Xalq artistinə 1500, Milli Qəhrəmana 600 manat!

Milli Qəhrəman Eldar Ağayev
Milli Qəhrəman Eldar Ağayev

Milli Qəhrəman Eldar Ağayev: “Rüşvətxor cəmiyyətdə nizami ordu ola bilməz”

Qarabağ müharibəsinin canlı əfsanələri –  Milli Qəhrəmanlar. Onlar çox az qalıb. Lakin heç də hamısı qayğı ilə əhatə olunmayıb. Onlarda sadə döyüşçülər kimi problemlər məngənəsində sıxılırlar. Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayevlə Veteranlar Cəmiyyətində görüşdük. Döyüş yolundan, mülki həyatı barədə söhbət etdik.  

Azərbaycanın Milli Qəhrəman Eldar Ağayevin hərbici yolu 1972-cı ildə Bakı Ali Komandanlıq Məktəbindən başlayıb. 1976-cı ildə  Sovet Ordusu sıralarında  xidmətə başlayan gənc leytenant Ağayev Kalninqrad, Kamcatka, Amur, Əfqanıstan və keçmiş Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb. Almaniyadan bir başa Azərbaycana, doğma vətəninə xidmətə gəlib.

 Müharibəyə tanışlıqla gedən leytenant

 E.Ağayev bizimlə söhbətində Əfqanıstana könülü getdiyini bildirdi:   

– Açığı, o zaman fikirləşirdim ki, hərbiçi kimi müharibədə iştirak etməliyəm. Könüllü olaraq Əfqanıstana getmək üçün üç dəfə ərizə yazdım. Lakin Ali Hərbi Şura xahişimi rədd etdi. O zaman Sovet Ordusunda qəribə bir xüsusiyyət vardı. Müharibəyə getmək istəyənləri aparmırdılar, getmək istəməyənləri göndərirdilər. Məzuniyyətdə olarkən təsadüfən Hərbi Şuranın üzvinin oğlu ilə tanış oldum. Ondan xahiş etdim ki, mənim Əfqanıstana getməyimə yardım etsin.  Doğurdanda mənə kömək etdi. Atası Hərbi Şurada məni müdafiə etdi. 1984-cü ildə Əfqanıstana xidmətə yolandım. İki aydan sonra taburların tərkibində kəşfiyyat bölükləri yaradılması barədə əmr verildi. Mən həmin taqımlardan birinin  komandiri təyin edildim.O zamandan hərbi kəşfiyyatda oldum. Əfqanıstanda çox mühüm hərbi əməliyyatlar apardıq. Üç ay sonra məni “Qırmızı Ulduz” ordeni ilə təltif etdilər. Bir il sonra alayın kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyin etdilər. Xidmətlərimə görə Əfqanıstan hökumətinin “İgidliyinə görə ” ordeni ilə təltif edildim.

 “Xocalı faciəsindən sonra rus ordusunda qala bilməzdim”

 1991-ci ildə E.Ağayev Sovet Ordusunun Almaniyada yerləşən xüsusi kəşfiyyat taborunun komandiri təyin edilir. Bir il sonra E. Ağayev vətənin müdafiəsində iştirak etmək üçün Azərbaycana qayıdır:

– Sözün acığı Azərbaycanda 1991-ci ildən xidmət etmək istəyirdim. O zaman Bakıya ezamiyyətə gəldim. Azərbaycanda Müdafiə Nazirliyi yeni yaranırdı. Səhv etmirəmsə Bərşadlı nazir idi. Nazirlik “Dzerjinski” klubunda yerləşirdi. Hərbi formada nazirliyə getdim. Orada bir nəfər qoluma girib, nə üçün gəldiyimi soruşdu. Dedim ki, Almaniyada xidmət edirəm, lakin indi vətənə dönmək arzusundayam. O adam mənə bildirdi ki, mənə filan qədər pul verərsən, səni briqada komandiri təyin etdirərəm. Bu söhbətdən iyrəndim və nazirliyi tərk etdim. 1992-ci ildə Azərbaycan müstəqilliyini əldə etdi. Xocalı faciəsindən sonra rus ordusunda qala bilməzdim. Komandanlığa raport yazaraq Qafqaz Hərbi Dairəsinə göndərilməyimi xahiş etdim. Sənədlərimi alıb bir-başa Azərbaycanın Müdafiə Nazirliyinə üz tutudum.

