“Xural” Vüqar Səfərlini Avropa Məhkəməsinə verdi

Vüqar Səfərli

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə milli məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

V.Səfərli hazırda baş redaktoru həbsdə olan “Xural”ı “mətbu qəssab” ifadəsinə görə ağır təzminat cəzasına məhkum etdirmişdi. Milli məhkəmə qərarlarını əsassız hesab edən qəzetin vəkilləri həmin qərarların “Xural”ın əməkdaşlarının ifadə azadlığı hüququnu məhdudlaşdırdığını iddia edirlər. Qəzetin hüquqlarını Media Hüququ İnstitutunun vəkil və hüquqçuları müdafiə edir.

Xatırladaq ki, V.Səfərli “Mətbuatda gerçək rəzalət” və “Əli Hə¬sə¬nov sö¬zü¬nü ye¬di” sərlövhəli məqalələrə görə 2010-cu ildə qəzeti məhkəməyə vermişdi. Həmin məqalələrdəki “Təsəvvür edin, Vüqar Səfərli səviyyəsində bir “mətbu qəssabı” gətirib əyləşdiriblər “mətbuat dükanı”nın başında. Bu qəssab da doğrayır, satır, satır, doğrayır” ifadələrindən narazı qalan V.Səfərli məhkəmədən tələb etmişdi ki, qəzetin üzr istəməsini, təkzib verməsini, mənəvi zərərə görə 10 000 AZN təzminat ödəməsini nəzərdə tutan qərar çıxarsın. İddiaya baxan Nərimanov Məhkəməsi qəzeti 500 AZN cərimələmiş, yazı müəlliflərinin üzərinə üzr istəmək vəzifəsi qoymuşdu. Bu qərarla da razılaşmayan iddiaçının şikayətinə baxan Apellyasiya Məhkəməsi cəriminən məbləğini 5000 AZN-ə qaldırmışdı. Apellyasiya və Ali Məhkəmə “Xural”ın şikayətlərini isə rədd etmişdi.

2011-ci ildə nəşrini dayandırmaq zorunda qalan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hazırda qurama ittihamlarla həbsdədir. Qəzetin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun vəkil və hüquqçularının Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, ölkə məhkəmələri qəzeti ağır cərimə cəzasına məhkum etməklə, habelə ərizəçiləri üzr istəməyə zorunda qoymaqla “Xural”ın əməkdaşlarının Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə təsbit olunan ifadə azadlığı hüququna, öz rəyində qalmaq azadlığına müdaxilə ediblər. Avropa Məhkəməsindən ərizəçilərin hüquqlarının pozulmasının tanınması, onların işlə bağlı çəkdikləri xərclərin, habelə onlara dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.

gundeminfo.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button