Yalan dövləti gözdən salır

Məhərrəm Şəmkirli

Son vaxtlar TV-lərdən eşitdiyim, qəzetlərdən oxudugum yalanlar məni məcbur etdi ki, bu sözün mənşəyini öyrənim. Və öz-özümə sual verdim ki, əcəba, bu yalan deyilən şey nə mənədir ki, onu hamı şirin-şirin danışır. Özü də heç utanmadan, çəkinmədən, gözünü qırpmadan. Yalanı yüzlərlə adam danışsaydı, vallahi heç açıb-ağartmazdım, nə də mənşəyini öyrənməyə belə cəhd etməzdim. Amma şoğərib yalanı yüz minlərlə yox, milyonlarla insanlar danışır, özü də gecə-gündüz. Deyirlər, yalan üz qaraldır. Yalan şeydi. Belə olsaydı, indi beynəlxalq təşkilatların – BNT-nin, ATƏT-in, AŞ-ın üzləri İsmayıllı kömüründən də qaraydı. Çünki onlar yarandıqları gündən silahları həqiqət yox, yalan olub.

Nə isə… Gəlin görək bu yalan sözünün mənşəyi nədir. Alimlər bu haqda bir neçə mülahızə söyləyirlər. Söyləyirlər ki, yalan it yemi olan yal kəlməsiylə baglıdır ki, bu da “qida əldə etmək üçün həqiqəti təhrif etmək” deməkdir. Başqa bir mülahizəyə görə isə yalan sözü “şübhə” mənasını verən yala gəlməsindən əmələ gəlmiş sifətdir. Bu da bizə əsas verir ki, ikinci ehtimalı daha etibarlı hesab edək. Ən inandırıcısı isə odur ki, yalan sözü yalın (olmayan) kəlməsi ilə kökdaşdır.

Bir sözlə, hər nə mənədirsə yaxşı şey deyil. Amma bu yaxşı olmayan şeyi də hamı bilə-bilə danışır. Bu da adamı adamdan iyrəndirir, incik salır, içində onu danışana nifrət, qəzəb oyadır.

Adam yalan dünyanın o qədər yalan danışanını görür ki, içində onlara qarşı qəzəbin, kinin, nifrətin yetərincə olmadığına heyfslənir. Bu yerdə adam dərin fikrə gedib deyir, insan da bu qədər yalan danışarmı? Məyər Allah yaratdığını ancaq yalan danışmaq üçün yaradıb? Düz danışanda dünya dağılar?

Kimlərinsə yalanını bağışlamaq, keçmək olar, amma dövlət rəsmilərinin yalanını heç cür bağışlamaq olmaz. Onların hər bir yalanı insanların dövlətə olan inamını, etibarını azaldır. Və adamda belə bir qənaət yaranır ki, bu adam dövlətin də, dövlətçiliyin də düşmənidir.

Dəyərli Oxucuların yadında olar. Jurnalistin Milli Məclisin birinci müavini Ziyafət Əsgərova “müharibə olacağını gözləmək olarmı” sualına belə bir cavab verdi:  “Bunu yaxın günlərdə özünüz görəcəksiniz.” Ziyafət Əsgərov “aylarda”, “illərdə” demədi, məhz “günlərdə” dedi. Günlər ayları əvəzləyir, amma Ziyafət müəllimin dedikləri özünü həqiqət kimi doğrultmur.

Hörmətli vitse-spiker belə-belə bəyanatları Rusiyanın vasitəçiliyi ilə Ermənistan-Azərbaycan prezidentlərinin baş tutan görüşlərindən ya qabaq, ya da sonra dilə gətirir. Aradan günlər keçir, ara səngiyir, müharibə söhbəti gündəmdən çıxır. Ermənilərin havadarlarının diqtəsiylə boş-boş danışıqların davam etdirilməsi məğbul sayılır.

Bu günlərdə KİV xəbər verdi ki, bəs deməzsənmi, ermənilər Xankəndində hava limanı tikirlər. Rəsmi Bakı bununla bağlı öz mövqeyini bildirdi. Özü də sərt və kəskin. Əgər Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz uçuşlar olarsa, həmin təyyarələr vurulacaq. Bu hərbə-zorbalardan sonra görün Ermənistan prezidenti Serj Sarksiyan nə deyib. Deyib ki, may ayının 9-da Xankəndinə uçan təyyarənin ilk sərnişini özüm olacam.

Serj bunu igid, qorxmaz, mübariz olduğuna görə deməyib. Sadəcə o adı kimi bilir ki, Azərbaycan məmurları yalan deyır. Onlar bu qabiliyyətin sahibi deyillər. Ona görə belə yekə-yekə danışır.

Əgər doğrudan da bizimkilər dediklərinin yüzdə bir faizini eləyən olsaydılar, torpaqlarımız 20 il gəlmələrin murdar ayaqları altında can verməzdi.

“Xural” qəzeti
il: 9, sayı: 015(423), 17-23 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button