarbayev həmin vaxtlar MTK-nın sədri kürsüsündə oturan Marat Tajinin vasitəsilə deputatlar qarşısında çıxış etməyi (məclisin sədri Jar-mahan Tuyakbay ilə danışıqlardan sonra) mənə qadağan etdi. İndi o günləri xatırlayaraq, düşünürəm ki, mətbuata məlumat sızıntısını təşkil edən o insanları qınamaq olmaz. Həmin naməlum patriot insanların sayəsində əhali şah və onun müşayiətçilərinin iç üzlərini tanıdılar. Əslində, müşayiətçilər barədə az-çox bilirdilər, amma Şah çır-çılpaq qaldı!

Burada mən nə Şah, nə onun əlaltıları barədə yox, İngiltərədə dedikləri kimi, əlahəzrətin müxalifətindən danışmaq istəyirəm. Daha doğrusu, qazax müxalifətinin özünü ən prinsipial, ən-ən müxalif bir mövqedən reklam edən hissəsi barədə… Və onun bəzi liderləri: keçmiş baş prokuror Tuyakbay və ən çox “Butya” ləqəbi ilə tanınan iş adamı Bulat Əbilov barəsində danışmaq istəyirəm.

Beləliklə, 2007-ci lin oktyabr ayında İnternetdə yerləşdirilən telefon danışığının yazısı sayəsində ölkədə yeni bir dönəm yarandı. Hakimiyyətin əsl üzünü illərlə gizlədən pərdə düşdü və xalq onun əsl sifətini gördü. Və gördüyündən də güclü sarsıntı keçirdi. “DDT” rus qrupunun bir mahnısında da oxuduğu kimi – “gözəl olmasa da, bizə xoşdur”. Gözəl olmamaq bir yana, əsl idbar…

Müxalifət liderlərinə bundan böyük töhfə ola bilməzdi. Gözlənilmədən və heç bir əmək sərf etmədən boş qapının qarşısında topla (burada ən sevdiyim idman növü futbolun terminləri yadıma düşdü) hücumçu mövqeyini alırlar. Və ətrafda da heç kimsə… Yüngül bir hərəkətlə topu qapıdan keçirmək olardı. Meydan gözləyir. Qəribədir… beş dəqiqə sonra dünya çempionları ola biləcək forvardlarımız (hücumçularımız) nədənsə qaçınılmaz qolu vurmurlar.

Doğrudan da qəribədir. Uzun illərlə mövcud rejimə etiraz nümayiş etdirən, qəzəbli müxalif mövqe sərgiləyən müxalifət hakimiyyətin mövqeyini zəiflətmək və öz siyasi mövqelərini gücləndirmək üçün bu fürsətə məhəl qoymur. Bəlkə də zəiflətmək yox, bir dəfəlik siyasət yoxluğuna istefaya göndərmək mümkün idi. Mövcud rejimə qarşı mübarizə aparan əsl döyüşçü üçün gözəl arzu deyilmi?..

Günlər ötür, amma bizim müxalifətçilərdən səs-səmir yox. Güc-bəla, əziyyətlə əldə etdikləri etibarlarının son qırıntılarını da itirərək susurlar. Susmaq mümkün olmadığı halda və utanc verici olsa da susurlar…

Onlar nüfuzlu cinayət təqaüdçüsünün qarşısında quyruq bulayan daxili işlər nazirinin (gücü və səlahiyyəti ağaya yaxın olmasından və hər zaman lazımi adam üçün bir-iki kəlmə deyə bilməsindən ibarətdir idi) istefasını tələb etmirlər. Az qala ağlayaraq ondan xahiş edirlər ki, himayəsində olan iş adamı Volodya Kim (xirtdəyinə qədər cinayət qalmaqallarına batan biri) şikayətlə DİN-nin nazirinə, Ağanın yanına qaçmaqdansa , DİN-dən nə istədiyini açıq desin.

Belə çıxır dövlətin idarəsi Ağaya lap yaxın olan bu insanların əlindədir – nəticədə “edam etmək olmaz, bağışlamaq” ifadəsində vergülün yerini məhz onlar təyin edirlər.

Xural” qəzeti,

İl: 9, sayı: 033 (441),28 avqust – 03 sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button