XALQ JURNALİSTİKASI

Yenidən “Xalq Jurnalistikası”na start verildi. Burada jurnalist xalqdır. Biz sadəcə poçtalyon kimi vasitəçilik edirik. Müsahibi elan edirik, sosial şəbəkələrdə gələn sualları toplayıb sahibinə  ünvanlayırıq. Müsahibimiz ya yazılı, ya da ənənəvi qaydada – diktafon qarşısında sualları cavablandırır. Zövqlər müxtəlif olduğu üçün suallar da ayrı cür ola bilər. Yalnız “Xalq Jurnalistikası”nda siyasətdən tutmuş mədəniyyətə qədər istənilən sahədə müsahibə sual ünvanlamaq imkanı var…

 İsa bəy qəlyanı buraxıb!

 “Azərbaycan xalqı dəfələrlə öz fədakarlığını sübut edib”

 İsa Qəmbər: “Əliyevlərin 18 illik hakimiyyəti dövründə millət üçün gördüyü işləri xatırlamaq çox çətindir”

 

İlk qonağımız Müsavat partiyasının başqanı İsa Qəmbərdir.

Çoxlu tarixi kitablar olan otağında başqanla söhbət etdik. Daha doğrusu, sualları vərəqdən oxuduq, o isə cavablandırdı.

Əvvəlcədən bir “şok” xəbəri deyim: Başqan qəlyanı “Kent” siqareti ilə əvəzləyib! Hər sual arası birini yandırırdı. Ona görə yox ki, çox çəkir. Ona görə ki, biz sualı oxuyanda o yandırır, bir qullab alır, cavab bitənə qədər siqaret külqabıda yanıb qurtarırdı. Bir sözlə, İsa bəylə müsahibəyə gələn jurnalist ona əgər 20 sual ünvanlasa, demək, “bir qutu siqaretlik söhbət etdik” deyə bilər. Bu, az rəqəm deyi. Gündə 10 jurnalistlə görüş, axşama bir blok siqaret deməkdir. Siqaretdən dadanlar bir blokun nə demək olduğunu yaxşı anlayar.

Nəsə, siqaret burulğanında projemizə başlayırıq…

 

Fədakar gənclərin qarşısında baş əymək lazımdır

 

Məcid Mərcanlı:

İsa bəy, kimə və daha çox nəyə qulaq asırsınız?

– Musiqi qeyri-adi bir fenomendir və hər şeyə – adamı kədərləndirməyə də, ruhlandırmağa da qadirdir. Açığını desəm, musiqinin yaxşısını sevirəm. Filan janrı xoşlayıram, filan janrı xoşalmıram söyləsəm, düz olmaz. Musiqiçinin necə ifa edilməsi mənimçün daha önəmlidir. Öz folklorumuzdan tutmuş müasir avanqard müsiqiyə qədər, hamısını imkan düşdükcə dinləyirəm. Gəncliyimdə də, elmi fəaliyyətimdə də xoşladığım musiqləri bir fon kimi dinləyirdim, musiqi müəyyən mənada məni ətraf mühitdən təcrid edib, çalışma şəraiti yaradırdı. İndi də bəzən bilgisayar arxasında çalışırkən, musiqiyə qulaq asıram. Fon kimi lirik mahnılara, ya da klassik musiqiyə qulaq asıram.

 

Nurlan Niyazlı:

1) 2002-ci ildə, müxalifətin güclü vaxtlarında bölgələrdə mitinqlər keçirilirdi. Əhalinin əmlakına ziyan dəyirdi. Bununla nə demək istəyirdiniz?

– Əvvəla, dostumuz aydınlaşdırsın ki, hansı əmlaka ziyan dəyib. Əgər bizdən ziyan gəlibsə, bu barədə düşünərik. Ancaq mənim yadımda qalan mitinqlər zamanı biz tərəfdən heç kimə zərər toxunmayıb. Səfərlərimiz zamanı adətən hakimiyyət vətəndaşların əmlakına zərər vururdu. Hətta hakimiyyət bizim bölgələrə gedib seçicilərlə görüşümüz zamanı yolları dağıdırdı. Məqsəd ya bizi səfərimizdən imtina etdirmək, ya da ləngitmək idi. İstənilən halda Nurlan bəy fakt ortaya qoysa, bu barədə düşünə bilərik.

 

Nurlan Niyazlı:

2) Azadlıq və demokratiyanı gənclərin döyülməsində görürsünüz?

