Xalq söyüşləri…
– Alo, Məsmə xala, salam.
– Əleykəssalam, qızım.
– Mən xalq arasında yayılmış nadir söyüşləri yığıram. Axı bu da bizim bir növ “folklorumuz”dur. İki cildlik “Xalq söyüşləri” kitabını nəşr etdirəcəyəm. Mənə kömək etməzsiniz? Qızınız deyir ki, Siz yaman… “beşmərtəbəli” söyüşlər söyürsüz…
– Mən söyürəm? Qızım deyir?
– Yox e… o demir. Mən bilirəm ki, Siz bakılılar əntiqə söyüş söyən olursunuz.
– Biz bakılılar?! Kim onu deyir, qələt eləyir, başını daşdan-daşa vurur, cəddi-əqrəbası ilə, ənkə böyüyü ilə bir yerdə…
– Məsmə xala, tələsməyin, yavaş-yavaş… aha, yazıram, ənkə böyüyü ilə… ardı nə oldu?
– Ağəz, nə yazırsan? Mənim dediklərimi?
– Hə… ancaq söyüşləri.
– Nöşün??? “Ağzıgöyçəklər” səni də dəbbələdilər? Eh… sənə güvəndiyim dağlar, sənə də qar yağarmış! Səni öyrədəni görüm qara yerə boyaq olsun, ciyəri yanıb ovcunun içinə tökülsün, burun pərləri şişib qulağının iki deşiyini tutsun…
– Yavaş-yavaş, Məsmə xala, çatdıra bilmirəm.
– Nəyi çatdıra bilmirsən?
– Söyüşlərinizi yazmağı.
– Əh! Demişdim indi… Səni görüm böhtan yazan soxa barmaqlaruva yara çıxsın ki, təmiz adamları ləkələyib “vedrə bağlamağından” birdəfəlik əl çəkəsən!
– Məsmə xala “vedrə bağlamaq” nə deməkdir?
– O deməkdir ki, “qulp qoyma”! Ağzuvu yum, ayağuvu yorğanuva görə uzat, dilivi qoy eee… demişdim indi… dinc saxla uzun dilivü! Elə eləmə ki, gəlib sənin o, xoruz başı kimi dimdik duran, yarıqırmızı-yarısarı süpürgə saçlaruvu yolub töküm yerə!
– Əla! Məsmə xala, əntiqə! Öpürəm səni, çox, sağ ol. Bu günlük bəsdir. Sabah da zəng vuracam… Baqajınızda olan söyüşləri deyərsiniz, yazaram.
– Aaa… cigərin yanmasın sənün, yazıqsan…
– Bunu da yazdım. Əla! Maç-maç, quc-quc! Hələlik.
– Elə birdəfəlik… başdan xərəb.
P.S. İndi hər cür lüğətlər nəşr etdirmək dəbə düşüb. Kim bilir, bəlkə də tanışım Fəxriyyənin 2 cildlik “Xalq söyüşləri” kitabı tezliklə işıq üzü gördü. İndiki zamanda daha heç nəyə təəccüblənməli olmursan. Təkcə bir şeyə təəccüblənirsən: Bütün bu baş verənlərə özümüzdə güc tapıb gülmək bacarığımıza…