Xanlar Vəliyev şifrələri açdı – hərbi prokurorun dövlətə meydan oxumasının SENSASİON səbəbləri

Adı “Tərtər işi”ndə əsas fiqur kimi keçən Hərbi prokuror Xanlar Vəliyev açıqlama verib. O, Manset.az saytına müsahibəsi zamanı Milli Məclisin iclasında barəsində səsləndirilən tənqidlərə özünəməxsus şəkildə cavab verib.

Hərbi prokurorun dediklərindən sitat:

“Bu barədə, – yəni Tərtər cinayətləri barəsində- kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?”

“Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni “nağıl” adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.”

“Mən niyə üzr istəməliyəm?! Hansı səbəbə?! Kim bunlar barədə danışır ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.”

Globalinfo.az -ın Xəbər xidməti bu cinayətlərdə birbaşa iştirakı və əli olan hərbi prokurorun dediklərini şərh edib:

“X.Vəliyev bu sözlərlə özünü müdafiə edib, ya hücuma keçib? Hər ikisi var. Milli Məclisin tribunasından ona qarşı irəli sürülən ittihamlara cavabı çox maraqlıdır. Barəsində tənqid səsləndirən deputatlara “heç nədən xəbəri olmayan”, “başı bir şeydən çıxmayan” ifadələri ilə cavab verib. Əcəba, Xanlar müəllimi ürəkli davranmağa, belə sözləri deməyə kim və nə vadar edir? Bu bir revanşdırmı? General son döyüşəmi hazırlaşır? Yoxsa onun himayədarları belə davranmağı lazım biliblər?

Çox maraqlı suallardır, deyilmi?

Əslində, indi top Milli Məclisdədir. Ölkə parlamentinin rəhbərliyi, X.Vəliyevlə bağlı çıxış edən deputatlar hərbi prokurorun onlara ünvanladığı “heç nədən xəbərləri yoxdur”, “başları bir şeydən çıxmır” sözlərini udacaqlar, yoxsa cavab verəcəklər?

Xanlar Vəliyev jurnalistin sualına cavabında deyib ki, heç kimdən üzr istəməyəcək. Xatırladaq ki, Milli Məclisin iclasında deputat Zahid Oruc Zakir Qaralova, Xanlar Vəliyevə səslənərək demişdi ki, “Tərtər işi”ndə buraxdıqları nöqsana görə bu işdə zərər görənlərdən və Prezidentdən üzr istəsinlər. Budur, Xanlar Vəliyev ortaya mövqe qoyur: “üzr istəməyəcəm” deyir.

Ümumiyyətlə, hərbi prokuror səlahiyyətlərini yerinə yetirən bu adam etdiyi və gözünün qarşısında baş verən bu cinayətlərə görə, təkcə üzr istəməlidirmi, yoxsa daha ağır cəzaya məhkum olunmalıdır?

Maraqlıdır ki, Zahid Oruc “üzr istəmək” ifadəsini ortaya atarkən, deputat olaraq, bu cinayətlərdə əli olan bir adamı, tək üzr istəməklə məsuliyyətdən kənarlaşdırmırmı? Yoxsa bu cür ağır cinayətləri törədən və hətta üzr istəmək belə ağlına gəlməyən Xanlar Vəliyevi bu ölkədə cinayət məsuliyyətinə cəlb etmək ölkə rəhbərliyinin gücündə deyil? Ona görədirmi ki, Xanlar Vəliyev bu qədər özündə cəsarət tapıb, törətdiyi cinayətləri görməzdən gəlir?

Hərbi prokurorun açıqlamasında diqqəti çəkən əsas məqamlardan biri də deputatlara ünvanlandığı “heç nədən xəbərləri yoxdur” ifadəsidir. Xanlar Vəliyev açıq mesaj verib, təxminən belə deyir: “Mövzu daha dərindir, bu işdə başqa şəxslərin, yüksək rütbəli məmurların günah və məsuliyyət payı mənimkindən çoxdur”.

Ardınca da “başı bir şeydən çıxmayan” sözü gəlir. General bundan açıq nə desin? Adam aydın şəkildə söyləyir ki, o yan-bu yan edərsiniz, danışaram, açaram sandığı, tökərəm pambığı.

X.Vəliyevin sözlərinin tərcüməsi təxminən belədir: “Nə boş-boş danışırsınız?! Bu işin müəllifi, təşkilatçısı mən deyiləm. Gedin əsl günahkar(lar)ı ittiham edin”. Görünür, “Üzr istəməyəcəm” deməsi də buna bağlıdır. Yəni “Üzr istəyəcək biri varsa da o mən deyiləm” – bu cür anlaşılmırmı dedikləri?

İlk baxışdan elə görünə bilər ki, bu açıqlama ilə Xanlar Vəliyev revanş götürməyə çalışıb. Həm də “Əlim güclüdür” demək istəyib. Halbuki, onun nə qədər narahat, həyəcanlı, təşfişdə olduğu mətbuatın da gözündən yayınmır.

Ümumiləşdirdikdə belə qənaətə gəlmək olur ki, qarşıda maraqlı və gərgin proseslərə şahidlik edəcəyik. Sıradan çıxarılmaqda olan böyük bir klan ömrünü başa vurmaq ərəfəsində dövlətin iradəsinə müqavimət göstərir. Xanlar Vəliyevin də daxil olduğu klanda olan Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun başına gətirilənlər, Ramiz Mehdiyev, Əli Həsənov cütlüyünün, eləcə də Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıqovun aqibəti göz qarşısındadır. Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun sağlamlığında yaranan ciddi problemlər də bu klanın hədəfdə olmasını daha da artırır. Bu sırada Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, hərbi prokuror Xanlar Vəliyev və onun qudası Prezidentin Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun da adlarının hallandırılması  artıq bu klanın enişindən xəbər verir. Baxmayaraq ki, vəziyyəti düzgün dəyərləndirməyən bu klan asanlıqla təslim olmayacaqları ilə bağlı sətiraltı mesajlar verməyə başlayıblar. Halbuki,  təcrübə və zaman da onu göstərir ki, su boğaza çatanda, hər kəs bir-birini ayağının altına qoymağa hazır olacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button