“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının 44 yaşı tamam oldu

EVEZ 4417.12.2014

2011-ci il oktyabrın 28-də həbs olunan Əvəz Zeynallı artıq 3-cü ildir ki, ad gününü dəmir barmaqlıqlar arxasında keçirir. Ə.Zeynallı ad günü ərəfəsində ailəsilə görüşüb. Jurnalistin həyat yoldaşı M.Zeynallı “Mediaforum”a bildirib ki, baş redaktor hər zamam olduğu kimi yenə də fəailiyyətini davam etdirir, Atatürkün “Nutuk” kitabını tərcümə edir, “Selcanın məmləkəti”ni yazır: “Ölkədə gedən ictimai-siyasi proseslərdən çox narahatdır. Mətbuatın bu günkü durumu onu tamamilə qane etmir. “Azadlıq” və digər müstəqil qəzetlərə olan hücumları pisləyir. Təyinatlı deputatların maaş artımına etiraz edir. Əvəz Zeynallı hesab edir ki, millət ağır vəziyyətdə yaşayarkən, belə “maaşartımları” sosial disbalans yaradır. Baş redaktor saxlama şəraitindən şikayət etmədi. Onun sözlərinə görə, saxlandığı cəzaçəkmə müəssisəsində mədəni və ziyalı insanlar çoxdur. Dustaqlar rəhbərliyə, rəhbərliksə dustaqlara hörmətlə yanaşır. Hamıdan hörmət görür, hörmətlə qarşılanır. O da bu münasibətin qarşılığını verməyə çalışır”.  M.Zeynallı onu da qey etdi ki, dekabrın 16-da Ə.Zeynallının 44 yaşı tamam oldu. Onu tanıdığı bu illər ərzində hər kateqoriyada olan insanların ona hörmətlə yanaşdığının şahidi olub: “Görünür bu da Əvəz bəyin səmimi xarakterindən qaynaqlanır. Çox istərdim ki, azadlıqda olsun, Vətəninə, millətinə, hər zaman olduğu kimi, yenə də ləyaqətlə xidmət etsin…”

Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı, hazırda dələduzluqda ittiham olunaraq 3 il müddətinə azadlıqdan məhrum edilən Gülər Əhmədovanın iddiası əsasında həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları ittihamların saxta olduğunu və hökmün tənqidi yazılarına görə siyasi sifariş əsasında çıxarıldığını hesab edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button