Xanlar Haciyev dedi ki…

Rahib Qazıyev: «Rahim Qazıyev MTN-dən qaçmasaydı, Heydər Əliyev onu güllələdəcəkdi»

Bir zamanlar dost bildiyim adamlar bu gün mənə salam verməyə qorxurlar…

Müsahibimiz sabiq müdafiə naziri Rahim Qazıyevin qardaşı Rahab Qazıyevdir. Qardaşının taleyindən bir parça da ona düşüb və Rahim Qazıyevin həbsindən sonra onun da günləri qaralmağa başlayıb. İllərlə həbsxana həyatı yaşayan Rahab bəy təcrübəli mühəndis olsa da, hələ də işsizdir. Dəfələrlə prezidentə və digər yüksək çinli məmurlara müraciət etsə də, onun səsinə səs verən olmayıb. Rahib bəy çarəni mətbuata çıxmaqda və mətbuat vasitəsilə müzakirə başlatmaqda görüb. Niyə siyasi mənsubiyyətinə və ya ölkənin ali rəhbərliyinə müxalifyətdə olan rəqiblərə görə insanlar işsiz qalmalıdır?

Biz bu sualın cavabını Rahab Qazıyevlə araşdırmağa çalışacağıq.

Qonağımız sabiq Müdafiə naziri Rahim Qazıyevin qardaşı Rahab Qazıyevdir …

Əvvəli ötən sayımızda

– Bəs siz həbsxanada nə qədər qaldınız?

– Bir ay. Bir aydan sonra buraxdılar. Trestdə də məni yaxşı qarşıladılar. O vaxt Vəzirovun bacısının əri Səyyad Allahverdiyev bizim nazir idi. Mən onu əvvəlcədən də tanıyırdım. 4-cü trestin rəisi olan vaxtlardan münasibətlərimiz yaxşı idi. Məni yanına çağırıb dedi ki, «kişinin başına iş gələr…» Sonradan mənə ən məsuliyyətli bir iş təklif elədi. Nazirlər Sovetinin qərarı ilə Qarabağ zonasında – Xocalı, Malıbəyli, Əmralı, Şuşa, Qubadlı və s. – gedən tikintinin bütün mexanizasiyasına mən cavab verirdim. Nə qədər texnikamız orada batıb qaldı. O vaxt yapon ekskvatorları, yapon buldozerləri heç kimdə yox idi. O vaxt bir «Kamatsu» var idi, inanın, böyük bir dağı dağıtmaq gücü var idi. Xocalıda ipək kombinatı demək olar ki, tam hazır idi. Şəkidən ipəkçilər gəlmişdilər, orada yaşayan insanlara bu sahəni öyrədirdilər. Özü də ən müasir texnika ilə təchiz olunmuş gözəl bir kombinat idi.

– Rahim bəyi Lefortovaya göndərsələr də, siz həbsdən qayıdandan sonra normal qarşılandınız və hətta daha məsuliyyətli iş tapşırıldı sizə?

– Hə. Səlahiyyətim də genişləndi. 1991-ci il mayın 6-da, ad günümdə məni Qarabağda ermənilər girov götürməli idilər. O da Allahın işidir ki, bu, baş vermədi. Vertolyotda partlayan Zülfü Hacıyev də o vaxt Sumqayıt trestində işləyirdi, onunla çox yaxşı münasibətlərimiz var idi. Xocalıda saat 1-də iclas olmalı idi. Mikayıl Gözəlovun – sonralar kabinetində güllələdilər – yanına gəldim, dedim ki, mən Xocalıya gedirəm. Dedi, sən canın, maşınını ver, mənim işçimə – məndə yaşıl furqonlu maşın idi, içində ratsiyası, antennası var idi – sən də mənimlə gedərsən. Dedim, mənim orada işlərim var. Birtəhər məni yola gətirməyə çalışdı ki, bu texnika mütləq getməlidir. Razılaşdım. O getdi. Yol da aşağı tərəfdə idi. Polyaniçko da Xankəndində oturmuşdu. Ermənilər mülki geyimdə maşını saxlayıb, maşın qarışıq onu apararlar. Biz Mikayıl Gözəlovla Xocalıya gəlib düşəndə hamı məəttəl qaldı ki, səni buraxdılar? Dedim, bəyəm məni tutmuşdular ki? Dedilər, bayaqdan Zülfü müəllimin burada ürəyi gedib ki, Rahim bəyin qardaşını girov götürüblər, bu, tam biabırçılıqdır. Nə isə, öpdü, qucaqladı, biz də Polyaniçkonun yanına, Xankəndinə gəldik.

– Sizin orada nə işiniz vardı?

