Xirtdəyə qədər rüşvət və korrupsiyada batan generallarla müharibə etmək olarmı?

İlham İsmayıl

 

“Hərbi nazirlik üç hesabat hazırlayır: biri cəmiyyəti aldatmaq üçün; ikincisi hökuməti aldatmaq üçün; üçüncüsü özlərini aldatmaq üçün”

 

Son günlər bir-birinin ardınca baş verən əsgər ölümlərinə və Azərbaycan Silahlı Qüvvələrinin aciz şəkildə ölümləri seyr etməsinə, şəhidi təntənəli şəkildə dəfn etmə görüntüsünə və “düşmənə ağır itkilər yaşatdıqları” barədə vassal mətbuata verdikləri yalan açıqlamalarına baxanda ingilis qrafından gətirilən sitatın bizim bu günümüzü necə dəqiq əks etdirdiyini düşündüm. Ümumiyyətlə isə yaşadıqlarımız yalnız bu gün üçün xas deyil, 27 ildir ki, Azərbaycan Silahlı Qüvvələrinin yalan hesabatlarla hökuməti olmasa da, cəmiyyəti və özlərini aldatdıqları reallıqdır. Silahlı Qüvvələr haqqında çılpaq şəkildə yazmaq çətindir, hansısa əskikliyi göstərməklə düşməni də məlumatlandırmış olursan. Amma bəzi hadisələrdə heç bir məxfilik qalmayıb, çünki olanlar düşmənin gözü qarşısında baş verir və açıq informasiya mənbələri kifayət edir ki, qarşı tərəf də, özümüz də məntiqi nəticə çıxaraq.

Ermənistanla istər dövlət sərhədində, istərsə də cəbhə xəttində vəziyyət elədir ki, hər iki tərəfdən itkilər ola bilər. Təəssüf ki, 2016-cı il aprelin 5-dən sonra birtərəfli itkilər daha çoxdur və o itkiləri verən əsasən Azərbaycandır. Faktiki olaraq istər Qarabağda, istərsə də dövlət sərhədində düşmən tərəfindən daha çox bizim əsgər öldürülüb.

Cavablarımız isə yetərli deyil. Ona görə yetərli sayılmır ki, biz hələ ki torpaqları işğal olunmuş məğlub tərəfik. Biz ikiqat qisas almaq əvəzinə seyrçi mövqedə dayanmışıq. Bu bir faktdır ki, Müdafiə nazirinin: “Şəhid olan bir hərbçimizin əvəzinə 10 düşmən hərbçisi öldürüləcək”, – bəyanatı cəmiyyəti və özlərini aldatmaq üçün verilib. Məlum oldu ki, MN və DSX nəinki birə on, heç birə-bir cavab verə bilmək gücündə deyil və hər an müharibə başlamaq ehtimalının real olmasına baxmayaraq bu vacib strukturlar total qeyri-peşəkarlıqla idarə olunur, onun acısını isə xalq və dövlət itkilər verərək yaşayır.

Və bu vəziyyəti görüb istər-istəməz fikirləşirsən ki, başları bizneslərinə qarışan, xirtdəyə qədər rüşvət və korrupsiyada batan generallarla müharibə etmək olarmı? Hər itki verildikcə bizdə çeşidli general rütbələri paylanır, generalların sayının artımı şəhidlərin sayının artımı ilə paralel gedir.

Axı torpaq azad edə bilməyən hərbçiyə niyə general rütbəsi verilməlidir? Şəhidin qanını ala bilməyən generalın rütbəsi alınmaq əvəzinə onu növbəti rütbə ilə təltif etməklə faktiki növbəti məsuliyyətsizliyə, növbəti şəhid ölümünə şərait yaratmış olmuruqmu? Bizdə hər şey tərsinədir. Nə vətən işğaldan azad olunur, nə şəhidin qisası alınır, amma çoxlu generallar peyda olurlar.

MN və DSX bu gün ona görə daha çox tənqidə və bəzən də təhqirə məruz qalır ki, düşmən gülləsi ilə ölən hərbçilərimizin qisası lazımınca alınmır. Əgər alınsaydı, şəhidin də ruhu şad olar, onun acısını çəkən valideynlər də rahatlayar, cəmiyyət də sabaha inamla baxardı. Bu gün belə bir inam yoxdur. Generalların villalarından, biznes şəbəkələrindən, öz aralarındakı intriqadan, bəzilərinin isə daha çox başqa dövlətin adamı olmasından cəmiyyət daha çox məlumatlıdır, nəinki onların hansısa döyüş uğurundan. Belə olanda haradan olacaq bu inam? Əksinə, cəmiyyətdə bir fikir formalaşıb ki, belələri ilə heç müharibə etməsən yaxşıdır, yoxsa daha ağır məğlubiyyətə düçar olarıq.

 Son şəhidlərimizin dəfn prosesinin təşkilinə və orda çıxış edənlərin danışığına diqqət edəndə hiss olunurdu ki, bu adamlar günahkar olduqlarını, düşməndən qisas ala bilmədiklərini bilirlər, elə ona görə də günahlarını yalnız dəfn mərasimini təntənəli keçirməklə bəraət qazanmaq istəyirlər. Generallar bilsin ki, bəraəti düşməndən onqat qisas almaqla qazana bilərlər.

Sərhəddə və cəbhə xəttində baş verənləri təhlil edəndə hiss olunur ki, bu iki qurum arasında koordinasiyalı fəaliyyət yoxdur. Bəlkə də bir-birinə qısqanclıq və mane olmaq var ki, nəinki uyğunlaşdırılmış fəaliyyət planları. Bunun nəticəsidir ki, düşmən daha da azğınlaşıb, verilən itkilərə cavab görmədiyi üçün sərbəst şəkildə əsgərlərimizi hədəfə alır.

Adətən hərbçilər diplomatların buraxdığı səhvləri cəbhədə düzəltməklə balans yaradırlar. Təəssüf ki, bütövlükdə Qarabağ siyasətinin 26 illik uğursuzluğu həm diplomatiyamızda, həm hərbimizdə davam edir. Paşinyanın diplomatik debatlarda uğursuzluğunu Tonoyan cəbhə xəttində təcili bərpa edir. Bizim kiçik diplomatik qələbəmizi isə cəbhə xəttindəki generallar yerlə bir edirlər, çünki cəzalanmayacaqlarını bilirlər.

Yəqin yaxın vaxtlara cəmiyyət yeni generallarla tanış olacaq. Növbəti general rütbəsini kim alacaq?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button