Xristian olsaydıq, bəlkə biz də daha çox əxlaqlı, daha çox insaflı olardıq

Mən Vətəni özümə sevgili seçmişəm

 “Ünsiyyət” rubrikasının ilk qonağı hamının yazıçı kimi, yalnız həmkarları və pasiyentlərinin həkim kimi tanıdığı Rafiq Tağıdır. Onunla axşamüstü, saat 6-da görüşəcəkdik. Amma Rafiq Tağı düz yarım saat gecikdi. Dediyinə görə, gecikməyində günahkar o özü yox, tıxac olub. Müsahibənin şərtləri ilə tanış olanda, etiraz etmədi. Gecikən tərəflə zərərçəkənə (gözləyənə) etiraz etmə haqqını özündə görmədiyindən, yeni çay evlərindən birində oturduq. Çay evindəki insanların gəlib qonağımla görüşmələri, yazıları haqqında müsbət fikirlərini bildirmələri, deyəsən, Rafiq Tağının canına sarı yağ kimi yayıldı. Bu, həm də söhbətimizin gedişini rahatlaşdırdı. Pozitiv enerjisi ilə insanı yormayan Rafiq Tağı ilə musiqimizdən, onun musiqi zövqündən düz dörd saata yaxın danışdıq. Məlum oldu ki, Rafiq Tağı musiqimizi sevən, formalaşmış zövqə malik kifayət qədər diqqətli dinləyicidir. Mətbuatla sıx əlaqəsi olmasına baxmayaraq, bu söhbətdə qonağımız heç vaxt haqqında danışmadığı insanlardan və mövzulardan danışdı.

 Əvvəli ötən sayımızda

 – Sanki harasa gedibsiniz?

– Hə… Və qayıdıb gəldim. Həbsdən çıxandan sonra burnundan uzağı görə bilməyən adamlar məni dürtmələməyə başladılar: çıx get Avropaya, şansdır. “Mənə belə şans lazım deyil”, onlara dedim. Dedilər, “məşhur olacaqsan”, dedim, “yox, şöhrət Vətən sevgisini üstələyə bilməz.” Mən Vətəni özümə sevgili seçmişəm. Mən perspektivi coğrafi yerdəyişmədə görmürəm. Coğrafi yerdəyişmədə xoşbəxtlik axtarışları gənclik səhvləri sırasındadır. Perspektiv, məsələn, Berlində yaşamaqda yox, yaradıcılıqdadır. Moskvada 11 il yaşamağımın xeyri bu oldu: dərk etdim ki, bir daha Vətəni tərk etməyim. Bu dünyada boyun ucalmağından savayı ucalmaq yoxdur. Elə bu təcrübə əsasında da həbsdən çıxandan sonra ölkədən getmədim. Getməməyim qəlbiqaralara da ibrət oldu. Nə yollasa vətəni Türkiyədən qaçıb Avropada məskunlaşmış, yumşaq döşəkçələr üstündə “525-ci qəzet”ə köşələr yazan Orxan Aras adlı birisi həbsimin ilk həftələrində haqqımda namərdcəsinə böhtan yazdı ki, “Rafiq Tağı “Avropa və biz”i Avropada sığınacaq almaq üçün yazıb”. “Bayıl” siçovullarının ciyiltisi altında bu söz mənə çox ağır gəldi. Doğrudan da, əxlaqın hüdudu olmadığı kimi, əxlaqsızlığın da hüdudu olmur. Mən burada qalmaqla bir çox insanlara ədəb-əxlaq dərsi vermiş oldum. Bax, bu çayxanada oturub dərdləşmək mənə Londonda – parlaq bir guşədə oturmaqdan daha xoşdur. Dünyanın parlaq interyerləri Azərbaycan evinin həsir döşənəcəkli, üstü maral şəkilli palazlar asılmış divarlarının yerini verməz. Bülbül də qızıl qəfəsləri sevməz.

Söhbət uzandı; bayaq siz aşıq musiqisi barədə soruşdunuz…

Aşıq musiqisini də, saz havalarını da çox xoşlayıram. Yəqin təəccüb edirsiniz: buna noolub, nəyi soruşursan, sevir. Elə uşaq da ona ağrı verməyən hər şeyi sevir. Sevgiləri uşaqlardan öyrənməyimiz gərək.

