“Xural”a hücum – haqqa hücum!

xuralda müsadirə“Mən cahan mülkündə mütləq doğru halət görmədim…”

(Molla Pənah Vaqif)

Biz nə edək? Palaza bürünüb ellə sürünəkmi? Yəni susqunluğun içində biz də lal olaq? Dinməyək, danışmayaq? Kim nə istəyirsə, onu etsin? Budur kimlərinsə bizdən istədiyi? Biveclik sindromunun qurbanları şərəfini bizə dadızdırmaq istəyirlər? Niyə, axı niyə bizi özü kimi görmək istəyənlər belə qəzəblənirlər? Nədən? Haradandır bu sultanlıq hikkəsi? Əgər belə bir hikkə varsa, niyə sonra qıvırırlar?

Əllərində məhkəmə qərarları, “Ümid” uşaq evinə 10.000 manat cərimə məbləği, möhtərəm Ramiz Mehdiyevin tələbi ilə artıq iki ildir mübahisə mövzusu olan cərimə dalınca gəldiklərini bəyan edən ədliyyə işçilərinin acığına sabahısı bəyan olunur ki, sən demə, bu möhtərəm artıq altı aydır öz tələbini geri götürüb. İndi nə deyib, nə ağlayasan… Vallah mən belə baxıram, sizə on dənə Qaraqoyunlu arvadı lazımdır ki, vəziyyətiniz üçün vay-şivən qoparıb ağı desin. Nə olub, qos-qoca məmur aparatı və onun söz deyənləri o qədər çarəsizləşiblər ki, ağ yalana əl atırlar? Yoxsa möhtərəm Ramiz Mehdiyevin qocalığından istifadə edib onun başının üstündən oyunlar qururlar?

Heç inandırıcı deyil. Kişi illərdir höcətinə bap-balaca bir qəzetin üstünə düşüb onu əzir. Əzmək istəyir. Artıq kulminasiya nöqtəsidir. Şeypurlar çalınsın. Qələbə marşı lazımdır. Bütün millət elə bilir ki, hansısa dığanın üstündə qələbə çalmışıq. Amma sən demə, bütün bu qələbə şeypurları möhtərəm Ramiz Mehdiyevin və onun ətrafının haqqın üstündə olan qələbəsi üçündür. Bəli, azad söz – Haqqdır! Ərəb inqilablarından tərs nəticə çıxaran irtica haqqın üstünə “səlib yürüşü” təşkil edir. Bu səlib yürüşünün təşkilatçıları birinci haqqın dilini vururlar ki, sonra asan olsun: “Yeni Müsavat” milyonluq cərimələrlə hədələnir. Eyni dəstədən, eyni mənbədən ilhamlanan bir hücümdur. Növbədə “Azadlıq”dır. “ Xural” bunların yoxlama oyunları idi. İctimaiyyəti yoxlayırdılar. Təpki böyük olduğu üçün ən iri çaplı topu, möhtərəm Ramiz Mehdiyevi hədəfdən yayındırdılar. İnanın, bu böyda yalan, bu boyda riyakarlıq hələ görünməmişdi. Oktyabrın 25-də bizim Ramiz müəllimə borcumuzla bağlı məhkəmə duruşmamız olmalıdır. Ramiz müəllim iddiasını geri götürübsə, məhkəmə icraçılarının əlində üstümüzə gələn QƏRAR nə idi? 25-də kiminlə məhkəmə çəkişməmiz olasıdır?

Bu, onların özlərinin qəbul etdiyi qanunlardır. Onlar bütün qanunlara tüpürdülər. Bir “Xural”ı susdurmaq üçün. “Xural“ın əleyhinə çıxardıqları qanunların özü belə bunların əleyhinədir. Özlərini elə itiriblər ki, nə etdiklərini, necə etdiklərini belə bilmirlər. Bir-birinin ardınca verdiyi açıqlamalar bir-birini təkzib edir; bir-birini qorumaq, malalamaq, təmizə çıxarmaq üçün verdikləri qərarlar bir-birini daha artıq batırır. Böyük bir bataqlığa düşüblər – çabaladıqca, vurnuxduqca, özlərini azad etmək üçün əlləşdikcə daha dərinə batırlar.

Biz bu gün də onları ittiham edirik: Qanunsuzluqda, diktatura yaratmaqlarında, korrupsiyada, vətənə xəyanətdə, siyasi qətllərdə, talanda, daha nələrdə… Bəli, bu ittihamların cavabı olaraq bizim əmlakımız qeyri-qanuni müsadirə olunur, on illərlə nəşr olunduğumuz nəşriyyatlar bizi çap etməkdən imtina edirlər, demokratiya yolunda çap üçün qrant alan mətbəələr bizə yalanlar satır…

Amma bu boş əziyyətlərdir. Biz sınmadıq, sınmayacağıq. Çünki Haqq sınmır, axı! Haqq sınmaz, axı!

Haqq heç nazilmir də!!!

Nurəddin Xoca

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button