– Bu gün ölkədə əhalinin böyük əksəriyyəti vəziyyətindən narazıdır. Cəmiyyətdə narazı olanlar etiraz edənlərdən, haqq səsini ucaldanlardan qat-qat çoxdu. Etirazlarını ortaya qoyan, fədakarlıq nümayiş etdirən gənclərin qədrini bilmək lazımdır. Onların hər biri yüz, min adamın yerinə meydana çıxır, xalqın etiraz səsini ifadə edir. Bu cür gənclərin qədrini bilmək, onların fədakarlığı qarşısında baş əymək lazımdır. Yox, əgər kimsə deyirsə ki, gənclər yalnız bizim sözmüzülə meydana çıxıb, bu da yanlışdır. Çünki 20-yə yaxın dostumuz 6 aydır ki, məhbəsdədir. Onlar faktiki girov altındadır. Ancaq heç kim mövqeyini dəyişmədi. Arif Hacılı başda olmaqla mübarizəni içəridə belə aparırlar. Ən azından məhkəmədə onların çıxışını dinlədik. Üstəlik məhkəmə gedişində Ülvü Quliyev YAP-dan çıxıb Müsavata gəldiyini bəyan elədi, Elnur İsrafilov AXCP-yə keçdi. Bu insanlar öz mövqelərini ortaya qoymuş müstəqil, hörmətəlayiq insanlardır. Onları nə mübarizlərinə görə ittiham etmək, nə də kimlərinsə sözü ilə meydanlara çıxması uydurmaları ilə təhqir etmək heç bir vətəndaşımıza yaraşmaz.

 

DİN razılaşmaya əməl etdi…

 

Anonim:

2003-cü ilin oktyabrın 16-da Daxili İşlər Nazirinin müavini Oruc Zalovla 15 dəqiqəlik görüşdə nədən danışdınız? Oktyabrın 16-da hamıyla sonadək meydanda niyə qalmadınız?

– Bu sualı ünvanlayan ya məsələlərdən xəbərsizdir, ya da qərəzlidir. DİN-in yüksək rütbəli şəxsləri qərargaha gələndə mənim otağımda təxminən 40 nəfərin iştirakıyla söhbət olub. Orada hər hansı bir gizli danışıq olmayıb. Əvvəlcədən bizim nümayəndələrimiz DİN-in nümayəndələri ilə söhbət etdilər. Müəyyən razılaşma əldə olundu. Həmin ana qədər həbs olunan tərəfdarlarımız buraxılmalı idi, qərargahda seçki işi ilə əlaqədar 50-yə yaxın şəxsin işləməsi və qərargahı tərk edən insanların heç birinə toxunulmaması razılaşdırılmışdı. DİN o gecə razılaşmanın şərtlərinə əməl etdi. Həmin axşam həbs olunanlar azadlığa buraxıldı və qərargahı tərk edənləri tutmadılar. Səhərə qədər qərargahda seçki ilə bağlı işləyənlərə maneə yaradılmadı.

Meydan məsələsinə gəldikdə isə bu barədə dəfələrlə fikrimi bildirmişəm. Həmişə olduğu kimi, həmin gün də mitinqin yüksək səviyyədə keçməsinə çalışdıq. Mitinq müddətində belə bir ənənə formalaşmışdı ki, müavinlərim, partiya liderlərinin iştirakı ilə mitinq başlayırdı, ondan sonra mən meydana gəlirdim. Həmin gün də ona bənzər situatsiyanı gerçəkləşdirmək istədik, təəssüf ki, hakimiyyət bütün zorakı vasitələrlə meydanı dağıtdı. Ona görə də meydana gələ bilmədim. Bu tipli sualları verənlər bir həqiqəti unutmamalıdırlar: Bu bir hərəkatdır və bu hərəkatın önündə anonim deyil, açıq şəkildə gedirəm. Meydan yalnız mitinq gedən ünvanlardan ibarət deyil. Bu mübarizə meydanıdır və öndə mən və silahdaşlarım gedirik və gedəcəyik.

 

Ağa Cəfərli:

Vəziyyət çıxılmaz təsiri bağışlayır. Hamı ümidsizdir. Müxalifət əvvəlki qaydada yerində sayır. Bu işlərin axırı necə olacaq?

