Xaç Qayınatası – XXXIV yazı

Rahat Əliyev

Onlar prezidentin işlər idarəsinin rəhbərinin, eyni zamanda təkcə adi mülkiyyətçi deyil, böyük bir cinayət dəstəsinin sahibinin istefasını tələb etmirlər.

Onlar prezidentdən ölkədə baş verən hadisələrə açıqlama verməsini tələb etmirlər. Onlar ümumiyyətlə heç nə tələb etmirlər. Balıq kimi susurlar.

İndi səbəbini başa düşəcəksiniz.

Çox vaxt elə olur ki, dolğun ifadəli bir şəkil yüzlərlə yazılı mətndən çox məlumat verə bilir. (Bulat Əbilovla Zagipa Baliyevanın bayram şənliyindəki əyləncə şəkli kimi).

2003-cü il fevralın 14-də Alma-Atada “Ankara” mehmanxanasının Böyük banket zalında mənim böyük oğlum Nurəlinin toyu idi. Burada da növbəti siyasi intriqalar quraşdırmağa qərar verən prezidentsiz ötüşmədi. Birinci şəxsin iştirakı ilə təşkil edilən bu cür toplantılara, məclislərə dəvət olunan bəxtəvərlərin siyahısını Nazarbayev şəxsən gözdən keçirəndən sonra özünün protokol xidmətinə verir. Sonra dəvətlilərin güvənliyi prezidentin mühafizə xidməti tərəfindən bir daha yoxlanılır. Buraya da hər adam girə bilməz… Axı toy babası rolunu Nursultan Abışeviç özü oynayacaq.

Təxmin edildiyi kimi, bu cür qapalı tədbirlər haqqında məlumatlar KİV-in kübar xronikasına düşmür. Prezident öz yaxınlarının əhatəsində hərdən özünü bir az boş buraxır, təbii ki, onlardan da başqa heç kəs “açarı itən” Xaç Qayınatasını o vəziyyətdə görməməlidir. PR-ın birinci qanunu belədir: lider hər zaman döyüşə hazır vəziyyətdədir. Səliqəli bağlanmış qalstuku və uzaqlara dikilən diqqətli baxışları ilə. Ölkə əmin əllərdədir…

Liderin təkcə siyasi supermen yox, adi, normal insani cəhətlərini – şən, yerində durmayan zarafatçıl hərəkətlərinin şahidi ola biləcək çox az sayda insan var. Uzun illər mən də həmin əhatədə idim və çox vaxt da prezidenti qeyri-rəsmi şəraitdə gördükcə öz-özümə Nursultan Nazarbayevin realda məlum şablondan kənar necə səmimi və xoş insan olduğunu fikirləşirdim. Sən demə, bizim prezidentimizin içində necə istedadlı və əla bir şoumen yatırmış.

Əlbəttə, belə qiyamçı fikirlər təkcə mənim yox, haradasa ölkə əhalisinin onda ikisinin, bəlkə də onda üçünün və yaxına buraxılan beş-altı nəfər xaricilərin (lap yaxın) ağlına da gəlirdi. Gizli adət-ənənəyə görə heç kəs “Super Xanın” sərbəst məharətlərini və bəxtəvər dəvətlilərin adlarını heç kəslə bölüşmürdü. Bu, bizim əsas dövlət sirrlərimizdən biri idi.

Amma mən bu sirri açacağam. Şirin cütlük – Ədliyyə naziri Zagipa Baliyeva və Butya – yəni qazax “QazKommersBank”ın (yeri gəlmişkən, bu bankın da tam yarısı Nazarbayevə aiddir) himayəsi və maliyyə dəstəyi ilə fəaliyyətdə olan barışmaz mövqeli “guruldayan” müxalifətin lideri Bulat Əbilov. Burada qeyri-rəsmi şəraitdə, obyektivlərin və kənar gözlərin hədəfindən uzaq iş yoldaşları öz hisslərini gizlətməsələr də olar. Necə olsa, hamı özümüzünküdür. Hərə öz yerində və öz mövqeyində. Bəzisi nazir, bəzisi də narazı olanların sırasına göndərilmiş təhrikçi-cəsus (qəribədir ki, belələri bizim şahlıqda hələ də var imiş). Səhər isə yenə də hamı döyüşə! Hərə öhdəsinə düşən rolu ssenaridən kənara çıxmamaqla, siyasi səngərin əks tərəflərində düşmən mövqeyində oynamağa hazır vəziyyətdə…

Bu gün isə istirahət etmək, rahatlamaq olar. Ətrafda hamı özününkülərdir axı. Həm naziri, həm də “müxalifət lideri” – Vısotskinin mahnısındakı kimi, – bizim sınaqdan çıxmış yoldaşımız…

Nə vaxtsa Nazarbayevin birbaşa tapşırığı ilə, dələduzluq və maliyyə cinayətləri əməlinə görə açılmış və maliyyə polisi tərəfindən bağlanılan cinayət işi hələ də Bulat Əbilovun yaxasında ağır daş kimi asılı qalır. Bağlanmış bu iş onu niyə bu qədər narahat edir? Bizdə adi qəbul edildiyi kimi, bağlanılmış iş hakimiyyətin istəyi ilə çox asanlıqla yenidən açıla bilər.

