Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması məsələsinə Gəncədə baxılacaq

Vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi məsələsinə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılacaq. Vəkillər Kollegiyasının iddiası üzrə məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin olunub.

Y.İmanovun vəkillik fəaliyyəti ilə bağlı məsələnin araşdırılması hakim Rəşad Məmmədova həvalə olunub.

İnzibati-iqtisadi məhkəmələr adətən inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilən şikayətlərə baxılır. Bu baxımdan, Vəkillər Kollegiyasının bu məhkəməyə müraciət etməsi Y.İmanov üçün də gözlənilməz olub. İmanov AzadlıqRadiosu-na belə deyib:

Əgər mən Vəkillər Kollegiyasından şikayət etsəydim, o halda, inzibati-iqtisad məhkəməsi baxmalıydı. Onlar mənimlə bağlı şikayət ediblərsə, bu işə ümumi birinci instansiya məhkəməsi baxmalıydı. Bu addımın səbəbi mənə də aydın deyil…”

Y.İmanov onu da deyir ki, hansı məhkəmənin baxmasından asılı olmayaraq, ədalətli qərar gözləmir: “Hesab edirəm ki, Vəkillər Kollegiyası sifariş əsasında mənimlə bağlı qərar verdiyi kimi, məhkəmə gələn göstərişə uyğun qətnamə çıxaracaq”.

Y.İmanov onun vəkillik fəaliyyətinə xitam verilməsi haqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabrda verdiyi qərarı indiyə qədər ala bilməyib. O, AzadlıqRadiosu-na bildirib ki, qərarı almaqdan ötrü kollegiyaya iki dəfə müraciət edib. Ona yalnız həmin iclasın protokolundan kiçik çıxarış göndəriblər.

Ona görə də Y.İmanov qanunvericiliyin hansı müddəasına əsasən cəzalandırılmasından indiyə qədər xəbərsiz olduğunu deyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button