Ya ölkədən get, ya həbsxanaya gir, ya da çatlayıb öl!

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri,

Məxsusi olaraq “Xural” qəzeti üçün

…bu iqtidarın oyununda xüsusi bəslənən iqtidar “müxalifəti” də var, acından ölən, ancaq gündəmdə qalmaq istəyən müxalifət də var, müxalifətin “iqtidarı”da var, müxalifətin “iqtidar”ının “iqtidaryönümlüləri” də var, siyasətdən baş çıxarmayan, amma fəallıq edənlər də var.

Azərbaycanda fərqli və yeni düşüncə çatışmır. Problemlərin dərinləşməsinin və həll olunmamasının köklü səbəblərindən biri də məhz budur. Hakimiyyət keçirdiyi son saxta parlament seçkiləri ilə Azərbaycan cəmiyyətinə elə bir dərs verdi ki, bundan nəticə çıxarmamaq sadəcə mümkünsüzdür. Aydın oldu ki, mövcud hakimiyyət dövründə hətta azacıq müstəqil mövqeyi olan kiminsə nəinki özünün, eləcə də onun övladlarının, yaxınlarının belə heç bir perspektivi yoxdur. Yəni bunlar nə istəsə edəcək, bunlara yaltaqlanmayan, ölkəni, millətini sevən, fərqli düşünən insanlar isə ya ölkədən gedəcək, ya həbsxanalara salınacaq, ya da çatlayıb öləcək. Deməli, ya bu üç yoldan birini seçməliyik, ya da vəziyyəti dəyişmək üçün çaba sərf etməliyik. Bunun üçün ilk növbədə həqiqəti deməliyik. Hamı müxalifətin niyə birləşməməsini soruşur. Səbəblər çoxdur… Tutaq ki, lap elə müxalifət partiyaları bir təşkilatda birləşdi, Azərbaycan cəmiyyəti dəstək verməsə, dəyişim üçün hərəkətə keçməsə, nəticə olacaqmı?

İkincisi, müxalifət partiyaları deyəndə kimlər nəzərdə tutulur? Hakimiyyət tərəfindən maliyyələşərək 5-10 adama maaş verən, üzdə müxalifət donu geyinsə də, arxada hakimiyyətin əmrlərini yerinə yetirənlərə müxalifət demək olarmı? Ötən yazıda Azərbaycanın ciddi media problemlərinin olduğunu qeyd etmişdim. Son günlərdə mətbuatda 6 müxalifət partiyası rəhbərlərinin bir araya gəlməsi ilə bağlı çoxlu yazılar verildi. Əgər 6 siyasi partiya rəhbəri yazılsaydı, kimsə irad tutmazdı. Azərbaycan elə böyük ölkə deyil ki, bir ucunda baş verənlərdən o biri tərəfində xəbər tutulmasın. Məgər o yazını yazanlar və xəbər kimi verənlər bilmirlər ki, o yazdıqları 6 müxalifət partiyasının ən azı yarıdan çoxu harimiyyət tərəfindən maliyyələşir?

Etiraf edək ki, nəinki təkbaşına hakimiyyəti dəyişmək, lap elə əvvəlki strukturlarını qoruyub saxlamaq gücündə belə partiya qalmayıb. Təəssüf ki, bu acı reallıqla üz-üzəyik. Hakimiyyətin istədiyi də budur, öz “müxalifət”ini şişirtmək, qalan bircə nəfər də olsun müxalif düşüncəyə imkan verməmək. Bunlar üçün ən əsası baş qatmaqdır, siyasilər gündəmdə qalmaq üçün bu tilova asanlıqla düşür, müstəqil olmayan media isə bu oyunu “ustalıqla” aparır. Deməli, aydın olur ki, proses iqtidarın istədiyi kimi gedir, əslində iqtidar bu primitiv oyunu asanca və ustalıqla idarə edir.

Bilərəkdən və ya bilməyərəkdən hamı bu oyunun iştirakçısına çevrilir. Kənarda durursan, bu oyunu tamaşaçıya, Oxucuya çatdıran yandaş media ya atmaca atır, ya sual ünvanlayır. Cavab verirsən olmur, bunların oyununa düşürsən, cavab vermirsən, yenə olmur. Qısası, bu iqtidarın oyununda xüsusi bəslənən iqtidar “müxalifəti” də var, acından ölən, ancaq gündəmdə qalmaq istəyən müxalifət də var, müxalifətin “iqtidarı”da var, müxalifətin “iqtidar”ının “iqtidaryönümlüləri” də var, siyasətdən baş çıxarmayan, amma fəallıq edənlər də var.

Ən əsas rol isə təbii ki, üzdə müxalifçalarlı görünsə də, əslində iqtidarın istədiyini həyata keçirən mediaya verilir. Rusların bir atalar sözü yadıma düşdü: “Pulsuz pendir yalnız siçan tələsində olur”.

Məncə hamı sakitləşməli, yenidən düşünüb-daşınmalıdır. Axı bu üsullar illərdir nə millətimizə, nə də özümüzə heç bir xeyir gətirmir.

İndi hansı qəzeti açırsan “Böyük iqtidar-müxalifət dialoqu başlayır” yazıları adamın gözünə girir. Bütün həqiqətlər reallıqdan uzaqlaşdırılır, günlərlə, aylarla belə həqiqətə uyğun olmayan informasiyalar gündəmi zəbt edir. Yazıq milləti nə qədər aldatmaq olar, ona görə də, millətimizdə heç kəsə və heç nəyə inamı qalmır.