– Heç kimə ümidsizliyə qapılmağı məsləhət görmürəm. Diqqət edin, 2011-ci ilin yanvar ayından başlayaraq bir sıra ərəb ölkələrində xalq hərəkatı başladı. Xalq hərəkatı başlayanda həmin xalqların siyasətçiləri, ekspertləri də, bölgəylə maraqlanan mütəxəssislər də təəccübləndilər. Çünki iki-üç ay əvvəl belə bir hərəkatın başlayacağını heç kim proqnozlaşdırmırdı. Məşhur rus bloggeri Navalni ABŞ-da bir tədbirdə olanda tunisli həmkarlarıyla görüşür. Tunisli bloggerlər Novalniyə və Rusiyaya həsəd aparırlar ki, orada demokratiya əlamətləri var, ancaq Tunisdə yoxdur, mitinqlərə 50-dən artıq adam gəlmir, Bin Əlinin Avropayla yaxşı əlaqələr var, ona görə də Qərb ona toxunmur və s. Bu sözlər 2010-cu ilin dekabr ayında deyilmişdi, ancaq 2011-ci ilin yanvar ayında xalq ayağa qalxdı və Bin Əlini devirdi. Azərbaycan xalqı da dəfələrlə öz fədakarlığını sübut etmiş xalqdır. 1988-ci il Meydan Hərəkatını xatırlayıram. 1988-ci ilin dekabrın 5-də ruslar meydanı dağıtdıqdan sonra 1989-cu ilin avqustuna qədər heç bir mitinq keçirilmədi. O vaxtkı narahatçılıq yadımdadır. Ancaq 1989-cu il mitinqlərinin vüsətinə görə həmin il Azərbaycan xalqı ilin xalqı elan edildi. 1990-ci ilin yanvarında Moskva növbəti total hücuma keçdi, 20 Yanvar qırğını törəndi. Və yenə 1991-ci ilin avqustuna qədər Azərbaycanda heç bir kütləvi tədbir olmadı. O vaxt “Azərbaycan xalqına elə zərbələr vurulub ki, bir daha ayağa qalxmayacaq” fikirləri irəli sürülürdü. Ancaq xalq yenə ayağa qalxdı və müstəqillik bərpa edildi. 2000-ci ilin parlament, 2003-cü ilin prezident seçkilərində kütləvi etirazlar oldu. Bunları ona görə deyirəm ki, ümidsiz olmaq lazım deyil. Situatsiyanın yetişdiyi anda xalq öz sözünü deyəcək.

 Bizim seçki tələbimiz qüvvəsindədir

 

Maarif Çingizoğlu:

1) Prezidentliyə namizədliyinizi verəcəksinizmi?

– Prezidentlik söhbəti son dövlər yenidən medianın gündəminə gəlib. Biz də neytral şəkildə cavab verəndə ki, siyasətçiyik və seçkilərdə iştirak haqda düşünürük, sonra da səmimi diskussiyalar və qeyri-səmimi spekulyasiyalar yaranır. Seçki – hələlik günün mövzusu deyil. İstənilən vaxt namizədlik irəli sürülə bilər. Ölkədə xalqın seçim etməsinə imkan veriləcək şərait yaradılıbmı? Öncə bu şəraiti yaratmalıyıq. Demokratik seçkinin təminatı olsun, bilinsin ki, seçilən şəxs ölkənin başçısı olacaq, xalqın seçdiyi şəxslər parlamentdə oturacaqlar. Yeri gəlmişkən, biz – İctimai Palata parlament seçkilərinin nəticələrinin ləğv edilməsini, yenidən seçkilərin keçirilməsini tələb edirik.

 Maarif Çingizoğlu:

2) İlham Əliyevə nədə güzəştə gedərsiniz?

– Abstrakt bir sualdır. Biz görsək ki, xalq üçün hansısa bir iş görülür, bunu nəzərə alacağıq. Təəssüf ki, Əliyevlər rejiminin 18 illik hakimiyyəti dövründə millət, xalq, dövlət üçün gördüyü işləri xatırlamaq çox çətindir. Bu hakimiyyət heç vaxt xalqın mənafeyini öz mənafeyindən üstün tutmur. Bu da rejimin acı bir reallığıdır. Müsavat partiyası üçünsə millətin, vətəndaşların maraqları hər şeydən üstündür.

 Nail Bağırzadə:

1) Solçu partiya olan Müsavat nədən liberalların forumuna daxil oldu?

