Xarici jurnalistlər İlham Əliyevin iştirak etdiyi konfransa buraxılmayıb

Yayımlandı: 1 İyul 2024 18:13

Jurnalistlər özlərini təhlükədə hiss etdiklərini deyiblər

İyunun əvvəlində Bakıda keçirilən enerji sənayesi konfransına bir neçə xarici jurnalistin buraxılmadığı bildirilir.

“The Guardian” bununla bağlı iyunun 28-də məlumat yayıb.

Məqalədə bildirilir ki, bu ilin noyabrında Bakıda keçiriləcək COP29 öncəsi dövlət mediaya təzyiqləri artırıb.

Problemlə bağlı Britaniya və Fransadan azı 3 jurnalist “The Guardian”a danışıb.

Onlar deyiblər ki, Bakı Enerji Həftəsi forumuna buraxılmayınca özlərini təhlükədə hiss ediblər.

Jurnalistlər bir neçə həftə öncə tədbir üçün qeydiyyatdan keçsələr də, Azərbaycan hökuməti onları tədbirə buraxmamaqla bağlı əsaslı səbəb göstərməyib.

Ölkədə hazırda xeyli yerli media təmsilçisinin həbsdə olduğunu nəzərə alan jurnalistlər “qorxuducu” və “təhdidedici” üzləşmələrdən sonra məkanı tərk ediblər.

Konfransdan az sonra “Human Rights Watch” təşkilatı bəyanat yayaraq, Azərbaycanda son bir ildə azı 25 jurnalist və fəalın həbs olunduğunu açıqlayıb.

Təşkilat bildirib ki, həmin media təmsilçiləri ilə bağlı məhkəmə hökm çıxarıb.

Tədbirə buraxılmayan jurnalistlər “Montel News”un aparıcı araşdırmaçı jurnalistləri Lorens Uolker və Kristofer İlsdir.

Britaniyadan olan jurnalist isə Azərbaycan barədə tənqidi yazıları ilə tanınıb, ancaq hansısa səbəbdən adının açıqlanmasını istəməyib.

 Hər üç jurnalist tədbirə bir neçə həftə öncədən akkreditə olunduqlarını bildiriblər.

Onların sözlərinə görə, tədbir təşkilatçılarından biri telefonda rusca: “Onları aparın”, – deyib.

Jurnalistlər ehtimal edirlər ki, bu zəng məkanın təhlükəsizlik xidmətinə edilib.

Kristofer İls “The Guardian”a deyib ki, Azərbaycan media üçün təhlükəli ölkələrdəndir:

“Mətbuat azadlığının olmadığı, yerli jurnalistlərin həbsə atıldığı ölkədə nəyisə aydınlaşdırmağın yeri yoxdur”.

“Caspian Event Organisers” şirkətinin sözçüsü deyib ki, baş verənlər “anlaşılmazlıq”dır.

Onun sözlərinə görə,  jurnalistlər foruma deyil, sərgiyə akkreditasiya olunublar.

“The Guardian” isə yazır ki, jurnalistlərin “e-mail” yazışmasını görüb və onlar Bakıda müxtəlif məkanlarda keçirilən hər iki tədbirə qatılmaq istəyiblər.

Şirkət sözçüsü vurğulayıb ki, jurnalistlər sonradan sərgidən də çıxarılıblar, çünki konfrans təşkilatçıları məsul şəxslərdən bu jurnalistlərə göz qoymağı, onların sərgiyə düşmələrinin qarşısını almağa çağırıblar.

O, üç “inadkar” xarici jurnalistə bu qədər enerji xərcləmək məcburiyyətində qaldığı üçün özünü xeyli təhqir olunmuş hiss etdiyini də deyib.

Eyni zamanda, vurğulayıb ki, həmin jurnalistlərə qarşı münasibətdə peşəkar olmayıblar. Bu da tədbirin “çox gərgin” dövrünə təsadüf etdiyi üçün baş verib.

“The Guardian” yazır ki, COP29-a media akkreditasiyası BMT-nin iqlim dəyişikliyi katibliyi vasitəsilə aparılacaq, jurnalistlər onlayn qeydiyyatdan keçəcəklər.

COP29-un təşkilatçıları baş vermiş hadisəyə hər hansı bir şərh verməyiblər.

Bakı Enerji Həftəsini Azərbaycan Prezidenti İlham Əliyev açıb.

İkigünlük foruma aparıcı neft şirkətləri qatılıb və sponsorluq ediblər.

“The Guardian” hadisə ilə bağlı Azərbaycan hökumətinə də sorğu göndərib, amma hələ ki, hər hansı bir reaksiya verilməyib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button