Xaçmazda intihar

28.03.2012

Bu gün səhər saat 10.00-da Xaçmaz sakini Təranə Həbibova bacısının beşinci mərtəbədəki mənzilinin pəncərəsindən özünü atıb.

Yerli mənbələrin fikrincə, gənc qadını bu addımı atmağa yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının onun ailəsinə qarşı ədalətsiz münasibəti vadar edib. Xaçmaz polisi T.Həbibovanın intihar etdiyini təsdiqləyib. İstintaq gedir. Mərhumun bacısı Gülnarə və qardaşı Fuad Həbibovlar dəfələrlə mətbuat konfransı keçirərək bildiriblər ki, hüquq-mühafizə orqanları onların anası Nəcibə Həbibovanın qətlini qəsdən araşdırmır. N.Həbibova 2010-cu il noyabrın 15-də öz mənzilində qətlə yetirilib. O, Xaçmazda yerləşən “Arzu” Ticarət Mərkəzinin sahibi olub. Övladları əmindir ki, qətl bu obyekti ələ keçirmək üçün törədilib. Həbibovlar bildiriblər ki, 2002-ci ildə rayona Şəmsəddin Xanbabayev rəhbərlik etdikdən sonra “Arzu” Ticarət Mərkəzinin onlardan alınması məqsədilə ailəyə təzyiqlər edilib. Lakin Həbibovlar mərkəzi verməkdən imtina etsələr də, faktiki olaraq obyekt əllərindən alınıb. Məhkəmə çəkişmələri də heç bir nəticə verməyib. Ticarət Mərkəzinin sahibi öldürüldükdən sonra istintaq orqanları hər vəchlə istintaqı yubadıblar.

2011-ci il sentyabrın 23-də dövlət başçısının Xaçmaza səfəri zamanı Gülnarə Həbibova rayonda baş verən özbaşınalıq və onların şəxsi mülkiyyətinin zəbt olunması barədə nümayəndə heyətinin üzvünə məlumat verə bilib. Yoxlama nəticəsində yerli prokuror işdən çıxarılıb. Həbibovlar əmindir ki, rayon İcra Hakimiyyəti “Arzu” MMC-ni ləğv etmək və onu başqa sahibin adına keçirmək niyyətindədir. Yəni, daşınmaz əmlakı qanuni sahiblərindən almaq istəyir.

Bundan əvvəl Həbibovlar dövlət başçısına müraciət edərək onların qanuni hüquqlarının pozulmasına yol verməməyə çağırıb. İndi ümidsizliyə qapanmış ailə beynəlxalq birliyi yardıma çağırır.

CONTACT

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button