Xanımı bildirir ki, Ülvü Həsnli həbsdə  ölümlə hədələndiyini deyir

“Abzas Media” nəşrinin həbsdəki direktoru Ülvi Həsənlinin xanımı Rubabə Quliyeva deyir ki, əri saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında ölümlə hədələndiyini bildirir.

Rübabə Quliyevanın sözlərinə görə, avqustun 21-də Ü. Həsənli onunla növbəti telefon danışığında bildirib ki, işgəncə faktları barədə yazandan sonra kamerasındakı bir nəfər ona qarşı xüsusilə təxribat xarakterli hərəkətlər edir:

“Hətta bir neçə dəfə cibindən kəsici alət çıxararaq Ülvini hədələyib”.

R.Quliyeva qeyd edib ki, bu məsələ ilə bağlı həm Ü. Həsənli, həm də vəkili Zibeydə Sadıqova təcridxana rəisinə, rəis müavininə 10 gündən çoxdur şikayətlərini ünvanlasalar da, heç bir tədbir görülməyib:

“Ombudsman Aparatının, Penitensiar Xidmətin dərhal bu işi araşdırmasını, Ülvinin təhlükəsizliyini təmin etməsini tələb edirəm”.

Deyilənlərə, hələlik, nə 1 saylı Bakı İstintaq Təcridxanasından, nə Penitensiar Xidmətdən, nə də Ombudsman Aparatından münasibət öyrənmək mümkün olub.

Ötən ay Ülvü Həsənli 1 saylı Bakı İstintaq Təcridxanasında işgəncələrin olması ilə bağlı açıqlama yaymışdı. Orda vurğulanırdı ki, “bəzi məhbusları çarmıxa çəkib döyür, dəhlizlərdəki “reşotka”lardan asırlar”

O, müraciətində qeyd edirdi ki, dəfələrlə Penitensiar Xidmətin , İstintaq Təcridxanasının rəhbərliyinə, Ombudsmana müraciət etsə də, heç bir tədbir görülməyib.

Öz növbəsində Penitensiar Xidmətin Mətbuat xidmətindən bildirmişdilər ki, bu müraciətdə deyilənlər reallığa uyğun gəlmir.

Ülvi Həsənli və daha bir neçə “Abzas Media” əməkdaşı 2023-cü ilin noyabrında valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib.

Onların işi üzrə istintaq davam edir. Bu günlər isə onların ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, bunun mütəşəkkil dəstə ilə törədilməsindən, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir.

Ümumilikdə isə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button