XİN-dən Aİ rəsmisinin bəyanatına reaksiya: “Qərəzli və qəbuledilməzdir”

Yayımlandı: 30 May 2024 12:34

Rəsmi Bakı ittihamları qəbul etmir

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bəyanatına reaksiya verib.

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Peter Stanonun söylədiklərini qərəzli və qəbuledilməz adlandıraraq rədd etdiklərini bildirib.

Avropa İttifaqının dünənki bəyanatında İlham Əliyevin mayın 25-də imzaladığı əfv sərəncamına diqqət yönəldilmişdi.

Avropa İttifaqı Azərbaycanı əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə çağıraraq qeyd etmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də 154 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb:

Keçmişdən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslər daxil edilməyib. Son aylar Azərbaycanda müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və siyasi fəalların siyasi motivli ittihamlarla həbslərinin narahatedici artımı müşahidə olunur. Xüsusilə “AbzasMedia”, “Toplum TV”, “Kanal 11” və “Kanal 13” kimi müstəqil mediaların əməkdaşları, III Respublika Platforması kimi siyasi hərəkatlar, əmək hüquqlarını müdafiə edən qruplar və Demokratik Təşəbbüslər İnstitutu kimi digər təşkilatlar hədəfə alınıb”.

Eyni zamanda, açıqlamada Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Qlobal Konfransı yada salınır.

Bildirilir ki, belə tədbirlərin mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır:

““COP29” Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq imkanıdır. Bu, həm də 2021-ci ilin dekabrında Şərq Tərəfdaşlığı Sammiti Bəyannaməsində təkrarlandığı kimi, Azərbaycanın Şərq Tərəfdaşlığının üzvü kimi öhdəliklərinə uyğundur”.

A.Hacızadə hesab edir ki, bəyanat Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur:

Müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət icra rejimi qanunlarının tələbləri çərçivəsində həyata keçirilir”.

“Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir. Bununla yanaşı, saxlanılan şəxslərin tibbi və digər yardımdan məhrum edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur. Avropa İttifaqı tərəfinin istinad etdiyi bütün şəxslər qanunla müəyyən edilmiş qayda və çərçivədə lazımi yardımla təmin olunurlar”, – deyə açıqlamada qeyd olunur.

 “Avropa İttifaqının bir sıra Avropa ölkələri və siyasətçilərinin siyasi baxımdan verdikləri üstünlüklər əsasında müəyyən şəxsləri əfv etmək üçün əsassız ictimai tələbləri Avropanın qanunun aliliyinə həqiqətən sadiq olduğunu şübhə altına alır. Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur”, – deyə Hacızadə əlavə edib.

O həmçinin qeyd edir ki, Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir:

Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Avropa İttifaqının müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button