 Azərbaycanın İlk kəşfiyyat taborunun komandiri

 General Valeh Bərşadlı Baş Qərargah rəisi təyin etdildikdən sonra E.Ağayev Azərbaycan ordusunun ilk kəşfiyyat taboruna komandır təyin edilir. E.Ağayev Qarabağ döyüşlərinə Fizuli rayonunda başladığını bildirdi:

– Bizə qəflətən əmr gəldi ki, Fizuli istiqamətində hərbi əməliyyatlarda iştirak etməliyik. Bizim işimiz düşmənin cəbhə xəttini yarmaqdan ibarət idi. Orada  bir sıra mühüm əməliyyatlarda iştirak etdik. Sizə maraqlı bir fakt danışım. 1992-ci ildə Fizulidə ağır vəziyyət yarandı. Gövşadlı kəndi yaxınlığında yerli batalyon mühasirəyə düşmüşdü. Bizə onları mühasirədən çıxarmaq əmri verildi. Döyüş yerinə gecə gəlib çatdıq. Əməliyyat planı hazırlayarkən məlum oldu ki, ermənilər tankların hərəkətinin qarşısını almaq üçün lağımlar atıblar. Həmin yeri tədqiq edərkən gördüm ki, bir nəfər 30 yaşlarında “masxalat”lı cavan bir oğlan ətrafımızda gəzir. Ondan soruşdum ki, kimsən? Mənə dedi ki, yerli batalyonun kəşfiyyat taqımının komandiri Yusifəm. Onu bildirdim ki, tank əleyhinə lağımları doldurmaq lazımdır. Dedi ki, səhərə hazırdır. Səhər qaranlıqda hücuma keçəndə gördük ki, həqiqətən də lağımlar doldurulub. Əməliyyat uğurla başa çatdı. Əməliyyatdan sonra bu Yusifi axtarmağa başladım. Mənə dedilər ki, yerli kəşfiyyat tağımı yoxdur. Uzun axtarışdan sonra məlum oldu ki, Yusif  prokurorluqda xüsusi ağır cinayətlər üzrə müstəntiqdir. O zaman insanlarda vətənə sevgi vardı. Yusif prokurorluq işçisi olmasına baxmayaraq döyüşlərdə iştirak edirdi.

 “Sərdar Həmidov kimi icra başçısı görməmişəm”

 E.Ağayev Tərtər uğrunda gedən döyüşlərə düzgün qiymət verilmədiyini bildirdi:

– 1994-cü ildə Tərtər istiqamətində çox ağır döyüşlər getdi. 42 gün dayanmadan hərbi əməliyyatlar aparıldı. Döyüş əməliyyatla rəhbərliyi Elbrus Orucov həyata keçirirdi. Onu deyim ki, Elbrus Orucov çox bacarıqlı hərbiçidir. Tərtərin qorunmasında mənim əsgər və zabitlərimin də böyük xidmətləri olub. Onu bildirim ki, Tərtər döyüşlərinə hələdə layiqi qiymət verilməyib. Olduqca ağır döyüşlər gedirdi. Ermənilərin rəsmi məlumatına görə, 1500-dən çox  erməni əsgər və zabiti döyüşlərdə həlak olub. 3000 mindən artıq erməni əsgəri isə yaralanmışdı. Amma ermənilər rəqəmləri dəfələrlə azaldırdılar. Biz həmin döyüşlərdə kəşfiyyat əməliyyatlarını davam etdirirdik. Düşmən əsgər və zabitlərini əsr alırdıq. Onların verdiyi məlumata görə, erməni ordusu dəfələrlə çox itki vermişdilər. Həm də artıq onların qüvvələri tükənirdi. Biz əsr götürdüyümüz erməni əsgərləri bildirirdilər ki, onları Ermənistanda hərbi komissarlıqdan birbaşa cəbhə xəttinə göndəriblər. Ermənilər o zaman heç bir hərbi təlim keçməyən əsgərlərlə vuruşurdular. Onda biz əks-hücuma keçsəydik, böyük qələbələr əldə edərdik. Onu bildirim ki, Tərtərin saxlanmasında icra başçısı Sərdar Həmidovun böyük xidmətləri olub. Onun sayəsində Tərtəri heç kim tərk etmədi. Təssərrüfat dağılmadı. Əksinə, hamı öz işini görürdü. Bu da bizə ruh yüksəkliyi verirdi. Mən Sərdar Həmidov kimi icra başçısına rast gəlməmişəm.

 Barəmdə iki dəfə cinayət işi qaldırdılar

 Atəşkəs elan edildikdən bir müddət sonra E.Ağayevin rəhbərlik etdiyi hərbi hissə Bakıya qaytarılır. Bundan sonra müəmmalı şəkildə Milli Qəhrəmana qarşı təzyiqlər başlayır.

