Xalq nə istəyir?

Nurəddin Xoca

Göy səma altında heç nə əbədi deyil!

(Dao fəlsəfəsi)

Görəsən, bu xalq nə istəyir? Axı niyə küçələrə tökülüb? Fikir verin, polis qorxudur, Prezident hər cür “islahat”lar söz verir. Düzdür, az ömürlü də olsa, «antikorrupsiya» deyilən bir kampaniyaya da  başladı. Hətta 25-30 qəpiyə çıxan yumurtanın belə qiymətini aşağı saldı. 5-6 nəfər xırda-para məmurcığazlar tutulub həbsxanaya salındı. Amma nə fayda, xalq yenə də küçələrdədir. Gəlin Prezidentin yanında olan, ona analitik məsləhətlər verən, əslində isə heç nəyə yaramayan mütəxəssislərə oxşamayaq. Ağı ağ, qaranı-qara deyək…

Artıq xalq hökumətə inanmır. Artıq hökumətyönlü TV-lər, qəzetlər nə göstərməyindən, nə yazmağından, prezidentin nə deməyindən asılı olmayaraq, sadə xalq “yalandır” deyir. Çünki bu günə qədər deyilənlərin hamısı yalan çıxıb və yaxud bütün bu antikorrupsiya, antimonopoliya mübarizələri sadə xalqın, yetim-yüsürün başında çatlayıb. Nə oldu, antikorrupsiya ilə bağlı hamının tanıdığı hansı korrupsioner tutuldu, hansı monopolistə “gözün üstə qaşın var” dedilər? Hə, cavab verə bilmirsiniz, çünki cavabı yoxdur. Xalq da bunu görür və öz üstündə hiss edir. Kimin nə deməyindən asılı olmayaraq, bu neft və milyonlar ölkəsinin əksər vətəndaşları yoxsulluqdan aşağı səviyyədə yaşayır. Artıq onlar bu yalanlarla doymurlar. Onlar da heç olmasa həftədə 2-3 dəfə ət yemək istəyirlər. Onlar da ailələrinin sabahına arxayın olmaq istəyirlər ki, övladları bu vətənin vətəndaşı olaraq insan kimi dolansınlar. Əslində, bu xalq çox az şey istəyir. Onlar Ədalət və Haqlarını istəyirlər. Hansı ki, Anayasada qara hərflərlə yazılıb və bizim başbilənlərimiz fəxrlə bu yazılanları beynəlxalq tədbirlərdə hamının gözünə soxurlar. Ki, baxın, oxuyun, bizim belə demokratik Anayasamız var! Amma bunu deyəndə bir xırda şey yaddan çıxır. Bu yazılanların Azərbaycan vətəndaşlarının böyük bir hissəsinə heç bir dəxli yoxdur.O Anayasadakı maddələr ancaq öyünmək üçündür. Nə zaman istəsələr, kimi istəsələr, harada istəsələr həbs edə, xoşları gəlməsə döydürə, hətta öldürə belə bilərlər. Kimin istəsələr əmlakını əlindən alarlar və kiminlə nə istəsələr onu da edərlər. Burada qanun-filan rol oynamır. Qanun və Anayasa ya xaricin gözündən pərdə asmaq, ya da qara camaat üçündür. Ona görə də narazılıqlar günü-gündən artır. Bunun üstünə 10-15 il bir vəzifədə oturub hökmranlıq edən oliqarx məmur ordusunu və bunun hamısını xalqın gördüyünü, bu haqda nifrət, ikrah, hətta lağla danışdığını gəlsən gör vəziyyət nə yerdədir! Əgər hakimiyyət bütün bu dediklərimə inanmırsa, qoy mitinqlərə icazə versin. Sizi inandırıram, yüz minlər gələr o mitinqə. Amma belə getsə icazəsiz də o qədər adam gələcək. Qardaş, bir hökumət ki, xalqın halal pulunu qaytarmır (əmanət kassalarında batan pulları), əlilinə,qocasına baxmır, iş yeri yox, çörək pulu qazanmaq mümkün deyil, onda o hökuməti xalq istəməyəcək! Xüsusən də dövlətə böyük pullar gəlir və bu pullar talanır. İldə neçə dəfə eyni yolu soküb təzədən salarlar, hansı məntiqlə köhnə binalara üzlük vurub sonra onu sökərlər? Bu, talanan pulların az bir hissəsidir!..

İ.S. Əslində, xalq dünya yaranandan bəri gəlmiş-getmiş bütün peyğəmbərlərin bəhs etdiyi Haqq və Ədalət istəyir! Nədən onu bu xalqa qıymırlar? Bəlkə bilən var? Varsa, desin!..

“Xural” qəzeti
il: 9, sayı: 015(423), 17-23 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button