Ya Şeyx, tərpən görək…

Mirzə Sakit

Dörd fəsil dördü də YAP-lıq, bizə dördündə nə var
Ya Şeyx, dur kitab aç, ərz elə, gör dində nə var?

Əl atıb kəndçi Qasım evdə qalan son manata,
İstəyib YAP-çı Siyavuşla bir az şeş-beş ata,
Uğradıb düddülü lüt bəndəni axrıncı şota,
YAP-çının şeş-qoşa bəxtindədi, nərdində nə var
Ya Şeyx, dur kitab aç, ərz elə, gör dində nə var?

Məmləkət bostana bənzər, əmə bostançı kulak,
Daşıyır məhsulu zər noxtalı on səkkiz ulaq,
Bakı-Ceyhan da ki, ehsanlıq üçün evrobulaq,
Kara petrol şu kadar fazladı – Kəndində nə var
Ya Şeyx, dur kitab aç, ərz elə, gör dində nə var?

İndi dövran dəyişibdir, nə irad var nə tələb,
Şeyx Əzəm şahlıq edir, şəhri-Bakı… şəhri-Hələb,
Püflənibdir pulu-puldan, qulu-quldan ləbələb,
İxtiyar Sahibi-Namərddədi, mərdində nə var
Ya Şeyx, dur kitab aç, ərz elə, gör dində nə var?

Nöyüt aydıq ki, çıraq yandırarıq – axx, yarı su,
Dağılıb andıra qalsın klanın neft borusu,
Qış gəlib, külfətə Məmməd alıb armud qurusu,
İqtidar qəsdə durub millətə – Qəsdində nə var?
Ya Şeyx, dur kitab aç ərz elə, gör dində nə var?

Cibi mandatlı nəyabətlərə bax, dərd-ahı yox,
Açılır ağzı açıldıqca amaaan, iştahı çox,
Kefli İskəndəri acdır, pota Nəsrullahı tox,
Bizə baxmış şükür olsun ki, Fələstində nə var
Ya Şeyx, dur kitab aç, ərz elə, gör dində nə var?

Demirəm ac qalırıq – Sərvətimiz daşmadadı,
Əmə əfsus ki, bu bir tayfaya toplaşmadadı,
Şərt kəsib indi uruslarla da anlaşmadadı,
Vəliəhdin görəsən növbəti şərtində nə var
Ya Şeyx, dur kitab aç, ərz elə, gör dində nə var?

Ayə, yekə kişisən, mənim şeir payımı nə zaman verəcəksən?

Əflatun Amaşov

Gətpulat Şurasının üzvü…

 

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button