Yağış Şəkidə kənd yolunu dağıdıb

Yayımlandı: 20 İyun 2024 17:28

“NİVA, UAZ-lar sanki çayın içi ilə hərəkət edirlər, daş və su təhlükəli vəziyyət yaradıb”

Son bir neçə gündür aramsız yağan leysan yağışlardan sonra Şəkinin Baş Kəldək kəndinə gedən yol dağılıb. Kəndlilər bel və ya yalın əllərlə yolu düzəltməyə çalışırlar.

Kənd sakinləri Meydan TV-yə bildiriblər ki, kənddəki istirahət mərkəzinə görə yolun bir hissəsi, yəni mərkəzə gedən ərazi düzəldilib. Lakin dağlardan gələn sel asfaltı dağıdıb, hazırda yol keçilməzdir.

Kəndlilərdən Tofiq Mehdiyev bildirib ki, həmin yoldan yaxınlıqdakı 3-4 kəndin sakinləri də istifadə edirlər.

Hazırda digər yoldan istifadə olunur, həmin yol daşlı, torpaq yoldur. Kəndiçi yollar da bərbad gündədir. Baş Kəldik də daxil olmaqla iki kəndin üç min əhalisi var. Kəndlilər özləri yolu təmizləməyə çalışırlar ki, heç olmasa minik maşınları hərəkət edə bilsin. Kəndə taksi getmək istəmir, çünki maşın dağılır. NİVA, UAZ-lar sanki çayın içi ilə hərəkət edirlər, daş və su təhlükəli vəziyyət yaradıb”,-şikayətçi deyib.

Baş Kəldək kəndi Şəkidən təqribən 32 kilometr uzaqda yerləşir. Kənd hər tərəfdən dağlarla əhatə olunub. Kəndlilər deyirlər ki, əvvəllər aramsız yağışlar nəticəsində Küngüt çayı daşıb və kəndə sel gəlib. Selin qarşısını almaq üçün bir neçə il əvvəl çay kənarında bəndlər quraşdırılıb. Lakin dağlardan gələn yağış suyu kəndin yollarını yenə də sıradan çıxarır:

Kəndin təbiətinə görə turist gəlir. Əhali gözünü yaya dikir ki, bəlkə bir-iki manat qazancı ola, onu da yağış imkan vermir. Bellə neçə günə yol düzəltmək olar?”.

Kəndlilər onu da bildiriblər ki, yolun dağılmasından rayon rəhbərliyi də xəbərdardır. Lakin hələ də tədbir görən yoxdur.

Şəki İcra Hakimiyyətindən isə Meydan TV-yə bildiriblər ki, sel və yağışın vurduğu zərər müəyyənləşdirilir, tədbirlər həyata keçirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button