– Heydər Əliyev mənə Milli Qəhrəman adı verdikdən sonra barəmdə iki dəfə cinayət işi açıldı. Birinci dəfə hərbi hissəni yoxlayan komissiya rəy yazdı ki, silahlar çatışmır. Halbuki mənə verilən silahlar yerində idi və bizdə daha artıq silah vardı. Çünki döyüşlərdə ermənilərin silahlarını da ələ keçirmişdik. Müdafiə Nazirliyinə raport yazıb yeni yoxlama tələb etdim. Lakin onlar işi prokurorluğa verdilər. Prokurorluq yoxlama apardı, heç bir qüsur aşkarlaya bilmədi. İkinci cinayət işi isə çox gülməli idi. Bir adamın şəhərcikdə qohumu yaşayırdı. Ona şəhərciyə daxil olmaq üçün buraxılış vərəqəsi vermişdim. Həmin şəxs isə buraxılış vərəqəsi ilə dələduzluq etmişdi. Bunun isə mənə aidiyyatı yoxdur. Axı buraxılış vərəqəsi ilə hərbi komissarları aldatmaq necə mümkün ola bilər? Bu işlərdən sonra ordudan çıxmaq üçün Səfər Əbiyevə raport yazdım. Lakin məni buraxmadı. Sonra hərbi məktəbə kafedra müdiri təyin etdilər. Sözün düzü mən orada işləmək istəmirdim. Hesab edirdim ki, daha layiqli komandirlərin yanında çalışmalıyam. Lakin Səfər Əbiyev məni işlə təmin etmədi. Belə olan təqdirdə Ədliyyə Nazirliyinin Tədris Təlim Mərkəzinə keçdim. Oradan da pensiyaya çıxdım.

 “Rüşvətxor cəmiyyətdə nizami ordu ola bilməz ”

 E.Ağayev orduda islahatların aparılmasının vacib olduğunu bildirdi:

– Hesab edirəm ki, orduda ciddi islahatlara ehtiyac var. Ali Hərbi Məktəbdə NATO təlimləri keçirilir. Ordu isə keçmiş SSRİ-də olduğu kimi idarə olunur. Bu uyğunsuzluq aradan qalxmalıdır. Kadr islahatı aparılmalıdır. Ümumiyyətlə, ordu yenidən qurulmalıdır.   

– Azərbaycan Ordusu müharibəyə hazırdırmı?

–  Ordu cəmiyyətin bir hissəsidir. Ordunu cəmiyyətdən ayırmaq olmaz. Əvvəlcə sual verək, Azərbaycan cəmiyyəti müharibəyə hazırdırmı? Əgər cəmiyyət hazırdırsa, ordu da müharibəyə hazırdır. Rüşvətxor cəmiyyətdə nizamı ordu ola bilməz. Bu gün Azərbaycan dövləti təhlükə qarşısındadır. Bu təhlükə korrupsiya və rüşvətdən irəli gəlir. Mülki həyatda necədirsə, orduda da eyni vəziyyətdir. “JEK” müdiri vətəndaşa necə baxırsa, komandır də əsgərə eyni gözlə baxır.  Əgər zabit əsgərdən rüşvət alırsa, sabah birlikdə necə döyüşə gedəcəklər? Məncə müharibəyə başlamazdan əvvəl bu problemlər həll edilməlidir.  

 Evsiz Milli Qəhrəman

 – Bildiyimiz qədər sizin eviniz yoxdur. Hazırda harada yaşayırsınız?

– Şübanıda hərbi şəhərcikdə 3 otaqlı xidməti mənzildə yaşayıram. Həmin mənzil mənim şəxsi mənzilim deyil.

– Ev almaq üçün müraciət etmisiniz?

– Xeyr etməmişəm. Milli Qəhrəmanların statusu haqda qanun yoxdur. Ona görə də qanunla kimsədən nəsə tələb edə bilmərəm. Gedirsən bir iş üçün. Deyirlər ki, “qanunla sizə heç nə düşmür. Amma siz Milli Qəhrəmansınız, sizə təşkil edərik. Axı nəyə görə minnət götürməliyəm? Həm də bilirsiniz, mən döyüşə gedəndə evə, pula və karyeraya görə getməmişəm. Vətənə xidmət etmişəm. Vətən anadır. Övlad isə anadan nəsə tələb edə bilməz.

– Amma elə deputatlar var ki, 20 ildir Milli Məclisdə otururlar və hər çağırışda bir ev alırlar, xalq artistlərinə ev verirlər. Həm də evləri olduqları halda.

– Sizinlə tamamilə razıyam. Xalq artistinə 1500, Milli Qəhrəmana 600 manat verilməsi ədalətsizlikdir. Milli Qəhrəman ölkənin ən ali adıdır. Axı Milli Qəhrəmanlar elə də çox deyil. Onların vəziyyətini yaxşılaşdırmaq olardı. Onlara elə şərait yaradılmalıdır ki, gənclər də onlara baxıb vətən uğrunda qəhrəmanlıq etməyə hazır olsunlar. Milli Qəhrəmanlardan nümunə götürsünlər.

 Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button