– Tikinti texnikası aparırdıq da… Bizim trestin Gəncədə iki idarəsi var idi, Mingəçevirdə idarəsi var idi. Xocalıda stansiya tikilirdi – Xankəndinə Ağdamdan gedən dəmir yolunun üstündə, Xocalının özündə stansiya tikilirdi. Artıq yeri hazır idi Xocalı vağzalının.

– O tikililər başa çatdı, yoxsa yarımçıq qaldı?

– Tikiləni tikilmişdi, tikilməyəni də yarımçıq qaldı.

–  Neçənci illərdən söhbət gedir?

– Biz 1992-ci ildən başlayaraq işləri dayandırdıq. Vəziyyət çox gərginləşmişdi. İş də getmirdi. Həsən Həsənov baş nazir olanda Rahim ona qol çəkdirdi və 60 vaqon taxta Qarabağa göndərildi. 40 ədəd yağı üstündə olan KRAZ və 30-dan artıq MAZ samosfaltları şəxsən mən sabiq deputat Fərrux Zeynalovla – onda o, Dövlət Təchizat Komitəsinin sədri işləyirdi, Müdafiə Şurasının üzvü Azər Cəbiyevin müavini idi – göndərmişəm. İndi çoxu deyə bilər ki, məni tanımır. Nizami Bəhmənov bir dəfə məni gördü, salam vermədi. Halbuki mənim anam bizim evdə dəfələrlə onun qarşısına çörək gətirmişdi.

– Elə adamlar çoxmu oldu?

– O qədər…

– Dostlar tərəfindən?

– Nə dost? Dost nədir? Elə şeylər var ki, adamın içini yandırır, çölü də özgəsini yandırır. Nə dost? Dost, dost… Elə dost bildiyim adamlar var ki, salam verməyə qorxurlar. Biri var idi, neçə il bundan əvvəl mənə zəng vurub gedi ki, Rahab, səni görmək istəyirəm. İnşaat mafiyasında nəsə məsuliyyətli bir işlə məşğuldur. Pis oğlan da deyildi. Əvvəldən çox işlərimizi bir yerdə başlamışdıq. Dedi, gecə saat 24.00-da çayxanada görüşək. Dedim, gündüz niyə görüşmürük ki, gecə görüşək? Vallah, ağlıma da bu gecə-gündüz məsələsində heç nə gəlmir… Sadəcə, elə-belə soruşdum. Dedi, «səni mənimlə görərlər, qorxuram.» Dedim, «adə, sən nə bişərəf adamsan ki, hələ mən səninlə oturub bir çay da içəm…» Belə düşüncəli insanlar da var… Nə deyəsən?

– Siz neçə il həbsdə oldunuz?

– Beş il iki ay…  Məni gəzdirmədikləri kalon qalmadı…

– Əfv fərmanı ilə çıxdınız?

– Hə (Siqaret yandırır…). Məni həbs edəndən sonra evimdə axtarış aparıb guya ki, qumbara tapıblar. Qızımın onda 5 yaşı var idi. Guya uşağın çarpayısından tapıblar. Məhkəmədə adamın Allahı var, axtarışda olanların hamısı dedi ki, biz orada videoya baxırdıq, kasetləri yoxlayırdıq. Hakim İbayev də dedi ki, siz oranı talan etməyə getmisiniz? Video ilə nə işiniz var? Kim bu qumbaranı tapıb? Biri də etiraf etmədi ki, kim tapıb. Biri dedi ki, mən gördüm ki, kimsə tapıb çıxardı…

– Ümumiyyətlə, evinizdə silah-sursat saxlayırdınızmı?

– Nə danışırsınız? Cinayət işində mənim adıma vəsiqə var ki, dövlət mənə silah gəzdirməyə icazə verir. Mənsur İbayev özü bunu tapıb çıxardı. Belə bir icazə olub. Mənə də neçə dəfə zəng vurdular ki, gəl silahı götür. Mən də etiraz elədim ki, silah mənim nəyimə lazımdır, götürmürəm. Yoxladıblar, görüblər ki, həmin nömrə seriyası olan silah DİN-in silah anbarındadır. Mən onu heç götürməmişəm. Əgər mənə silah lazım idisə, var idi də, gedib götürərdim… Və yaxud Müdafiə Şurasında kifayət qədər silah-sursat var idi, qumbara mənim nəyimə lazım idi, avtomat götürərdim də… Həqiqətə baxanda, o mənim nəyimə lazım idi. Düşmənim yox idi, heç kim də məni öldürmək istəmirdi. Özü də qumbaradan fərli-başlı istifadə etməyi də bacarmıram. Çünki raket ordusunda olmuşam, orada da belə işlərə baxmırdılar. Təsəvvür edin ki, ucdantutma – bütün əmim oğlanlarının, qohumlarımın evindən qumbara çıxdı. Hansı məntiq burada işləyir?

