Xalq Cəbhəsi üzvü Naxçıvanda saxlanıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü İmran Qurbanlı saxlanıb.

Bu barədə AXCP-dən məlumat verilib.

Partiyadan bildirilib ki, İ.Qurbanlı mayın 21-də səhər saatlarında saxlanıb: “İmran bəy Türkiyədə yaşayıb işləyir. İldə bir neçə dəfə Naxçıvana ailəsinə baş çəkmək üçün gəlir. Bu gün səhər saat 10 radələrində özü bizimlə əlaqə saxlayıb dedi ki, qapıda altı-yeddi polis əməkdaşı var, onu Şərur rayon polis şöbəsinə aparırlar”.

AXCP-dən qeyd olunub ki, bir neçə saatdır ailəsi ondan xəbər tuta bilmir.

Partiyadan hesab edirlər ki, o, sosial şəbəkələrdə yazdığı tənqidlərə görə saxlanıb.

İ.Qurbanlının saxlanılması barədə məlumatı “Turan”a Naxçıvan Muxtar Respublikası (MR) Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən də təsdiqləyiblər. Bildirilib ki, həmin şəxs saxlanıb, barəsində araşdırma aparılır. Amma nazirlikdən ətraflı məlumat almaq mümkün olmayıb.

Naxçıvan MR Azərbaycanın eksklavı sayılır. O, ölkənin əsas ərazisindən aralıda yerləşir və digər dövlətlərlə (Türkiyə, İran, Ermənistan) əhatə edilib. Muxtar respublikanın bir çox şəxslərinin işləmək üçün qonşu Türkiyəyə üz tutduğu bildirilir.

Hazırda AXCP-nin 10-a qədər fəali uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button