Xankəndi sakini: “Öz yurdumda sahibkarlıqla məşğul olmağa qoymurlar”

Yayımlandı: 29 Fevral 2024 15:30

“Deyirlər, bütün investisiya layihələri alınıb”

Vaxtilə Xankəndidə doğulmuş, lakin uzun illər məcburi köçkün kimi Gəncədə Müəllimlər İnstitutunun yataqxanasında məskunlaşan fərdi sahibkar Səfər Salmanov deyir ki, işğaldan azad edilmiş ərazilərə investisiya qoymaq istəyir. Amma buna imkan vermirlər.
Səfər Salmanov bildirir ki, hazırda da Xankəndidə qeydiyyatdadır:

“Prezidentin çağırışıyla mən də yerli investor olaraq, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərmək istəyirəm. Xankəndidən olduğuma görə doğma şəhərimdə, öz yurd-yuvamda sahibkarlıqla məşğul olmaq istəyirəm. Amma mənə deyirlər ki, Xankəndidə olan bütün investisiya layihələri alınıb”.

41 yaşlı sahibkarın sözlərinə görə, işğaldan azad ediləndən sonra Xankəndi şəhərində olub. Onun sözlərinə görə, orada Dövlət Əmlak Komitəsinin nümayəndəsinin qəbuluna düşüb:

“Xankəndidə Əmlak Komitəsindən İlkin müəllimin qəbulunda oldum. Ondan əlavə, Zakir müəllimlə də telefonla danışmışam. Onlar mənə dedilər ki, Xankəndidə boş heç nə yoxdur. Yəni investisiya layihəli əmlaklar satılıb”.

Səfər Salmanov deyir ki, özü Göygöl rayonunda restoran və otel sahəsində sahibkarlıq fəaliyyətilə məşğuldur. Bundan sonrakı ömrünü Xankəndidə keçirmək, biznesini də ora köçürmək istəyir.

“Belə görünür ki, Xankəndidə fəaliyyət göstərən məmurlar Prezidentin siyasətinə, çağırışlarına tamamilə zidd hərəkət edirlər. Bu məmurlar kimə, nəyə arxayın olub mənə deyirlər ki, “get, hara istəyirsən, şikayət elə”?! Əslində, mən heç hazır əmlak da istəməmişəm. Demişəm ki, lap torpaq sahəsi də ayırsanız, ora investisiya qoyaram, orada sahibkarlıq fəaliyyətilə məşğul olaram”, – Səfər Salmanov belə deyir.

O, Prezident İlham Əliyev, Vitse-prezident Mehriban Əliyeva və İqtisadiyyat naziri Mikayıl Cabbarova məktub göndərib. Məktubunda Xankəndidə sahibkarlıqla məşğul olmaq istəməsi, lakin buna imkan verilməməsi haqda yazıb.

“Sizin yaratdığınız şəraitdən istifadə edib, öz ölkəmə, öz vətənim Xankəndiyə investisiya qoymaq istəyirəm. Lakin bəzi məmurlar gördüyünüz misilsiz işlərə kölgə salmağa cəhd edirlər”, – Prezidentə məktubunda belə yazıb.

Səfər Salmanov hesab edir ki, bu məsələni həm də Dövlət Təhlükəsizlik Xidməti (DTX) araşdırmalıdır. Bu üzdən DTX-nın rəisi Əli Nağıyevə də məktub göndərib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button