– Bəyəm Qazıyevlərin hamısını tutmuşdular?

– Bir ortancıl qardaşım, mən, üç əmimoğlu – biri Şəki hadisələrində həbs olunmuşdu. Biri elə həbsxanada rəhmətə getdi. Yazığı möhkəm döymüşdülər. Düzdür, məni döyməmişdilər. Orada Rüstəm adlı rəis vardı, dedi, sənin Allahın orada gətirib ki, səni tapşırıblar, bir çırtma da vura bilmərik, yoxsa öldürərdik səni. Kim tapşırmışdı, niyə, bilmirəm.

– Polis dedi ki, öldürərdik?

– Hə. Dedi, salardıq təpiyimizin altına, öldürərdik. Amma heyfsilənirdi ki, səni tapşırdıqları üçün döyə bilmirik. Onlar məni döymürdülər, amma mən onları söyürdüm. Bu günə kimi də məni kimin tapşırdığını bilmədim. Sonradan CM-nin 185-ci maddəsini verdilər, guya Rahim bəygilin qaçma planını mən hazırlamışam. Sentyabrın 8-də şəhər şöbəsində yatırdım. Oradan Şüvəlana apardılar, təzədən şəhər şöbəsinə gətirdilər. Gecə saat 02.00-da məni yuxudan durğuzdular, qandalsız-filan, adi kəndirlə qandalladılar, gözümü bağlayıb maşina mindirdilər. Hiss edirdim ki, mərtəbələri qalxıram. Gözümü açanda gördüm ki, Hərbi Prokurorluqdayam. Fizuli Məmmədov – sonralar oğlu vurdu, öldürdü – da oturub. Mən onu Bayıldan tanıyırdım. Soruşdu ki, məni tanıyırsan? Dedim, yox, zəng vurun, vəkilim gəlsin. Dedi, mən səninlə istintaq aparmıram, protokol bağlamıram. Dedim, yox, vəkilim Anya gəlsin, sonra söhbətimizi eləyək, başqa cür mümkün deyil, mənim səninlə heç bir söhbətim yoxdur. Əmr verdi ki, zəng vurun, Anya gəlsin, sonra da məndən soruşdu ki, indi söhbət eləyə bilərik? Dedim, buyur. Dedi, mən Heydər Əliyevin tapşırığı ilə səninlə söhbət etmək istəyirəm… Çıxırsan televizorda bizim verdiyimiz mətni oxuyursan. Trestdə işləməyibsən? Sənə ev, iş, maşın, bağ evi, daha nə istəyirsən, veririk. Elə bu məqamda Anya içəri girdi.

–  Yəni Rahimin əleyhinə danışasınız?

– Bəli… Bunların mənimlə daha başqa nə işləri ola bilərdi ki? Dedim, həmin o bir vərəqi verin, oxuyum, görüm nə yazmısınız? Vermədilər. Dedim, «bəyəm mən oğraş-zadam?» Dedi, «elə hesab eləmə…» Dedim, «bəlkə sən belə işləri özün üçün oğraşlıq saymırsan, amma mən sayıram.» Bunu deyən kimi bir dənə mənə şillə atdı. Mən də külqabını atdım bunun başına. Qulağına dəyib keçdi. Sonra qolumu bağladılar. Anya da haray-qışqırıq saldı.

–  Bütün bunlar vəkilin yanında olmuş hadisələrdir?

– Hə. Anya Hüseynovanın. Çox yaxşı vəkildir, həm də «boyevoy» qadındır, heç nədən də qorxub-çəkinməyi yoxdur. Ondan sonra da məndən bir vərəqlik ifadə aldılar. Sonra məni danışdıran olmadı. Əvəzində işin üzərinə 185-ci maddəni də əlavə etdilər.

– «Vətənə xəyanət»?

– Hə. Məhkəmədə deyirəm ki, möhtərəm hakim, görmüşük ki, qaçış zamanı pəncərə sınar, qapını dağıdarlar, şüşənin qırıntısı olar və yaxud da lağım qazılar. MTN-nin də təcridxanası 6-cı mərtəbədədir. Nə qapı sınmayıb, nə də güllə atılmayıb…

– Bu hadisənin üzərindən illər keçib. Rahab bəy, sizin o qaçışdan xəbəriniz olmuşdumu?

– O haqda vaxt gələr, danışaram…

– Deməli, xəbəriniz olub?..

