Xarici işlər nazirlərinin Moskva görüşünün yekunlarının qiymətləndirilməsi ilə bağlı ekspertlərdə fikir ayrılığı yaranıb

Azərbaycan və erməni tərəfi humanitar məsələləri birgə həll etməyi qərara alıblar

İllərlə davam edən danışıqlar ərzində ilk dəfə olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə (ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə) konkret razılaşma əldə olunub. Azərbaycan, Ermənistan, Rusiya, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında qeyd olunur ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri münaqişə zonasında, əsasən kənd təsərrüfatı fəaliyyətinin gedişində vəziyyətin gələcək sabitləşməsində maraqlı olduqlarını bəyan ediblər. Onlar digər ölkədə saxlanılan şəxslərin öz qohumları ilə görüşünə icazə verilməsi barədə razılığa gəliblər. Nazirlər adamlar arasında əlaqələrin qurulması, o cümlədən KİV nümayəndələrinin qarşılıqlı səfərləri vasitəsilə əlaqələrin yaradılması üzrə konkret işə başlamağa hazır olduqlarını bildiriblər.

Azərbaycanın ekspert cəmiyyətində Moskvada əldə olunmuş razılaşmalara dair ziddiyyətli fikirlər formalaşıb.

“Tərəflər ümumilikdə danışıqlar prosesində növbəti irəliləyişlər üçün fon yaradan humanitar məsələlərin həllinə diqqətin cəmləşdirilməsini qərara alıblar. Məlumdur ki, siyasi müstəvidə real addımlara nail olunması bir çox baxımdan çətinləşdirilib”, – politoloq İlqar Vəlizadə Turan-ın suallarını cavablandırarkən deyib.

Görünür, erməni tərəfi Azərbaycan ərazilərinin qaytarılması və qaçqınların qayıtması məsələsinə dərindən baxmağa hazır deyil. Azərbaycan tərəfi hesab edir ki, bu istiqamətdə elə addımlar lazımdır ki, münaqişə zonasındakı reallıqları bütünlüklə nəzərə alsın. Aydındır ki, tərəflər hələlik ancaq konkret addımlara nail olunması üçün şəraitin yaradılmasını, siyasi qərarlar üçün əlverişli fonun yaradılmasını müzakirə etməyə hazırdır. Bundan ötrü humanitar hərəkətlər lazımdır. Bunlardan ən riskli olmayanı girovların və əsirlərin “hamını hamıya” formulu ilə azad edilməsidir. Jurnalistlərin qarşılıqlı səfərləri və bunun siyasi məsələlərin uğurlu həlli üçün ictimai fon formalaşdırması da bu istiqamətdə bir addımdır, o deyib.

“Azərbaycan ictimaiyyəti əlverişli fonun yaradılması üzrə addımların ardınca ərazilərin qaytarılması və azərbaycanlı qaçqınların qayıtması üzrə konkret addımların atılacağını gözləyir. Əldə olunmuş razılaşmaları erməni tərəfinə hansısa avans kimi qiymətləndirmək olar. Münaqişə aparan tərəflərin cəmiyyətlərində reallıqları və ovqatı nəzərə alaraq, adamların gələcək siyasi qərarlar qəbul etməsi üçün öncə cəmiyyətləri hazırlamaq lazımdır.

Yeni Moskva razılaşmasını cəmiyyətlərin növbəti qərarlara hazırlanması üçün əsas kimi qiymətləndirmək olar”, – İ.Vəlizadə əlavə edib.

Qarabağ Azadlıq Təşkilatının keçmiş sədri Akif Nağı da Turan-ın suallarını cavablandırıb. O hesab edir ki, Moskvada əldə olunan razılaşmalar ancaq ermənilərə sərfəlidir və erməni ssenarisinə uyğundur.

“Ermənistan bizim torpaqların onun işğalı altında olmasında və Ermənistan və Azərbaycan münasibətlərinin bu şəraitdə formalaşmasında maraqlıdır. Nəticədə işğal faktı arxa plana keçəcək, müəyyən vaxtdan sonra isə tamamilə unudulacaq. Ermənilərin planı bundan ibarətdir. Bu, onların 1905-1906-cı, 1918-1920-ci illərdə yoxlanılmış metodudur.

Ermənilər bu prosesi ilk baxışda bizim üçün təhlükəli görünməyən əsirlərin qohumları ilə görüşləri, jurnalist nümayəndə heyətlərinin mübadiləsi haqda qərarlarla başladılar. Sonra proses geriyədönməz xarakter alacaq, ermənilərə nədəsə güzəştə gedəcəyik və dostluq haqqında mahnı oxuyacağıq.

Bizim maraqlarımız tələb edir ki, xalqların yaxınlaşması erməni qoşunları Dağlıq Qarabağdan və zəbt edilmiş digər torpaqlardan tam çıxarıldıqdan sonra başlasın. Azərbaycan hakimiyyəti istər-istəməz maraqlarımızı düşmənə güzəştə gedir. Qarabağ Azadlıq Komitəsi Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əleyhinə olub. Biz üç belə layihənin reallaşmasına imkan vermədik. Xalqın əksəriyyəti bizi dəstəkləyir. Biz də sülh istəyirik, ancaq ədalətli. Sülhə aparan bütün yollar müharibədən keçir. Hələlik Qarabağ probleminin həllilə bağlı dinc ssenari yoxdur”, – A.Nağı vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button