Xalid Bağırov Vəkillər Kollegiyasının hədəfində

Xalid Bağırov

Vəkilin vəsatəti təmin edilməyib…

 Dünən Nəsimi rayon məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasına qarşı iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirilib.

Hazırlıq iclasında iddiaçı Xalid Bağırov, nümayəndəsi Elçin Namazov, cavabdeh tərəfdən isə Feruz Quliyev iştirak edirdilər.

İclasın əvvəlində iddiaçının nümayənədəsi Elçin Namazov cavabdehin nümayəndəsinə etibarnamənin Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən verilməsi ilə bağlı etirazını bildirib. Nümayəındə fikrini belə əsaslandırıb ki, iddia Vəkillər Kollegiyasına qarşı olduğu üçün prosesə Rəyasət Heyətinin deyil, Vəkillər Kollegiyanın nümayəndəsi çıxa bilər. Cavabdehin nümayəndəsi Feruz Quliyev isə buna etiraz edərək, əsassız olduğunu bildirsə də, hakim növbəti proses zamanı Vəkillər Kollegiyasının etibarnaməsini məhkəməyə təqdim etməsi barədə ona göstəriş verib. Hakim onu da bildirib ki, hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərovun müstəqil tələb irəli sürərək 3-cü şəxs qismində prosesdə iştirak etmək istəməsi barədə məhkəməyə ərizə daxil olub.

Daha sonra iddiaçı və nümayəndəsi vəsatət qaldıraraq, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 24 avqust 2011-ci il tarixli – Xalid Bağırovun 1 il müddətinə kollegiyadan uzaqlaşdırılması barədə qərarın icrasının dayandırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş ediblər. Onlar buna əsas kimi bildiriblər ki, işə mahiyyəti üzrə baxılana qədər bir il müddət keçə bilər və iddiaçının xeyrinə çıxacaq qərar əhəmiyyətini itirə bilər.

Müşavirədən qayıdan hakim E.Hümbətov həm Vidadi İsgəndərovun məhkəmədə iştirak etməsi, həm də iddiaya səbəb olmuş qərarın icrasının dayandırılması ilə bağlı vəsatətlərin təmin edilmədiyini və mahiyyəti üzrə baxışın 3 noyabr saat 12:00-a təyin edildiyini elan edib.

Xatırladaq ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov  “Bizim Yol” qəzetinin 01 mart 2011-ci il tarixli 38 (1614)-ci nömrəsinin 5-ci səhifəsində müəllif Hacı Zeynalovun imzası ilə “Tutulanlara vəkil yox, zopa lazımdır” başlıqlı, eləcə də “Vəkil Xalid Bağırov bu şüarla aksiyalar keçirilməsini təklif edir” sərlövhəli yazısında 13 yanvar 2011-ci il tarixdə Nizami rayonu Polis İdarəsinin 25-ci polis bölməsində şübhəli şəxs qismində saxlanılan Elvin Əsgərovun döyülərək öldürülməsi barədə sərt ittihamlar irəli sürülməsini əsas gətirərək, yazılanları böhtan xarakterli ifadələr adlandırmış və “Bizim Yol” qəzetinin əməkdaşı Hacı Zeynalov və vəkil Xalid Bağırov barəsində CM-nin 147.2 ci  (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə 15 aprel 2011-ci il tarixdə xüsusi ittiham qaydasında şikayət verən şəxsin üzrlü səbəb göstərmədən prosesdə iştirak etməməsini və xüsusi ittihamçının vəkilinin qanunla müəyyən edilmiş sənədi olan etibarnamənin  mövcud olmadığını əsas gətirərək, məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar elan etmişdi. 24 avqust 2011-ci ildə isə Vəkillər  Kollegiyası  Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun müraciətinə əsasən 6 saylı hüquq məsləhətxanasının vəkili Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar verib.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button