– Yox, indi yeri deyil. Bu hadisənin qiymətini tarix verər. Mən sizə bir şeyi demək itstəyirəm. Burada Heydər Əliyevin cinayətinin qarşısı alındı…

– Necə? Maraqlıdır…

– Heydər Əliyev bu insanrları, şəxsən Rahim Qazıyevi öldürtmək istəyirdi. Bir epizod danışım. Məhkəmə təzə başlamışdı. 1994-cü il idi. Məhkəmədən 3-4 gün keçəndən sonra, haradasa sentyabrın 1-2-də, gecə 11-də evə bir nəfər zəng vurdu. Dedi, mənim adım Fazildir, sən məni tanımırsan, amma mən Rahim bəylə Müdafiə Nazirliyində, kadrlar şöbəsində işləmişəm, görüşək, sənə söz deyəcəm, min maşına, gəl 6-cı mikrorayona. Ünvanı dedi, həyətə girdik, bir «bisetka»da oturduq. Dedi ki, Ulyanovskda işləyib. Sonradan Rahim bəy nazir olanda Azərbaycana qayıdıb. Dedi, Xanlar Hacıyev mənimlə yaxın dostdur, Moskvada bir yerdə oxumuşuq, bir yerdə işləmişik. Ondan xahiş etdim ki, Rahimin ilk gündən son günə kimi Müdafiə naziri olarkən nə əziyyətlər çəkdiyinin şahidi olmuşam, o, heç bir cinayət törətməyib. O zaman Rahim Qazıyevə güllələnmə kəsilmişdi. Xanlara deyiblər ki, Heydər Əliyev şəxsən tapşırıq verib ki, hökm dərhal icra olunmalıdır. Fazil indi Rusiyada yaşayır, yəni dediklərimi o da təsdiqləyə bilər.

– Demək, əgər Rahim Qazıyev o zaman həbsdən qaçmasaymış, güllələnmə hökmü həyata keçiriləcəkmiş?

– Bəli, mütləq olacaqdı.

– Yəni Xanlar Hacıyev səviyyəsində bu etiraf olunub?

– Heydər Əliyevin tapşırığı ilə bağlı Xanlar Hacıyev Fazilə demişdi, o da mənə bildirmişdi. Yəni Rahimin məhkəməsi tez bir zamanda başa çatmalı və haqqında güllələnmə hökmü çıxarılmalı idi. Hökm də tez bir zamanda icra olunmalı idi. Olunacaqdı da…

– Aradan xeyli müddət keçib, düşünmə imkanınız da yəqin olub. Siz Rahim Qazıyevə görə həbs olundunuz və arada 5 il də həbsdə yatdınız. Rahim bəylə öz aranızda bir söhbət oldumu ki, məhz sənə görə bizi də həbs etdilər və bu qədər məşəqqətlərə sənə görə düçar olduq?..

– Rahim bəy harada oturur, öz qohum-əqrəbamızın, dost-tanışımızın yanında deyir ki, bu yazıq da mənim günahım ucbatından o qədər müddət həbsdə yatdı. Mən belə hesab eləmirəm. Onun zibilinə-filan da düşməmişəm. Şüurlu şəkildə qardaşıma kömək etməyi mənəvi borc bilmişəm. 90-cı ildə Rahimə Lefortovaya «peredaça» aparmışam. Arxasınca gedib-gəlmişəm. Onlar rus olsalar da, insanlıq edirdilər. Müstəntiqinə zəng vururdum, deyirdi ki, saat 12-də aşağıda ol, 5 dəqiqə yubananda üzr istəyirdi. Qardaşımla görüşürdüm, danışırdım, gəlirdim.

– Lefortovaya neçə dəfə getmisiniz?

– (Siqaretini yandırır…) Vallah, çox gedib-gəlmişəm. Yadımda deyil. Sayını deyə bilmərəm. Amma burada qardaşımın yanına gedirdim, elə olurdu ki, MTN-nin binasının qarşısında səhərəcən maşında yatırdım. Görürdüm ki, tez-tez ora təcili yardım maşınları gəlir. Bir dəfə də bunu gördüm. Nərimanov prospektində «almaz» qızıl dükanı var idi, təcili yardım maşınının qarşısına maşınımı verib saxladım. Həkim qorxdu. Dedim qorxmayın, mənim bir sulaıma cavab verin, siz kimin yanına gedib-gəlirsiniz? Dedi, sizə kim lazımdır? Dedim, Rahim Qazıyev. Dedi, narahat olmayın, vəziyyəti yaxşıdır, bir az ürək ağrıları var. Özüm şüurlu şəkildə onun arxasınca getmişəm, bu, mənim qardaşlıq borcum idi, mənəvi borcum idi. Heydər Əliyev də qisas almağı qarşısına məqsəd qoyan adamdır və belə şeylər də onun xoşuna gəlmirdi.

– Deyirsiniz ki, Rahim Qazıyev Heydər Əliyevi söyməsinin cəzasını bu qədər ağır çəkdi?

Sonu gələn sayımızda

Hazırladı:

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button