Hə, aşıq musiqisinə uşaqlıqdan aşiqəm. Kəndə aşıq ancaq toya gələrdi. Aşıq musiqisi məndə toy-bayram, el şənliyi, gümrahlıq və xoşbəxtlik assosiasiyaları doğurur. Bir də aşıq musiqisini mənə Azərbaycan Radiosu sevdirib. Bəzən Azərbaycan Radiosunu pisləyirlər, amma radiolar içində rəngarənglik baxımından elə ən üstün olanıdır. Orada poeziya da olur, aşıq musiqisi də, estrada və muğam da. Axşamacan amerikan-ingilis estradasına qulaq asmaqla deyil ki… Bayaqdan türməni-zadı xatırlamaqdayam. Qoy bir detalı deyim. “Bayıl” Təcridxanasında bir müddət əslən Qazaxdan olan bir kişi ilə kamera yoldaşı olduq. Özü narkodiler, ancaq süfrəsində bir tikə çörək kəsməyən adamdan tez küsən, “qulaq”, həmçinin aşıq havalarının ölüsü. Canilərin də qəlbində gözəl insani axınlar olur. Cani, sadəcə, defektləri olan insandır. Ruslar dustaqlara bizdən daha çox mehr-məhəbbətlə yanaşırlar. Bu, onlarda yüksək əxlaqi keyfiyyətdir və xristianlıqdan qaynaqlanır. Xristian olsaydıq, bəlkə biz də daha çox əxlaqlı, daha çox insaflı olardıq. Əxlaqımızda nə gözəl şeylər varsa, hamısı milli olandır. İslamdan bizə yaxşı heç nə keçməyib. Ruslara görə, bəli, cinayət mütləq cəzasını almalıdır. Ancaq dustağa sevgini də unutmurlar. Onlarda dustağa sevgi cinayətə yox, insana sevgidir. Hərdən bizdə də sanki xristiancasına hadisələr baş verir: bəzi hakimlər canini “aç-burax” edirlər. Əlbəttə, bu, humanizm deyil. Bunun adı adi rüşvətdir. Cinayət cinayətlə silinir. Amma cəmiyyət cinayətə cəza və dustağa məhəbbət olanda gözəl olur. Cinayət var, cəza yoxdur, cəza var, cinayət yoxdur, belə cəmiyyət tezliklə dağılar. Bunlar əslində, məlum həqiqətlərdir. Yeri gəlib, təzədən danışırıq. Hə, cinayətim olmaya-olmaya mənə 3 il iş kəsiləndə, humanizmdən danışan islam qruplaşmaları vaveyla qışqırdılar: azdır bu 3 il! “3”nədir ki. Ölüm, ya heç olmasa 10-15 il! Ancaq yenə Allah onlara hidayət etsin, xristianlardan insansevərlik öyrənsinlər. Bu insanlar başa düşmürdülər də ki, bizdə ölüm hökmü çoxdan ləğv olunub. Respublika Purokurorluğu, DİN və MTN islamçılara sübut edə bilmədi ki, Rafiq Tağı qatı, heç “duru” da cani deyil. İslamçılarımız qanunla yox, daha çox təsəvvürlərlə yaşayır və işləyirlər. Onlar üçün VII əsrdən bəri dünya dəyişməyib. Neynək, yenə Allahdan arzum budur ki, işləri avand olsun, qəlbləri qəzəbdən təmizlənsin, ailə səadəti içində yaşasın və bir də onu başa düşsünlər ki, onların düşməni Rafiq Tağı yox, Azərbaycanın qərbində bizə dişlərini qıcayan və həm qarınlarındakı qurda görə gecə-gündüz dişlərini xırçıldadanlardır.

Bayaqkı söhbətə qayıdaq. Həmin qazaxlı hər axşam Azərbaycan Radiosunda saat 8-dən 9-dək verilən aşıq musiqisinə hökmən qulaq asardı. Narkotikdən uyanlar kimi də həzzdən gözlərini yumardı. Əvvəl kamerada sakitlik yaradardı. Aşıq musiqisini sevdiyimdən, bu sakitlik mənə havayı nəsib olurdu. Deməyim nədir: bizdə aşıq musiqisini belə sevənlər var. Aşıq sənəti millətin xarakteri və həm yüksək istedadının göstəricisi kimidir. Biz fəxr etməliyik ki, YUNESKO aşıq musiqisini də muğamımız kimi bəşəriyyətin qeyri-maddi sərvətləri siyahısına salıb. Yoxsa fəxr etməyək? Necə bilirsiniz?