Bir ara “super partiya yaradılır”, “Müsavatla AXCP birləşir, digərləri də onlara birləşəcək, bununla bütün problemlər çözüləcək, hakimiyyət də ölkədən qaçacaq” deyənlər indi o məsələnin üstünə belə gəlmirlər. İndi heç fərqində belə deyillər ki, düşünülən istənilən bir layihəni lazım olanda çox şişirdib ictimai rəyə həzm etdirən insanlarda bir inam yaranır, inam da bir neçə dəfə öləndən sonra vəziyyəti düzəltmək çox çətin olur. Əslində, eyni ideoloji müstəvidə dayanan və eyni sosial bazanın səslərinə iddia edən siyasi təşkilatların birləşməsində də qəbahət bir şey yoxdur və bu, ayrıca mövzu olduğu üçün yəqin ki, növbəti yazıların birində buna daha geniş yer veriləcək. Həqiqət isə ondan ibarətdir ki, iqtidar nəinki müxalifətlə dialoqa getmir, heç müxalifəti, cəmiyyəti adam yerinə qoymur. İqtidarın apardığı siyasət qətiyyən müxalifətlə dialoq yönündə deyil, əksinə, axırıncı müxalifətçini belə məhv edib sıradan çıxarmaq, lazım gələndə isə Qərbə nümayiş etdirmək üçün özünün bəslədiyi süni, yandaş müxalifəti gündəmdə saxlamaqdır. Bu qədər bəsit.

Azərbaycanda dəyişimin olmasını istəyən hər kəsi “nədən başlamalı” sualı maraqlandırır. Çünki illərlə mövcud hakimiyyət bu millətin üstünə o qədər problemlər yükləyib ki, çıxış yolu axtarmaqda insanlar çətinlik çəkirlər. Etiraf edək ki, son illərdə hakimiyyətin korrupsiya fəaliyyətinin ifşası ilə bağlı yazılar həm beynəlxalq aləmdə, həm də Azərbaycan cəmiyyətində böyük rezonans yaratdı. Yazılan bir tutarlı yazının hazırlıqsız və zəif kütləvi aksiyalardan qat-qat effektli olduğunun hamı şahidi oldu. Deməli, bütün dünyada qəbul olunan ideoloji mübarizə önə çəkilməlidir. İnsanlar öz haqları və azadlıqları uğrunda ayağa qalxana qədər səbrlə və sistemli şəkildə ideoloji mübarizə davam etdirilməlidir.

Hamı sosial medianın Misirdə inqilab etməsindən danışır. Bəs bizdə vəziyyət necədir? Bizim sosial mediada söyüş, təhqir yarışı gedir. İndi düşünək, söyüş söyənin, onu-bunu təhqir edənin arxasınca hansı millət gedər? Qəribədir, bu söyüş söyənlərin əksəriyyətini gənclər təşkil etsə də, yaşlılar da az deyil. Hansısa partiya sədrinin əleyhinə bir cümlə yazılırsa, əks düşərgədən on söyüş cavabı gəlir. Bunun guya müdafiə olunan partiya sədrinə nəinki heç bir xeyri, əksinə həm onun özünə, həm də bütövlükdə müxalifət camiəsinə çox böyük zərərləri var. Təəssüf ki, Azərbaycan siyasətində tərbiyəsizcə onu-bunu söyənlər, təhqir edənlər var ki, söyüş, təhqir üsulundan istifadə etməyənləri qorxaqlıqla belə ittiham edirlər.

Dostlar, dayandırın bu söyüş mübarizəsini. Dayandırmasanız, deməli, bu prosesə özünüz rəhbərlik edirsiniz qənaəti yaranacaq.

İndi nədir, YAP-çılar bu ölkədə yaltaq, manqurt bir nəsil, gənclik yetişdirir deyə, biz də söyüşsöyənlər yetişdirməli, ya da onlara göz yummalıyıq?

Təcrübəli siyasətcilər yaxşı xatırlayır ki, AXC hakimiyyətinin gözdən salınmasında o komandanın tərkibində olan söyüşləri, təhqiramiz davranışları, cəmiyyətə açıq-aşkar hörmətsizliyi ilə fərqlənən, hamını aşağılamağa çalışan, özlərini hakimi mütləq kimi apararaq cəmiyyətdə hakimiyyətə qarşı ikrah yaranmasına səbəb olan bir qrup mövcud idi. Bəlkə onların vurduğu ziyanı o hakimiyyətə heç kim vura bilməzdi ki, onlar vurdu.

Nəhayət, sonda qeyd etməyi vacib hesab edirəm ki, hamı Arif Hacılının və digər siyasi məhbusların həbsdən azad olunması üçün çaba göstərməlidir. Çünki bu adamlar konkret cinayətə görə deyil, düşüncələrinə görə həbs olunublar. İnsanların düşüncələrinə görə həbs olunmaları demokratiyanın təməl prinsiplərinə ziddir. Artıq XXI əsrdir, bu ölkədə belə despotik tendensiyanın qarşısını almasaq, insanları fərqli düşüncəyə görə həbs xofundan qurtarmasaq, hamıya çətin olacaq.

İnanıram ki, sosial mediadakı gənclər də məhz bu istiqamətdə fəaliyyətlərini gücləndirəcəklər.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button