YA QOV, YA DA…

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

 Qəribədir, əksər dostlar, hətta dost olmayanlar belə “səni öldürəcəklər” – deyə yarı-ciddi, yarı-zarafat söyləyirlər. Məni niyə öldürməlidirlər ki? Düz deyənin birini öldürüb 6 ildir qatilini “axtarırlar”. Yetmədimi?

Kimsə “eşidəcəklər, nəticə çıxaracaqlar” demir. Bu iqtidar bu qədərmi kriminallaşıb? Niyə kimsə bunlar haqda “düzələcəklər” demir? Niyə mənim vətənimi bir ailə idarə etməlidir? Niyə mənim və millətimin seçim haqqı tanınmamalıdır? Niyə bu iqtidar mənə qənim kəsilməlidir? Son günlər kimsə mənə “bu, məhz gələcək nəsillər üçün nəzərdə tutulub” – demir. Bu filankəsin villasıdır, bu filankəsin maşınıdır. Onun bütün nəsli eyni nömrəli maşınlar sürürlər. Kimsə onların nömrəsindən ala bilməz. Bu böyük binanı görürsən, filan nazirin qudasınındır. Niyə, nə üçün? Bəyəm bu məmləkətin yetiminin haqqı yoxdurmu, İlham Əliyev? Bəyəm bu məmləkət insanının sürünmək alın yazısıdırmı? Niyə bir nazırın nəslinə aid olan nömrəni başqaları ala bilməz? Niyə məmləkət insanı balasını şəraitsiz, nəmli daxmada böyütməlidir? Görəsən, Anar Ziya Məmmədovun oğlu olmasaydı, “ZQAN Holdinqi” ola bilərdi? Görəsən, Tale Kəmaləddin Heydərovun oğlu olmasaydı, “GİLAN”-ı olardımı? Əsla. Yox, əgər başqa arqumentləriniz varsa, onda gəlin üz-üzə oturaq müzakirə edək.

Nə üçün bir azadlıq fədaisi, hərəkatçı, nəhayət, məhz bu hakimiyyətin vaxtında evindən-eşiyindən qaçqın düşmüş vətəndaşın gözünün ilki olan balasına cehiz alıb toy edə bilmir? Dərdi ilə baş-başa çarəsiz qalıb. Amma bu hakimiyyətin nazirləri, komitə sədrləri, hətta onların ən xırda idarə rəisləri belə bir naharlarında o zavallıya bəs edəcək qədər keflərinə pul xərcləyirlər. Haradandı onlarda bu qədər vəsait, İlham Əliyev? Əgər bir nazirin əmək haqqı ona onlarla villa tikdirməyə, holdinq qurmağa və s. imkan verirsə, onda niyə təqaüdçün dilənir? Axı təqaüdlər əmək haqqına nisbətdə balansladırılmalıdır. Necə olur ki, əmək haqqı ilə villa tikmək olur, amma təqaüdlə dilənilir? Yox, əgər nazir o villanı aldığı rüşvət hesabina tikirsə, bəs onda nə üçün həbs etdirmirsən, cənab İlham Əliyev?

Bir həftə öncə 300 manat pul tapıb verə bilmədiyi üçün üç il təhsil aldığı kollecdən 18 yaşlı körpəni qovdular. Cocuğun anası xəstə olduğu üçün işləyə bilməmişdi. Həmin pulu düzəldib verə bilmədiyinə görə də yetiminin haqqını yedilər. Niyə yedilər, İlham Əliyev, nədən yedilər? O yetim o rüşvəti istəyənin dədəsinə borclumu? Heç bir günahım olmadığı halda məndən kömək uman o yetimin ağlar gözünə baxa bilimirdim.

Sənin o Müqəddəs Kitabında “bir yetimin haqqı yeyilərsə…” dediyin məmləkət burasımı, Ulu Tanrım? Bunların başımıza dikilməsinə görə, Sənəmi üsyan edim, dünyanımı məhvərindən çıxarım? Ulannnn, bu məmləkətdə “yaxşı edib yetimin haqqını yedilər” deyəcək bir nəfər varmı? Bağışlama bizi Ulu Tanrı, bağışlama! Əgər yetim haqqını yedizdiririksə, bağışlama!

Mən yolumdan dönməyəcəm, İlham Əliyev. Məhz o yetimin haqqı naminə dönməyəcəm. Hesab et ki, o yetim deyil, gözümün nuru, ciyərimin bir parçasıdır. Haqqını sənin hakimiyyətindən alıb qaytarana qədər davam davadır. İstəyirsən qov bu məmləkətdən, istəyirsən öldür.

Niyə sənin vətəndaşın Sarkozidən mədət ummalıdır?

Niyə onunla görüşüb sənin şikayətini ona etməlıdır?

Niyə insanları çarəsiz vəziyyətdə qoyub sarkozilərə yalvartdırırsınız?

Bəyəm sən də Sarkozi kimi prezident deyilsən?

Mən sinirə bilmirəm. Sən özün bilərsən.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button