Yağmur ağlıyor!

Əvəz Zeynallı

 Allah, bu yağışı «Avroviziya»da təkrarla!

 Bir müddət bundan əvvəl «Avroviziya» məsələlərini müzakirə edəndə maraqlı mənzərə ortaya çıxmışdı. Məlum olmuşdu ki, birinci yeri tutduğumuz nüfuzlu Avropa yarışmasını keçirmək üçün normal və adam kimi bir şəhərimiz yoxdur. Nə Avropa miqyasında otellərimiz var, nə konsert salonlarımız, nə istirahət məskənlərimiz, nə də alt yapımız. Əsas da sonuncudur. Acılar içində seyr edirik ki, son illərin neft və qaz sərvətindən gələn 200 milyard dollara qədər pul beyhudə havaya sovrulub. Bu pulları basıb yeyiblər. İndi neft bumu üzüaşağı doğru istiqamət götürməkdə ikən məlum olur ki, Azərbaycan xalqının heç bir problemi öz həllini tapmayıb. Xəstələrimiz baxımsızlıqdan ölməkdə, ən yaxşı halda xarici ölkələrin səhiyyə ocaqlarına ümid etməkdə, təhsilimiz bərbad, yollarımız darmadağın, kanalizasiyamız yox, küçə-bacalarımız ağlar vəziyyətdə. 10 ildir ki, bu şəhəri xaraba qoyublar. Tikirlər, bir aydan sonra sökürlər, yolları çəkirlər, 3 həftə sonra qazıb viran qoyurlar. Bunun üçün kimsə narahat olmur. Bütün şəhər çəpərlərdə. Bütün şəhər toz-duman içində. Bütün şəhər xəstəlik. Əsəbiləşirsən olmur, əsəbiləşmirsən yenə olmur…

«Avroviziya» müzakirələrində bir təklifim olmuşdu. Bu təklif birbaşa Allahın özü ilə bağlıdır. Dünənin yağan yağışları bir daha təklifimi gündəmə gətirdi. Allaha təşəkkür edirəm ki, aradabir olsa da, Azərbaycanı yada salır. Bu yağışlar bu hakimiyyətin nə qədər yarıtmaz və nə qədər nadürüst olduğunu təkrar-təkrar göstərdi. Əgər bu yağışlardan daha biri – elə bu miqyasda olsa yetər – «Avroviziya» günlərində baş versə, bütün Avropa daha yaxşı anlayar Azərbaycan xalqının nə çəkdiyini. Ümumiyyətlə, bunlar bu qədər pulu niyə görə sovurublar, bəlkə onlar da anlaya. Bunlar nə iş görüblər? Hanı bunların tikib-ərsəyə gətirdiyi dünya şəhəri? Bu şəhər niyə it günündədir? Niyə göydən zibil, palçıq, toz yağır?!

Bir daha yəqinləşdirirəm ki, «Avroviziya» kampaniyası çərçivəsində təxminən gələn ilin aprel ayının axırlarında Bakının görməli bir yerində «Yağmur duası» mərasimi keçirmək lazımdır. Qurani-Kərimdə də var belə bir surə. Qədim dinlərin hamısında olub. İnsanlar quraqlıqdan əziyyət çəkəndə yığışıb Allahdan xahiş ediblər ki, yağış göndərsin. Allah da bəzən bu xahişləri dəyərləndirib və göndərib. Elə bu yaxınlarda Türkiyədə belə bir problem yaşandı. Quraqlıq oldu, İstanbul içməli su sıxıntısına girdi. Baş nazir başbilənləri də başına yığıb İstanbulun gözəl bir yerində Allaha yalvardı ki, yağış yağsın və həmin yağışı Allah göndərdi deyəsən. Biz də elə edək. Təxminən aprelin axırlarında Allaha yalvaraq ki, bizə təxminən elə dünənki boyda bir yağış göndərsin. Görək o zaman Avropadan gələnlər neçə dəfə bunları söyəcəklər, neçə dəfə anlayacaqlar ki, insan öz millətinə belə zülüm verməz.

Yağış təmizlikdir. Yağış sevgidir. Yağış əziz dostları yada salan, insanı onlarla görüşə haylayan, sevgilərin yaşandığı və yaşlandığı saf bir ümmandır. Yağışın növləri və adları var. Yağış bəzən gülür, bəzən ağlayır. Yağışlı havadan bəzən sevgi, bəzən qan qoxusu gəlir. Amma bütün bu romantikalar Azərbaycan hakimiyyətinin uğursuz və bərbad siyasəti tərəfindən əlimizdən alınıb. İndi bizdə yağışdan, yağışlı havadan kədər yağır. İndi bizdə yağışlar ağlayır – hönkür-hönkür. İndi insanlar yağış yağanda qorxurlar. Bu xaraba günə salınmış şəhərin küçələrində necə hərəkət edəcəklər? Marşrutlar işləyəcəkmi? Tıxaclardan necə çıxacaqlar? Evə zamanında yetişə biləcəklərmi? Uşağı dərsdən götürmək mümkün olacaqmı?

Hə… sıradan bir yağış 20 illik bir rüşvət imperiyasını belə çökdürür. Deyəsən, Allah bu hakimiyyəti artıq yada salır axı…

Eyyy Tanrı!

Ümid sənədir artıq!

«Avroviziya»ya beləcə bir yağış göndər, bəsimizdir!

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button