– Müsavatın sol partiya olmasıyla bağlı fikir yanlışdır. Düzdür, partiya 1911-cu ildə qurulanda solçu ideyalara rəğbətlə yanaşıb. Bu da həmin dövrün özünəməxsusluğu idi. O dövrdə dəyişiklik istəyən qüvvələr əsasən solçu qüvvələr idilər. Ancaq sonrakı mərhələdə Müsavat sağ mərkəzə doğru irəliləyib. Bütövlükdə götürdükdə isə partiya qurulduğu gündən 100 illik tarixi boyu liberal dəyərlərə böyük önəm verib. Nədənsə, Azərbaycan cəmiyyətində liberalizmə qarşı bir inamsızlıq var. Bir şeyi bilmək lazımdır. “Liberal” sözü azadlıq sözünün Avropa dillərindəki ifadə formasıdır. “Liberalizm” azadlıq anlayışından yaranmış sözdür. Biz vətəndaşlardan soruşanda ki, azadlığın olmasını istəyirmi? Cavab müsbət olur. Yaxşı, bəs onda liberilzmə mənfi münasibət haradandır? Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyirdi. İnsanlara hürriyyət – liberilzmin əsas şüarlarından biridir. Bütün tarixi boyu Rəsulzadə bu ideyalara sadiq qalıb. Oxuculara tövsiyə edərdim ki, bu cür məsələlərdə bir az diqqətli olsunlar.

 

Bir adamın heykəlləri hər yerdə olanda ciddi qəbul edilmir

 

Anonim:

Hakimiyyətə gəlsəniz, çoxsaylı heykəllərlə bağlı nə qərar verəcəksiniz? Bütün heykəllər yığışdırılacaq, yoxsa alternativ heykəllər olacaq?

– Hər şeyin ölçüsü olmalıdır. Bir adamın heykəlləri hər şəhər, hər rayonda, hər qəsəbədə, hər idarədə görünəndə ciddi qəbul edilmir. Təbii ki, Azərbaycanda, Məhəmməd Əmin Rəsulzadə kimi bir şəxsiyyətin olduğu yerdə, aparıcı heykəlin onun olmasını istərdik. Heykəllərin dağıdılan bir vaxtı olub. 1988-ci illərdə belə bir tendensiya yaranmışdı. Mənə elə gəlir ki, indi cəmiyyət də bu məsələyə daha sakit şəkildə yanaşmağa qadirdi. Bu baxımdan heç bir dağıntı olmadan bu biabırçılığa son verərək orijinal həlli tapmaq mümkündür. Yeri gələndə ictimai diskussiyalarla da bunu həll etmək olar.

 

Nail Bağırzadə:

2) Müsavatın yüz illiyi ilə bağlı tədbirlərə 22 illik silahdaşı olan Mirmahmud Mirəlioğlu və digər şəxsləri sıravi üzvlər vasitəsiylə dəvət etdiniz. Olmazdımı ki, özünüz dəvət edəydiniz?

– Bu cür yanaşmalara təəssüflənirəm. Bir günün içində 7 oktyabr tədbirini təşkil etdik. Bu tədbirin təşkilatçılığı avropalı həmkarlarımıza aid idi. Biz qonaq kimi gedib iştirak edəcəkdik. 8 oktyabr tədbirinə də bir həftə ərzində hazırlaşdıq. Hakimiyyətə yer üçün müraciət etdik, şərait yaratmadılar. Kitab, nişan, vido süjetlər hazırladıq. İş həddindən çox idi. Həmin şəraitdə hərəyə bir iş tapşırılmışdı. Qonaqların dəvəti də partiyanın müvafiq strukturlarının öhdəsinə düşmüşdü. Yəni bütün dostlarımıza, müttəfiqlərimizə böyük hörmətimiz var. Dəvəti kimin etməsi kimi texniki məsələləri problemə çevirmək düzgün deyil.

 

Günay:

İctimai Palatanın fəaliyyəti necə olacaq? Prezident seçkilərinə, yoxsa hakimiyyət dəyişikliyinə qədər davam edəcək? İctimai Palata digər dağılmış blokların taleyini yaşaya bilərmi?

– İctimai Palata 2010-cu ilin saxta parlament seçkilərindən sonra yaranmış vətəndaş hərəkatıdır. Geniş olaraq hədəf ölkədə demokratik dəyişikliklərə nail olmaqdır. Konkret hədəf isə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Bu istiqamətdə fəaliyyət göstəririk. Məqsədimizə çatandan sonra İctimai Palatanın fəaliyyətinə ehtiyac varmı, yoxsa yeni formatda işləyəcək – bu, prosesdə iştirak edən siyasi qüvvələrin birgə qərarından asılıdır. Nə mən, nə də kimsə bu barədə təkbaşına qərar verə bilməz. Hər birlik konkret hədəfə yönəlib…

 Vüsalə:

Hansı markalı mobil telefondan istifadə edirsiniz?

– Telefonları dəyişməyi xoşlamıram. Yalnız xarab olandan sonra dəyişdirirəm. Əvvəllər “Sony” idi. Uzun müddət sədaqətlə xidmət edəndən sonra imkanları tükəndi. Hazırda “Nokia”dan istifadə edirəm.

 Layihənin rəhbəri: Ramin Deko

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button