XİN adlarını açıqladığı «qara siyahını» niyə tam olaraq gizlədir?

Azərbaycan üçün «arzuolunmaz şəxslər»in siyahısı hansı məqsədlə mətbuatdan gizli saxlanılır?

 Xarici İşlər Nazirinin (XİN) müavini  Xələf Xələfov sentyabr ayının 26-sı Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən X.Xələfov, Azərbaycan torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edildiyini qeyd edəndən sonra qaçqın və köçkünlərin problemləri barədə söhbət açıb. Bu informasiya Xarici İşlər Nazirliyinin rəsmi saytında və informasiya portallarında yayımlanıb. Xəbəri olduğu kimi dərc etməkdə məqsədimiz var. Həm də əlavə edirik ki, bu xəbər hələ də nazirliyin rəsmi saytından çıxarılmayıb.

Bu görüşdən yeddi gün sonra Cozef Simitian Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə səfər etdiyi üçün XİN-in qara siyahısına salınıb. Bu ziddiyətli məsələ ilə bağlı araşdırma aparmağı qərar verdik. İlk öncə XİN-in qara siyahasını əldə etmək istədik .Ancaq XİN-in mətbuat katibi Elman Abdullayev arzuolunmaz şəxslərin siyahısını bizə verə bilməyəcəyini bildirdi. «Biz mütəmadi olaraq bu şəxslərin adını mətbuata açıqlayırıq. Məqsədimiz cəmiyyətin bu adları bilməsidir. Ancaq bir sənəd kimi bu siyahını sizə verə bilmərik. Buna səbəb isə arzuolunmaz şəxslərin siyahısı daxili sənəd olması və onun yalnız nazirlik daxilində istifadəsi üçündür. Bunu mətbuata açıqlaya bilmərik» deyə katib bildirdi.

Elman Abdullayevin fikirlərini praktik cəhətdən absurd hesab etmək olar. Necə olur ki, mütəmadi olaraq mətbuata adları açıqlanan insanların siyahısını mətbuata verilməsin? Bu, hansı peşə qanunlarına əsaslanır? Əlbəttə, əgər sonradan ictimayyətin xəbəri olmadan  siyahadan çıxarılan və ya siyahıya əlavə etmələr olmayıbsa.

Maraqlıdır ki, biz bu siyahını hazırlamaqda o qədər də çətinlik çəkmirik. Çünki faktiki olaraq internet resurslarının imkanlarından istifadə etməklə zaman-zaman nazirliyin «arzuolunmaz şəxslər» elan etdiyi insanların adları ilə bağlı olaraq mətbuata açıqlamalar verilib. Məsələn, bir zamanlar Rusiyanın xalq artisti Flipp Kirkorovun Qarabağda konsert verməsi ilə bağlı adı «arzuolunmaz şəxslər» siyahısına salınmışdı. Lakin sonradan rusiyalı sənətçinin adı bu siyahıdan çıxarıldı. Daha onlarla jurnalistin adı internetin arxivində var ki, mütəmadi olaraq XİN-nin açıqladığı «arzuolunmaz şəxslər» siyahısına düşüblər. Lakin nədənsə, bəzən biz ictimayyətə açıqlanmayan siyahıya salınmaları ilə bağlı məlumatların bəzən gizli saxlanıldığının da şahidi oluruq. Məsələ burasındadır ki, bu siyahıda hətta eks-spiker Rəsul Quliyevin də adının olduğunu öyrənə bildik. Hansı ki, R.Quliyev Azərbaycan vətəndaşıdır və bu siyahıya düşə bilməz.

Lakin ölkəmiz üçün arzuolunmaz şəxslər elan olunan adamların adlarının açıqlandığı siyahının ictimaiyyət və mətbuatdan gizli saxlanılması kifayət qədər diqqətimizi çəkir.

Eyni zamanda söhbətləşdiyimiz hüquqşünaslar da deyirlər ki, daxil olan dövlət sənədləri ya tam olaraq ictimaiyyətə açıqlanmır, ya da bir hissəsi açıqlanırsa, tam olaraq açıqlanır.

Deməli, XİN-in açıqlamaq istəmədiyi bu sənədin ictimaiyyətə açıqlanmayan bölümlərində nəsə qaranlıq məqamlar var. Bu məqamları isə XİN rəsmiləri yəqin ki, açıqlayarlar…

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button