2006-cı ilin iyulunda Administrasiya rəhbəri Adilbek Caksıbekovdan Butiyə qarşı cinayət işinin quraşdırılmasının və heç nədən bu qədər səs-küyün qaldırılmasının  səbəbini soruşanda cavab verdi – “Şef” dedi ki, Butyaya qulaqburması verilsin ki, uzun məhkəmə prosedurlarının ağırlığını hiss etsin. Hələ bu müddət ərzində təsadüfən yolunu azanları da tərbiyələndirmək olar.

O ki qaldı 1986-cı ildən DTK-MTK-nın məlumat verən casusu, 2005-ci ildə prezidentliyə keçmiş namizəd Jarmaxan Tuyakbaya (Tuyakbayev), o, həmin vaxtlar Qazaxıstan SSR-in Baş Prokurorluğunda adi müstəntiq işləyirdi. 1986-cı ildə Alma-Atada tələbə və gənclərə qarşı qaldırılan cinayət işi məhz onun əli ilə quraşdırlmışdı.

 Rejimin təlxəkləri

 Xaç Qayınatam təkcə öz əlbirləri ilə iş görmürdü. “Qazaxıstanın siyasi həyatı” tamaşasını yerli və xarici tamaşaçılar üçün oynayan araqarışdıran təlkəxlər də rejimə müstəsna xidmətləri ilə qulluq edirdilər.

Etiraf edim ki, Nazarbayevə haqq-ədalətlə və inamla xidmət etdiyim zamanlarda elə mən də səhnəyə iki səs-küylü ipli oyuncağın (marionet) buraxılmasında iştirak etmişəm.

İndi isə təfərrüatı ilə -1999-cu il prezident seçkiləri ərəfəsində qayınatam mənə zəng vuraraq qəribə bir tapşırıq verdi: təcili olaraq “prezidentliyə təlxək-namizəd” tapmaq lazımdır. Özünün də dediyi kimi bu, ancaq Qərb üçün lazım idi. Bu namizəd seçkilər kampaniyası zamanı rəqib rolu oynamalı idi. Təbii ki, hər şey prezident administrasiyası tərəfindən maliyyələşərək tam nəzarətdə saxlanılacaqdı.

Mən həmin vaxt dövlət gəlirləri nazirinin birinci müavini olaraq maliyyə polisinə cavabdeh idim və sirk işçilərinin axtarışı mənim fəaliyyətimə daxil deyildi. Amma prezidentin təlimatları, nə qədər qəribə olsa da, müzakirə olunmadan yerinə yetirilirdi. “Bizim gömrükdən Qəni Qasımovu götürə bilərsiniz”- deyə təklif etdim. Qəni o vaxtlar gömrük təşkilatında öz axmaq hərəkətləri ilə ad qazanmışdı. Anladığım qədərilə bizim prezidentə də lazım olan elə bu cəhətlər idi.

Nazarbayev bir müddət düşündükdən sonra, seçki qabağı vaxtın azlığını da nəzərə alaraq, təklifimi bəyəndi. Qasımovla danışmağı da elə mənə tapşırdı – yəni ideya sənindir, sən də onu bu işə cəlb et, yazılı “and içmə” və gizli videoçəkiliş materiallarını da zəmanət olaraq gətirməyin vacibdir.

Təklif layihəmiz gömrükçünü əvvəlcə o qədər də açmadı. “Onlar məndən istifadə edib, sonra da …zibil kimi atacaqlar”- deyə ilk görüşdə əsaslı şübhəllərini bildirdi. Mən də onun fəaliyyətində yüksələ biləcəyini, ən əsası da siyasətə qatılmaq üçün bu işin bir tramplin olacağını tam təfsilatı ilə təsvir etdim: – deputat və hətta beynəlxalq münasibətlər komitəsinin rəhbəri olacağını dedim. Eyni zamanda səhəri gün prezidentin öz iqamətgahında Qəni ilə üz-üzə görüşünü razılaşdırıb təşkil etdim.

Görüş uğurlu keçdi. Nazarbayev Qasımovu qarşıdakı seçkilərdə saxta rəqiblər sırasında namizədliyini təsdiqlədi və əlaltısını əmin etdi ki, qorxmağa dəyməz: – bu xidmətinə görə onu ancaq mükafatlar gözləyir.

Qarşıda gözlənilməz bir problem dururdu: gömrükçü və kommunistlərin lideri Abdildin kimi digər namizədlər üçün lazımi sayda imza toplamaq heç cür alınmırdı. Xüsusilə də cənub bölgəsində insanlar prezidentdən başqasının namizədliyinə səs verməyə qorxurdular. Taraz, Şımkənd və Qızıl-Ordada imza toplanmasını tamam batırdılar.

