Xatunun nazar boncuğu!

Əvəz Zeynallı

Neçə müddət idi ki, balacalar bir-biri ilə görüşmək istəyirdi. Bizim cocuqlar orta məktəbin ibtidai sinfindədirlər hələ. Bircə Selcan 5-ci sinfə gedir. Taleyimiz və işimiz elədir ki, elə uşaqlar da bizimlə bir yerdə çalışırlar. Artıq qəzetin də bəzi işlərinə kömək edirlər, yazılarını yazırlar, qonaqlara bəzən çay gətirirlər. Bəzən olur, bizimlə gecənin gec saatlarına qədər bir yerdə olurlar. Evdə olduqlarında isə daha gec görüşürük. Onlara zaman ayıra bilmirik. Misir Mərdanovun təhsili də xaraba. Nə olacaq, necə olacaq, bir Allah bilir…

Sözüm onda deyil. Selcanla Xatun bir müddətdir ki, facebookda tanış olublar. Öz-özlərinə yazışıblar, bir-birini əməlli-başlı dərk ediblər və sonra da başlayıblar bizə təzyiq göstərməyə – nədi-nədi, bəs bizi görüşdürün. Həm gülməyim, həm də hirslənməyim tuturdu bəzən. Gör uşaqlar nə qədər uyanıqdırlar – həm tanış olublar, həm də bizi vadar edirlər ki, görüşək, daha yaxından tanış olaq. Axı bizim vaxtımız yoxdur? Nə edək? Bunlar tanış olub, görüşüb nə edəcəklər ki? Selcanla Banuçiçəyin dərsləri zamanı Xatun boş olmur, Xatun boş olanda Selcanla Banuçiçək dərslərdədir. Qalır şənbə-bazara, onda da bizimkilər evdə, Xatun da öz evində. Mən onları işə gətirə bilmədiyim üçün, onlar da təbii ki, görüşə bilmirlər. 7 gün də səhərdən-axşama işləmək…

Bu bazar şeytanın ayaqlarını qırdım. Selcanın kitab alacağı və oxuyacağı dərs olduğu üçün onu işə gətirdim. Riyaziyyatdan xırda bir test kitabına 3 manat 80 qəpik verəndən və Misir Mərdanovun təhsilinə 3.800 manatlıq söyəndən sonra gəldik işə. Az keçmədi ki, facebookda Xatunla yazışan Selcandan ilk təklif gəldi:

– Ata, Anar əmiyə de, Xatunu gətirsin.

Anar Xatunun atasıdır. Mahmudoğlu Niftəliyev. Bizdə işləyir ya. Xatun da onun qızıdır ya. Bu qədər iş-gücün arasında Xatunu gətirdik. Görülməyə dəyərdi. 6 yaşlı Xatunla 10 yaşlı Selcanın görüşü inanın ki, Sarkozinin son Azərbaycan səfərindən və buradakı görüşlərdən çox maraqlı gəldi mənə. Qızlar görüşdülər və biz onları içəri otağa oynamağa göndərdik.

İllərdir Qurban Məmmədovla görüşmürdük. Redaksiyaya gəldi, fürsət düşdü, dərdləşdik. Dünyanın və dostların gərdişindən bəhs edirdik ki, birdən Xatunu bizə yaxınlaşan gördüm. Sakitcə yaxınlaşdı və qarşımda dayandı. Mən ona, o da mənə baxmağa başladıq. Mən dilləndim:

– Xatun, mənim balam, mənə sözün var?

– Sizə sözüm var, bəli.

– Buyur, gözəl qızım.

Xatun soyuqqanlı və rahat formada əlindəki çantacığın içindən qurdalandı, qurdalandı və… bir göz muncuğu çıxardı. 20-25 yaşlarındakı müdrik bir xanım ədası ilə göz muncuğunu mənə uzatdı və səlis, amma təmkinli bir səslə:

– Mən bu göz muncuğunu «Xural»a hədiyyə gətirdim, Əvəz əmi. Allah sizi bəd nəzərdən qorusun! – dedi.

Aman Tanrım, nitqim tutuldu. Bu mübarək və gözəl xanıma nə deyəsən? Mən onu birinci dəfədir görürəm, nə edim? Bağrıma basdım, öpdüm, öpdüm Xatunu və dəngil-duvana gələn Anar Mahmudoğlunun özünü də heyrət bürüdü. Xatunun bu əməllərindən onun da xəbəri yoxmuş…

…Selcan ölkənin içində olduğu durumlardan suallar soruşur.

…Xatun «ata, mən «Xural»a köşə yaza bilərəm?» deyir və ilk köşəsini yazır.

…Banuçiçək qayğılı-qayğılı anasına daha həkim olmayacağını söyləyir və «niyə?» sualından sonra «bəs «Xural»ı kim çıxaracaq?» cavabını verir.

…Ərxan kişi-kişi xarakter nümayiş etdirir, Bamsı Beyrək gəlir, Tural böyüyür. Hələ Siracı, Atillanı, Barışı, Ziyanuru, Zamanı demirəm. Nə Böyük Gələcək gəlir…

Biz övladlarımıza böyük təhsil və böyük sağlıq imkanları yarada bilmirik. Əksinə, onlar bizə yardımçı olur, artıq əllərimizdən tuturlar. Onlar bizim qayğılarımızı paylaşır, bizi evlərimizə gələnə qədər qapıların ağzında dayanıb gözləyirlər.

Heç unutmaram, Ramiz Zeynalovun bir DYP əməkdaşı ilə qovğada polis idarəsinə gedəsi olmuşduq. O zaman Selcanın israrla bölməyə gəlməsi və qapıda məni gözləməsi xeyli sarsıntılı olmuşdu. Onlar artıq əsgərdirlər. Onlar həm Azərbaycanın gələcəyində, həm də dünyanın gələcəyində rol oynayacaq ruhla təchiz olunurlar. Bütün Azərbaycan balalarını elə görmək istəyirəm. Bütün Azərbaycan balaları elə olmalıdır…

Hələliksə, bütün mövzularımı alt-üst edən Xatuna qayıtmaq istəyirəm.

Əzizim, Xatun! Mən bu köşəmi Fransanın prezidenti Nikola Sarkozinin ölkəmizə gəlməsindən və bizi təhqir edib getməsindən yazacaqdım. Amma sənin nazar boncuğun hər şeyi dəyişdirdi. Sən «Xural» üçün dua edirsən, mən də Sizin üçün, gözəl balalar. Allah Sizi bu Vətənə və bu Millətə çox görməsin. Bütün Azərbaycan balalarını Tanrı nəzərdən qorusun. Sözüm isə Tanrıyadır:

– Sən Xatuna qulaq as, Ulu Tanrı! Çünki cocuqlar doğruları söyləyər…

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button