Yəhya Daşdələn Məmməd Əliyevi yenə ittiham etdi!

Azərbaycanın Ankaradakı lobbisinin sabiq başqanı skandallara səbəb olacaq kitab yazır!

Azərbaycanın Ankaradakı lobbisinin başqanı, mərhum Heydər Əliyevin dostu və silahdaşı Doktor Yəhya Daşdələnin bir müddət bundan əvvəl “Azadlıq” qəzetində bəzi məmurları hədəf alan yazıları dərc olunmuşdu. O yazılardan bəziləri də Ankaradakı sabiq səfir Məmməd Əliyev haqqında idi. Məmməd Əliyevdən yazı dərc olunan kimi hazırda İspaniyada səfir işləyən Məmməd Əliyev cavab vermiş, “Azadlıq” qəzeti də həmin yazı-cavabı dərc etmişdi. Məmməd Əliyevin yazısı dərc edildikdən sonra Dr.Yəhya Daşdələn yenidən bir yazı yazıb və həmin yazını dərc olunmaq üçün “Azadlıq” qəzetinə göndərib. Ancaq bu dəfə “Azadlıq” qəzeti cavaba cavab mahiyyətində olan bu yazını nədənsə dərc etməyib.

Dr.Yəhya Daşdələn qeyd olunan yazısını “Xural” qəzetinə göndərib və biz bu yazını məmnuniyyətlə dərc edirik. Təbii ki, hörmətli İspaniya səfirimiz Məmməd Əliyevin cavab haqqını da tanımaq şərti ilə.

1) “Söz sahibinə aiddir”- nəinki səfir rütbəsi daşıyan birinə, heç bir insan övladına yaraşmayan tərzdə mənim ünvanıma göndərdiyi təhqirlərin hamısını onun özünə qaytarıram. Yəqin ki, dünyanın heç bir ölkəsinin səfir rütbəsi daşıyan adamı gündəliyə gələn iddialara bu jarqonda cavab verməyi nə özünə, nə də peşəsinə rəva bilərdi. Səfir Novruzoğlu uzun müddət Türkiyədə də işləməsinə baxmayaraq, deyəsən, “cinayət” sözünün mənasını öyrənə bilməyib. Çünki səfirə görə, ona qarşı hər hansı bir iddianı gündəmə gətirmək – “cinayət işləməyə” bərabərdir. Elə isə “cinayət” kəlməsinin kriminal məna ifadə etdiyini bilməməsi səfir Novruzoğlunun çox böyük nöqsanı sayılmalıdır.

2) Əvvəlki müsahibələrimdə də dediyim kimi, məni Türkiyədəki Azərbaycan lobbisinin başına mərhum prezident Heydər Əliyev gətirib. Daha sonra dəfələrlə Azərbaycana mərhum prezidentin qonağı kimi gəlmişəm. Əgər mərhum Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəlişlərimi Məmməd Novruz oğlu Əliyev oraya “dadanmaq” kimi görübsə, mən buna nə deyə bilərəm? Lütfən, baxın-görün, mərhum prezident Heydər Əliyevin dəvəti ilə Azərbaycana gediş-gəlişlərimi Ankaradakı səfir necə qiymətləndirirmiş: “Yəhya Taşdələn Azərbaycan xalqının qonaqpərvərliyindən sui-istifadə edərək gözəl nemətlərimizə (xalça, konyak və s.) dadanmışdı. Azərbaycana hər gəlişində bunlardan bolluca daşıyıb aparırdı. İndi bunlara əli çatmır, tərk edilib, tənha qalıb, hər tərəfə yalan, böhtan, şər püskürür. Yaşı 80-ni ötüb, ağır ürək əməliyyatı keçirib. O, yaşlı və xəstə olduğuna güvənərək böhtan atır, cinayət işləyir”. Bir diplomatın toxunduğu məsələyə və yazı üslubuna baxarsınızmı? Məmməd Novruz oğlu Əliyev mənim Azərbaycandan “xalça, konyak və s.” daşıdığımı nə vaxt və harada görüb? Təkrar edirəm, mən Azərbaycana 1994-cü ilin fevralından sonra həmişə mərhum prezident Heydər Əliyevin dəvəti ilə getmişəm və əgər orada mənə bəzi şeylər hədiyyə verilibsə, bunlar ya möhtərəm prezidentin, ya da yüksək vəzifəli şəxslərin adından verilib. Yaxşı, mən Azərbaycana “dadanmışdımsa” və Məmməd Novruz oğlu Əliyev bunu müəyyənləşdirmiş idisə, mənim neqativ adam olmağım barədə mərhum Heydər Əliyevə və ya xarici işlər nazirliyinə məlumat vermişdimi? Bir insanı “yaşı 80-ni keçib, ağır ürək əməliyyatı keçirib”- kimi humanizmdən uzaq sözlərlə necə ittiham etmək olar? Bir insan “yaşlı və xəstə olduğuna güvənərək” başqasına necə böhtan ata bilər, Məmməd Novruz oğlu Əliyevin sözüylə desək, “cinayət işləyər?” İnsanın “yaşlılığı və xəstəliyi” onu “işlədiyi cinayətin” məsuliyyətindən xilas edirmi? Məmməd Novruz oğlu Əliyevin bu məntiqini anlayan varsa, lütfən mənə də izah etsin. Ah ölkəm, vah ölkəm… Sənin diplomatının işi-gücü ölkəyə gələn qonaqlara hədiyyə verilən “xalçaları, konyakları” saymaq imişsə, onda qoy saymağa davam etsin…

3) Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Fizika Riyaziyyat elmləri doktoru, professor Məmməd Novruz oğlu Əliyev qəzetə ünvanladığı cavabında (söhbət “Azadlıq” qəzetindən gedir – Red.) yazıb: “Siz də (qəzeti nəzərdə tutur – Y.T.),

Y.Taşdələn də gözəl bilirsiniz ki, diplomatik missiyanın şeflərinin – səfirlərin hərəkətləri, hesabları həm öz ölkəsinin, həm də çalışdığı ölkənin və hətta bəzi üçüncü ölkələrin lazımi orqanlarının daim nəzarəti altındadır. Başqa sözlə, onlar daima mikroskop altındadırlar”. Hər şeydən əvvəl, burada çox ciddi üslub xətası olduğunu vurğulamalıyam: belə ki, “diplomatik missiyanın şeflərinin” yox, “diplomatik missiyaların şeflərinin” olmalıdır. Çünki Məmməd Novruzoğlu “şeflərdən” tək halda yox, cəm halda danışdığına görə, “missiya” da tək halda yox, cəm halda olmalıdır.

Keçək cümlənin məntiqinə: “səfirlərin hərəkətləri …bəzi böyük üçüncü ölkələrin lazımi orqanlarının daim nəzarəti altındadır”- dünyanın hansı ölkəsinin səfiri özü ilə bağlı gündəmə gətirilən iddianı cavablandırarkən belə bir arqumentə müraciət edə bilər? O hansı “üçüncü ölkələrin lazımi orqanlarıdır” ki, müxtəlif ölkələrdə əcnəbi diplomatları “mikroskop altında” saxlayır?  Əgər Məmməd Novruz oğlu Əliyev də Ankarada həm Türkiyənin, həm “bəzi üçüncü ölkələrin lazımi orqanları tərəfindən mikroskop altında saxlanıbsa”, bu,  xarici ölkədə dövlətini ən yüksək səviyyədə təmsil edən fövqəladə və səlahiyyətli səfir üçün həqarət deyilmi? Dövlət başçısının etimad məktubu ilə başqa bir ölkədə vəzifəyə başlayacaqsınız, diplomatik toxunulmazlığınız olacaq, dövlətinizin verdiyi hər cür səlahiyyətdən istifadə edəcəksiniz, həm də “olduğunuz ölkənin və hətta bəzi üçüncü ölkələrin lazımi orqanlarının daimi nəzarəti və ya mikroskopu” altında olacaqsınız. Məmməd Novruz oğlu Əliyevin bu açıqlamalarının diplomatiya tarixinə yeni bir baxış nöqteyi-nəzəri gətirdiyinə heç bir şübhəm yoxdur. Ey bu işdən anlayan insanlar, lütfən siz deyin: indiyə qədər bu şəkildə bir səfir açıqlaması görmüşdünüzmü?

4) Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Fizika Riyaziyyat elmləri doktoru Məmməd Novruz oğlu Əliyev qəzetə məktubunda təhqirlərə o qədər aludə olub ki, toxunmadan oxunacaq yerdə verməyi ümid etdiyi” yazısını çap ediləcək vəziyyətə gətirməyi də unudub. Buyurun, səfir bəyin “toxunmadan oxunacaq yerə verməyi” tələb etdiyi məktubundan bir cümlə: “Buna görə, bir həftə ərzində (?) Y.Taşdələnin mənim ünvanıma söylədiyi, sizin də yoxlamadan bir həftə ərzində çap etdiyiniz (?) böhtanları təkzib edib, üzr istəməsəniz, vəkilim vasitəsilə məhkəməyə müraciət etməli olacam. İnanıram ki, ucuz böhtan (?), sensasiya çap edərək qazandığınız pulları ehtiyacı olan əlil şagirdlərimizə verməyiniz və böhtan ataraq insanlara mənəvi əziyyət verdiyinizə görə, sizin də mənəvi əziyyət çəkməyiniz ədalətli olar”. Bu yazı üslubunun müəllifinin insanları məhkəmə ilə təhdid etməsi bir tərəfə dursun, özünü bəri başdan məhkəmənin qalibi elan etməsindən təbii heç nə ola bilməz.

5) Gələk böhtan məsələsinə: Türkiyədə çıxan “Vatan” qəzetinin 2004-cü il aprel (tarixini Məmməd Novruz oğlu Əliyev özü açıqlasa, daha məntiqli olacaq) nömrələrinin birində Azərbaycanın Ankaradakı səfirliyinin həyətindəki binada diyarbakırlı bir iş adamının bar açdığına dair xəbər-analiz dərc edilmişdi. O xəbər-analizi oxuyanda Azərbaycanın Ankaradakı səfirliyinin fəaliyyətinin “mikroskop altında olduğu” açıq-aydın görünür. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Fizika Riyaziyyat elmləri doktoru Məmməd Novruz oğlu Əliyev ona qarşı iddiları gündəmə gətirən adam mən olmağıma rəğmən, “Azadlıq” qəzetini məhkəmə ilə təhdid edir. Görəsən, “Vatan” qəzetinin Türkiyə XİN-ə istinadən verdiyi o xəbər-analizi burada olduğu kimi çap etdirsəm, Məmməd Novruzoğlu kimi məhkəmə ilə təhdid edər: Türkiyə XİN-i, “Vatan” qəzetini, məni, yoxsa “Azadlıq” qəzetini? Buradan ilk dəfə açıqlayıram: üzərində işlədiyim “Türkiyədə Azərbaycan diplomatiyası və diasporasının durumu: 1994-2005” adlı kitabım çapdan çıxar-çıxmaz Məmməd Novruz oğlu Əliyevin mənim kitabımı da məhkəməyə verməsini səbirsizliklə gözləyəcəm.

6) Türkiyənin məşhur köşə yazarı Səlahəttin Duman Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Fizika Riyaziyyat elmləri doktoru, professor Məmməd Novruz oğlu Əliyevin təhdid və təhqir dolu açıqlamalarını oxusaydı, şübhə yoxdur ki, Səlahəttin bəyin köşəsini bu sözlər bəzəyəcəkdi: “Yaz, böyük kağıza yaz…”

Hörmətlə,

Doktor Yəhya Taşdələn

İ.S. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir, Fizika Riyaziyyat elmləri doktoru, professor Məmməd Novruz oğlu Əliyev mənim ixtisas diplomlarımın və Gəncə Universitetinin mənə verdiyi fəxri professorluq titulunun saxta olmasını sübuta yetirmək üçün Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyini və Ankaradakı Azərbaycan Kültür Dərnəyini də işin içinə çəkməyə çalışır. Türkiyənin Bakıdakı səfirliyinin və Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mənim diplomlarımın “orijinallığı” və ya “saxtalığı” ilə nə əlaqəsi olduğunu hələ də anlamış deyiləm…

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (433), 26 iyun-2 iyul  2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button