XİN:”Bakıda “Eurovision” müsabiqəsinin keçirilməsinin siyasiləşdirilməsi qəbuledilməzdir”

Markus Löninq

09.02.2012

AFR federal hökumətinin insan haqları sahəsində siyasət üzrə səlahiyyətlisi Markus Löninq Bakıda “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi məsələsini əsassız və ədalətsiz şəkildə siyasiləşdirib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

“Löninqin Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsini siyasiləşdirmək səyi qəbuledilməzdir. Löninq Almaniya KİV-də dərc olunmuş əsassız ittihamlar və çağırışlar yolu ilə Almaniya cəmiyyətində bu tədbirə qarşı yanlış münasibət yaratmağa çalışır”, – Abdullayev bildirib.

AFR hökumətinin insan haqları üzrə səlahiyyətlisi Markus Löninq mayda Azərbaycandan “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibəsində Bakının ünvanına insan haqlarının pozulması ilə bağlı ittihamlar səsləndirib.

Abdullayev deyib ki, Löninqin yanaşması və çıxışları Almaniyanın mövqeyini əks etdirmir.

“Löninq tərəfindən atılan düşünülməmiş addımlar onun şəxsi təşəbbüsünə əsaslanır və Azərbaycanla Almaniya arasında tərəfdaşlığın yüksək səviyyəsində olan ikitərəfli əlaqələrin möhkəmləndirilməsi işinə xidmət etmir”, – XİN rəsmisi əlavə deyib.

Onun sözlərinə görə, Löninqin ittihamları, Azərbaycan hökumətinin hüquqi dövlətin inkişafı, qanunun aliliyinin möhkəmləndirilməsi, demokratiyanın inkişafı üzrə islahatlar üzərində işlərə, eləcə də bu sahədə Aİ ilə geniş dialoqun davam etdirilməsinə nə dərəcədə sadiq olması nəzərə alınarsa, xüsusilə əsassızdır.

“Bu yaxınlarda Almaniya XİN-in mətbuat katibi öz çıxışında xüsusilə qeyd edib ki, federal hökumət Azərbaycanda insan haqlarının müdafiəsi üzrə fəaliyyət planının təsdiqlənməsini alqışlayır. O, habelə qeyd edib ki, bu, həmin istiqamətdə atılan düzgün addımdır”, – Abdullayev bildirib.

Xatırladaq ki, 16.08.2011 tarixində Bakıda olarkən Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq bildirmişdi ki, “2005-ci il parlament seçkiləri dövründə ölkədə insan azadlıqlarının vəziyyəti indikindən daha yaxşı idi. İnsanlarla söhbətlərdən, media məqalələrindən aydın olur ki, Azərbaycanda iqtisadi inkişafla insan hüquqları fərqli istiqamətlərdə inkişaf edir. Bu gün hətta mənə dedilər ki, Azərbaycanda mövcud durumla bağlı tənqidlərə son qoymaq lazımdır. Çünki tənqid ölkənin imicinə mənfi təsir edir”. Cənab Löninq Azərbaycan nümayəndəsindən soruşub ki, digər ölkələrdən Azərbaycanda müsbət dəyişikliklər olduğunu necə görmək olar? “Azərbaycanda insanlar Facebook-da məqalə dərc etdiyinə görə həbs edilir. Müxalifət partiyaları, məsələn Müsavat Partiyası şəhərin mərkəzində toplantı keçirmək istəyir, şəhərin kənarlarını göstərirlər. Sərbəst toplaşmaq istəyində olan insanlar həbs edilir. Bir sözlə, insanları öz hüquqlarını reallaşdırmaq istəyinə görə həbs gözləyir. Sizcə, belə ölkə xaricdən necə görünər?” O, Almaniyanın Bakının inkişafını daha çox arzuladığını bildirib: “Amma, bunun xatirinə insanı evindən çıxarmaq olmaz. Bu ifadəni eşidən kimi dedilər, aha, söhbət Leyla Yunusdan gedir. Bildirdilər ki, Leyla Yunus bütün dünyanı gəzib, Azərbaycan haqqında mənfi rəy yaradır. Mən cavab verdim ki, hökumət insan azadlıqlarına hörmət etməlidir. Hökumət anlamalıdır ki, azad, sərbəst iqtisadiyyatın inkişafı, fərdin azadlığından keçir. Azad olmayan insan iqtisadiyyatı necə azad edə bilər. Fərqli, yaradıcı fikirlər olmadan müzakirələr mümkün deyil. Müzakirələrsiz isə inkişaf yoxdur”.  

Cənab Lörninq eyni zamanda azad fikirləri insanlara çatdırmaq imkanı olan azad medianın vacibliyini qeyd edib. “Azad və fərqli fikirlər ilk öncə mediada əks olunmalıdır. Televiziyalar, audio, çap mediası, İnternet azad olmadan fərqli fikirləri cəmiyyət haradan əldə edə bilər? Fərdin azadlığı üçün azad yaşayış şəraiti təmin edilməlidir”, – deyə o qeyd edib. 

O, bir sıra ölkələrdə insan hüquqları sahəsində gətirilən bəhanələrdən də danışıb: “Deyirlər, gənc dövlətik, Sovet rejimindən sonrakı dövrü yaşayırıq, şərqlə-qərbin, Rusiya ilə İranın qovşağında yaşayırıq və s. Amma bu bəhanələr artıq arxada qalıb. Doğrudur Sovet rejimindən keçid ağırdır. Artıq, Sovet rejimi 20 il arxada qalıb və bir çox ölkələr demokratiya yoluna keçib. Şərqlə-qərb arasında yaşamaq isə bəhanə deyil. Fürsətdir. Çünki, bu həm qərbin, həm də şərqin təcrübəsinə bələd olmaq deməkdir. Bu fürsət keçidi daha da asanlaşdırmalıdır. Bir sözlə, hər zaman bəhanə düzgün deyil. Əzmkarlıq nümayiş etdirilməlidir. Dəyişikliyə ilk öncə cəmiyyətin daxilindən təkan olmalıdır. Təkan üçün isə əsas amillərdən biri ölkədə maliyyənin olmasıdır. Bu isə Azərbaycanda var. Almaniya Azərbaycanda dəyişikliklərdə Sizə hər zaman kömək etməyə hazırdır. Biz, dünyanın bu hissəsini, Cənubi Qafqazı azad görmək istəyirik”. 

Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il dekabrın 27-də Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını təsdiq edib.

QEYD: Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən “Eurovision” müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb. May ayının 22-si və 24-də “Eurovision 2012”-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək. 57-ci “Eurovision” mahnı müsabiqəsi Bayraq Meydanında inşa olunan “Baku Crystal Hall”da baş tutacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button