Nə etməli? Prezident hökümətin xidməti telefonu ilə birbaşa mənə zəng vuraraq, Dövlət gəlirləri Nazirliyinin bütün əməkdaşlarını imza toplamaq üçün səfərbər etməyi tələb edirdi. Tapşırıq tam məxfi idi. Mən əmrin qanuniliyini düşünmədən prezidentin – hakimiyyətin əsas nümayəndəsinin dövlət əhəmiyyətli təlimatlarının yerinə yetirilməsini vacib hesab etdim. Dərhal nazirliyin bölgələrdəki nümayəndəliklərinin rəhbərləri ilə telefon bağlantısı vasitəsilə iclas keçirdim. Tapşırığı əyalət maliyyə polisinin, gömrük idarəsinin, vergi müfəttişliyinin rəhbərlərinə başa saldım: – təkcə büdcəyə vergi yox, onunla birgə Qasımova və Abdildinə imza da toplamaq lazımdır. Əlbəttə ki, bu tapşırıqları verəndə prezidentə qətiyyən istinad edə bilməzdim. Həmsöhbətlərim tam bir  təşviş içində eşitdiklərini dərk edə bilmirdilər – ya nazir müavini ağlını itirib, ya da ali hakimiyyətdə vəziyyət yaxşı deyil…

Hər kəs tapşırığı təxribatda günahlandırılmamaq üçün könülsüz olaraq yerinə yetirirdi. Bütün nəzarətçilər və vergi ödəyiciləri aləmi bir yerdə, qeydiyyat üçün çatışmayan imzaları toplaya bildilər.

Bir müddət sonra Qəni yenidən növbəti problemi ilə mən zəng vurur: axı o, qazax dilini bilmədən necə imtahan verəcək? Bu məsələni də Xaç Qayınatam çox sadə üsulla həll etdi – Zagipa Baliyevaya və Mərkəzi Seçki Komissiyasına gömrükçünün iştirakı belə olmadan imtahanı uğurla verdiyi barədə sənədlərin hazırlanmasını tapşırdı.

Sonra da “ədalətli qazax seçkiləri” tamaşasının nümayişi hamının gözü qarşısında həyata keçirildi. Qəni Qasımov “Yaşıl Bazarda” alıcıların arasına qarışaraq telekameraların qarşısında su stəkanını əlində sındırdı. Düzdür, stəkan əvvəlcədən sındırılıb sonra da səliqə ilə yapışdırılmışdı. Buna baxmayaraq, cəsur gömrükçü generalın əlinin kəsilməsindən necə qorxduğunu telekanalda uzun müddət məsxərəyə qoyaraq danışırdılar. Efirə isə yalnız qəhrəmanlıq videoyazısı getdi.

Ən maraqlısı isə pərdə arxasında baş verirdi. Yenicə ərsəyə gələn namizəd deyəsən doğrudan seçildiyinə özünü inandıraraq, prezidentə xas ədalı hərəkətlər nümayiş etdirməyə başlamışdı. Qəni Kustanay vilayətinin hakim-qubernatoruna və eyni zamanda Umirzak Şukeyevə zəng vurub qışqıraraq onun seçkiqabağı məntəqəsinin yerini dəyişdirib pis ofis verilməsinin səbəbini soruşanda Nazarbayevin səbri tükəndi.

Məəttəl qalmış Umirzak təşvişlə onun – “hələ məlum deyil, seçkilərdə kim qalib gələcək”- tiradasını (çıxışın təsirli və emosional hissəsi) dinlədi. Və həmsöhbətinin prezident seçiləcəyi təqdirdə ona nələr olacağını başa düşdü.

Bu hadisədən sonra Qasımova onun anlayacağı dildə başa salındı ki, o, bu tamaşada ipli oyuncaqdan (marionet) başqa bir şey deyil. Nəticədə o, öz rolunun öhdəsindən uğurla gəldi: seçkiləri uduzdu, içki düşkünü əyyaşın fonunda Nursultan Nazarbayev, insanların hətta könüllü səs verdiyi inandırıcı, stabil bir namizəd kimi göründü.

Yeri gəlmişkən, saxta rəqibinin Şukeyevə zəngini prezident elə də bağışlamadı. Qasımovun onun yerinə can atmasından şübhəsi hələ də qalırdı. Nəticədə Qəni gömrükdən də oldu, mükafat kimi vəd edilən mövqelərdən də. Amma bir neçə ildən sonra müxalifət sıralarında “öz adamı” kimi yenə işə yaradı. Şükür ki, bunda mənim əlim olmayıb.

Böyük təəssüf hissi ilə bildirirəm ki, siyasət səhnəsinə ikinci və daha çılğın təlxək-həkim Yerasıl Abılqasımovun çıxarılmasında mən də iştirak etdim.

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button