Bəzən ağız büzənlər olur: “Azərbaycan dili naqis dildir.” Düzdür, əcnəbi sözlərlə dolu texniki-tibbi-hərbi dilimiz heç cür “milliləşə” bilmir. Terminlər – həminki, yenisi – türkcəsi tapılmır. Lakin xalqın öz danışıq dili hədsiz zərif olmaqla, incəliklərlə, frazeoloji söz birləşmələri ilə zəngindir. Xüsusən də Cənubi Azərbaycanda dilimiz korlanmayıb. Kompakt yaşayış yerlərinə fars dili gəlib çıxmayıb da; nəticədə dil energetikanı öz içindən almaqla daim təzələnib. Dilin estetikası özündən törənib. İddiam absurd olardı ki, məsələn, həkim, ya hərbçi folklor dilində danışsın. Həkimlər öz aralarında tibbi terminlərlə danışmalıdır, belə ki, razıyam, kənar adam lap heç nə başa düşməsin. Yaxşı həkimlərin dili quş dili kimi bir şeydir. Gəlin, belə bir şey təsəvvür edək: həkim ölüm ayağında olan infarktlı bir xəstənin yanında Allaha and içir – bu xəstəni hökmən sağaldajam, yox, sağaldammasam, belə-belə olum, atam itnən yatsın. Sizi gülmək tutmazmı? Yadınızdadırsa, Rahim Qazıyev müdafiə naziri olan vaxtlarda hərbi müşavirələrə çıxıb, kişilik rəmzi olan köndələn papağı da başında, ana-bacılarımızın namusuna and içərdi ki, bağ belə, bostan belə, ay kərəni elə kürə eləyəcək, ay Şuşanı belə geri alacaq. Yüksək çinli bir hərbçinin dilindən öz eşitdiyimi deyirəm: rəhmətlik Əbülfəz Elçibəy hərb işində – “taxta”, müşavirələrdə mat-mat onu dinləyirmiş. Rahim Qazıyev tapançasını, indi yadımdan çıxıb – sağmı, ya sol, gicgahına sıxacağını söyləyirmiş. Amma can baldan şirindir, müdafiə naziri yaşamağı, öz canının müdafiəsini üstün tutdu.

İnsafən, nazirin kişi-kişi, boş-boş danışmağı həm də bizdə milli-hərbi dilin yoxluğuna dəlalət edirdi.

Lakin axı, ölkədə Akademiya var, Dilçilik İnstitutu var. Dilçilik İnstitutu sovet dönəmində də olub. Oturub-durub daşlar üzərindəki ölü yazıları araşdırmaqla məşğul olmuşuq. Bugünümüz yoxmuş kimi yalnız keçmişimiz içində eşələnmişik. Dilçilərimiz türk sözlərinin etimologiyasına çox uyurdular. Bəs onda tibb və baytarlıq dili, aqrar, hərbi, texniki terminologiyalar necə olsun?! İnkişafımız naminə bu cür məsələlərdə dövlət zor göstərməli, tələbkar və təkidli olmalıdır. Bunun üçün də milləti düşünən işıqlı məmur başları gərək. Əfsus, bizdə bütün məmurlar korrupsioner tiplidir. Millətə dair işlər barmaqarası görülür. Oliqarxın milli marağı olmaz. Başdakılarda yalnız şəxsi maraqlar başdadır. Ziyalı məmurlarımız azdır. Dövləti işlərdə yaradıcılıq onlara xas deyil. Atatürk böyük dil islahatı keçirdi. Bu sayaq işlərdə məcburi aktlar faydalıdır. Di gəl, məcburi aktlari da yalnız xarizmatik liderlər həyata keçirməyə qadir olur. Bir sözlə, ilişmişik.

Gör hardan gəlib, hara çıxdıq.

Bir iş var ki, mən pessimist deyiləm. Böyük səylər göstərsək, düzələcəyik, inancındayam. Yetər ki, ziyalılarımız nihilist, xalq da öz taleyindən bədgüman olmasın. Sapsağlam gənclər əsgərlikdən yayınmaq üçün “invalid” kağızı düzəltdirməsin. Sevgilər sahəsində çalışaq. Bu barədə Vaqif Bayatlı Odərin həyatı və yaradıcılığı nümunədir: hamını bir-birinə sevdirmək planı qurub, bu amalla da yaşayır. Mən Vaqifin hətta mücərrədliyində də ictimai fayda görürəm. İnsanlarda çatmaq istədiyi bir ideal olmalıdır. Məsələn, günəbaxanın idealı Günəşdir. Bax, belə.

– Heç, sevdiyiniz müğənni var?

 Sonu gələn sayımızda

 Elxan Xanəlizadə

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button