Xaricdən gətirilən mallarla bağlı yoxlamalar gücləndirildi – Rəsmi
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsi də məlumat yayıb. Qeyd edilib ki, aparılan təhlillər nəticəsində poçt göndərişləri vasitəsilə narkotik vasitələrin, psixotrop maddələrin, cəmiyyətdə “patı” adlandırılan metamfetaminin, qanunla qadağan edilmiş məhsulların gömrük sərhədindən keçirilməsinə cəhdlər, maliyyə intizamının pozulması və bəyanetmə prosesinin düzgün aparılmaması halları müəyyən edildiyindən bu sahədə nəzarət tədbirləri gücləndirilib.
Məlumatda bildirilir ki, gömrük nəzarətinin səmərəliliyinin artırılması, təhlükəsizlik, qaçaqmalçılıqla mübarizə, bəyanetmə və maliyyə nəzarətinin gücləndirilməsi məqsədilə həyata keçirilən bu kimi tədbirlər gömrük orqanlarının qanunvericiliklə müəyyən edilmiş gündəlik iş fəaliyyətidir: “Gömrük orqanları bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün göstərilməsini tövsiyə edir”.